Məhkəmə qərarları › İş №1(018)-50/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-50/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-50/2025 21.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə, xx.xx.1998-ci ildə Rusiya Federasiyası, Astraxan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Astara rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, məhkumluğu ödənilmiş, Astara rayonu, Kijəbə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqından iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 221.1-cimaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində idarə etdiyi Chevrolet Cruze markalı, 99VP839 dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs yaşadığı Astara rayonu, Maşxan kəndində yerləşən sonuncunun qayınatası Şahid5 məxsus iki mərtəbəli fərdi yaşayış evinin darvazasından həyətə daxil olub Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid1 ilə arasında olan sevgi münasibətlərini aydınlaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsinin ziddinə mənzilin (fərdi yaşayış evinin) giriş qapısını açaraq içəri qanunsuz daxil olub həmin mənzildə yaşayan Zərərçəkmiş şəxs mənzil toxunulmazlığını pozmuş, daha sonra xuliqanlıq niyyəti ilə özünü digər şəxslərin fövqündə qoyub üstünlüyünü göstərmək məqsədi ilə Zərərçəkmiş şəxs azyaşlı övladlarının gözü qarşısında nalayiq söyüşlərlə söymüş, səs-küyə gələn şəxsləri görüb mənzili tərk etdikdən sonra həyətdə daha da azğınlaşaraq xuliqanlıq hərəkətlərini davam etdirib ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib vətəndaşların yanında sonuncunu və ailə üzvlərini qışqıraraq nalayiq ifadələrlə söyüb qanunsuz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirərək ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 157.1 və 221.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “Astara Mall” ticarət mərkəzində paltarların reklam işi ilə məşğul olduğu üçün xx.xx.2024-cü il, saat 18 radələrində “Astara Mall”-a işə getmişdir. İşdə olan zaman Sevinc Ağayeva və Fatimə Ağayeva ona həmin gün Zərərçəkmiş şəxs alış-verişə gəldiyini və onun haqqında xoşagəlməz ifadələr işlətdiyini bildirmişlər. Əsəbləşdiyi üçün Tarifənin yaşadığı evə getmək qərarına gəlmiş, həmin gün saat 20 radələrində işini bitirib Astara rayonu, Maşxan kəndinə getmişdir. Yolda olan zaman Tarifənin əri Rəfailə zəng vurmuş və arvadının sözləri barəsində onunla əsəbi formada danışmış, həmçinin Rəfailə məsələni aydınlaşdırmaq və Tarifə ilə danışmaq məqsədi ilə onların yaşadığı evə getdiyini bildirmişdir. Lakin, Rəfail yaşadığı evə getmək üçün ona razılıq verməmişdir. Saat 22 radələrində Tarifənin yaşadığı evə çatmış, evin darvazası açıq olduğu üçün, avtomobilini içəri sürmüş, həmin vaxt həyətdə adını bilmədiyi iki-üç şəxsi görmüşdür. Onlardan Rəfailin harada olduğunu soruşmuş, onlar da Rəfailin evdə olmadığını və tövlədə olduğunu bildirmişdir. Tarifə ilə danışmaq üçün sonuncunun yaşadığı ikimərtəbəli evə tərəf getmiş, evin qapısı bağlı olsa da kilidlənməmişdir, qapını döymüş, qapı səsinə heç kim cavab vermədiyi üçün qapını açmışdır. Qapını açıb içəri keçmiş, qapını içəridən döyərək ev yiyəsini qışqırıb çağırmışdır. “Ay evin yiyəsi aşağı düş, sənə sözüm var” deyə qışqırıb qapıdan içəriyə daxil olmuş, səsinə on-on bir yaşlı qız uşağı gəlmişdir. Həmin uşağa “Anavı çağır, onunla işim var” demişdir. Uşaq anasına “Ana evə, hansısa xala gəlib, səni istəyir” demişdir. Həmin yerdə gözlədiyi vaxt, Tarifə və onun iki başqa qızı da aşağı enmiş, Tarifə onu görən kimi “A, bu cındırın burada nə işi var? Niyə gəlmisən bura? Gör indi sənin başına nə oyun açıram” demişdir. Tarifə onu əsəbi halda qarşılamış və qolundan tutaraq evin içərisindən çölə çıxarmağa çalışmışdır. Pilləkənlərin önündə, dəhlizdə olan zaman Tarifə qışqırmağa və nalayiq ifadələr işlətməyə başlamış, buna görə də Tarifə ilə mübahisə edib, sonuncunun üstünə qışqırmışdır. Səsinə həyətdə olan kişilər evin içərisinə gəlmişdir. Həmin şəxslərdən Şahid3 tanımış, ora gələn digər iki şəxsi isə tanımamışdır. Tarifə onu evindən çıxarıb, qapının önündə olan daş pilləkənlərdən aşağı itələmiş, o da, həyətdə olan zaman Tarifənin üstünə qışqırmışdır. Avtomobilə tərəf gedəndə Tarifə evdən darvazanı bağlamağa çalışmış, lakin bağlaya bilməmişdir. Hadisə vaxtı o, heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxs ilə hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Tarifəni Rəfailin arvadı kimi tanıyır, Rəfaili isə mağazaya gələn bir alıcı kimi tanıyır, sonuncu ilə arasında hal-hazırda hər hansı sevgi münasibəti yoxdur. Zərərçəkmiş şəxs yaşadığı evə qanunsuz daxil olmamışdan öncə həmin mənzilə daxil olmaq üçün heç kimdən icazə almamışdır. Zərərçəkmiş şəxs yaşadığı mənzilə qanunsuz daxil olmaqda məqsədi Tarifə ilə mübahisəli vəziyyəti aydınlaşdırmaq olmuşdur. Törətdiyi əməldən peşimandır, himayəsində 2 az yaşlı uşağı vardır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Şahid1lə Təqsirləndirilən şəxs arasında 4-5 il əvvəl sevgi münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində alış-veriş üçün “Astara Mall” ticarət mərkəzinə getmişdir. Təqsirləndirilən şəxs həmin mağazada paltarların reklamı işi ilə məşğul olur. Orada işləyən qızlar ərini görən kimi gülməyə başlayıb “A Vəfanı saxlayan oğlan gəlib” demiş, o da əsəbiləşərək “Bu mənim ərim, uşaqlarımın atasıdır” cavab vermişdir. Mağazada olduğu vaxt Vəfa ilə rastlaşmamışdır. Saat 22 radələrində Vəfa içkili vəziyyətdə onun yaşadığı Astara rayonu, Maşxan kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə gəlmiş, evin içərisinə qanunsuz daxil olmuş və az yaşlı övladlarının qarşısında saçından tutaraq onu divara çırpmışdır. Həmin vaxt əri evdə olmamış, evdə o və dörd övladı olmuşdur. Hadisədən əvvəl əri ona zəng vurmuş, evə dostu Nazir ilə təndir çörəyi göndərdiyini bildirmiş və Nazirin avtomobillə həyətə daxil ola bilməsi üçün həyətin darvazasını açıq saxlamağı tapşırmışdır. Vəfa da həmin ərəfədə darvazanın açıq olduğundan istifadə edərək, avtomobili həyətə sürmüş və giriş qapısından evə daxil olmuşdur. Evin giriş qapısını qıfılla bağlamamışdır. Vəfa qapıdan dəhlizə, oradan isə evin birinci mərtəbəsində yerləşən mətbəxə daxil olmuş və nalayiq söyüşlər söyərək onu aşağı çağırmışdır. Həmin vaxt ikinci mərtəbədə öz yataq otağında yarıyuxulu vəziyyətdə olmuşdur. X12 ikinci mərtəbədə öz otağında yatmış, qızları isə ikinci mərtəbədəki dəhlizdə dərslərini hazırlamışdır. Səsə qızı Leyla Əliyeva aşağı enmiş və evə kiminsə girdiyini deyərək onu çağırmışdır. O, birinci mərtəbəyə enmiş, Vəfa həmin vaxt birinci mərtəbədə qışqırmış və onu nalayiq sözlərlə aşağı çağırmışdır. Qızları Mehriban və Arzu da onun ardınca birinci mərtəbəyə düşmüşdür. Mehriban Vəfadan çölə çıxmasını tələb etmiş, lakin Vəfa Mehribanın sözlərinə məhəl qoymamışdır. Həmin vaxt ərinin dostu Etimad Məmmədzadə və Şahid3 qışqırıq səslərini eşidərək evin içərisinə daxil olmuşdur. Nazir və Etimad içəri daxil olandan sonra Vəfa həyətə çıxıb qışqıra-qışqıra avtomobilə oturmuş, bir daha onları yüksək səslə söyüb mahnı qoşaraq avtomobilini sürüb getmişdir. Həmin vaxt digər ailə dostu Şahid4 da həyətə gəlmiş və Vəfanın onları söydüyünü görmüşdür. Əri Şahid1 həyətə daxil olanda Vəfa həyətdən çıxmışdır. Bundan sonra səhhəti pisləşmiş, qonşuda yaşayan Günay müəlliməyə zəng vurmuş, sonuncudan gəlib ona yardım etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilə arasında əvvəllər hər hansı düşmənçilik və ədavəti olmamış, sonuncu yaşadığı evə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində daxil olmuş və Vəfa evə daxil olan zaman tək olmuşdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun dostudur. xx.xx.2024-cü il tarixdə, axşam saat 22 radələrində Rəfail ona zəng vuraraq evinə isti təndir çörəyi alıb aparmağı xahiş etmişdir. Pensər kəndində yerləşən təndirxanadan çörək alaraq dostu Etimad Məmmədzadə ilə Maşxan kəndinə getmişdir. Rəfailin həyətinə çatanda həyət darvazasının açıq olduğunu və onların həyətində Chevrolet Cruze markalı avtomobilin dayandığını görmüşdür. Avtomobili həyətə sürmüş və Rəfailin evindən söyüş və qışqırıq səsləri eşitmişdir. Səsləri eşidən kimi o və Etimad içəri qaçmışdır. Evdən nalayiq tipli ifadələrdən ibarət olan qışqırıq səsləri gəlmişdir. Sözün düzü həm Tarifə, həm də Vəfa bir-birilərini nədəsə ittiham etmişlər. Evin qapısına yaxınlaşanda Rəfailin böyük qızı Mehriban qapını açıb qışqıraraq anasına kömək etməyi xahiş etmişdir. Evin içərisinə daxil olanda bir qadının Zərərçəkmiş şəxs üstünə qışqırdığını, onunla uca səslə mübahisə etdiyinin şahidi olmuşdur. Sonradan həmin qadının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Vəfa Mehribanı, Tarifəni, Rəfaili və onların digər övladlarını nalayiq sözlərlə söyüb təhqir etmişdir. İçəri girəndə Vəfanın çıxıb getməsini tələb etmiş, onlar içəri girəndən sonra Vəfa qışqırmağa və səs-küy salmağa davam etmiş, Tarifənin isə səhhəti çox pis olmuş və sonuncu qorxu içərisində tir-tir əsmişdir. Vəfa hamını təhqir edə-edə həyətdə olan avtomobilə tərəf getmişdir. Həyətdə olduğu zaman o yenə qışqırmış, Rəfaili və ailəsini pis söyüşlərdən istifadə edərək söymüşdür, bununla da onlara və ətraf evlərdə yaşayan şəxslərə hörmətsizlik etmişdir. Vəfa qışqıraraq “Tarifə, gör sənin və ərinin başına hansı oyun açacam” demiş, sonra isə avtomobilinə oturmuş və musiqini qoşub, Rəfailin ailəsini bir daha söyərək çıxıb getmişdir. Bunu Rəfailin dostu Şahid4 da eşitmiş, o həmin ərəfədə Rəfailgilə gəlmişdir. Rəfail özü də bu zaman həyətə daxil olmuş, Vəfa Rəfaili görən zaman yenə qışqırmış və onu uca səslə nalayiq söyüşlərlə təhqir etmişdir. Hadisə baş verən zaman o, dostu Etimad Məmmədzadə və Rəfailin dostu Şahid4 orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, oğlu Şahid1 arvadı Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə onun mülkiyyətində olan və Astara rayonu, Maşxan kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evində yaşayır. Oğlunun və ailə üzvlərinin yaşadığı ev və torpaq sahəsi onun adınadır. Həmin ev onun yaşadığı evdən 800-900 metr aralıda yerləşir. xx.xx.2024-cü il tarixdə baş verən hadisəni xx.xx.2024-cü il tarixdə eşitmiş, hadisənin birbaşa şahidi olmamışdır. Təqsirləndirilən şəxs ilə hər hansı şəxsi tanışlığı, düşmənçilik və ədavəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun dostudur. xx.xx.2024-cü il tarixdə, axşam saat 22 radələrində dostu Şahid1 evinin yanından keçəndə evdən səs-küy, qışqırıq və söyüş səslərinin gəldiyini eşitmişdir. Qışqıran şəxslərin səsi qadın səsi olmuşdur. Qışqırıqları eşidən kimi həyətə daxil olmuş, bu zaman Təqsirləndirilən şəxs Rəfailin evindən əsəbi vəziyyətdə həyətə çıxdığını və həyətdə saxladığı avtomobilə tərəf getdiyini görmüşdür. Vəfa həyətdə olan zaman da qışqırmış, uca səslə Rəfaili və onun ailəsini söymüşdür. Vəfa qışqıraraq “Tarifə, gör sənin və ərinin başına hansı oyun açacam” demiş, sonra isə avtomobilinə oturmuş və musiqini uca səslə qoşub, Rəfailin ailəsini bir daha söyərək avtomobili sürüb getmişdir. Həmin vaxt Rəfail özü də həyətə daxil olmuş, Vəfa Rəfaili görən zaman yenə qışqırmış və onu pis söyüşlərdən istifadə edərək söymüşdür. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində arvadı Zərərçəkmiş şəxs və uşaqları ilə birlikdə alış-veriş üçün “Astara Mall” ticarət mərkəzinə getmişdir. Həmin ticarət mərkəzində işləyən qızlar onu görən kimi gülməyə başlayıb “A Vəfanı saxlayan oğlan gəlib” demişdir. Arvadı isə həmin qızların sözlərinə əsəbləşərək “Bu mənim ərim, uşaqlarımın atasıdır” demişdir. Axşam saat 22 radələrində Vəfa onun yaşadığı Astara rayonu, Maşxan kəndində yerləşən ikimərtəbəli fərdi yaşayış evinə gələrək mənzil toxunulmazılığını pozmuşdur. Həmin vaxt evdə olmamış, Tarifə və dörd uşağı evdə olmuşdur. Hadisədən əvvəl Tarifəyə zəng vuraraq, dostu Nazir ilə evə təndir çörəyi göndərdiyini demiş və Nazirin avtomobil ilə həyətə daxil ola bilməsi üçün həyətin darvazasını açıq saxlamağı tapşırmışdır. Vəfa da həmin ərəfədə darvazanın açıq olmasından istifadə edərək, avtomobili həyətə sürmüş və giriş qapısından yaşadığı evə qanunsuz daxil olmuşdur. Vəfa yaşadığı evə gəlməmişdən əvvəl ona zəng vuraraq “Sizin evə gedib, arvadı ilə bağlı nalayiq ifadə işlətmidir. Vəfaya “Evdə heç kim yoxdur, gəlmə bizə” bildirmişdir. Vəfanın yaşadığı evə getməsinə heç vaxt icazə verməmişdir. İşlərini həll edib, evin həyətinə daxil olanda Vəfa maşında yüksək səslə mahnı qoşub, onu və ailə üzvlərini yenə nalayiq sözlərlə təhqir etmiş və avtomobilinə əyləşib getmişdir. İş materialında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer hadisənin baş verdiyi Astara rayonu, Maşxan kəndində yerləşən Şahid5 məxsus həyətyani sahə və fərdi yaşayış evidir. Həyətayani sahəyə qara-qəhvəyi rəngli darvazadan daxil olunmuş və həyətayani sahədə fərdi yaşayış evi və onun arxasında tövlə aşkar olunmuşdur. Fərdi yaşayış evi iki mərtəbədən ibarət olmuşdur. Evin içərisinə daş pilləklənlərlə qalxıb qəhvəyi qapıdan daxil olunmuşdur. Evin birinci mərtəbəsində dəhliz və mətbəx otağı yerləşmiş, dəhlizdən ikinci mərtəbəsinə çıxmaq üçün taxta pilləkənlər quraşdırılmışdır. Evin ikinci mərtəbəsində Zərərçəkmiş şəxs məxsus yataq otağı və dəhliz vardır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin İ və İİ bəndlərində göstərilmişdir ki, “hər kəsin mənzil toxunulmazlığı hüququ vardır”. “Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.” Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iradəsi ziddinə olaraq, qanunla müəyyən edilmiş hallar olmadan sonuncunun yaşadığı evə qanunsuz olaraq onun mənzil toxunulmazlığı hüququ pozmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2- 3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Beləliklə, Təqsirləndirilən şəxs mənzil toxunulmazlığını pozma cinayət əməli ilə yanaşı, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiqi olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 157.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). İş materiallarında olan X1 Sisteminin Məhkumluq məlumatlarına dair xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-54/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. İş materiallarında olan Astara rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli 834 nömrəli arayışdan görünür ki, arayışdan Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-54/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan azadlıqdan məhrumetmə cəzası şərti hesab edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barədə hökmün surəti və onun icrası barədə hakimin göstərişi və əlavə cəzanın icrası hissəsində xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş, əsas və əlavə cəza müddətinin bitməsi səbəbi ilə xx.xx.2024-cü il tarixdə icraatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 45.2-ci maddəsində göstərilmişdir ki, “nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır”. Həmin Məcəllənin 83.3.1-cü maddəsində göstərilmişdir ki, “şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda” məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(018)-54/2023 saylı hökmü üzrə məhkumluğu ödənilmişdir. İş materiallarında olan Astara rayon İHB-nin Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş Təqsirləndirilən şəxs xasiyyətnaməsindən görünür ki, sonuncu barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. İş materialında olan olan Astara rayon İHB-nin Kijəbə qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı iki övladı var. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlindən peşman olmasını olmasını, himəyəsində iki azyaşlı övladının olmasınıcəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxsa cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 221.1-ci maddələrinin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 2-1-ci bəndində göstərilmişdir ki, “Cinayətlərin məcmusuna daxil olan cinayətlərə görə islah işləri cəzası təyin edildikdə, cəzalar tamamilə və ya qismən toplanılmaqla qəti cəzanın təyin edilməsi zamanı məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə tutulması Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1 və 221.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzasına, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla ona qəti olaraq 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutmalar aparıldığı vaxtdan hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar