Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-48/2025 03.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 13 dekabr 2024-cü il tarixdə, saat 09 radələrində özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi sayılan fərdi yaşayış evinin həyətinə hasarı aşmaqla qanunsuz daxil olub, evin giriş qapısını bağlamaq üçün qapının qarşısına qoyulmuş mişardaşını yerindən götürüb, qapını açaraq içəriyə qanunsuz daxil olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağında olan dolabın gözündən 870 manat dəyərində 583 əyarlı 6.5 qram çəkidə 01 ədəd qızıl boyunbağı, həmin otaqda olan çarpayının altındakı çemodanın içərisindən 800 manat dəyərində 583 əyarlı 6.0 qram çəkidə 1 cüt qızıl sırğa, 600 manat dəyərində 3.0 qram çəkidə 583 əyarlı 1 cüt qızıl sırğa, 600 manat dəyərində 583 əyyarlı 4.4 qram çəkidə 1 cüt qızıl sırğa, 360 manat dəyərində 583 əyarlı 2.8 qram çəkidə 1 ədəd qızıl üzük, 700 manat dəyərində 583 əyyarlı 4,9 qram çəkidə 1 ədəd qızıl üzük, 650 manat dəyərində 583 əyarlı 7.3 qram çəkidə 1 ədəd qızıl üzük, 750 manat dəyərində 583 əyarlı 7.7 qram çəkidə 1 ədəd qızıl boyunbağı, 2.700 manat dəyərində 583 əyarlı 18 qram çəkidə 1 ədəd qızıl boyunbağı, 520 manat dəyərində 583 əyarlı 3.9 qram çəkidə 1 ədəd qızıl bilərzik, 800 manat dəyərində 583 əyarlı 6.0 qram çəkidə 1 ədəd qızıl bilərzik, 1.400 manat dəyərində 583 əyarlı 10.0 qram çəkidə 1 ədəd qızıl bilərzik və 250 manat dəyərində 583 əyarlı 2.0 qram çəkidə 1 ədəd qızıl bilərziyi və 600 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 11.600 (on bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitə istifadə etdiyindən Bakı şəhərində yerləşən “Həyat üçün şans” reabilitasiya mərkəzinə yerləşmiş, orada müalicə alan zaman Astara rayon sakini Mirzə Mustafayevlə tanış olmuş və aralarında yaxın münasibət yaranmış, 2024-cü ilin iyul ayında reabilitasiya mərkəzindən çıxmış, reabilitasiya mərkəzindən çıxdıqdan sonra onun qalmağa evi olmadığından Mirzə ilə danışmış və Mirzə də onu öz evlərinə müvəqqəti qalmağa dəvət etmiş, 27 oktybar 2024-cü il tarixdə Mirzənin Astara şəhərində yaşadığı evə gəlmiş və onunla qalmağa başlamış, Mirzədən bəzi gördüyü evlərin kimə məxsus olduğunu soruşurmuş və ondan xəbəri olmadan məlumat toplayırmış, o cümlədən sonradan adını bildiyi Zərərçəkmiş şəxs da yaşadığı ev barədə Mirzədən məlumat almış, 12 dekabr 2024-cü il tarixdə axşam saatlarında Mirzə ilə birlikdə onun yaşadığı evə gəlmiş, saat 23 radələrində yerinə uzanmış və səhər tezdən həmin evə oğurluq məqsədilə girmək qərarına gəlmiş, 13 dekabr 2024-cü il tarixdə saat 06 radələrində yerindən qalxmış, Zərərçəkmiş şəxs yaşadığı ev istiqamətində getmiş, onların evinə çatanda evin işıqlarının hələ də sönülü olduğunu görüb onların evdə olduqlarını bilmiş və çəpərin kənarında gizlənmiş, daha sonra üzərinə it gəldiyini görüb qaz borusunun üzərinə çıxıb Esmiranın həyətinə atlamış, daha sonra həyətdə dam örtüyü(şifer) olan yeri görmüş, onun arxasında gizlənmiş ki, onu heç kim görməsin, bir müddət sonra Zərərçəkmiş şəxs qızı ilə birlikdə evdən çıxdıqlarını eşitmiş, mişar daşını götürüb qapını açıb evə daxil olmuş, Zərərçəkmiş şəxs evindən pul və qızıldan başqa hər hansı əşya oğurlamamış, həmin evdən konkret olaraq 600 manat pul, sayını dəqiq bilmədiyi bir-birinə iplə bağlanmış kəpənəyə bənzər fiqurlu qızıl materialdan olan bəzəkli bilərzik formasında olan qızılları, 3 ədəd qızıl üzük, 3 cüt sırğa, 3 ədəd boyunbağı, 3 ədəd bilərzik oğurlamışdır. Hazıra törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda qızı X9 ilə birlikdə Astara şəhəri, S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində yaşayır, 13 dekabr 2024-cü il tarixdə, təxminən səhər saat 07:50 radələrində qızı Heyran ilə birlikdə işlədiyi məktəbə getməkdən ötrü yaşadığı evdən çıxmış, evdən çıxan zaman evinin giriş qapısı qırıldığından oranı sadəcə örtmüş və həyət qapısını açarla bağlamış, sonra da piyada məktəbə getmiş, təxminən 09:40 radələrində üzərində ev üçün bazarlıq etməyə pulun az olduğunu düşünüb əlavə pul götürməkdən ötrü evə qayıtmış, həyətə çatan zaman evin həyətindəki qapının açıq olduğunu görmüş, evinin 1-ci mərtəbəsinə daxil olmuş, 20 manat məbləğində pulunu götürmüş, sonra evin 2-ci mərtəbəsinə qalxmış və dərhal qonaq otağına getmiş, oradakı şüşəli dolabdakı 01 ədəd üzərindəki kolye(kulon) olan boyunbağı varmış, əvvəlcə ona baxmış və olmadığını görmüş, dərhal yatağın altındakı çemodana baxmış və oradakı pul vəsaiti və qızıl-zinət əşyalarının olmadığını görmüş, orada onun 600 manat məbləğində pul vəsaiti, 3000 manat dəyərində 03 ədəd qızıl üzüyü, 3000 manat dəyərində 03 cüt qızıl sırğası, 1500 manat dəyərində 03 ədəd qızıl boyunbağı və 3500 manat dəyərində 04 ədəd qızıl bilərziyin olmadığını görmüş, ümumilikdə həmin qızılların qiyməti təxminən 11000 manat olmuş, ondan başqa evinin digər otaqlarının da axtarıldığını görmüş, həmin otaqlarda əşyaların çoxusu ortaya tökülmüş, Azərbaycan Respublikası DİN-nin "102" xidməti-zəng mərkəzinə məlumat vermiş, oğurluq hadisəsi konkret olaraq 13 dekabr 2024-cü il tarixdə, təxminən saat 08-10 aralığında Astara şəhəri, S.Vurun küçəsində yaşadığı evdə baş vermiş, həmin vaxtı özü və qızı Heyran evdə olmamış, oğurluq hadisəsi zamanı ümümilikdə ona 11600 manat məbləğində maddi ziyan dəymiş, qızıllarının ümumilikdə qiyməti 11000 manat olmuş, əlavə olaraq da 600 manat məbləğində pul vəsaiti oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin yanvar ayında Reabilitasiya mərkəzində müalicə alan zaman Şirvan rayon sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş və yoldaşlıq münasibəti yaranmış, daha sonra Təqsirləndirilən şəxs ona yaşamağa yeri olmadığından bir neçə günlük gəlib onların evində qalmaq istədiyini bildirmiş, təxminən oktyabr ayının 5-də onların Astara şəhəri, S.Vurğun küçəsində yerləşən yaşadığı evə gəlmiş, mütəmadi olaraq onunla yaşadığı ərazidə çölə çıxıb gəzirmiş, 12 dekabr 2024-cü il tarixdə saat 23:45 radələrində Asiman başın ağradığını və yatmaq istədiyini bildirərək yatmış, 13 dekabr 2024-cü il tarixdə saat 09 radələrində Asiman evə gəlib yatdığı yataq otağına girəndə oyanmış, ondan hara getdiyini soruşanda ona çölə dəniz kənarına hava almağa çıxdığını bildirmiş və böyrəyini tutub yerinə uzanmış, ondan nə olduğunu soruşanda böyrəyinin ağradığını demiş, bundan sonra isə ondan Bakıya getmək üçün maşın çağırmağını istəmiş, onunla qonşuluqda yaşayan taksi Vahid adlı tanışını çağırmış, Vahid gəldikdən təxminən 10-15 dəqiqə sonra Asimanla evdən çıxaraq Vahidin idarə etdiyi avtomobilin arxa oturacaqlarında əyləşmiş və Lənkəran şəhərinə gedəndə yolda Asiman ona bildirmişdir ki, “mənim şəxsiyyət vəsiqəm yoxdur, mənim üçün bu qızılları lombarda qoyub pul götürə bilərsən?”, Asimandan qızılları hardan tapdığını soruşanda Asiman həmin qızılın anasına məxsus olduğunu bildirmiş, Asimana şəxsiyyət vəsiqəmin üzərimdə olmadığını bildirdikdən sonra Vahiddən xahiş etmişdir ki, həmin qızılı Asiman üçün lombarda qoysun, pulunu verə bilməsə belə lombarda qızılı satıb borcu bağlayacaq və onun üçün problem olmayacaqmış, Vahid onun xahişini qəbul edib həmin qızılı Asimandan alaraq Lənkəran şəhərində yerləşən “Sizin Lombard”-a gedərək qızılı lombarda təhvil vermiş, Asimanla həmin vaxt avtomobildə gözləyirmiş, Vahid lombardan çıxandan sonra lombardın verdiyi 650 manat pulu maşına gəlib Asimana vermiş, Lənkəran şəhərində yerləşən “Ləvəngi” dairəsinə çatanda Asiman Vahidə taksi pulu kimi 20 manat pul vermiş və avtomobildən onunla birlikdə düşərək həmin ərazidə Bakı şəhərinə gedən taksilərdən biri ilə danışaraq onu yola salmış, daha sonra Vahidlə birlikdə məhəlləyə qayıtmışdıe. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Astara şəhər sakini X2 tanıyır, qonşuluqda yaşayırmış, idarə etdiyi VAZ 2107 markalı, **-KS-*** qeydiyyat nişanlı avtomobil ilə sürücülüklə məşğul olur, Mirzə Mustafayev və ailə üzvləri harasa getmək istəyəndə onları taksi kimi özü aparıb gətirirmiş, 13 dekabr 2024-cü il tarixdə saat 10:30 radələrində Mirzə ona zəng edərək onların evinə gəlməyini və qonağı olan, Asiman adlı şəxsi Lənkərana aparıb oradan Bakıya yola salmalı olduğunu bildirmiş, onların evinə getmiş, Lənkəran şəhərinə gedəndə yolda Asiman Mirzəyə bildirmiş ki, “mənim şəxsiyyət vəsiqəm yoxdur, mənim üçün bu qızılları lombarda qoyub pul götürə bilərsən?”, Mirzə də Asimandan qızılları hardan tapdığını soruşanda Asiman həmin qızılın anasına məxsus olduğunu bildirmiş, Mirzə ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirdikdən sonra ondan xahiş etmiş ki, həmin qızılı Asiman üçün lombarda qoysun, pulunu verə bilməsə belə lombarda qızılı satıb borcu bağlayacaq və ona problem olmayacaqmış, Mirzəni tanıdığı üçün onun xahişini yerə salmamış və həmin qızılı Asimandan alaraq Lənkəran şəhərində yerləşən “Sizin Lombard”-a gedərək qızılı lombarda təhvil vermiş, həmin vaxt konkret olaraq lombarda bir ədəd qızıl üzük və bir ədəd qızıl boyunbağı vermiş, bunun qarşılığında lombard ona 685 manatlıq kredit xətti açmış, 31 manat tutulmadan sonra 654 manat ona nağd pul verilmiş, həmin pulu lombardan çıxandan sonra maşına gəlib Asimana vermiş, Lənkəran şəhərində yerləşən “Ləvəngi” dairəsinə çatanda Asiman ona taksi pulu kimi 20 manat pul vermiş və avtomobildən Mirzə ilə birlikdə düşərək həmin ərazidə Bakı şəhərinə gedən taksilərdən biri ilə danışmış, daha sonra Mirzə Asimanı yola salaraq gəlib avtomobilə əyləşmiş, Astara rayonu istiqamətinə yola düşmüş və Mirzəni yaşadığı evin məhəlləsində düşürdərək getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işininin başlanması və icraata qəbul edilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət işi icraata qəbul edilərək ibtidai istintaqın aparılması qərara alınmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi evdə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus 11000 manat dəyərində qızıl-zinət əşyalarının və 600 manat pulun oğurlanması aşkar edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdə, saat 22:00-da tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi” 23 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” Astara Rayon Məhkəməsinin 4(018)-94/2023 saylı, 23 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 dekabr 2024-cü il tarixdən saat 22:00-dan hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xx.xx.2011-ci il tarixdə Şirvan şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1ci maddəsi ilə 01 il 06 ay 18 gün müddətinə islah işləri cəzasına, xx.xx.2014-cü il tarixdə Lənkəran ACM-in məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və xx.xx.2019-cu il tarixdə Şirvan şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. “Dəymiş zərərin təhvil alınması haqqında” 29 yanvar 2025-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış 7.3 qram dəyərində 1 ədəd qızıl üzüyü və ona dəymiş ümumi maddi ziyanın 1550 manatını Astara RPŞ-nin İB-nin müstəntiqi Samir Rəsulludan təhvil almışdır. “Dəymiş zərərin təhvil alınması haqqında” 09 fevral 2025-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış 7.7 qram dəyərində 1 ədəd qızıl boyunbağını və 2.8 qram olan 1 ədəd qızıl üzüyü Astara RPŞ-nin İB-nin müstəntiqi Samir Rəsulludan təhvil almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 24 fevral 2025ci il tarixli 19/67 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızılzinət əşyaların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 7837,50 manat müəyyən olunmuşdur. “Dəymiş zərərin təhvil alınması haqqında” 25 fevral 2025-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ümumi maddi ziyanın 2500 manatını Astara RPŞ-nin İB-nin müstəntiqi Samir Rəsulludan təhvil almışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 26 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 194-cü maddələri ilə cinayət təqibindən imtina edilmiş, 13 dekabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs evindən oğurlanmış 11,000 manat dəyərində qızıl-zinət əşyalarından ona qaytarılmış 01 ədəd 583 əyyarlı 7.3 qram olan qızıl üzük, 01 ədəd 583 əyyarlı 2.8 qram olan qızıl üzük, 01 ədəd 583 əyyarlı 7.7 qram olan qızıl boyunbağı və 200 manat pul vəsaitinin maddi sübut hesab edilməsi və məhkəmə baxışına qədər saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi, Zərərçəkmiş şəxs ifadəsində bildirdiyi ona dəymiş 11.600 manat maddi ziyanın əsas götürülməsi barədə qərar qərar qəbul edilmişdir (i.v. 158-167). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən oğurluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və digər qurğular aiddir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərrəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; CM-in 59.1.12 və 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini boynuna almasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq bir qismini ödəməsini, gənc olmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmişin ondan heç bir şikayəti olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də müxtəlif növ cinayət əməlləri törətməsini, törətdiyi cinayət əməllərinə görə məhkum olunduğunu, məhkumluğunun ödənildiyini nəzərə alır və yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, özünün şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxsin onunla barışdığını və şikayətinin olmadığını, vurmuş olduğu ziyanın bir qismini ödədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsinin mümkün olmaması, təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd 583 əyyarlı 7.3 qram olan qızıl üzük, 01 ədəd 583 əyyarlı 2.8 qram olan qızıl üzük, 01 ədəd 583 əyyarlı 7.7 qram olan qızıl boyunbağı və 200 manat pul vəsaitinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 50 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə müdafiəçi X4 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan 01 ədəd 583 əyyarlı 7.3 qram olan qızıl üzük, 01 ədəd 583 əyyarlı 2.8 qram olan qızıl üzük, 01 ədəd 583 əyyarlı 7.7 qram olan qızıl boyunbağı və 200 manat pul vəsaitinin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə müdafiəçi X4 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-48/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-48/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver