Məhkəmə qərarları › İş №1(018)-48/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-48/2024

26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-48/2024 26.04.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X8, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Astara rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində ictimai qaydanı kobud surətdə pozaraq uca səslə Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, hamı tərəfindən qəbul olunmuş davranış və əxlaq normalarını pozan, şəxs üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin həyətdən götürdüyü təsərrüfat təyinatlı beli silah qismində istifadə edərək həyətdə olan, Zərərçəkmiş şəxs məxsus “Mercedes” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrini vurub sındıraraq 780 manat dəyərində maddi ziyan vurmuş, daha sonra cinayətkar hərəkətlərinə davam etdirib həmin evin qarşısındakı yola çıxaraq əlində olan bellə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən vuraraq sol əlin V daraq sümüyünün sınığı, sağ dirsək sağ said nahiyyələrində sıyrıqlar, sol əl, döş qəfəsi nahiyyələrində qançırlar, sağ əlin İV barmağı nahiyyəsində əzilmiş yara ilə müşayiət olunan zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində, evin yanından əmisi Zərərçəkmiş şəxs öz avtomobili ilə keçərkən yaxınlıqda olan ördəkləri əzəcəyini görüb, ona iradını bildirərək «korsan?» deyib əli ilə işarə etmişdir. Fərhad da avtomaşının pəncərəsini endirərək onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir və avtomaşını sürüb getmişdir. O da Fərhadın söyüşlərinə əsəbiləşdiyi üçün onun ardınca həyətlərinə getmiş, əmisi Zərərçəkmiş şəxs əlində bel ilə onu gözləməsini görüb, həyətdən başqa beli götürüb, onun üstünə getmişdir. Həmin vaxt əsəbi olduğu üçün əlindəki bellə həyətdə dayanmış Zərərçəkmiş şəxs «Mercedes» markalı, dövlət qediyyat nömrə nişanını xatırlamadığı avtomobilinin şüşələrini vurub sındırmışdır. Bundan sonra o, küçəyə çıxıb Zərərçəkmiş şəxs üzərinə getmişdir. Həmin vaxt əlindəki bellə Zərərçəkmiş şəxs bir dəfə zərbə vurmuş və həmin zərbə onun qoluna dəymişdir. Daha sonra onlar əlbəyaxa olmuşlar. Həmin vaxt hər ikisi yerə yıxılmış və yerdə bir-biriləri ilə tutaşmışlar. Onlar bir-birinin köynəyindən tutmuşlar. Bu zaman qonşulardan Emin X4rı ayırmışdır. Onlar onu sakitləşdirərək oradan uzaqlaşdırmışlar. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt həyətdə Fərhadın həyat yoldaşı Şəlalə, iki azyaşlı övladı olmuşdur. Daha sonra səs-küyə qonşulardan Şahid1, X10 və Fərhadın analığı Şahid4 gəlmişdir. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Zərərçəkmiş şəxslərdən X2 ondan şikayət və tələblərinin olmamasının himayəsində 2 nəfər azyaşlı uşaq olmasını nəzərə alınıb, ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında, cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. O, Əriçvan qəsəbəsində yaşayır və evlərinin arasında təxminən 300 metr məsafə var. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində idarə etdiyi «Mercedes» markalı, 99-NE- 496 dövlət qeydiyyat nişanlı avtomobili ilə evinə gedərkən, arvadı Şahid3, oğlanları Şahid5 və Şahid6 avtomobildə olmuşdur. O, yaşadığı küçəyə çatıb döngədə olarkən avtomobildə olan arvadı Şəlalə Təqsirləndirilən şəxs küçədə olduğunu və onlara tərəf tərs-tərs baxıb nəsə dediyini bildirərək ona fikir verməməmiyini istəmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs ördəklərinin yanından keçərkən ördəklər səs etməyə başlamış, Təqsirləndirilən şəxs ona “korsan, görmürsən, oğraş, alçaq” sözlərini demişdir. O, avtomobili saxlayıb şüşədən başını çıxarıb niyə onu təhqir etdiyini demişdir. Təqsirləndirilən şəxs də onu və ailəsini təhqir edərək maşınının arxa buferinə təpik, baqaj hissəsinə isə yumruq zərbəsi vurmuşdur. O da başını pəncərədən çıxarıb İbrahimin söyüşlərinə qarşılıq olaraq onu söyüb yoluna davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun arxasınca gəlmiş, o, avtomobilini həyətə salmışdır. Təqsirləndirilən şəxs həyətin qapısına çatarkən arvadı Şəlalə onun qarşısını kəsərək həyətə girməməsini demişdir. Lakin o, arvadı Şəlaləni əli ilə itələyərək həyətinə basqın etmişdir. Bundan sonra o, söyə-söyə üstünə gəlmişdir. Bu zaman o, özünü qorumaq üçün həyətdə olan kiçik ölçülü beli götürmüşdür. O, əlindəki bellə özünü müdafiə etmişdir. Həmin vaxt İbrahim həyətdə olan bir qədər böyük ölçüdə olan beli götürüb ona tərəf gələndə o, həyətdən küçəyə qaçmışdır ki, İbrahim onu vura bilməsin. Bu zaman İbrahim əlində olan bellə maşınına zərbələr vurmuşdur. Həmin vaxt iki azyaşlı oğlu avtomobildə olmuşdur. Bu zaman arvadı və uşaqları qışqırıb kömək çağırmışlar. Bundan sonra İbrahim küçəyə çıxıb əlində olan bel ilə onun üzərinə hücum çəkmişdir. İbrahim əlindəki beli onun baş nahiyyəsinə vurmaq istəyəndə o, əlləri ilə belin dəstək hissəsindən tutmuşdur. Həmin vaxt hər iki əlindən xəsarət almışdır. O, beli İbrahimin əlindən alıb kənara ataraq onu tutub qucaqlamışdır. İbrahim ona yumruq zərbələri vurmaq istəsə də o, İbrahimi tutduğu üçün onu vura bilməmişdir. Bu zaman səs-küyə gələn qonşu Rzayev X9 Rzayevi ondan ayırıb kənara çəkmişdir. Lakin Təqsirləndirilən şəxs dartınaraq ona tərəf gəlməyə çalışmışdır. Bundan sonra o, həyətinə getmişdir. Həyətinə getdikdə görmüşdür ki, İbrahim maşınına zərbələr vuraraq ön və arxa alın şüşəsini və yan şüşələrini vurub sındırmışdır. Bundan sonra o, bu barədə Astara rayon polis şöbəsinə məlumat vermişdir. Həmin hadisə təxminən 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt həyətdə arvadı Şəlalə, iki azyaşlı övladı Rəvan və Rəffaq isə avtomobilin salonunda olmuşdur. Daha sonra səs-küyə qonşulardan Şahid1, X10, analığı Şahid4 gələrək onları ayırmışlar. Həmin zaman Təqsirləndirilən şəxs onu və avtomobilini həyətindəki bellə vurmuşdur. Hadisə zamanı sol və sağ əllərindən xəsarət almışdır. Belə ki, sol əlində sınıq, sağ əlində, sağ dirsəyində və döş qəfəs nahiyyəsində isə sıyrıq və qançır xəsarətləri almışdır. Həmin hadisə zamanı İbrahim onun avtomobilinin şüşələrini sındıraraq ona 780 manat maddi ziyan vurmuşdur. Həmin hadisə zamanı ondan başqa xəsarət alan olmamışdır. Həmin hadisə zamanı o, Təqsirləndirilən şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş və onunla barışmış, ona dəyən ziyanı tamamilə ödəmişdir. Ona görə də ondan hər hansı bir şikayət və tələbi də yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində evdə olarkən küçədən Zərərçəkmiş şəxs həyat yoldaşının və uşaqlarının qışqırıq səslərinin gəldiyini eşitmiş, onlara köməklik etmək üçün küçəyə çıxmışdır. O həmin yerə çatanda görmüşdür ki, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs yerə yıxıb üzərinə çıxıb ona zərbələr vururmuş. O, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs üzərindən qaldırıb onları ayırıb kənara çəkmişdir. Daha sonra arvadı Zərərçəkmiş şəxs onu həyətə aparmışdır. Həmin vaxt digər qonşu Vaqif Məmmədov da orada olmuş və o da köməklik edərək onları ayırırmış. Onları ayırıb İbrahimi evinə tərəf yola salıb Fərhadın həyətinə daxil olmuşduqda görmüşdür ki, Fərhadın «Mercedes» markalı, dövlət qeydiyyat nişanlı avtomobilinin şüşələri sındırılmış vəziyyətdədir. Fərhaddan nə baş verdiyini soruşduqda demişdir ki, qardaşı oğlu İbrahim heç bir səbəb olmadan onunla mübahisə edərək onu nalayiq sözlərlə təhqir etmiş və həyətdə olan bel ilə avtomobilini vurub zədələmiş və onu həmin bel ilə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Fərhadın əllərinin və üst başının qan olduğunu görmüşdür. Daha sonra o, oradan çıxıb evinə getmişdir. Həmin hadisə təxminən 3-5 dəqiqə davam etmiş, lakin küçəyə çıxmazdan əvvəl nə qədər davam etdiyini bilməmişdir. Həmin vaxt küçədə Fərhadın arvadı, iki azyaşlı övladı, digər qonşusu Vaqif Məmmədovun və Fərhadın analığı Şahid4 orada olduğunu görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi 1 (bir) ədəd bel cinayət işinin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilərək elan edilən Məhkəmə-tibbi ekspertizasının 27 oktyabr 2023-cü il tarixli, 320 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-sol əlin V daraq sümüyünün sınığı, sağ dirsək, sağ said nahiyylərində sıyrıqlar, sol əl, döş qəfəsi nahiyyələrində qançırlar, sağ əlin İV barmağı nahiyyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə iclasında tədqiq edilərək elan edilən «Avtoservis 907»-dən alınmış 01 noyabr 2023-cü il tarixli, 007112 saylı aktdan məlum olur ki, X6 məxus “Mercedes Benz C200” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 780 manat maddi ziyan dəymişdir. Cinayət işində olan Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 01 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan 19 mart 2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Astara RİH başçısının Astara rayonu Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Astara RİH başçısının Astara rayonu Ərcivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından məlum olur ki, Rzayev X5 qəsəbəsində yaşayır və himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Beləliklə, göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır. Düzgün olaraq ona Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə istitaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda, həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, törətdiyi əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona vurduğu ziyanı tamailə ödəməsini ailəsinin ağır maddi həyat şəraitini, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 61-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 3-cü bəndinin ikinci abzasında qeyd edilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 5-ci bəndində qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimaiqaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsüf olunmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx.xx.2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ona görə də, məhkəmə göstərilənləri, Azərbaycan Respublikası CM-in 8 (Ədalət prinsipi) və 9-cu (Humanizm prinsipi) maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşiman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ailəsinin ağır maddi həyat şəraitini, ailədə yeganə qazanc gətirən şəxs olmasını cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarını nəzərə alır. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona vurduğu ziyanı tamamilə ödəməsini həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını aşağı həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin edilmiş həmin cəzalar qismən toplamaq yolu ilə X3 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən,cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və höküm qanuni qüvvəsini alan vaxta kimi öz qüvvəsində saxlanılmalıdır. Cinayət işi üzrə vurulmuş ziyana görə 780 (yeddi yüz səksən) manat pulun və maddi sübut olan 1 (bir) ədəd belin sahibi, Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-449, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin edilmiş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və höküm qanuni qüvvəsini alan vaxta kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbs edilməklə, cəzanın əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə vurulmuş ziyana görə 780 (yeddi yüz səksən) manat pulun və maddi sübut olan 1 (bir) ədəd belin sahibi, Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar