Məhkəmə qərarları › İş №1(018)-54/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-54/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-54/2025 22.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 12 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən “Ceyhun” adlı restoranın qarşısında olan zaman həmkəndlisi Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlətməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan spirtli içkinin təsiri altında Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə idarə etdiyi avtomobildən götürdüyü soyuq silah hesab edilməyən metal aləti silah qismində işlədib, həmin alətlə Zərərçəkmiş şəxs sol qol nahiyəsindən iki dəfə zərbə vurmuş, tanışı Şahid3 həmin aləti ondan alaraq kənara atdıqdan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək təxminən 10 dəqiqə keçdikdən sonra, yəni, saat 22:16 radələrində həmin restoranın həyətinə daxil olub, orada özü ilə gətirdiyi bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sağ əl nahiyəsinə bir dəfə zərbə vurub, ona sağ əl nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli hərəkələrini təxminən 20 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Bununla da, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərəçəkmiş şəxsin ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Toğrul adlı dostunun ad günü olmuş və Toğrul ona ad günü edəcəyini bildirərək, onu həmin ad gününə dəvət etmişdir. Saat təxminən 20 radələrində “Ceyhun” adlı restorana getmiş və orada olan kabinetlərdən birində əyləşmişdir. Oraya gələndə əvvəldən tanıdığı Elduz, Əbdülhüseyn və Toğrul adlı şəxslərin içəridə olduğunu görmüşdür. Masada əyləşmiş və yemək yeyərək spirtli içki qəbul etmişdir. Əyləşdikdən bir qədər sonra Sübhan onların yanına gəlmişdir. Masada olan hər kəs spirtli içki qəbul etsə də, Sübhan içki içməmişdir. Məclis zamanı heç bir münaqişə olmamış və onlar kabinetdən çıxandan sonra restoranın qarşısında söhbətləşməyə başlamışlar. Bu zaman o, Sübhan ilə söhbət etmiş, Elduzdan uzaq dur məsləhətlər vermiş, həmin vaxt Elduz yaxınlaşaraq ona “Sübhana nə deyirsən, nə istiyirsən ondan” deyə bildirmiş və onun ünvanına nalayiq ifadə işlətmişdir. Elduz var-yoxuna söyüş söydüyü üçün üzərinə qışqırmış və yaxınlıqda saxladığı avtomobilə gedərək oradan dəmir təmir aləti götürmüşdür. Elduzun üzərinə gələrək ona qol nahiyəsindən bir neçə zərbə endirmişdir. Həmin vaxt Elduz da, onun üz nahiyəsindən bir dəfə zərbə endirmiş və o, yerə yıxılmışdır. Həmin vaxt Əbdülhüseyn dəmir aləti əlindən almış və kənara tullamışdır. Bundan sonra qaçıb avtomobilə əyləşmiş və oradan uzaqlaşmışdır. Daha sonra Əbdühüseynə zəng etmiş və nə üçün belə olduğunu, günahı olmadığını deyərək yenidən oraya qayıtmışdır. Çünki həmin vaxt çox əsəbi və sərxoş vəziyyətdə olduğu üçün özünü idarə edə bilməmişdir. Geri qayıtdıqda ev işlərində istifadə etmək məqsədilə avtomobildə ayaqaltı hissəsində saxladığı qırmızı dəstəkli mətbəx bıçağını götürərək avtomobildən düşmüşdür. Bıçağı götürüb qorxutmaq məqsədilə Elduzun üzərinə getmişdir. Lakin həmin vaxt Elduz onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün artıq Elduzu cəzalandırmaq məqsədilə vurmaq qərarına gəlmişdir. Elduzun üzərinə getmiş və endirdiyi bir neçə zərbədən yalnız biri Elduzun bilək nahiyəsinə dəymişdir. Həmin vaxt Elduz tez onun yanından qaçmışdır. O isə Elduzu vurduqdan sonra restoranın həyətindən çıxaraq avtomobilə əyləşib oradan getmişdir. Daha sonra Əbdülhüseynə zəng edərək xəstəxanaya gəlmiş və oraya gələn polis əməkdaşları onu izahat vermək üçün Astara RPŞ-yə dəvət etmişlər. Əməlindən peşmandır. Zərərçəkmişlə barışmışdır. Barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Toğrul adlı dostunun ad günü olmuş, bu məqsədlə Toğrul ad günü edəcəyini bildirmiş və onu həmin ad gününə dəvət etmişdir. Saat təxminən 20 radələrində “Ceyhun” restorana getmiş və orada olan kabinetlərdən birində əyləşmişdir. Oraya gələndə əvvəldən tanıdığı Seyfəli, Əbdülhüseyn və Toğrul adlı şəxslərin içəridə olduğunu görmüşdür. Masada əyləşmiş və yemək yeyərək spirtli içki qəbul etmişdir. Əyləşdikdən bir qədər sonra Sübhan onların yanına gəlmişdir. Masada olan hər kəs spirtli içki qəbul etsə də, Sübhan içki içməmişdir. Məclis zamanı heç bir münaqişə olmamış və onlar kabinetdən çıxandan sonra restoranın qarşısında söhbətləşməyə başlamışlar. Bu zaman Seyfəli Sübhan ilə söhbət edərkən onun barəsində danışdığını eşidib Seyfəliyə bununla bağlı irad bildirmiş, içkili olduğunu, getməyini təklif etmişdir. Bu zaman Seyfəli onun ünvanına söyüş söyməyə başlamışdır. Seyfəliyə söyüş söyməməyi bildirsə də, Seyfəli avtomobilə gedərək oradan dəmir alət götürüb üzərinə gəlmişdir. Seyfəli bir neçə dəfə dəmir alət ilə zərbə endirmiş və həmin zərbələrdən ikisi qoluna dəymişdir. Orada həmçinin zərbələrdən ikisi Sübhanın kürək nahiyəsinə dəymişdir. Bu zaman Əbdülhüseyn Seyfəlini itələyərək dəmir aləti onun əlindən alıb kənara tullamışdır. Seyfəli qaçıb avtomobilə əyləşib ordan uzaqlaşmışdır. Seyfəli getdikdən 10 dəqiqə sonra yenidən geri qayıtmışdır. Qayıdarkən əlində bıçaq olmuşdur. Əbdülhüseyn ona sakitləşməyi və bıçağı kənara atmağı desə də, Seyfəli qulaq asmayaraq onun üzərinə gəlmişdir. Seyfəli bıçaq zərbləri endirməyə başlamış və bıçaq onun qoluna dəymişdir. Həmin vaxt Seyfəlinin əlavə zərbələr endirməməsi üçün kənara qaçmışdır. Bundan sonra Seyfəli oradan çıxıb getmişdir. O isə Əbdülhüseynin idarə etdiyi avtomobilə əyləşərək xəstəxanaya getmişdir. Seyfəli ilə barışmışdır. Ona qarşı heç bir tələbi yoxdur. Yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024cü il tarixdə onunla birlikdə işləyən Toğrul adlı dostunun ad günü olmuş və bu məqsədlə Toğrul restoranda məclis təşkil edəcəyini bildirmişdir. Saat 21 radələrində o, Toğrul, Elduz və Seyfəli birlikdə kabinetlərdən birində əyləşmiş və yemək yeyib spirtli içki qəbul etməyə başlamışlar. Əyləşdikdən sonra Sübhan adlı dostu da yanlarına gəlmişdir. Sübhan istisna olmaqla hamı spirtli içki qəbul etmişdir. Məclis zamanı heç bir münaqişə olmamış və onlar kabinetdən çıxandan sonra restoranın qarşısında söhbətləşməyə başlamışlar. Sübhan Seyfəli ilə söhbət edərkən Seyfəli ona Elduzdan uzaq durmasını ondan aralı gəzməsini söyləmiş, bunu eşidən Elduz onlara yaxınlaşmış və Seyfəliyə bununla bağlı irad bildirmiş,Seyfəli Elduzun ünvanına söyüş söyməyə başlamışdır. Elduz Seyfəliyə söyüş söyməməyi bildirsə də, Seyfəli Elduzu təhqir etmiş və avtomobilə gedərək oradan dəmir alət götürüb üzərinə gəlmişdir. Seyfəli bir neçə dəfə dəmir alət ilə Elduza zərbə endirmiş və həmin zərbələrdən ikisi onun qoluna dəymişdir. Bu zaman Seyfəlini itələyərək dəmir aləti onun əlindən alıb kənara tullamışdır. Daha sonra Seyfəli qaçıb avtomobilə əyləşib ordan uzaqlaşmışdır. Seyfəli getdikdən 10 dəqiqə sonra yenidən geri qayıtmışdır. Belə ki, Seyfəli getdikdən 5 beş dəqiqə sonra ona zəng edərək yanlarına gəldiyini demiş və nalayiq ifadələr işlətmişdir. Seyfəli yanlarına çatıb avtomobili saxlayıb düşdüyü zaman əlində bıçaq olmuşdur. Seyfəlini sakitləşdirərək bıçağı buraxmasını desə də, sonuncu sakitləşməmiş və Elduzun üzərinə getmişdir. Seyfəli Elduza bıçaqla zərbə endirmiş və həmin zərbə Elduzun qoluna dəymişdir. Bundan sonra Elduz kənara qaçmışdır. Daha sonra Seyfəli oradan çıxıb getmiş, o və Toğrul isə Elduzu avtomobilə əyləşdirərək xəsatəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq hərəkətləri edilməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. “şübhəli şəxsin tutulması haqqında” 14 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur. “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 16 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Astara Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 4(018)-92/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 dekabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 23 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Astara Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Hadisənin baş verməsinin görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, diskin içərisində bir ədəd video fayl mövcuddur. Həmin video fayla baxdıqda müəyyən olunmuşdur ki, görüntü 01 dəqiqə 10 saniyə davam edir, rəngli formatdadır. Video görüntünün 04-cü saniyəsində Təqsirləndirilən şəxs əlində olan bıçaq ilə “Ceyhun” adlı restoranın həyətinə daxil olması, Zərərçəkmiş şəxs üzərinə getməsi, bu zaman Şahid3 onun qarşısını almağa çalışması, lakin bacarmaması görünmüşdür. Video görüntünün 37-ci saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə qaçması və 40-cı saniyədə bıçaq zərbəsi ilə sonuncunu vurması, video görüntünün davamında Təqsirləndirilən şəxs bıçaq ilə Zərərçəkmiş şəxs vurduqdan sonra hadisə yerindən çıxıb getməsi görünmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 Lənkəran rayonlararası “MTE PA Birlyi”nin 414 saylı, 18 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Vət.Zərərçəkmiş şəxs bədəni üzərində - sağ əl nahiyyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının məhkəmə-ballistik ekspertizasının 18 fevral 2025-ci il tarixli, 3/133 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 03 (üç) hissədən ibarət olan, kustar üsulla hazırlanmış, metal predmet soyuq silah hesab edilmir. Maddi sübut kimi tanınma haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünr ki, 01 ədəd metal predmet iş üzrə maddi sübut kimi tanınmış və 01 ədəd bağlamada qablaşdırılaraq 10 saylı möhür ilə möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. “təqsirləndirilən şəxsə elan edilmiş ittihama dəyişiklik olunması və ona yenidən ittiham edilməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də xx.xx.2024-cü il tarixdə onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən öz qüvvəsində saxlanılması iş üzrə nəzərə alınmış, iş üzrə maddi sübut kimi tanınması və 01 ədəd bağlamada qablaşdırılıb 10 saylı möhür ilə möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2025-ci il tarixli 48 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağac kəndində yaşayır və ailə tərkibinə atası, anası və 3 bacısı daxildir. Astara rayon İcra Hakimiyyəti başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirli olması, özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərəçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallar olaraq müəyyən edilmişdir. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərəçəkmiş Zərərçəkmiş şəxs ilə barışmasını CM-in 59.1.12ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutumuş cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olduğunu və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, məhkəmə, müəyyən müddətə cəmiyyətdən tam təcrid edilməsinin onun islah olunması üçün kifayət edə biləcəyini hesab edir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 14 dekabr 2024-cü il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli 14 dekabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Astara RPŞnin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd dəmir alət hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 64 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına dəyişiklik edilməsi barədə qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı ücün 6 (altı) manat məbləğində müəyyən еdilmişdir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 14 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-nin Astara RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 01 ədəd dəmir alət hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə 10 (on) saat hüquqi yardım göstərildiyinə görə Müdafiəçi 60 (altımış) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar