Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-5/2024 17.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X5 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Şamiloviçin və Müdafiəçi2, tərcüməçi X3 iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Akuşenski rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Rusiya Federsiyası, Dağıstan Respublikası, Akuşenski rayonu, Kurimaxe kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikasında Qusar rayonu, Samur qəsəbə ərazi dairəsi, Samur qəsəbəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasındakı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Şamiloviç 19 may 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi tərkibindəki tramadol güclü təsir edici maddəsinin miqdarı 1,6 qram təşkil edən hər birində 8 həb olmaqla, 2 konvalyutda ümumilikdə 16 həb “Ferrari” əmtəə göstəricili dərman preparatını aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Volvo” markalı, M600ET05/AM177205 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinində yataq yerinin altında yerləşdirərək gömrük nəzarətindən gizlətmiş və 19 may 2023-cü il tarixdə, saat 20 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə “Astara” gömrük postunda qeyd edilən nəqliyyat vasitəsinə keçirilmiş yoxlama nəticəsində sözügedən dərman preparatı aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Şamiloviç ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, X4 Respublikası Akuşenski rayonu Kurimaxe kəndində qeydiyyatda olmaqla yaşayır. Daimi iş yeri olmadığı üçün sürücülük etməklə pul qazanır. Bir müsəlman kimi heç vaxt spirtli içki, narkotik, yaxud psixotrop maddələrdən heç vaxt qəbul etməmişdir və bu işlərlə məşğul olanlara nifrət edir. Yalnız halal zəhmətlə ailəsinin ehtiyaclarını ödəməyə çalışır. İki ildən çoxdur ki, başqasına məxsus olan “Volvo” markalı, “M600ET05/AM177205” nömrəli nəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıması ilə məşğuldur. Sonuncu dəfə 2023-cü ilin may ayında həmin maşınla boş şəkildə yük sifarişi olsa götürmək üçün İran İslam Respublikasına getmişdir. İranın Astara şəhərində bir neçə gün gözləmiş, sonra, yük daşınması sifarişi qəbul etmişdir. Həmin müddət ərzində maşının içərisində yaşamışdır. Dağıstandan yola çıxmazdan əvvəl bacısı, ağır yataq xəstəsi olan anası, xalaları, bibiləri ondan ucuz olduğu üçün İrandan müxtəlif dərmanlar alıb gətirməyi istəmişlər. Bu məqsədlə, baş ağrısı zamanı istifadə edilən ibuprofen və sair bu kimi dərmanlar, həmçinin, mədə ağrısı zamanı istifadə edilən mezole və buna oxşar digər dərmanlar, eləcə də, uşaqlar üçün müxtəlif vitaminlər, siroplar, omega 3, vitamin d3, bundan başqa şəkər xəstələrinin istifadə etdikləri dərmanlar, bədən, əl və günəş qoruyucu kremləri və sair belə dərmanlar və tibbi ləvazimatlar, həmçinin, məişət malları almışdır. Dərmanlardan savayı məişətdə istifadə olunan yuyucu vasitələr, şampunlar, kosmetik vasitələr və zəfəran kimi məhsullar da almışdır. Qohumları nə sifariş vermişdilərsə bu məhsulları almaq üçün ona pulunu vermişlər. Aldığı bütün məhsulları orada olduğu vaxt müxtəlif zamanlarda və müxtəlif yerlərdən almışdır. X7 Respublikasının Astara şəhərində ayrı-ayrı yerlərdə yerləşən iki aptekdən əldə etmişdir. Aptekdə istədiyi dərmanları əl ilə göstərib istəmişdir. Belə ki, baş ağrısı dərmanı lazımdırsa başını göstərib, mədə ağrısı dərmanı lazımdırsa mədəsini göstərib dərman istəmişdir. Bəzi dərmanların bir qismini tanıdığı üçün adlarını deyib istəmişdir. Cinsi əlaqə zamanı gücləndirici təsirə malik dərmanı rus dilində bir az başa düşən aptekdəki işçidən almışdır. Orada da ona iki cür dərman göstərildiyi üçün adı “Ferrari” olan dərmanı almışdır. 13 may 2023-cü il tarixdə Moskvaya göndərilən yükünü yüklətdikdən sonra, aldığı bütün məhsul və dərmanları maşınının müxtəlif yerlərində, bir qismini nəqliyyat vasitəsinin qoşqusunun sol-aşağı hissəsindəki iki təkərin arasında yerləşən müxtəlif əşyaların qoyulması üçün nəzərdə tutulan yeşiyin içərisində olan ehtiyat hissələrinin altına yerləşdirmişdir. Bir digər qismini kabinada yatağın altında, kabinanın sağ və sol divarlarında olan boşluqlarda yerləşdirmişdir. Bir qismini də sürücü və sərnişin oturacaqlarının arxasında və altında, qapıların gözlərində yerləşdirmişdir. “Ferrari” adlı dərman isə kabinada yataq yerinin altında gizlətdiyi dərmanların arasında olmuşdur. “Ferrari” dərmanı güclü təsiredici preparatıdır, adi ağrıkəsicilərdən bir neçə qat güclü dərmandır. Hesab etmişdir ki, xəstə anasının ağrılarını azaltmaqla onun müalicəsi zamanı istifadə etmək olar.Yük maşına yükləndikdən sonra, 19 may 2023-cü il tarixdə İran-Azərbaycan sərhədini keçərək axşam saatlarında Astara gömrük postuna daxil olmuşdur. Həmin gün saat 20 radələrində gömrük nəzarəti zonasına keçmiş, orada əvvəlcə gömrük əməkdaşı onunla sorğu-sual apararaq maşınında və ya üzərində qadağan edilən, bəyan edilməli olan, gizlətdiyi hansısa əşyanın olub-olmadığını soruşmuş, o isə maşınında gizlətdiyi dərmanları ona deməmişdir. Bütün məhsulları və dərmanları müxtəlif yerlərdə gizlətdiyi üçün gömrük yoxlaması zamanı bəlkə də bu dərmanların və malların tapılmayacağını düşünmüşdür. Lakin, gömrük işçisi maşınını yoxlamalı olduğunu demiş, bir qədər vaxt keçdikdən sonra, iki nəfər hal şahidinin iştirakı ilə yoxlamaya başlamışdır. Yoxlama nəticəsində iki təkərin arasında olan yeşikdə ehtiyat alətlərinin altında yerləşdirdiyi dərman və məhsullar aşkar edilmiş, daha sonra, maşının müxtəlif yerlərində gizlətdiyi bütün dərmanlar və məişət malları aşkar olunmuşdur. Sonra, bu barədə protokol tərtib edilmiş, protokol ona tərcümə edildikdən sonra tanış olmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Aldığı dərmanlar üçün heç bir resepti olmamışdır, həmin dərmanların, o cümlədən də “Ferrari” adlı dərmanın Azərbaycan Respublikasında qadağan olunduğunu bilməmişdir. Qadağan olunduğunu bilsəydi onları özü ilə gətirməzdi. Lakin gömrük əməkdaşları Azərbaycan Respublikasında “Ferrari” adlı dərmanın dövriyyəsinin qadağan olunduğunu ona izah etdikdən sonra həmin dərmanı alıb üstündə daşımaqla cinayət törətdiyini başa düşmüşdür. Əməlinə görə dərin peşmanlıq hissi keçirir. Ailəsində yeganə işləyib qazanc gətirən şəxsdir. Əgər ona ağır cəza təyin edilərsə bütün ailəsi tam baxımsız qalacaqlar. Həm də həkimlərin deməsinə görə anası Suleymanova Kalimat ağır vəziyyətdədir, 3 ayadək ömrü qalıb. Gec evə qayıtsa anasını görməyəcəkdir. Anasını çox istəyir və onu sağ görmək, ölərsə heç olmasa tabutuna yapışmağı özünün oğul borcu hesab edir. Himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, anasının sağalmaz, ağır, yataq xəstəsi olmasını və həyatında ilk dəfə cinayət törətməsini nəzərə alıb məhkəmədən ona mərhəmət göstərib yüngül cəza təyin etməyi xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Şamiloviç Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Şamiloviçin cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda inspektoru vəzifəsində işləyir. 19 may 2023-cü il tarixdə iş bölgüsünə əsasən yük maşınları üçün nəzərdə tutulmuş idxal gömrük nəzarəti xəttində xitmətdə olmuşdur. Həmin gün saat 20 radələrində İrandan Azərbaycana “Volvo” markalı “M600ET05/AM177205” dövlət qeydiyyat nişanlı yük avtomobili daxil olmuşdur və həmin nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilməli idi. Həmin nəqliyyat vasitəsini əvvəllər tanımadığı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviç idarə etmişdir. Yükü təzə kələm yükü olmuş və Azərbaycandan tranzit keçməklə Rusiyaya gedəcəkmiş. Həmin şəxslə sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddəsi, dərman preparatları, eləcə də, ümumiyyətlə gömrük nəzarətindən gizlədilmiş və bəyan edilməli olan hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə, cavabında üzərində və eləcə də, idarə etdiyi nəqliyyat vasitəsində gizlətdiyi, bəyan etmədiyi qanunla qadağan olunmuş heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra, nəqliyyat vasitəsinə yoxlama keçirilməsi zərurəti olduğundan aidiyyəti üzrə məruzə etmişdir. Yoxlama zamanı hal şahidi qismində iştirak etmələri üçün iki şəxsi çağırıb onları əvvəlcə Təqsirləndirilən şəxs təqdim etmiş, daha sonra həmin şəxslərə hüquq vəzifələri izah etdikdən sonra, hal şahidlərinin və sürücünün iştirakı ilə yoxlamaya başlamışdır. Əvvəlcə nəqliyyat vasitəsinə çöl hissədən yoxlama keçirilmiş, yoxlama zamanı qoşqunun sol aşağı hissəsində, iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan ehtiyyat hissələrinin altında dərman vasitələri aşkar edilmişdir. Nəqliyyat vasitəsini çol hissədən yoxladıqdan sonra, kabinada yoxlama keçirilmiş və kabinin yoxlanması zamanı yatağın altında, kabinənin sağ və sol divarlarının boşluqlarında, sürücü və sərnişin oturacaqlarının arxasında və altında da müxtəlif dərmanlar, o cümlədən 2 konvalyutda ümumilikdə 16 həb “Ferrari” əmtəə göstəricili dərman preparatı və məişət malları aşkar edilmişdir. Aşkar edilən dərmanları harada, hansı məqsədlə əldə etdiyini və nə üçün gizlətdiyini Təqsirləndirilən şəxs soruşduqda o, həmin dərmanları İranda aptekdən ailə üzvlərinin xahişinə görə aldığını və həmin miqdarda dərmanı açıq şəkildə gətirəcəyinə icazə verilməyəcəyini bildiyi üçün məcbur olub gizlədib keçirmək istədiyini bildirmişdir. Aşkar edilənləri yekunda növünə uyğun yığıb saymış və çeşidləmişdir. Bütün aşkar edilənləri qablaşdırıb götürdükdən sonra, yoxlama keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol yekunda ucadan oxunmuş və daha sonra, iştirakçılar tanış olub imzaları ilə təsdiq etmişdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xusasatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” 19 may 2023-cü il tarixli protokoldan da göründüyü kimi, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs Şamiloviçə hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə, idarə etdiyi “Volvo” markalı “M600ET05/AM177205” nömrə nişanlı nəqliyyat vasitəsində və əl yükündə heç bir hüquqpozma predmeti olmadığını bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində yataq yerinin altında hər birində 8 həb olmaqla, 2 konvalyutda ümumilikdə 16 həb “Ferrari” əmtəə göstəricili dərman preparatı, həmçinin nəqliyyat vasitəsinin qoşqusunun sol aşağı hissəsində, iki təkərin arasında yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin içərisində olan ehtiyyat hissələrinin altında, kabinənin sağ və sol divarlarının boşluqlarından, sürücü və sərnişin oturacaqlarının arxasından və altından 35 müxtəlif adda dərman vasitələri və məişət malları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli, 6/2971, 9/3866 nömrəli məhkəmə fiziki-kimyəvi və əmtəəşünasllıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dərmanlar arasında hər birində 8 həb olmaqla, 2 konvalyutda ümumilikdə 16 həb “Ferrari” əmtəə göstəricili dərman preparatının tərkibində 1,6 qram “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları”-na daxil olan maddə - tramadol müəyyən edilmişdir. Digər dərmanlar, qida əlavələri və kosmetik vasitələrin tərkibində 2005-ci il 28 iyun tarixli AR qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına və 18 mart 2016-cı il AR qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarı”-nın siyahılarına və “Zəhərli maddələrin siyahıları”-na daxil olan maddələr müəyyən edilməmişdir. Təqdim edilmiş predmetlər istifadəyə yararlıdırlar. Təqdim edilmiş predmetlər arasından qiymətləri müəyyən edilə bilən predmetlərin xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 616,50 manat təşkil etmişdir. Ekspertiza rəyindən görünür ki, “Ferrari” əmtəə göstəricili dərman preparatının 1 konvalyutu ekspertiza tədqiqatına sərf edilmişdir. Adı çəkilən Mərkəzin 31 may 2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatların dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin məhkəmə narkoloji ekspertizasının 15 iyul 2023-cü il tarixli, 4468 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Şamiloviçdə narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan 02 avqust 2023-cü il tarixli qərardan götünür ki, Təqsirləndirilən şəxs Şamiloviçdən aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,6 qram və ilkin sayı hər birində 8 həb olmaqla 2 konvalyutda 16 həb təşkil edən tramadol güclü təsir edən maddəsi iş üzrə cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və üzərində keçirilmiş ekspertiza tədqiqatlarından sonra, qaytarılmış qalıq 1 konvalyutda 8 həb “Ferrari” əmtəə göstəricili tramadol güclü təsir edən maddəsi və məhkəmənin yekun hökmünə qədər İstintaq və təhqiqat idarəsinin maddi sübutların saxlanc otağında saxlanılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03 iyul 2023-cü il tarixli, tələbnamədən görünür ki, Rusiya Federsiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviç əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan “Şühbəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Rusiya Federsiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviç 04 iyul 2023-cü il tarixdə, saat 12:40-da şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarından məlum olur ki, Rusiya Federsiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviç barəsində 04 oktyabr 2023-cü il tarixə kimi “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Şamiloviç barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan Rusiya Federsiyası, Dağıstan Respublikası, Akuşenski rayonu, Urxuçimaxi kənd surası tərəfindən verilmiş xasiyyətnamədən Təqsirləndirilən şəxs Şamiloviç müsbət xarakterizə olunduğu görünür. Cinayət işinin materiallarında olan Rusiya Federsiyası, Dağıstan Respublikası, Akuşenski rayonu, Urxuçimaxi kənd surası tərəfindən verilmiş arayışdan və „nikah haqqında şəhadətnamədən“ görünür ki, Təqsirləndirilən şəxs Şamiloviç Rusiya Federsiyası, Dağıstan Respublikası, Akuşenski rayonu, Kurimaxe kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, himayəsində arvadı və 30 iyul 2022-ci il təvəllüdlü uşağı vardır. Cinayət işinin materiallarında olan “Doğum haqqında şəhadətnamənin” surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Şamiloviç xx xxxxxx 1995-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Akuşenski rayonunda anadan olmaqla onun anası X1. Cinayət işinin materiallarında olan Dağıstan Respublikası Akuşinski Mərkəzi Rayon Xəstəxanasının 25 oktyabr 2023-cü il tarixli arayışından məlum olur ki, X2 xəstəlik diaqnozu nevroloji kəskinləşmə ilə 2-ci tip şəkər xəstəsi olmaqla, ensefalopatiya, 3-cü dərəcədə dağınıq skleroz, diabetik anqiopatiya, 3b dərəcəli xroniki ürək çatışmamazlığı xəstəsidir. X2 ağır xəstə olmaqla, yataq şəraitindədir, daimi qayğıya ehtiyacı vardır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyan etmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına bəyan edilir. Azərbaycan Respublikası CM-in 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dovriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviçin törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (CM-in 41.2-ci maddəsi). Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Rusiya Federsiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviçin əməlindən peşiman olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerindən müsbət səciyələnməsini, anasının nevroloji kəskinləşmə ilə 2-ci tip şəkər xəstəsi olmaqla, ensefalopatiya, 3-cü dərəcədə dağınıq skleroz, diabetik anqiopatiya, 3b dərəcəli xroniki ürək çatışmamazlığı diaqnozu ilə yataq şəraitində ağır xəstə olmasını, onun 2 konvalyutda ümumilikdə 16 həb “Ferrari” əmtəə göstəricili dərman preparatını ağır xəstə anasının müalicəsi üçün almasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Şamiloviçin Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs Şamiloviçin ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, ailəsinin ağır maddi durumda yaşamasını, himayəsində 1 nəfər azyaşlı uşaq olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yerindən müsbət səciyələnməsini anasının nevroloji kəskinləşmə ilə 2-ci tip şəkər xəstəsi olmaqla, ensefalopatiya, 3-cü dərəcədə dağınıq skleroz, diabetik anqiopatiya, 3b dərəcəli xroniki ürək çatışmamazlığı diaqnozu ilə yataq şəraitində ağır xəstə olmasını, onun 2 konvalyutda ümumilikdə 16 həb “Ferrari” əmtəə göstəricili dərman preparatını ağır xəstə anasının müalicəsi üçün almasını nəzərə alaraq Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs Şamiloviç barəsində həmin Məcəllənin 62.1-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1-ci maddəsinə əsasən belə hesab edir ki, Təqsirləndirilən şəxs Şamiloviçdən aşkar edilərək götürülmüş, hər birində 8 həb olmaqla 2 konvalyutda 16 həb olmuş, tədqiqatlara sərf olunduqdan sonra qalan “Ferrari” əmtəə göstəricili tramadol güclü təsir edən maddəsi olan 1 konvalyutda 8 həb məhv edilməli, həmin narkotik vasitələrin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” AR Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviçin idarə etdiyi “Volvo” markalı “M600ET05/AM177205” dövlət qeydiyyat nişanlı yük avtomobildən aşkar edilərək götürülmüş, “Azterminalkompleks” Birliyinin saxlanc yerində saxlanılan 17 müxtəlif adda orta bazr qiyməti 184,5 manat olan dərman vasitələri və kosmetik vasitələr, orta bazr qiyməti 432 manat olan digər məşiət malları, cəmi orta bazar qiyməti 616,50 manat olan mallar gömrük orqanlarında bəyan edilmədiyinə görə dövlət xeyrinə müsadirə edilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə cinayət-prossesual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs Şamiloviçin “ev dustaqlığı”nda və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 04 iyul 2023-cü il tarixdən il tarixdən hesablanmasını, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, məqsədə uyğun hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə 250 (iki yüz əlli) manat təşkil edən ekspertiza xərci Təqsirləndirilən şəxs Şamiloviçdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Şamiloviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Şamiloviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun ev dustaqlığında və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Şamiloviç barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirlməsin. Cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatlarından sonra qalıq “Ferrari” əmtəə göstəricili tramadol güclü təsir edən maddəsi olan 1 konvalyutda 8 həb məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs Şamiloviçin idarə etdiyi “Volvo” markalı “M600ET05/AM177205” dövlət qeydiyyat nişanlı yük avtomobildən aşkar edilərək götürülmüş, “Azterminalkompleks” Birliyinin saxlanc yerində saxlanılan 17 müxtəlif adda orta bazr qiyməti 184,5 manat olan dərman vasitələri və kosmetik vasitələr, orta bazr qiyməti 432 manat olan digər məşiət malları, cəmi orta bazar qiyməti 616,50 manat olan mallar gömrük orqanlarında bəyan edilmədiyinə görə dövlət xeyrinə müsadirə edilsin. Cinayət işi üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat pul Təqsirləndirilən şəxs Şamiloviçdən alınaraq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Şamiloviç əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddət ərzində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə həmin müddət başa çatdıqdan sonrakı gün hökm qanuni qüvvəsini alır. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-5/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-5/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver