Məhkəmə qərarları › İş №1(018)-58/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-58/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-58/2023 11.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Astara rayonu Qapçıməhəllə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 03 (üç) azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, 03 (üçüncü) qrup əlil, Astara rayonu Qapçıməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə qonşusu X3 20 (iyirmi) manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 9,672 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu Qapçiməhəllə kəndi ərazisində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 9,672 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Qapçıməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində 03 (üç) azyaşlı uşağı var. Özü üçüncü qrup əlildir, fərdi qaydada Astara və Lənkəran rayonları ərazisində fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Bir-neçə aydır ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 01 fevral 2023-cü il tarixdə qonşusu İntiqam Məmmədovun evinə getmiş və İntiqamdan “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olub-olmadığını soruşmuş, İntiqam da onda nəşə olduğunu bildirmişdir. Bundan sonra İntiqama 20 manat pul vermiş və həyətdə gözləməyə başlamışdır. İntiqam yaşadığı evin içinə girmiş, bir-neçə dəqiqə sonra geri qayıtmış və əlində bir ədəd sellofana bükülmüş qurudulmuş marixuana gətirərək ona vermişdir. Həmin qurudulmuş marixuananı İntiqamdan alaraq, çıxıb öz evinə gəlmişdir. İntiqamdan aldığı bir bükümdə narkotik vasitə qurudulmuş marixuananı sonra istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sabahısı gün, yəni 02 fevral 2023-cü il tarixdə, saat 19 radələrində yaşadığı Astara rayonu Qapçıməhəllə kəndində küçə ilə çayxanaya gedərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu dedikdən sonra onu avtomobilə əyləşdirib Astara rayon polis şöbəsinə aparmışlar. Polis Şöbəsində xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilən hərhansı bir əşyanın olub olmadığını soruşmuş, o da əynindəki qara rəngli gödəkçənin sol iç cibindən ona məxsus olan bir ədəd sellofana bükülmüş içərisində qurudulmuş marixuana kütləsi olan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilmiş və bükümdə olan kütlənin qurudulmuş marixuana olduğu məlum olmuşdur. Bundan sonra ona bu bükümdə olan marixuananı kimdən əldə etməsinə dair sual verdikdə cavab olaraq bu bükümdə olan kütləni qonşusu İntiqam Məmmədovdan 20 manata aldığını demişdir. Heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri yalnız özünün istifadəsi üçün əldə etmişdir. Üzərində axtarış aparıldıqdan sonra müvafiq sənədləşdirilmə aparılmış, ona ucadan oxunmuş, o da həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Hazırda üçüncü qrup əlil olmaqla ailəsinin yeganə qazanc gətirən şəxsidir. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Əməlindən səmimi peşimanlıq hissi keçirir, narkotik vasitələrin qəbulundan tam uzaqlaşmışdır. Hazırda sağlam həyat tərzi keçirir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 02 fevral 2023-cü il tarixdə Astara rayonu Qapçıməhəllə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə daxil olmuş məlumat raportla polis şöbəsinin rəisinə məruzə edilmiş, raport əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bundan sonra əməliyyat-axtarış tədbirləri barədə əmr verilmişdir. Həmin əmrə əsasən onunla birlikdə Elmir Məstiyev, Rail Rəhimov və Kamran Rəhimov əməliyyat qrupunun tərkibinə daxil edilmişlər. Daha sonra 02 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Astara rayonu Qapçıməhəllə kəndinə getmişlər. Qapçiməhəllə kəndində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş, bu zaman ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə bildirərək maşına əyləşdirdikdən sonra Astara Rayon Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinin gətirildikdən sonra şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı X12 Məmmədova üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmasını soruşmuş və olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir bükümdə şəffaf sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş və təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilmiş və 10,26 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı həmkəndlisi X3 20 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılmış, qablaşmanın üzərin möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 şahid X6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. «Şəxsi axtarış və götürmə barədə» 02 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 20 radələrində Astara rayonu Qapçıməhəllə kəndində saxlanılıb Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Astara RPŞ-də xidməti iş otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, aşkar olunan kütlə elektron tərəzidə çəkildikdən sonra 10,26 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq «DİN Zərflər üçün № 84» möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxsla aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı həmkəndlisi X3 20 (iyirmi) manata aldığını bildirmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 03 fevral 2023-cü il tarixli, 19/152 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Astara rayon Qapçıməhəllə kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 9,672 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Qurudulmuş marixuananın ümumi təmiz çəkisi - 9,672 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 9,622 qram qaldı.

3. Məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2023-cü il tarixli, 145 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «qurudulmuş marixuana» olan maddə narkotik vasitədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Astara Rayon İcra Hakimiyyəti Başçısının Suparibağ kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Qapçıməhəllə kəndində fərdi yaşayış evində yaşayır. Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 03 (üç) azyaşlı uşağı var. Astara Rayon İcra Hakimiyyəti Başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlikdə yaşadığı müddətdə özünü nümunəvi aparmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 tərəfindən verilmiş 3-17-1/2-37605/2023 saylı, 14 fevral 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 03 (üçüncü) qrup əlildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 03 (üç) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ilk dəfə olaraq qəsdən az ağır cinayət törətməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, uşaqlarının onun himayəsində olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara rayonu Qapçıməhəllə kəndində fərdi yaşayış evində yaşayır. Eyni zamanda Astara və Lənkəran rayonlarında fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Qapçıməhəllə kəndində fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. 02 fevral 2023-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03 fevral 2023-cü il tarixli «qətimkan tədbiri seçmək haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş və dərhal azad edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu (02 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək) 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın mədudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Qapçıməhəllə kəndində fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra 9,622 qram qalıq qalmış narkotik vasitə – qurudulmuş marixuana təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu (02 fevral 2023-cü il tarixdən 03 fevral 2023-cü il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Qapçıməhəllə kəndində fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Astara rayon polis şöbəsində saxlanılan və ekspertizadan sonra 9,622 qram qalıq qalmış narkotik vasitə – qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar