Məhkəmə qərarları › İş №1(018)-47/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-47/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-47/2024 09.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, 13 avqust 1974-cü ildə Astara rayonu Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmiş, Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifədə işləyən tanışlarının olması, tanışlarının yanında yüksək nüfuza malik olması və digər bu kimi həqiqətə uyğun olmayan məlumatlar verərək, etibarını qazandıqdan sonra, Zərərçəkmiş şəxs oğlu Şahid1 SOCAR-da yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə X3 İdarəsində şöbə rəisi vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin aprel ayının ortalarında, istintaqla dəqiq müəyyən edilməmiş tarixdə Astara rayonu Vaqo kəndində yerləşən yaşadığı evin həyətində Zərərçəkmiş şəxs əvvəlcə 10.000 manat, bir neçə gün keçdikdən sonra isə 7.000 manat məbləğində pulu almaqla, ümumilikdə 17.000 (on yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ailəlidir, uşaqlarından ikisi yetkinlik yaşına çatmış, bir uşağı isə azyaşlıdır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. 2019-cu ilin aprel əvvəllərində, dəqiq xatırlamadığı tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs zəng edərək görüşüb,onunla danışmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs onunla nə ilə bağlı danışmaq istədiyini soruşduqda, Həmid “SOCAR”la bağlı görüşmək istədiyini demişdir. Həmidə bir müddət keçdikdən sonra Pensər kəndində yerləşən mağazasına gələcəyini, onunla orada görüşəcəyini demişdir. Həmin ərəfələrdə Həmid onun yolunun üstündə yerləşən mağazada usta işləmişdir. Həmin gün Həmidlə usta işlədiyi obyektdə görüşmüş, Həmid ona X3 İdarəsində şöbə rəisi vəzifəsinin boş olduğunu, oğlu Şahid1 həmin vəzifəyə düzəltmək istədiyini bildirmiş və bununla bağlı köməklik göstərməsini xahiş etmişdir. Əvvəllər Astara rayonu Pensər kəndində yanacaqdoldurma məntəqəsi olmuş, həmin məntəqə üçün də yanacağı “SOCAR”dan almışdır. Həmid onunla danışarkən oğlunu konkret olaraq sayğacların qəbulu və istismarı şöbəsinə rəisi təyin etmək istəyini demiş və bununla bağlı ona köməklik göstərməsini xahiş etmşdir. Həmidə “SOCAR”-da olan tanışlarıyla bu barədə danışacağını və ona xəbər verəcəyini demişdir. Həmin ərəfələrdə maddi imkanı yaxşı olmamış, ona pul lazım olmuş, ona görə də Həmidə bu məsələni 10.000 ABŞ dollarına həll edəcəyini demiş, Həmid 2019-cu ilin aprel ayının ortalarında, oğlu Seymurla birlikdə evinin həyətinə gəlib, ona 10.000 Azərbaycan manatı pul vermiş və getmişdir. Həmin pulun 10.000 manat olduğunu görüb, Həmidə zəng edərək, ona işin 10.000 manatla deyil, 10.000 dollarla, yəni 17.000 manatla düzələcəyini demiş, Həmid həmin pula gücünün çatmayacağını deyib, 10.000 manat pulu qaytarmasını istəmişdir. Həmidə 17.000 manat pulu hazırlamalı olduğunu, oğlunun qısa müddətə vəzifədə işləyəcəyini, həmin pulu qazanacağını demişdir. Bir neçə gün keçdikdən sonra Həmid onunla yaşadığı evin həyətində görüşüb, 7.000 manat pul da vermiş, ümumilikdə Həmiddən 17.000 manat pul almışdır. Bakı şəhərində Şahid2 adlı tanışı olmuş, Ceyhunla Bakı şəhərində tanış olmuş və onun “SOCAR”-ın keçmiş prezidenti Rövnəq Abdullayevin qohumu olduğunu bilmişdir. Həmçinin, Şahid2 əmiləri, dayıları və digər qohumları “SOCAR”da işləmişdir. Həmidin ona dediyi məsələ ilə bağlı Şahid2 zəng etmiş və Seymuru ona bacısı oğlu kimi təqdim edib, onu X3 idarəsində şöbə rəisi vəzifəsinə düzəltmək istədiyini demiş və işi həll etməklə bağlı Ceyhunla razılığa gəlmişdir. 26 iyun 2019-cu il tarixdə Ceyhuna 1.800 (min səkkiz yüz) manat məbləğində poçtla pul göndərmiş, sonra da Bakı şəhərində Ceyhunla görüşüb, ona əlavə olaraq 700 manat pul vermişdir. Lakin, sonradan Ceyhun işi həll edə bilməmiş və tanışı Asifin vasitəsi ilə həmin pulu ona qaytarmışdır. Ceyhunun işi həll edəcəyini və pul qazanacağını düşünsə də alınmamış, Həmid ona oğlunu X3 İdarəsində şöbə rəisi vəzifəsində işə düzəltmək istədiyini demiş, həmin ərəfələrdə pula ehtiyacı olmuş, Həmidə işi həll edəcəyini deyib, ondan xeyli pul almağı düşünmüş, Həmidə işi 10.000 ABŞ dollarına həll edəcəyini demiş və yaşadığı evin həyətində Həmiddən ümumilikdə 17.000 manat məbləğində pul almış, sonradan işi həll etməyi Ceyhuna tapşırmış və Ceyhun işi həll edə bilməmişdir. Məqsədi pul qazanmaq olmuş, Həmiddən xeyli miqdarda pul alıb, az miqdarda pulla Ceyhunun vasitəsi ilə işi həll etməyi düşünmüş, lakin alınmamışdır. Hazırki vaxta kimi də Həmiddən aldığı 17.000 manat pulu qaytarmamışdır. Maddi imkanının olmaması hazırda həmin pulu zərərçəkmiş şəxsə qaytarmasını imkansız edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Siyaku kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Ailəlidir, üç övladı vardır. Fərdi qaydada tikintidə usta kimi işləməklə ailəsinin dolanışığını təmin edir. Şahid1 onun oğludur, oğlu 2017-ci ildə Bakı şəhərində Neft və Sənaye Universitetinin Kimya Texnologiyası fakültəsini bitirib rayona qayıtmışdır. Astara rayon Vaqo kənd sakini Təqsirləndirilən şəxs tanıyır, onunla qonşuluqda yaşayır, Çingizlə arasında heç vaxt qərəzli münasibət olmamışdır. 2019-cu ilin aprel ayının əvvəllərində, günorta saatlarında Astara rayonu Pensər kəndində olduğu zaman Çingiz ona yaxınlaşaraq, oğlu Şahid1 universiteti bitirməsi münasibətilə onu təbrik etmişdir. Çingiz ona yaxşı əlaqələrinin olduğunu, hər yerdə tanışlarının olduğunu, oğlunun X3 İdarəsində işlədiyini, onu rahatlıqla həmin idarədə şöbə müdiri vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Çingizin təklifi ona maraqlı gəlmiş, çünki oğlu Seymur az məvacib almış və müqavilə ilə işləmişdir. Çingiz ona heç nə demədiyini görüb, ondan axşama kimi təklifi barədə fikirləşməyini və axşam bir xəbər verməsini istəmiş, Çingizin işin həlli müqabilində 2000-3000 manat aralığında pul alacağını fikirləşmiş, çünki Çingiz ona “SOCAR”da yüksək vəzifədə tanışlarının olduğunu, onların yanında hörmətinin olduğunu demişdir. Həmin gün, saat 17 radələrində Çingiz ona zəng edərək, oğlu Seymurun işi ilə bağlı nə fikirləşdiyini soruşmuş, Çingizə təklifi ilə razı olduğunu demişdir. Bundan sonra Çingiz ondan oğlu Seymura məxsus bütün sənədləri götürüb, onun evinə getməsini istəmiş, Seymura məxsus hərbi bilet, diplom, şəxsiyyət vəsiqəsi və digər sənədləri də götürüb, Seymurla birlikdə Çingizin evinə getmişdir. Çingizin evinə çatdıqda Çingiz Seymurun sənədlərinə baxıb, Seymurun bütün sənədlərinin olduğunu bildirib, indiyədək onu yaxşı işlə təmin etməməklə bağlı ona irad bildirmişdir. Seymura məxsus sənədlərin şəkillərini birbir mobil telefonu ilə çəkmişdir. Çingiz ona X3 İdarəsində sayğacların qəbulu və istismarı şöbəsinin rəisi vəzifəsinin boş olduğunu, Seymuru həmin vəzifəyə təyin edəcəyini bildirmiş və bunun müqabilində ondan 10000 manat pul istəmişdir. Çingiz həmin məbləği növbəti gün verməsini istəmiş, o da Çingizə evində 10000 manat məbləğində pul olmadığını, həmin məbləği toplamağım üçün ona 2-3 gün vaxt lazım olduğunu demiş, Çingizin evini tərk etdikdən sonra qohumlardan və tanışlarından 9800 manat borca pul almış, 200 manat da özü düzəltmişdir. 10000 manat məbləğində pulu hazırlamağı iki gün çəkmiş, pulu hazırladıqdan sonra pulu götürüb, təxminən 12 aprel və yaxud 13 aprel 2019-cu il tarixdə axşam vaxtlarında oğlu Seymurla birlikdə Çingizin evinə getmiş, Çingizin evinin həyətində Seymurun yanında Çingizə 10000 manat pul vermişdir. Pulu Çingizə verərkən pulun danışdıqları kimi, yəni ki, 10000 olduğunu demiş, Çingiz həmin pulu cibinə salmış və oğlu Seymurun işinin 20-25 gün ərzində hazır olacağını demişdir. Bundan sonra Seymurla birlikdə Çingizin evini tərk etmiş, yolda olan zaman Çingizin zəng etdiyini görmüş və Çingiz işin həlli üçün lazım olan pulun 10000 manat deyil, 10000 ABŞ dolları məbləğində olduğunu demiş və 7000 manatı da düzəldib, ona verməsini istəmişdir. Çingizə 7000 manat pul tapa bilməyəcəyini, 10000 manat pulu güclə tapdığını bildirib, 10000 manat pulunu qaytarmasını istəmişdir. Çingiz isə ona oğlunun bir aya vəzifədə işləyəcəyini, 17000 manat pulu 6 aya qazanacağını, həmin işin daimi iş olduğunu demiş və 7000 manat pulu da tapıb, ona verməsini istəmişdir. Çingizin dediklərini bir qədər də fikirləşmiş, oğlunun bir aya şöbə rəisi olacağını və yaxşı pul qazanacağını düşünmüş, ona görə də Çingizin təklifi ilə razılaşmışdır. Yenə də qohumlarından və tanışlarından 7000 manat məbləğində borca pul alaraq Çingizin dediyi 7000 manat məbləği hazırlamış, dəqiq xatırlamadığı tarixdə, 2019-cu ilin aprel ayının ortalarında oğlu Seymurla birlikdə Çingizin evinə getmiş və evin həyətində oğlu Seymurun yanında 7000 manat məbləğində pulu sayaraq Çingizə vermişdir. Çingiz ona uzağı 20 gün ərzində oğlunun vəzifədə olacağını demişdir. 2021-ci ilin may ayının əvvəllərində Çingizin dediyi vaxta bir gün qalmış Çingizə zəng edib, ondan işin nə yerdə olduğunu soruşmuşdur. Çingiz də ona hər şeyin qaydasında olduğunu, bir neçə gün ərzində məsələnin həll olunacağını demişdir. Yenə də təxminən bir həftə gözləyib Çingizə zəng etmiş, Çingiz ona SOCAR-da problemlərin olduğunu, həmin problemlərin 1-2 gün çəkəcəyini demişdir. Yenə də Çingizi bir neçə gün gözləyib ona zəng etmiş, Çingiz ona sənədin SOCAR-ın prezidentinin stolunun üzərində olduğunu, lakin rəhbərliyin imza çəkməyə vaxtının olmadığını bildirmişdir. Beləliklə, təxminən 2-3 ay ərzində Çingiz müxtəlif bəhanələr gətirmiş və Çingizi gözləməyə davam etmişdir. Pulu Çingizə verməsindən təxminən 4 ay keçdikdən sonra Çingizə zəng edib, işin nə yerdə olduğunu soruşmuş, Çingiz artıq Seymurun əmrinin verildiyini, bir neçə gün keçdikdən sonra əmrin idarədə oxunacağını, Seymurun hazırda işlədiyi vəzifənin kiçik vəzifə olduğunu, kiçik vəzifədən birdəfəlik böyük vəzifəyə getməyi məsləhət bilmədiyini bildirmişdir. Seymurun həmin vaxt işlədiyi yerdən çıxmasını və yeni vəzifəsini gözləməsini istəmişdir. Artıq işin həll olunduğunu düşünüb, oğlu Seymurdan işdən çıxmasını istəmiş, oğlu Seymur ərizə yazaraq işindən çıxmış, lakin yenə də Çingizin dediyi vaxtda oğlu Seymurun işi düzəlməmişdir. Bir müddət keçdikdən sonra Seymur ona Çingizin vəd verdiyi vəzifəyə başqa birinin təyinat aldığını demişdir. Artıq Çingizin onu aldatdığını başa düşüb, Çingizə zəng edərək Seymura vəd verdiyi vəzifəyə başqa bir şəxsin təyin edildiyini demişdir. Çingiz belə bir şeyin mümkün olmadığını, bu barədə maraqlanacağını demiş, sonradan Çingiz ona həmin vəzifəyə təyin olunan şəxsin müvəqqəti olaraq həmin vəzifəyə təyin olunduğunu, 2 aydan sonra Seymurun həmin vəzifəyə veriləcəyini demişdir. İki ay da gözlədikdən sonra Çingizdən pulunu istəməyə başlamış, Çingiz ona pulunun olmadığını, sitrus meyvələrini satdıqdan sonra pulunu verəcəyini demiş, hər il sitrus meyvələrinin vaxtı çatdıqda Çingizdən pulunu istəmiş, Çingiz də hər dəfə meyvələri satmadığını demiş, lakin sonradan Çingiz ondan xəbərsiz meyvələri satmışdır. Sonralar Çingizə 17000 manat puldan 10000 manatı qaytarmasını və ondan şikayət etməyəcəyini təklif etmiş, lakin yenə də Çingiz onun pulunu verməmişdir. Çingiz özü ona SOCAR-da yaxşı tanışının olduğunu bildirib, Seymuru X3 İdarəsində sayğacların qəbulu və istismarı şöbəsinə rəis verəcəyini vəd vermiş və bunun müqabilində ondan 2 dəfəyə 17000 manat məbləğində pul almış, Çingiz ondan ona sadəcə olaraq 10000 verməli olduğunu demiş, 10000 manat pulu Çingizə verdikdən sonra ona zəng edib, işin 10000 ABŞ dollarına həll olunacağını demişdir. 10000 manat pulu 11 ya da 12 aprel 2019-cu il tarixdə, 7000 manat pulu da 10000 manat pulu verməsindən 3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs vermiş, pulu Çingizə onun Astara rayonu Vaqo kəndində yerləşən yaşadığı evin həyətində vermiş və oğlu Seymur da yanında olmuşdur. Çingiz özü ona Seymuru vəzifəyə təyin etməyi təklif etmiş, Çingiz, Seymurun işini “SOCAR”-da yüksək vəzifədə işləyən bir tanışının vasitəsilə düzəldəcəyini vəd vermiş, kiminsə adını çəkməmiş, özü və ya oğlu Seymur Şahid2 ilə danışmamış, Çingiz bu barədə izahatında yalan demiş, Çingiz ona Ceyhunun adını çəkməmiş, Çingiz tutulacağını düşünüb, məsuliyyəti başqa şəxslərin üzərinə atmışdır. Bunlardan sonra məcbur qalıb bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Ona görə də hazırda pulunun Təqsirləndirilən şəxs tərəfindən qaytarılmasını və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2017-ci ildə Neft və Sənaye Universitetinin Kimya Texnologiyası fakültəsini bitirib, yaşadığı Astara rayonuna qayıtmışdır. Astara rayonu Vaqo kənd sakini Təqsirləndirilən şəxs tanıyır, Çingiz onlara qonşuluqda yaşayır. 2019-cu ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs atası Həmidlə görüşüb onun universiteti bitirməsi ilə bağlı söhbət açıb, yaxşı əlaqələrinin olduğunu, hər yerdə tanışlarının olduğunu, onu X3 İdarəsində rahatlıqla şöbə müdiri vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Çingiz bu işin müqabilində atası Həmiddən 2000-3000 manat aralığında pul çıxacağını bildirmiş, bu barədə atası ona demiş və o da atası ilə razılaşmışdır. Sonradan Çingiz özü atasına zəng edib, məsələ ilə bağlı fikrini soruşmuş, atası da Çingizə razı olduğunu bildirmiş və onu işə düzəltməsini istəmişdir. Bundan sonra Çingiz atasından, ona məxsus bütün sənədləri götürüb evinə gəlməsini istəmiş, o da özünə məxsus hərbi bilet, diplom, şəxsiyyət vəsiqəsi və digər sənədləri götürüb, atası ilə birlikdə Çingizin evinə getmişdir. Çingiz onun sənədlərinə baxıb, sənədlərin şəkillərini bir-bir mobil telefonu ilə çəkmiş, Çingiz onlara X3 İdarəsində sayğacların qəbulu və istismarı şöbəsinin rəisi vəzifəsinin boş olduğunu, onu həmin vəzifəyə təyin edəcəyini bildirmiş və bunun müqabilində atasından 10.000 pul istəmiş, atası Çingizə evdə 10000 pulunun olmadığını, həmin məbləği toplaması üçün 2-3 gün vaxt lazım olduğunu demiş, bundan sonra evlərinə getmiş, iki günə atası tanışlarından 9800 manat pul borca almış, 200 manat da özləri düzəltmişlər. Atası Həmid pulu götürüb, təxminən 2019-cu ilin aprel ayının ortalarında, axşam saatlarında onunla birlikdə Çingizin evinə getmiş, atası Çingizin evinin həyətində onun yanında Çingizə 10000 manat pul vermiş, Çingiz həmin pulu cibinə salmış və işin 20-25 gün ərzində hazır olacağını demişdir. Bundan sonra atasıyla birlikdə Çingizin evini tərk etmiş, yolda olan zaman Çingiz atasına zəng vurub işin həlli üçün lazım olan pulun 10000 manat deyil, 10000 ABŞ dolları məbləğində olduğunu demiş və 7000 manatı da düzəldib, verməsini istəmişdir. Atası Çingizə 7000 manat pul tapa bilməyəcəyini, 10000 manat pulu güclə tapdığını deyib, verdikləri 10000 manat pulu geri qaytarmasını istəmiş, lakin Çingiz, atasına işi həll etmək üçün artıq danışıqlar apardığını, işimin qısa müddətə həll olunacağını demiş və 7000 manat məbləğində pulu da hazırlamasını istəmişdir. Atası Çingizlə bir neçə dəqiqə telefonda danışmış, Çingiz onun yüksək maaş alıb onsuz da verilən pulu 1 ilə qazanacağı barədə atasına vəd vermişdir. Bundan sonra atası Həmid Çingizlə razılaşmış, atası yenə qohumlardan və tanışlarından 7000 manat məbləğində borca pul alaraq Çingizin dediyi 7000 manat məbləği hazırlamış, 10.000 manat pulu vermələrindən bir neçə gün keçdikdən sonra yenə də atasıyla birlikdə Çingizin evinə getmiş və atası evin həyətində Çingizə 7.000 manat məbləğində pul vermişdir. Çingiz onlara uzağı 20 gün ərzində vəzifədə olacağını demiş, Çingizin dediyi vaxta 1 gün qalmış, atası Çingizə zəng edib, ondan işin nə yerdə olduğunu soruşmuş, Çingiz də hər şeyin qaydasında olduğunu, bir neçə gün ərzində məsələnin həll olunacağını demiş, bundan sonra təxminən 1 həftə gözlədikdən sonra atası yenə Çingizə zəng etmiş, bu səfər Çingiz SOCAR-da problemlərin olduğunu demiş, təxminən 2-3 ay ərzində atası Çingizə zəng vurduqda Çingiz müxtəlif bəhanələr gətirmiş, təxminən 4 ay keçdikdən sonra atası Çingizə zəng edib, işin nə yerdə olduğunu soruşmuş, Çingiz artıq onun əmrinin verildiyini, bir neçə günə əmrin idarədə oxunacağını, böyük vəzifəyə getməsi ilə bağlı işlədiyi yerdən çıxmasını və yeni vəzifəsini gözləməsini istəmişdir. Artıq işin həll olunduğunu düşünüb ərizə yazaraq işindən çıxmış, lakin yenə də Çingizin dediyi vaxtda işə düzəlməmişdir. Bir müddət keçdikdən sonra Çingizin ona vəd verdiyi vəzifəyə başqa birinin təyinat aldığını öyrənmiş, bundan sonra Çingizin onları aldatdığını başa düşüb, bu barədə atasına dedim, atası Çingizə zəng edərək vəd verdiyi vəzifəyə başqa bir şəxsin təyin edildiyini demiş, Çingiz yenə yalan vədlər verərək atasını aldatmış, həmin hadisədən 2 ay keçdikdən sonra atası Çingizdən pulunu istəməyə başlamış, Çingiz pulunun olmadığını deyib, müxtəlif bəhanələr gətirərək, sitrus meyvələrini satdıqdan sonra pulu verəcəyini demişdir. Hər il sitrus meyvələrinin yetişdiyi vaxt çatdıqda atası pulunu istədikdə Çingiz meyvələri satmadığını demiş, sonradan Çingizin onlardan xəbərsiz meyvələri satdığını eşitmişlər. Təqsirləndirilən şəxs onun atasını aldadıb 17000 manat pulunu ələ keçirmişdir. Çingiz atasına 10000(on min) məbləğlə işin həll olunacağını demiş, Çingiz onlara 10.000 məbləğin manat və ya ABŞ dolları olduğunu deməmiş, özləri Çingizin 10.000 manat dediyini başa düşmüşlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində dindirilmiş, məhkəmə istintaqında isə ifadəsi tədqiq edilmiş Şahid2 da ifadəsini iş üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Çingiz Astara rayonu, Vaqo kənd sakinidir, səhv etmirsə Çingizi 2017-ci ildən bəri tanıyır, Çingizi ortaq dostlarının vasitəsilə tanımışdır. İlk dəfə Çingizlə onun Astara rayonu, Vaqo kəndində yerləşən evində görüşmüş, dostlarıyla birlikdə Astara rayonuna gəlmiş və Çingizin evinə getmişlər. Sonradan Çingizlə münasibəti yaranmış, Çingiz özünü ona böyük biznesmen kimi təqdim etmiş, əvvəllər zavodlarının, obyektlərinin olduğunu, sonradan hansısa hadisənin baş verdiyini və əlində olan bütün imkanların əlindən çıxdığını demişdir. Xülasə 2017-ci ildən bəri Çingizlə münasibətləri yaranmış, Çingizin evində qonaq olduqdan sonra Çingiz dəfələrlə Bakı şəhərinə gəlmiş və dəfələrlə Çingizlə Bakı şəhərində görüşmüşdür. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlmiş, Çingiz ona zəng edib, görüşmək istədiyini demiş, dəqiq xatırlamadığı tarixdə, təxminən saat 14 radələrində Çingizlə Bakı şəhər bulvarında görüşmüş, onunla bir qədər söhbət etdikdən sonra Çingiz ona bir nəfər həmkəndlisinin olduğunu, oğlunu X3 İdarəsində işə düzəltmək istədiyini, həmin şəxsin yaxşı pul verdiyini deyib, “Azəriqaz” İB-də tanışının olub-olmadığımı soruşmuş, o da Çingizə bu barədə söz verə bilməyəcəyimi, “Azəriqaz” İBdə Anar adlı tanışının olduğunu, Anara zəng edib, bu barədə maraqlanacağını demiş, Çingizin yanında Anara zəng edib, onunla danışmış, telefonda Anara hadisə barədə məlumat vermiş və telefonu Çingizə verib, onu Anarla danışdırmışdır. Çingiz özü Anarla danışmış və Anara bir nəfər tanışını X3 İdarəsində qaz pulu qəbzlərini yazan kimi işə düzəltmək istədiyini demiş, Anar Çingizə bu işi bacara biləcəyini demiş, Çingiz Anardan işi nə müqabilində görəcəyini soruşduqda Anar ona işi 3000(üç min) manat məbləğində pula həll edəcəyini demiş, Çingiz Anarla bir qədər də danışdıqdan sonra Anarla işi 2500(iki min beş yüz) manat məbləğində həll etməsiylə bağlı razılıq əldə etmiş, həmçinin Çingiz ona yaxşı tanışlarının olduğunu deyib, ona başqalarına da iş düzəltməyi təklif etmişdir. Lakin Çingizlə razılaşmamış, bundan sonra Çingiz kiməsə zəng edib onunla talış dilində danışmış və ona Astara rayonuna gedib pulu gətirib verəcəyini demişdir. Bundan sonra Çingizdən ayrılmış, görüşmələrindən təxminən 3 gün keçdikdən sonra Çingiz zəng edib, işə düzəltmək istədiyi şəxsin yaxın qohumunun pulu ona tam şəkildə deyil, bir hissəsini verdiyini, həmin pulu poçtla göndərəcəyini, qalan hissəsini də bir neçə gün ərzində Bakıya gəlib verəcəyini demişdir. 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə Çingiz bir nəfər qohumunun adından ona 1800 (min səkkiz yüz) manat məbəğində pul göndərmiş, Çingiz ondan, həmin pulu Anara verməsini və Anarın işə başlamasını xahiş etmiş, pulu aldığı gün Anara zəng edib, Çingizin ona 1800 manat pul göndərməsi barədə məlumat vermişdir. Həmin gün, təxminən saat 18 radələrində Anarla Bakı şəhəri, Yasamal rayonunda görüşmüş, Yasamal rayonunda yerləşən çayxanaların birində, Anara 1800 manat pul vermişdir. Təxminən 3 gün keçdikdən sonra Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlib onunla bulvar ərazisində yerləşən kafelərin birində görüşmüş, Çingiz ona Anara çatdırmasından ötrü 700 manat pul vermiş, Anara zəng edib bu barədə ona məlumat vermiş, Çingiz ondan Anara ona hörmək etməsini deməsini xahiş etmiş, o da Anardan Çingizə hörmət etməsini xahiş etdikdə Anar həmin puldan Çingizə 100 manat qaytarmasını istəmiş və 100 manat pulu Çingizə vermişdir. Həmin gün, Anar ona Babək prospektində yerləşən maşın bazarının yaxınlığında olduğunu bildirib, pulu ona çatdırmasını istəmiş, o da avtomobiliylə Anarın dediyi yerə gedib, 600 (altı yüz) manat pulu Anara vermişdir. Pulu Anara verərkən də Çingizə zəng edib, onu Anarla danışdırmış və Çingiz pulu Anara verdiyini bilmişdir. Bundan sonra Çingiz onunla mütəmadi olaraq danışmış, Anar ondan işə düzələcək şəxsin, adını sonradan bildiyi Şahid1 sənədlərini istəmiş, o da Çingizdən həmin sənədlərin surətlərini istəmiş, Çingiz sənədləri ona göndərirmiş və o da sənədləri Anara göndərirmişdir. Sonradan Anar ona zəng edərək Seymuru X3 İdarəsinə çağırdıqlarını, lakin onun getmədiyini demiş, bu barədə Çingizə məlumat vermiş, Anarla birlikdə olan zaman yenə də Çingizə zəng etmiş, Çingiz “WhatsApp” ani mesajlaşma tətbiqində ona görüntülü zəng etmiş və Seymuru da zəngə qoşmuşdur. Danışıq zamanı Seymur, heç kimin onu heç yerə çağırmadığını demiş, Anar Seymurun belə dediyini görüb, məsələni dəqiqləşdirəcəyini demiş, bir müddət keçdikdən sonra Anar ona hər şeyin hazır olduğunu, Seymuru çağıracaqlarını demiş, sonradan Anar yenə də ona Seymuru X3 İdarəsinə çağırdıqlarını, Seymurun getmədiyini demişdir. Yenə də bu barədə Çingizə məlumat vermiş və Çingiz ona belə bir şeyin olmadığını, Anarın onları aldatdığını demiş və pulun geri qaytarılmalı olduğunu bildirmişdir. Anarla danışıb, pulu qaytarmasını istəmiş, Anar da ona pulu qaytaracağını demişdir. Həmin ərəfələrdə Turkiyə Respublikasına getmiş və Anarla oradan danışmış, Anara sonuncu dəfə zəng etdikdə Anarın mobil nömrəsinə zəng çatmamış, Çingiz də ona pulu verən şəxsin şikayət etmək istədiyini, pis vəziyyətdə qaldığını, pulun qaytarılmalı olduğunu demiş, məcbur qalıb, Anara verdiyi 2400 manat pulu Çingizə qaytarmalı olmuş, Türkiyə Respublikasından atası X1 zəng edib, ona məsələ barədə məlumat verib Çingizə pul verməli olduğunu demiş, atası 2019-cu ildə, dəqiq xatırlamadığı tarixdə bankdan kreditə 1500 manat pul götürmüş, həmin pulu dostu Asifə vermiş və Asif Bakı şəhərində Çingizlə görüşüb pulu Çingizə vermişdir. Həmin hadisədən təxminən 3 gün keçdikdən sonra atası qalan 1000 manat pulu da hazırlayıb dostu Asifə vermiş və Asif də pulu Bakı şəhərində Çingizə vermişdir. Əslində 1500 manatdan sonra Çingizə 900 manat pul verməli olmuş, çünki, Çingizdən 2400 manat pul almış, lakin Çingiz işığının kəsildiyini deyib, 100 manat da ondan artıq pul istəmişdir. Xülasə Çingizdən aldığı pulun hamısını qaytarmışdır ki, Çingiz üçün hər hansı problem yaranmasın. Sonradan pulunu almaq üçün Anarla əlaqə yaratmağa çalışmış, Anarın ailə üzvləri ilə birlikdə Kanadaya köçdüyünü öyrənmiş, hazırki müddətədək Anarla əlaqə saxlaya bilməmiş və pulunu Anardan ala bilməmişdir. Çingiz 2019-cu ilin yay aylarında, dəqiq xatırlamadığı tarixdə ona poçtla 1800 manat məbləğində pul göndərmiş, bir neçə gün keçdikdən sonra Çingiz yenə də Bakı şəhərinə gəlib ona 600 manat pul vermiş, Çingizi tanımış və Çingizin maddi vəziyyətinin yaxşı olmadığını bilmiş, Çingizin Seymurun işini həll etmək istədiyi ərəfələrdə hansısa qurumda problemi olmuş, Çingizə pul lazım olmuş, Çingizlə dost olduğundan, evində çörək kəsdiyindən ona kömək etmək istəmiş, Çingiz ona işi həll edəcəyi təqdirdə Şahid1 qohununun ona yenə də pul verəcəyini, həmin puldan ona da verəcəyini demiş, o da Çingizin işi həll etməsinə çalışmışdır. Çingizdən pul aldıqdan bir neçə ay sonra pul ona qaytarılmış, pulun qaytarıldığı tarixi dəqiq xatırlamır, pulu 2 dəfə olmaqla atasının dostu Asif Bakı şəhəri ərazisində Çingizə qaytarmış, Asif bir dəfə Çingizə 1500, bir dəfə də 1000 manat pul vermişdir. Çingiz zərərçəkmiş şəxsdən 17.000 manat məbləğində pul almış, indiyə kimi bu barədə məlumatı olmamış, Çingiz ona Seymurun bir nəfər qohumundan əvvəl 1500, sonra da 1000 manat pul aldığını demiş, həqiqətən də Çingizin Seymurun atasından 17000 manat məbləğində pul aldığını bilməmişdir. Çingiz pulu aprel ayında almış, lakin ona iyun ayının sonlarında göndərmiş, məqsədi sadəcə olaraq Çingizə kömək etmək olmuş, kimisə aldatmaq istəməmiş, kiminləsə danışıq aparmamış, Çingizi Anarla calaşdırmışdır. Zərərçəkmiş şəxs və ya Şahid1la işin həlli ilə bağlı danışıq aparmamış, onların adlarını Astara RPŞ-də öyrənmiş, onların heç biri ilə işə düzəlməklə bağlı danışmamış, bir dəfə Çingiz görüntülü zəng edib, Seymuru da zəngə əlavə etmiş və Anara bildirmişdir ki, Seymuru heç kim X3 İdarəsinə çağırmamışdır. Çingiz ona da, Anara da Seymuru X3 İdarəsində qaz pulu yazan kimi işə düzəltmək istədiyini demiş, ifadə verərkən bilmişdir ki, Çingiz Seymurun atasına Seymuru şöbə müdiri vəzifəsinə düzəltməyi vəd vermişdir. Anarın soyadını və ata adını bilmir, Anar əslən Qarabağ zonasından olmuş, “Azəriqaz” İBdə işləmiş, Anarı 2014-cü ildən bəri tanımış, Anar hazırda ölkə xaricindədir. Anar, Şahid1 işə düzəltmək istəsə də alındıra bilməmiş, Anarın əvəzinə Çingizdən aldığı pulu da özü Çingizə qaytarmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də, sübut növü kimi qəbul edir: “Diskə baxış keçirilməsi haqqında” 25 avqust 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin 13 iyun 2023-cü il tarixli, 13092 saylı məktubu ilə Astara rayon polis şöbəsinə göndərilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə 2019-cu ilin may ayının əvvəllərindən başlayaraq mütəmadi olaraq telefon əlaqəsi saxlamışdır. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə əsasən dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs da dələduzluq cinayətinin üsulu kimi aldatma üsulundan istifadə etmiş, Zərərçəkmiş şəxs oğunun əmlakını, yəni 17.000 manat pulunu ələ keçirmək niyyəti ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar vermiş, onu inandırmış, vahid qəsdlə əhatə olunmaqla iki dəfəyə Zərərçəkmiş şəxs həmin pulu almışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulu işə düzltmə adı ilə SOCAR-da yüksək vəzifədə işləyən şəxsə həmin pulu verməsi kimi saxta görüntülər yaratmış, hətta oğlunun əmrinin verilməsi ilə bağlı vəd və sözlərlə Zərərçəkmiş şəxs tam inandırmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Siyəku kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Astara rayon İHB-nın Siyəku kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəli olmaqla, himayəsində biri azyaşlı olmaqla üç uşağı var. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 23 dekabr 2012-ci l tarixli qərarı ilə cəzasının 03 ay 22 gün hissəsindən vaxtından əvvəl azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi). Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan 16 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan, 19 mart 2024-cü il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında 19 mart 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə tutulmuş və həmin tarixdə də azad edilərək, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət, 19 mart 2024-cü il tarixi olan müddət ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Bundan başqa Astara Rayon Məhkəməsinin 1(018)-47/2024 saylı, 01 may 2024-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri ləğv edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Astara rayon polis şöbəsinin “Axtarışda olan şəxsin tutulması barədə” 27 iyun 2024cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə tutularaq, Astara rayon polis şöbəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Qeyd olununlar nəzərə alınmaqla, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs ona vurulmuş əməl nəticəsində dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırması hüquqlarının olmasını izah etməyi zəruri və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu müddət (19 mart 2024-cü il tarixi olan müddət), yəni 01 (bir) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Zərərçəkmiş şəxs ona vurulmuş əməl nəticəsində dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar