Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-60/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X1, müdafiəçi – Astara rayon Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, İran İslam Respublikasının Ərdəbil şəhəri, Niyar qəsəbəsində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə keçə bilmədiyindən, həmçinin mühafizə olunan dövlət sərhədini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respblikasına gələ bilməməsi səbəbindən, yaşamaq və işləmək məqsədilə 18 aprel 2024-cü il tarixdə, saat 21 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub regional şöbəsinin Astara rayonunda yerləşən xidməti sahəsindən, polietilen materialdan olan, içərisi hava ilə doldurulmuş gödəkcədən istifadə etməklə dənizdə (göldə) üzərək, qəsdən, qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmiş, N aprel 2024-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən Astara şəhərinin girişində yerləşən “Qazandaş dairəsi” adlanan ərazidə aşkar edilərək saxlanılmışdır. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuşdur. Hazırda valideynləri ilə birlikdə Ərdəbil şəhəri, Niyar qəsəbəsində yaşayır. Hes bir yerdə işləmir, subaydır. 18 aprel 2024-cü il tarixdə atası ilə aralarında söz-söhbət yaranmış, aralarında olan söz-söhbətdən bezərək evdən çıxmışdır. İşləmək, həmçinin də yaşamaq məqsədilə Azərbaycan Respublikasına getmək qərarına gəlmişdir. Lakin, pandemiya səbəbindən Azərbaycan Respublikasına quru yolla hərəkət üçün sərhədlərin bağlı olduğunu bilmiş, həmçinin də dövlət sərhədindən hərəkət etmək üçün ümumvətəndaş pasportu olmamışdır. Buna görə də Azərbaycan Respublikasına qanuni yolla gedə bilməyəcəyini bildiyindən qanunsuz yolla Azərbaycan Respublikasına getmək istəmişdir. Lakin, quru yolla dövlət sərhədindən qanunsuz yolla hərəkət etdiyi təqdirdə tutulacağından qorxduğundan fikirləşmişdir ki, dəniz yolu ilə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlsin. Bunun üçün də İran İslam Respublikasının Astara rayonuna getmək üçün 18 aprel 2024-cü il tarixdə, təxminən günorta saatlarında evdən çıxıb taksi ilə Ərdəbil şəhərindən İran İslam Respublikasının Astara şəhərinə yola düşmüşdür. İran İslam Respublikasının Astara şəhəri sahilində olan Xəzər dənizinin kənarından təxminən 2-2,5 km aralıda Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığını görüb, həmin yerin Azərbaycan Respublikası ərazisi olduğunu bilmiş və məsafənin az olduğunu təxmin edərək üzərək Xəzər dənizindən qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə gəlmək üçün dənizə girmək qərarına gəlmişdir. Paltarlarının su olmaması üçün yaxınlıqda olan mağazadan suda üzmək üçün uşaqların bədənlərinə geyindiyi hava şarı alaraq dənizin sahilinə getmişdir. Dənizin sahilinə çatdıqda əynində olan paltarlarını çıxararaq su olmaması üçün sellofana qoyub hava şarının üzərində saxlamış və dənizə girmişdir. Bir qədər suda boy verənədək ayaqüstə hərəkət etmiş, bir qədər sonra isə üzməyə başlamışdır. 18 aprel 2024-cü il tarixdə, saat 21 radələrində dövlət sərhədindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində Xəzər dənizindən üzərək keçməklə qanunsuz yolla hərəkət etmişdir. Suda təxminən 2-2,5 km məsafədə üzərək hərəkət etdikdən sonra Xəzər dənizinin Azərbaycan Respublikası sahilinə çatmışdır. Dənizdən çıxdığı zaman ərazidə kimsəni görməmiş, Xəzər dənizinin Azərbaycan Respublikası sahilinə çıxdıqdan sonra əyinini geyinərək qırmızı rəngli hava şarını, içərisində paltarlarını gətirdiyi sellofanları yaxınlıqdakı taxta materiallarından olan yarımtikilinin içərisində gizlədərək, piyada yolla hərəkət etməyə başlamışdır. Təxminən bir kilometr piyada yol getdikdən sonra qarşısına çıxan tanımadığı bir nəfər kişi cinsli şəxsdən saatın neçə olduğunu maraqlandıqda, həmin şəxs ona saatın 23 radələri olduğunu demişdir. Bundan sonra piyada yolla hərəkət etmişdir ki, qarşısına çıxan taksi ilə Bakı şəhərinə gələrək burada iş tapıb işləsin. Bu fikirlə bir qədər irəlilədikdən sonra N aprel 2024-cü il tarixdə, saat 01:50-də saxlanılmışdır. Saxlanıldıqdan sonra hər şeyi səmimi olaraq etiraf edib dövlət sərhədindən qanunsuz yolla Xəzər dənizindən hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəldiyini bildirmiş və haradan dövlət sərhədini qanunsuz yolla keçdiyi ərazini göstərmişdir. 18 aprel 2024-cü il tarixdə qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməkdə məqsədi burada yaşamaq və işləmək istəyi olmuşdur. Ona dövlət sərhədindən qanunsuz yolla hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində gəlməsində kimsə hər hansısa bir formada köməklik etməmiş, dövlət sərhədini qeyd olunan tarixdə tək olaraq qanunsuz yolla Xəzər dənizindən üzərək hərəkət etməklə keçmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin 2-ci sərhəd komendantlığı komendantının əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsində xidmət edir. N aprel 2024cü il tarixdə, saat 01 radələrində xidməti zərurətlə əlaqədar olaraq xidmət etdiyi sərhəd komendantlığının əməliyyat müvəkkili vəzifəsində xidmət edən baş leytenant Şahid2la birlikdə Astara rayonu ərazisində olduqları zaman rayon ərazisində azərbaycan dilində tam danışa bilməyən, görünüş cəhətdən xarici ölkə vətəndaşına bənzəyən şəxsin olmasına dair məlumat daxil olmuşdur. Qeyd olunan məlumatın dəqiqləşdirilməsi məqsədilə dərhal həmin istiqamətdə irəliləmişlər. N aprel 2024-cü il tarixdə, saat 01:50-də Astara rayonu “Qazandaş dairəsi” deyilən ərazidə bir nəfər azərbaycan dilində tam danışa bilməyən, görünüş cəhətdən xarici ölkə vətəndaşına bənzəyən şəxsi saxlamışlar. Həmin şəxslə aparılan söhbət zamanı onun İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olması müəyyənləşdirilmişdir. Filtirasiya zamanı Təqsirləndirilən şəxs atası ilə aralarında yaranmış mübahisə nəticəsində yaşamaq və işləmək üçün Azərbaycan Respublikası ərazisinə dəniz vasitəsilə üzüb keçməklə qanunsuz yolla gəldiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsi tərəfindən tərtib olunmuş N aprel 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində Xəzər dənizindən üzərək dövlət sərhədini qanunsuz yolla keçdiyi yer X2 regional şöbəsinin Astara rayonu ərazisində yerləşən xidməti ərazisi olmuşdur.
2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin komandirinin N aprel 2024-cü il tarixli məktubundan görünür ki, 18 aprel 2024-cü il tarixdə Xəzər dənizindən hərəkət etməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini qanunsuz yolla keçdikdən sonra, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs N aprel 2024-cü il tarixdə, saat 01:50-də Astara şəhəri ərazisində saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş 30 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs məhkum olunmasına dair hərhansı məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 4(009)-182/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli N aprel 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli N aprel 2024-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut kimi tanınmaqla DSX-nin İstintaq və Təhqiqat idarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd qırmızı rəngli, suda üzmək üçün istifadə edilən hava şarı məhv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli N aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut kimi tanınan və DSX-nin İstintaq və Təhqiqat idarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 01 (bir) ədəd qırmızı rəngli, suda üzmək üçün istifadə edilən hava şarı məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Zamin İbrahimov