Məhkəmə qərarları › İş №1(018)-55/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-55/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-55/2025 08.04.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və aşkar edilib götürülənədək üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda - 1,633 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 12 yanvar 2025-ci il tarixdə, saat 21:34 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri ərazisindəki hərbi şəhərcik adlanan yerdə saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd sellofon bükümdə, təmiz çəkisi -1,633 qram olan psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmişdir. O, təxminən 12 ildən artıq müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 12 yanvar 2025-ci il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri, Böyük Bazar adlanan yerdən tanımadığı şəxsdən 85 manat müqabilində 01 ədəd “patı” deyilən, psixotrop maddə olan metamfetamin almış, orada az miqdarda ondan istifadə edib cibinə qoymuş, Astara şəhərinə qayıtmış, təxminən saat 21 radələrində yaşadığı yerin yaxınılığındakı hərbi şəhərcik adlanan yerə tərəf gedən zaman anidən yanında avtomobil dayanmış, avtomobildən düşən şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Könüllü şəkildə həmin şəxslərə əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən psixotrop maddə olan metamfetamini təqdim etmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 yanvar 2025-ci il tarixdə Astara şəhəri, S.Vurğun küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, müvafiq göstəriş əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, 12 yanvar 2025-ci il tarixdə, saat 21:34 radələrində yaradılmış əməliyyataxtarış qrupunun üzvləri ilə birlikdə avtomobillə Astara şəhəri əraizindəki Hərbi Şəhərcik adlanan yerdə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər, dərhal yanında avtomobili saxlamış, ona yaxınlaşmışlar. Özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ona, üstündə qanunla qadağan edilmiş əşyanın və ya predmetin olması halında təqdim etməsini təklif etmişlər, Günay da əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofon bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4 və Astara Rayon Polis Şöbəsinin PPX-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 tərəfindən göstərilənləri təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Şahid Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında iştirak etmədiyindən məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, 12 yanvar 2025-ci il tarixdə saat 21:34-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs Asaf qızının üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasito, psixotrop maddə olub-olmaması soruşulduqda o əynində olan qara rəngli gödəkçənin sağ yan cibində psixotrop maddə olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə psixotrop maddəyə bənzər kütləni çıxardıb təqdim etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin vasitənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək psixotrop maddə metamfetaminə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1.72 qram olması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs bildirmişdir ki, metafetaminə bənzər kütləni xx.xx.2025-ci il tarixdə Lənkəran rayonunda tanımadığı şəxsdən əldə edib, ona məxsusdur, istifadə məqsədilə üzərində saxlayıb, 12 ildən artıq müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəməbioloji ekspertizasının 13 yanvar 2025-ci il tarixi 19/11 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə psixotrop maddə metanfetaminə bənzər kütlı.....” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,633 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metanfetaminin təmiz çəkisi -1,633 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq -1,583 qr. Məhkəmə-narkoloji ekspertizasının 17 yanvar 2025-ci il tarixli, 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs STİMULYATORLARİN və OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2025-ci il tarixli qərardan görünür ki, 14 yanvar 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində həmin tarixdə Astara Rayon Məhkəməsinin qərarı ilə seçilmiş 03 ay həddində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən 12 yanvar 2025-ci il tarixdə götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -1,583 qram psixotrop maddə olan metanfetamin, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk maddi sübut qismində tanınmış və istintaq materiallarına əlavə edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 21:34-də tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Astara Rayon Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 yanvar 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Asaf qızının üzərindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz cəkisi -1.583 qram psixotrop maddə olan metamfetamin, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk maddi sübut qismində tanınmış, psixotrop maddə olan metamfetamin iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə Astara rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 03 iyul 2023-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşamaqla ailə tərkibi qızı 11 yanvar 2007-ci il təvəllüdlü X2 və qızı 01 dekabr 2017-ci il təvəllüdlü X1 ibarətdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən metamfetamin təmiz çəkisi 0,15 qram və daha artıq olduqda xeyli miqdar, 2 qram və daha artıq olduqda külli miqdar, 400 qram və daha artıq olduqda isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən 1,633 qram çəkidə psixotrop maddə olan metamfetaminin miqdarı xeyli miqdar kimi müəyyən edilmiş, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki törədilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, daşınması və saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab edilir. 65.2-ci maddəsinə uyğun olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını, əməlindən peşman olmasını, polinarkomaniya xəstəliyindən əziyyət çəkdiyini CM-in 58.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə ki, Astara rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alınmalıdır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalan 1.583 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı qeydə alınmış videoçəkililər olan 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi ziyan, mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına dəyişiklik edilməsi barədə qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı ücün 6 (altı) manat məbləğində müəyyən еdilmişdir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 09 (doqquz) saat hüquqi yardım göstərildiyinə görə 54 (əlli dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 12 yanvar 2025-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən polinarkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan təmiz çəkisi 1,583 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 09 (doqquz) saat hüquqi yardım göstərildiyinə görə 54 (əlli dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar