Məhkəmə qərarları › İş №1(018)-61/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-61/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-61/2023 26.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X5, Müdafiəçi və Təqsirləndirilən şəxs Maqomedzagiroviçin iştirakı ilə, 7 oktyabr 1983-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikası Karabudağkəndskiy rayonunda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, ailəli, himayəsində biri yetkinlik yaşına çatmayan, ikisi azyaşlı olmaqla 03 (üç) uşağı olan, məhkum olunmamış, orta təhsilli, sürücü işləyən, Rusiya Federasiyası Dağıstan Respublikası Karabudağkənd rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Maqomedzagiroviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Maqomedzagiroviç 28 yanvar 2023-cü il tarixdə İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 25,076 qram qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda, 9,395 qram tiryək narkotik vasitəni əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kivi” yükü daşıdığı “Volvo” markalı, “T510ME05/AK688” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yerləşən yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altında saxlamış, İran İslam Respublikasından Arzərbaycan Respublikasına daşımış və 28 yanvar 2023-cü il tarixdə tarixdə saat 19 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən «Astara» Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Maqomedzagiroviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Maqomedzagiroviç ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Rusiya Federasiyası vətəndaşı olub Dağıstan Respublikası Karabudağkən rayonunda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində biri yetkinlik yaşına çatmayan, ikisi azyaşlı olmaqla 03 (üç) uşağı var. Təqribən iyirmi ildir sürücü işləməklə ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. İdarə etdiyi “Volvo” markalı, “T510ME05/AK688805” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. 21 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyasına yük aparmaq məqsədilə idarə etdiyi yük nəqliyyat vasitəsi ilə İran İslam Respublikasına getmişdir. Xəstəliyi ilə bağlı ağrıkəsici kimi təqribən iki ilə yaxındır ki, narkotik vasitə olan marixuana və tiryək qəbul edir. İran İslam Respublikasına çatdıqdan sonra bir taksi sürücüsünə yaxınlaşaraq onda narkotik vasitələrdən olubolmadığını soruşmuş, o da bildirmişdir ki, on dəqiqə gözləsə, onun üçün narkotik vasitələrdən gətirər. Onunla razılaşmış və təqribən on dəqiqə sonra həmin taksi sürücüsü ona qeyd etdiyi narkotik vasitə tiryək və marixuana gətirmiş, sonuncu da ona bunun qarşılığında 550 (beş yüz əlli) iran rialı vermişdir. Bundan sonra İranda qaldığı müddətdə həmin narkotiklərin bir hissəsini istifadə etmişdir. Həmin müddətdə həmçinin idarə etdiyi yük nəqliyyat vasitəsinə Rusiya Federasiyasına aparmaq məqsədilə “Kivi” yükü yüklətmişdir. Narkotik vasitələrin bir qismini istifadə etdikdən sonra qalan narkotik vasitələri üç ədəd bükümə yerləşdirib, əyninə geyindiyi şalvarın bel hissəsinə yerləşdirmişdir. Məqsədi həmin narkotikləri Azərbaycan Respublikasının gömrüyündən keçirə bilməsi olmuşdur. 28 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Volvo” markalı, “T510ME05/AK688805” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan dövlət sərhədini keçib, Azərbaycan Respublikası ərazisinə «Astara» Gömrük postuna daxil olmuşdur. “Astara” Gömrük postunda bir qədər növbədə gözlədikdən sonra, saat 19 radələrində idarə etdiyi nəqliyyat vasitəsi ilə yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə daxil olmuşdur. Həmin vaxt orada xidmət aparan gömrük işçisi ondan şifahi olaraq üzərində və ya idarə etdiyi nəqliyyat vasitəsində qanunla dövriyyəsi qadağan olunmuş və ya dövriyyəsinə məhdudiyyət qoyulmuş, habelə gömrük nəzarətinə bəyan edilməli olan, eyni zamanda gömrük nəzarətindən gizlədilmiş hər hansı bir şeylər olub-olmadığını soruşmuşdur. Gömrük əməkdaşına üzərində belə predmetlərin olmadığını bildirmşdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsi xidməti itlə yoxlanılaraq gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama başlamamışdan öncə narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş “kazbek”i gömrük işçisinə təqdim etmişdir. Yük nəqliyyat vasitəsi yoxlanılan zaman düşünmüşdür ki, üzərində də yoxlama aparılacaq. Bunun üçün imkan düşən kimi üzərində olan 3 (üç) ədəd bağlamadakı narkotik vasitəni yataq yerindəki döşəyin altına atmışdır ki, həmin narkotiklər üzərində aşkar olunmasın. Lakin, gömrük işçisi nəqliyyat vasitəsinin kabinəsində sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından içərisində tiryək və marixuana olan, ümumilikdə 3 (üç) ədəd bağlamanı aşkar etmişdir. Həmin bağlamalara baxış zamanı 2 (iki) ədəd bağlamada narkotik vasitə marixuana, 1 (bir) ədəd bağlamada isə narkotik vasitə tiryək olduğu məlum olmuşdur. Bundan sonra üzərində yoxlama aparılmış, həmçinin idarə etdiyi yük nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş, lakin başqa qadağan olunmuş predmetlər aşkar olunmamışdır. Yoxlama tam başa çatdıqdan sonra idarə etdiyi “Volvo” markalı “T510ME05/AK688805” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş həmin bağlamalar onun və hal şahidlərinin iştirakı ilə gömrük işçiləri tərəfindən götürülmüş, Təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına gətirilərək elektron tərəzidə çəkilmiş və içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuana olan 2 (iki) ədəd bağlamanın qablaşmaları ilə birlikdə çəkilərinin müvafiq olaraq təqribən 15,3 (on beş tam onda üç) və 15,5 (on beş tam onda beş) qram olmaqla, ümumi təqribi çəkisinin 30,8 (otuz tam onda səkkiz) qram, içərisində qara rəngli, kəskin iyli narkotik vasitə tiryək olan 1 (bir) ədəd bağlamanın isə qablaşması ilə birlikdə təqribi çəkisinin 12,3 (on iki tam onda üç) qram olduğu məlum olmuşdur. Sonra ona məxsus həmin narkotik vasitələr qablaşdırılaraq bu barədə sənədləşmə aparılmış, o da həmin sənədlərlə tanış olaraq imza etmişdir. Belə bir hərəkətlər etdiyi üçün peşmanlıq hissi keçirir, narkotik vasitə daşımaqla cinayət törətdiyini başa düşür. Onu da göstərmək istəyir ki, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Xəstəliyi ilə əlaqədar olaraq məcburiyyət üzündən narkotikləri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədən xahiş edir ki, onun yolunu gözləyən azyaşlı uşaqlarına rəhm eləsin, ona ağır cəza veriləcəyi təqdirdə ailəsinin acınacaqlı vəziyyətə düşməsi nəzərə alınsın və ona mümkün qədər yüngül cəza verilsin. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Maqomedzagiroviçin cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun inspektoru vəzifəsində xidmət edir. 28 yanvar 2023-cü il tarixdə iş bölgüsünə əsasən postun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün X3 etibarnamə ilə idarə etdiyi “Volvo” markalı “H483MM39/BM747878” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə tranzit gömrük prosseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşaiyət edən “0079458” saylı CMR-ə və “28” nömrəli İnvoysa əsasən “Kivi” yükü apararkən 28 yanvar 2023-cü il tarixdə “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində, saat 19 radələrində “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı onun tərəfindən saxlanılmışdır. Öncə onunla şifahi formada sorğu-sual apararaq üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və ona məxsus əl yükündə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, həmin şəxs isə üstündə, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yüklərində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş predmetinolmadığını bildirmiş, bundan sonra sürücünün hərəkətləri şübhə doğurduğu üçün onun idarə etdiyi yük nəqliyyat vasitəsinə “Alfa” ləqəbli kinoloji xidmət iti tətbiq edilmiş, xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə X7 əməkdaşları ilə birlikdə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama başlamazdan əvvəl X4 üzərində olan 2 (iki) ədəd paketdə “RAW” yazılı narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızı ona təqdim etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından ümumilikdə 3 (üç) ədəd bağlama aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı 2 (iki) ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, 1 (bir) ədəd bağlamada isə qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən X1 üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı X1 idarə etdiyi “Volvo” markalı “T510ME05/AK688805” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş həmin bağlamalar onun tərəfindən sürücünün və hal şahidlərinin iştirakı ilə götürülmüş, təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına aparılaraq elektron tərəzidə çəkilmiş, içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 2 (iki) ədəd bağlamanın qablaşmaları ilə birlikdə çəkilərinin müvafiq olaraq təqribən 15,3 (on beş tam onda üç) və 15,5 (on beş tam onda beş) qram olmaqla, ümumi təqribi çəkisinin 30,8 (otuz tam onda səkkiz) qram, içərisində qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə oxşar maddə olan 1 (bir) ədəd bağlamanın isə qablaşması ilə birlikdə təqribi çəkisinin 12,3 (on iki tam onda üç) qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddələr qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, 28 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində “Astara” Gömrük postunun qarşısında olan zaman Ayxan adlı gömrük əməkdaşı onu və onunla birlikdə orada olan Famili yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət edərək, onlara Rusiya Federasiyası vətəndaşı X2 idarə etdiyi “Volvo” markalı “T510ME05/AK688805” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirəcəyini və onlara da hal şahidi qismində iştirak etməyi təklif etmiş, onlar da bununla razılaşmışlar. Daha sonra gömrük əməkdaşı onların iştirakı ilə X2 idarə etdiyi “Volvo” markalı “T510ME05/AK688805” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama başlamazdan əvvəl X1 üzərində olan 2 (iki) ədəd paketdə “RAW” yazılı narkotik vasitələrin və tütün məmulatlarının istifadəsi üçün nəzərdə tutulmuş kağızı təqdim etmiişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında sərnişin oturacağının arxasında yatmaq üçün nəzərdə tutulmuş yerin üzərindəki döşəyin altından ümumilikdə 3 (üç) ədəd bağlama aşkar edilmişdir. Həmin bükümlərə baxış zamanı 2 (iki) ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə, 1 (bir) ədəd bağlamada isə qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra X1 üzərində şəxsi yoxlama aparılmış, nəqliyyat vasitəsi “Astara” gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Rusiya Federasiyası vətəndaşı X1 idarə etdiyi “Volvo” markalı “T510ME05/AK688805” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş həmin bağlamalar onun və sürücünün iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, Təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına aparılaraq elektron tərəzidə çəkilmiş, içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 2 (iki) ədəd bağlamanın qablaşmaları ilə birlikdə çəkilərinin müvafiq olaraq təqribən 15,3 (on beş tam onda üç) və 15,5 (on beş tam onda beş) qram olmaqla, ümumi təqribi çəkisinin 30,8 (otuz tam onda səkkiz) qram, içərisində qara rəngli, kəskin iyli narkotik vasitə tiryəkə oxşar maddə olan 1 (bir) ədəd bağlamanın isə qablaşması ilə birlikdə təqribi çəkisinin 12,3 (on iki tam onda üç) qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddələr onların iştirakı ilə götürülmüş, qablaşdırılaraq möhürlənmiş, bu barədə sənədləşmə aparılmış və onlar da sənədlərlə tanış olub imzalamışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» Gömrük postunda tərtib edilmiş 28 yanvar 2023-cü il tarixli «yoxlama aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Volvo” markalı, “T510ME05/AK688” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə gömrük nəzarətindən keçərkən saxlanılmış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında – yataq yerinin üzərində olan döşəyin altında gömrük nəzarətindən gizlədilmiş 2 bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 25,076 qram qurudulmuş marixuana narkotik vasitəsi və bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, 9,395 qram tiryək narkotik vasitəsi olduğu məlum olmuşdur.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 yanvar 2023-cü il tarixli, 7/126 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 02 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 25,076 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 25,076 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq - 24,976 qram qaldı.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 yanvar 2023-cü il tarixli, 6/533 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 9,395 qram təşkil edən, tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan – tiryəkdir. Qeyd: Tiryəkin ümumi təmiz çəkisi - 9,395 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq - 9,275 qram qaldı.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X14 tərəfindən verilmiş 13 fevral 2023-cü il tarixli, 774 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «qurudulmuş marixuana» olan narkotik vasitənin 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Beynəlxalq adı «tiryək» olan narkotik vasitənin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviçin törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Maqomedzagiroviçin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Maqomedzagiroviçin təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviçin məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan doğum və nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviç ailəli olmaqla, himayəsində biri yetkinlik yaşına çatmayan, ikisi azyaşlı olmaqla 03 (üç) uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü madədsinə əsasən Təqsirləndirilən şəxs Maqomedzagiroviçin himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Maqomedzagiroviçin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailəli olmaqla himayəsində biri yetkinlik yaşına çatmayan, ikisi azyaşlı olmaqla üç uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Maqomedzagiroviçin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviçə təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs Maqomedzagiroviç cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Maqomedzagiroviçin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində biri yetkinlik yaşına çatmayan, ikisi azyaşlı olmaqla üç uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs Maqomedzagiroviçin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, himayəsində biri yetkinlik yaşına çatmayan, ikisi azyaşlı olmaqla üç uşağının olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs Maqomedzagiroviç barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Maqomedzagiroviçin törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 24,976 qram qurudulmuş marixuana və 9,275 qram qalıq qalmış narkotik vasitə olan tiryək təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “RAV” sözləri yazılmış 02 (iki) ədəd qutu məhv edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-95/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviç barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 28 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs Maqomedzagiroviçin həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 28 yanvar 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini qanuni və əsaslı hesab edir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs Maqomedzagiroviçin cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasını, o cümlədən narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs Maqomedzagiroviçin əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 182 (yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs Maqomedzagiroviçdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X6, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Maqomedzagiroviçə məxsus 02 (iki) ədəd “Redmi” markalı mobil telefonlar cinayət işinin marteriallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Maqomedzagiroviçə məxsus 02 (iki) ədəd “Redmi” markalı mobil telefonlar ona qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Maqomedzagiroviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs Maqomedzagiroviçə qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Maqomedzagiroviç cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 28 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Maqomedzagiroviç barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirlməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs Maqomedzagiroviç cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 24,976 qram qurudulmuş marixuana və 9,275 qram tiryək məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış, üzərində “RAV” sözləri yazılmış 02 (iki) ədəd qutu məhv edilsin. İş üzrə ekspertiza xərci olan 182 (yüz səksən iki) manat pul Təqsirləndirilən şəxs Maqomedzagiroviçdən alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X6, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Maqomedzagiroviçə məxsus 02 (iki) ədəd “Redmi” markalı mobil telefonlar Təqsirləndirilən şəxs Maqomedzagiroviçə qaytarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Maqomedzagiroviç əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs Maqomedzagiroviçə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar