Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-46/2025 08.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1993-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Tüləküvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 29 oktyabr 2024-cü il tarixdə, saat 19 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən “Ümid” restoranında keçirilən toy şənliyi zamanı Zərərçəkmiş şəxs stol ətrafında oturan bəzi şəxslərlə əlbəəl görüşüb, ona uzaqdan salam verməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə sonuncunun sinəsindən itələyərək, həmin nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq döş qəfəsinin sol ön hissəsinin qançırı kimi sağlamlığa zərər vurmayan, dərəcələri təyin edilməyən xəsarət yetirməklə qərəzli hərəkətlərini təxminən 15 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərəçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə həmkəndlisi Rahimin Astara rayonu, Çayoba kəndində yerləşən, “Ümid” restoranında toyu olmuş, toya o da getmişdir. Məclis zamanı spirtli içki qəbul etmişlər, toy məclisində Zərərçəkmiş şəxs da olmuş, təxminən saat 19 radələrində Elman o, oturan masaya yaxınlaşıb tanıdığı şəxslərlə görüşmüş, həmin vaxt ona da biraz uzaq məsafədə olduğu üçün uzaqdan salam vermiş, o da spirtli içki qəbul etdiyindən Elmanın uzaqdan salam verdiyini özünə pis bilmiş, buna görə də sonuncuya yaxınlaşaraq restoranın həyətinə getməklərini təklif etmişdir. O, həyətə gedən zaman biraz da aqressivləşmiş, Elmana restoranın həyətində əgər gəlib salam verirsə hamıya eyni formada salam verməli olduğunu irad kimi bildirmiş, sonra da sinəsindən tutmuş, ancaq vura bilməmiş ətraflarında olan insanlar onu sakitləşdirmiş, onları bir-birlərindən ayırmışlar. Elmanı vurmamış, sinəsindən tuttaraq mübahisə etmiş, ətrafda olan insanlar aralarındakı mübahisəni yatırmış, onları ayırmışlar. İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə həmkəndlisi Rahimin Astara rayonu, Çayoba kəndində yerləşən, Ümidvar restoranında toyu olmuş, toya o da getmişdir. Toy məclisi davam edən zaman o, həmkəndliləri ilə birlikdə bir masada əyləşmiş, onlar məclis zamanı spirtli içki qəbul etmişlər, ancaq o, çox içmədiyindən sərxoş olmamışdır. O, təxminən saat 19 radələrində Nail oturan masaya yaxınlaşmış, tanıdığı şəxslərlə görüşmüş, Nailə də biraz uzaq məsafədə olduğu üçün uzaqdan salam vermiş, sonuncu da ona yaxınlaşıb restoranın həyətinə getməyi təklif etmiş, o, əvvəlcə heç bir şey başa düşməmiş, onlar həyətə çıxdıqdan sonra Nail ona heç bir şey demədən sinəsindən tutmuş, ancaq vura bilməmiş ətraflarında olan tanışları onları sakitləşdirmişlər. Sonra Nailin yanına getmiş, Nailə yaxınlaşıb söz demək istəyəndə onun sinəsindən vuraraq onu uzaqlaşdırmışdır. Nail onun niyə uzaqdan salam verdiyini əsas gətirərək heç bir səbəb olmadan onu 1 dəfə sinəsindən itələmiş, 1 dəfə vurmuşdur. O, mübahisə əsnasında heç kimi vurmamışdır. Mübahisə təxminən 2 dəfə olmaqla ümumilikdə 10- 15 dəqiqə davam etmiş, baş vermiş mübahisə restorana gələn qonaqların narahatçılığına səbəb olmuş, belə ki, mübahisə zamanı restoranın həyətində səs küy yaranmışdır. Hazırda Nail ilə barışıb, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə həmkəndlisi Rahimin Astara rayonu, Çayoba kəndində yerləşən, “Ümid” restoranında toyu olmuş, toya o da getmiş, toy məclisi davam edən zaman o, həmkəndliləri ilə birlikdə bir masada əyləşmiş, toy məclisində qonşu kənddən olan Təqsirləndirilən şəxs da olmuş, restoranın həyətində olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs ilə Nailin arasında mübahisə düşdüyünü görmüş, orada Nail Elmanı 1 dəfə sinə nahiyəsindən itələmiş, həmin vaxt ətrafda olan şəxslərin müdaxilə etməsi ilə onları bir-birlərindən uzaqlaşdırmışlar, Sonradan isə mübahisənin başlama səbəbinin Nailin içkili olduğu üçün heç bir səbəb olmadan uzaqdan Elmanın Nailə salam verdiyini bəhanə gətirərək, yəni yaxınlaşıb görüşmədiyinə görə mübahisə yaratdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 29 oktyabr 2024-cü il tarixdə həmkəndlisi Rahimin Astara rayonu, Çayoba kəndində yerləşən, “Ümid” restoranında toyu olmuş, toya o da getmişdir. Toy məclisi davam edən zaman o, həmkəndliləri ilə birlikdə bir masada əyləşmişdir. Onların masasında Zərərçəkmiş şəxs da əyləşmiş, o, toyda spirtli içki qəbul etmədiyindən tam ayıq vəziyyətdə olmuş, o, içəridə olan zaman Elmanın qonşu kənddən olan Təqsirləndirilən şəxs ilə aralarında mübahisələrinin düşdüyünü və Nail Elmanı vurmaq istəyən zaman ətrafda olan şəxslərin qarışması ilə vura bilmədiyini eşitmiş, həyətə çıxmış, həyətdə olan zaman Nailin ətrafında olan şəxslərlə söhbətləşdiyini görmüş, daha sonra Elmanı görmüş, yaxınlaşıb niyə mübahisə etdiyini soruşmuş, Elman da ona Nailin içkili olduğunu, heç bir səbəb olmadan uzaqdan salam verdiyini bəhanə gətirərək, yəni yaxınlaşıb görüşmədiyinə görə mübahisə yaratdığını bildirmiş, sonra Elman Nailə yaxınlaşıb söz demək istəyəndə sonuncu Elmanın sinəsindən yumruqla 1 dəfə zərbə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Şahid4 məhkəmə iclasına gəlməmiş, lakin teleqramla məhkəməyə müraciət edərək, keçirələcək məhkəmədə işləri ilə əlaqədar iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Şahid4, Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasında onların ibtidai istintaq zamanı verdiyi ifadələri ayrı-ayrılıqda elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X7 1003 saylı, 02 noyabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 oktyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 26 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməsinə dair məlıumat aşkar edilməmişdir. “şübhəli şəxsin tutulması haqqında” 08 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdə, saat 13:35-də şübhəli şəxs qismində tutulmuşdur. “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “qətimkan tədbirinin seçilməsi barədə” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs, 30 avqust 1993-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu, Tüləgüvan kəndində qeydiyyatda olmaqla hazırda Astara RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və dərhal MSY-dən azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1ci maddəsi ilə elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 fevral 2025-ci il tarixli 317 saylı Arayışından görünür ki, Ağayev X5 rayonu Tüləküvan kəndində yaşayır və ailə tərkibinə arvadı xx.xx.1997-ci il təvəllüdlü X2, oğlu xx.xx.2015-ci il təvəllüdlü X3 və oğlu xx.xx.2016-cı il təvəllüdlü X4 daxildir. Astara rayon İcra Hakimiyyəti başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq cinayətini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərəçəkmişə yumruq vurmadığı ifadəsinə şübhə ilə yanaşır, məsuliyyətdən yaxa qurtarmağa, cəzasını yüngülləşdirməyə çalışması kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs ilə barışmasını CM-in 59.1.12ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutumuş cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun azadlığının məhdudlaşdırılmasına və ya cəmiyyətdən tam təcrid edilməsinə ehtiyac olmadığı qənaətinə gəlir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli və Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs qismində saxlanılması nəzərə alınaraq ona təyin olunacaq cərimə cəzası yüngülləşdirilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 75 (yetmiş beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2025-ci il tarixdən 10 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınaraq Təqsirləndirilən şəxs təyin olunmuş 1000 manat miqdarında cərimə cəzası yüngülləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 600 (altı yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 75 (yetmiş beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-46/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-46/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver