Məhkəmə qərarları › İş №1(018)-59/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-59/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-59/2025 06.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Astara rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, müdafiəçilər - Astara rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Lənkəran rayonu, Parakənd kəndində anadan olmuş, evli, bir uşaq atası, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə və xx.xx.1999-cu ildə Lənkəran rayonu, Parakənd kəndində anadan olmuş, evli, iki uşaq atası,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan (aşbaz), məhkum olunmamış, Lənkəran rayonu, Parakənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq 13 yanvar 2025-ci il tarixdə, saat 22:30 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövlənin qapısına bağlanmış məftili açaraq, saxlanc yeri olan tövlənin içərisinə qanunsuz daxil olaraq orada kəndirlə dəmirə bağlı olan 2100 manat dəyərində 4 yaşlı, ağ-sarı rəngli, dönmə cinsli, təmiz çəkisi təxminən 150 kiloqram, 5-6 aylıq boğaz olan bir baş inəyi, 1500 manat dəyərində 1 yaşlı, ağ-qara rəngli, yerli cinsli, təmiz çəkisi təxminən 110-120 kiloqram olan dişi cinsli bir baş düyəni və 900 manat dəyərində, 6 aylıq, ağ-qara rəngli, yerli cinsli, təmiz çəkisi təxminən 60-65 kiloqram olan bir baş düyəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya uyğun olaraq 13 yanvar 2025-ci il tarixdə, saat 22:30 radələrində Astara rayonu, Çayoba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus tövlənin qapısına bağlanmış məftili açaraq, saxlanc yeri olan tövlənin içərisinə qanunsuz daxil olaraq orada kəndirlə dəmirə bağlı olan 2100 manat dəyərində 4 yaşlı, ağ-sarı rəngli, dönmə cinsli, təmiz çəkisi təxminən 150 kiloqram, 5-6 aylıq boğaz olan bir baş inəyi, 1500 manat dəyərində 1 yaşlı, ağ-qara rəngli, yerli cinsli, təmiz çəkisi təxminən 110-120 kiloqram olan dişi cinsli bir baş düyəni və 900 manat dəyərində, 6 aylıq, ağ-qara rəngli, yerli cinsli, təmiz çəkisi təxminən 60-65 kiloqram olan bir baş düyəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək bildirmişdir ki, arvadı və bir azyaşlı uşağı ilə birlikdə Lənkəran rayonu Parakənd kəndində yaşayır. Lənkəran rayonunda yerləşən “Green forest” adlı restoranında aşpaz işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. Uşaqlıq vaxtlarından dostluq münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs Astara rayonu, Çayoba kənd sakini kimi tanıyır. Heç bir qohumluq əlaqələri, şəxsi ədavət və düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs yaşadığı Astara rayonu, Çayoba kəndi Lənkəran rayonu, Parakənd kəndi ilə qonşuluqla yerləşir.Çayda balıq tutmağa gedən zaman Çayoba kəndində, çayın kənarında Zərərçəkmiş şəxs məxsus tövlədə mal-qaranın olduğunu görmüşdür. Təqsirləndirilən şəxs1 ilə həmin mal qaranı tamah niyyəti ilə oğurlamaq qərarına gəlmişlər. 13 yanvar 2025-ci il tarixdə saat təxminən 21:00 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi Qazel markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zərərçəkmiş şəxs məxsus olan tövlənin yaxınlığına getmişlər. Avtomobili aralı saxladıqdan sonra piyada saat 22:30 radələrində həmin tövləyə çatmışlar.Heç kimin olmamasına əmin olduqdan sonra hər ikisi tövlənin yerləşdiyi küçədən olan giriş qapısınıdan həyətə daxil olmuşlar. Bundan sonra isə tövlənin taxta qapısına vurulmuş dəmir məftili açıb içəri daxil olmuşlar. Tövlədə saxlanılan bir baş inək, bir baş dana və düyə dedikləri bir baş dişi cinsli dananı ağac parçasından açıb boyunlarında olan iplə birlikdə küçəyə çıxarmışlar. Daha sonra isə həmin heyvanları piyada şəkildə çayın üzərindən keçirib çay sahəsinə çəkilmiş yolla Lənkəran rayonu, Parakənd kəndində yerləşən Təqsirləndirilən şəxs1 atası Zaid Əliyevə məxsus fermanın yaxınlığındakı otlaq sahəsinə aparmışlar. Özü orada qalmış Seymur isə gedib Qazel markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilli onun olduğu yerə gətirmişdir. Bundan sonra ikisi birlikdə oğurladıqları 3 baş mal-qaranı avtomobilin yük yerinə yükləmiş və satmaq üçün İmişli rayonunda yerləşən mal-qara bazarına aparmışlar.14 yanvar 2025ci il tarixdə saat 06 radələrində həmin mal-qara bazarında bir baş inəyi və inəyin südəmər, təxminən 5-6 aylıq balasını 1300 manata digərini isə 770 manata tanımadıqları şəxslərə satmışlar. Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladıqları mal-qaranın satmaları nəticəsində 2070 manat əldə etmişlər.Maşın və yol xərcləri çıxıldıqdan sonra Seymur ona 910 manat pul vermişdir. Deməsinə görə Seymurada 910 manat pul qalmışdır. Daha sonra son sözündə əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, himayəsində bir azyaşlı uşağın olmasını, nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonu Parakənd kəndində yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğuldur. Təqsirləndirilən şəxs2 onun həmkəndlisi və dostudur. Zərərçəkmiş şəxs Astara rayonu, Çayoba kənd sakini kimi tanıyır. Heç bir qohumluq əlaqələri, şəxsi ədavət və düşmənçilik münasibətləri yoxdur. Zərərçəkmiş şəxs yaşadığı Astara rayonu, Çayoba kəndi Lənkəran rayonu, Parakənd kəndi ilə qonşuluqla yerləşir. Həmin kəndləri adını bilmədiyi axar çay ayırır. Astara rayonu, Çayoba kəndində, çayın kənarında yerləşən tövlədə Zərərçəkmiş şəxs özünə məxsus olan mal-qara saxlamasını çaydan balıq tutmağa gədən zaman Elmanla görmüşlər. Elmala bu mal qaranı oğurlamaq qərarına gəlmişlər.Buna görə də 13 yanvar 2025-ci il tarixdə saat təxminən 20 radələrində özünün idarə etdiyi Qazel markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs2 ilə birlikdə avtomobili həyətdə saxladıqdan sonra piyada şəkildə Zərərçəkmiş şəxs məxsus olan tövlənin yaxınlığına getmişlər. Ətrafa nəzər keçirib heç kimin olmamasına əmin olduqdan sonra tövlənin taxta qapısına vurulmuş dəmir məftili açıb oraya daxil olmuşlar. Tövlədə saxlanılan bir baş inək, bir baş dana və düyə dedikləri bir baş dişi cinsli dananı ağac parçasından açıb iplə birlikdə küçəyə çıxarmışlar. Daha sonra isə həmin heyvanları piyada şəkildə çayın üzərindən keçirib çay sahəsinə çəkilmiş yolla Lənkəran rayonu, Parakənd kəndində yerləşən atası Zahid Əliyevə məxsus fermanın yaxınlığındakı otlaq sahəsinə aparmışlar. Oğurladıqları 3 baş mal-qaranı malları Qazelin yük yerinə yükləmiş və satmaq üçün İmişli rayonunda yerləşən mal-qara bazarına aparmışlar. 14 yanvar 2025-ci il tarixdə saat 06 radələrində həmin mal-qara bazarında bir baş inəyi və inəyin südəmər, təxminən 5-6 aylıq balasını 1300 manata digərini isə 770 manata tanımadıqları şəxslərə satmışlar. Yol xərcin çıxdıqdan sonra yerdə qalan pulları aralarında bölmüşlər, hərəsinə 910 manat pul çatmışdır. Bundan sonra birlikdə Lənkəran rayonuna qayıtmışlar. Mal-qaranı alan şəxsi tanımamışlar və həmin şəxs malların oğurluq olmasını onlara bildirməmişlər. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətin olmamasını, iki azyaşlı övladlarının olmasını, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Astara rayonu, Çayoba kəndində yaşayır. “Astaraçay” da mühafizəçi işləyir.Astara rayonu, Çayoba kəndində yerləşən yaşadığı evdən təxminən 100-150 metr uzaqlıqda, Astara rayonu ilə Lənkəran rayonları arasında yerləşən çayın kənarında özünə məxsus olan tövlədə bir baş inək, düyə dedikləri bir baş dişi cinsli dana və bir baş 6-7 aylıq dana saxlamışdır. Hər gün həmin mal-qaranı tövlənin yaxınlığında yerləşən otlaq sahəsinə otlamaq üçün buraxmış, axşam saatlarında isə tövlədə bağlamışdır. Tövlənin həyəti dəmir məftildən çəkilmiş çəpərlə əhatə olunmuşdur. Tövlənin arxa divarı mişar daşından, digər divarları isə dəmirdən tikilmiş, qapısı taxtadan düzəldilmişdir. Lakin qapıya kilid vurmamışdır. Tövlənin taxtadan olan giriş qapısını dəmir məftillə bağlamışdır. 13 yanvar 2025-ci il tarixdə hər gün olduğu kimi saat 19 radələrində özünə məxsus üç baş malqaranı tövləyə salıb qapısını məftillə bağlamışdır. 14 yanvar 2025-ci il tarixdə saat 07 radələrində mal-qaranı yemləmək üçün tövləyə gedərkən tövlənin həyət qapısının açıq vəziyyətdə olmasını görmüşdür. Buna görə də dərhal tövləyə tərəf getmiş və bu zaman tövlənin giriş qapısının da açıq vəziyyətdə olmasını, içəridə saxladığı üç baş heyvanın yerində olmamasını, boyunlarından bağladığı iplə birlikdə oğurlanmasını görmüşdür. O, əvvəlcə həmin heyvanları axtarsa da, lakin tapa bilməmişdir. Buna görə də DİN-in 102 Xidmətinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 4500 manat dəyərində maddi ziyan dəymişdir. İstintaq zamanı ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışmışdır,ziyanın tam ödənilməsini və onların cavan olmalarını nəzərə alaraq onlarla yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirlən şəxslərin səmimi ifadələri nəzərə alınaraq iştirakının təmin edilməsi mümkün olmayan Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Elan edilmiş ifadə təqsirləndirilən şəxslərin ifadələrinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarında olan digər sübutlar: İş materiallarında olan (iş vərəqi 6-16) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və hadisə yerinin fotoşəkillərindən görünür ki, Astara rayonu, Çayoba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan tövləyə baxış zamanı o, həmin tövlədən özünə məxsus olan bir baş inək və həmin bir baş balasının, həmçinin düyə dedikləri bir baş dişi cinsli dananın oğurlanması yerini göstərmiş ,daha sonra tövlənin yerləşdiyi yerin yaxınlığına və Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən “ Astara çay”-a məxsus çay sahəsinə baxış zamanı da aşkar edilmiş heyvan ayaq izlərinin ona məxsus olan mal-qaraya məxsus olmasını bildirmişdir. Baxış keçirilməsi zaman çəkilmiş fotoşəkillər cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan (iş vərəqi 179-180) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 Astara rayonu, Çayoba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan tövləni göstərərək 13 yanvar 2025-c il tarixdə, saat təxminən 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə tövləyə daxil olub orada saxlanılan üç baş iribuynuzlu heyvanı oğurladıqlarını və həmin heyvanları Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən “Astara çay”-a məxsus çay sahəsi ilə piyada şəkildə apardıqlarını bildirmişdir. İş materiallarında olan (iş vərəqi 189-190) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 Astara rayonu, Çayoba kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus olan tövləni göstərərək 13 yanvar 2025-ci il tarixdə, saat təxminən 22:30 radələrində tanışı irzəli Elman Rövşən oğlu ilə birlikdə tövləyə daxil olub orada saxlanılan üç baş iribuynuzlu heyvanı oğurladıqlarını və həmin heyvanları Lənkəran rayonu, Parakənd kəndi ərazisində yerləşən “Astara çay”-a məxsus çay sahəsi ilə piyada şəkildə apardıqlarını bildirmişdir. İş materiallarında olan (iş vərəqi 205-206) xx.xx.2025-ci il tarixli “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin” xx.xx.2025-ci il tarixli, 19/103 saylı ekspert rəyindən görünür ki, 03 (üç) baş iribuynuzlu heyvanların 2025ci ilin yanvar ayına olan orta bazar qiyməti ümumi dəyəri nəzəri qaydada təxminən 4500 (dörd min beş yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan (iş vərəqi 53) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixində saat 22:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 102) “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixində saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 64) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan (iş vərəqi 114) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan (iş vərəqi 87-89) Astara rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyevin “vəsatətin təmin edilməməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və Astara rayon Polis Şöbəsinin MSY-dan həbsdən azad edilmişdir. İş materillarında olan (iş vərəqi 139-143) Astara rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(018)-5/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal iclas zalından həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddət 03 (üç) ay müddətinə müəyyən edilmiş və əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 90-91) xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan (iş vərəqi 164-165) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancının 15 % dövlət nəfinə tutulmaqla 02 (iki) il islah işləri cəzasına məhkum edilmiş və 2019-cu ildə cəzasını çəkib qurtarmışdır. İş materiallarında olan (iş vərəqi 166) DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Onlara qarşı tələb və şikayəti yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarında olan (iş vərəqi 171) Lənkəran rayon ŞİH başçısının Hirkan qəsəbə İƏD-nin nümayəndəsi R.Cəfərov tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə şikayət xarakterli materilları daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 211) Lənkəran rayon ŞİH başçısının Hirkan qəsəbə İƏD-nin nümayəndəsi R.Cəfərov tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə şikayət xarakterli materilları daxil olmamışdır. İş materiallarında olan (iş vərəqi 170) Lənkəran rayon ŞİH başçısının Hirkan qəsəbə İƏD-nin nümayəndəsi R.Cəfərov tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 atası- X10 (xx.xx.1966-cı il təvəllüdlü), anası- X2 (xx.xx.1965-ci il təvəllüdlü), arvadı- X14 (xx.xx.2004-cü il təvəllüdlü), qızı-X6 (xx.xx.2023-cü il təvəllüdlü), qızı- X7 (xx.xx.2025-ci il təvəllüdlü) ailə tərkibi vardır. İş materiallarında olan (iş vərəqi 212) Lənkəran rayon ŞİH başçısının Hirkan qəsəbə İƏD-nin nümayəndəsi R.Cəfərov tərəfindən verilən arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 atası- X8 (xx.xx.1973-cü il təvəllüdlü), anası- X1 (xx.xx.1973-cü il təvəllüdlü), arvadı- X4 (xx.xx.1999-cu ill təvəllüdlü), qızı- X11 (xx.xx.2022-ci il təvəllüdlü) ailə tərkibi vardır. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri tamamilə sübuta yetirildi. İbtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxslər təqsirli bilinib həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olduğunu, səmimi etirafını, himayəsində bir azyaşlı uşağın olması, zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar kimi müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, iki azyaşlı uşağlarının olmasını, vurulmuş ziyanın tam ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 ev dustağlığında saxlandığı 03 (üç) ay 15 (on beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunaçaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd ) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə və ev dustağlığında saxlandığı 03 (üç) ay 15 (on beş) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşma cəzasından 07(yeddi) ay çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Astara və Lənkəran rayonları ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin ,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın İş üzrə məhkəmə xərci 50 (əlli) manat, 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs2 və 25 (iyirmi beş) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar