Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-62/2023 25.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi və dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə xx xxxx 2000-ci ildə Lerik rayonu Kaqoy kəndində anadan olmuş, AR vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkum olunmamış, Lənkəran rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Astara rayonu Lələkəpeştəş kəndində yerləşən ət satışı mağazasının giriş qapısını açarını sonuncunun idarə etdiyi “Vaz-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qoltuqaltı hissəsindən gizli olaraq götürdükdən sonra xx.xx.2023-cü il tarixdə saat 01 radələrində saxlanc yeri hesab olunan həmin ət satışı mağazasına giriş qapısını götürdüyü həmin açarla açaraq içəriyə qanunsuz daxil olub orada olan dolabın siyirməsindəki dəftərin arasından 237 (iki yüz otuz yeddi) manat nəğd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 237 (iki yüz otuz yeddi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Lənkəran rayonu Xanbulan kəndində özlərinə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs Astara rayonu Lələkəpeştəş kəndində icarə əsasında işlətdiyi mağazada işləyir. Onlar həmin mağazada diri qoyun və qoyun əti satırlar. O, qoyunların kəsimində köməklik etmiş və buna görə Zərərçəkmiş şəxs ona gündəlik 15-20 manat pul vermişdir. Hər gün səhər 07-08 radələrində işə gəlib mağazanı açmış, işdən isə təxminən 20-21 radələrində çıxmışlar. İşdən çıxdıqda mağazanı özü bağlamış, açarını isə Ruslanın idarə etdiyi, “Vaz-2106” markalı avtomobilinin qoltuqaltı yerinə qoymuşdur. 19 fevral 2023-cü il tarixdə saat 20 radələrində işdən çıxdıqdan qapını bağlayıb açarı Ruslanın maşınının qoltuqaltı yerinə qoymuşdur. Daha sonra onlar Astara rayonu Pensər kəndində yerləşən kafelərin birinə gedib yemək yemişlər. Həmin vaxt Ruslan oradan öz maşını ilə evinə getmişdir. O isə tanışları Qafurun idarə etdiyi “Vaz-2106” markalı avtomobili ilə Ruslanın arxasınca getmişlər. Ruslan maşınını evin qarşısına qoyduqdan sonra maşından düşmüş, maşının açarını ona verib demişdir ki, avtomobilini sürüb bir qədər qarşıda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlasın. Özü isə gedib Qafurun maşınında əyləşmişdir. O da Ruslanın maşınına minib sürərək bir qədər qabaqda dediyi yerdə saxlamışdır. Həmin vaxt o, maşının qoltuqaltı yerindən mağazanın açarını götürmüş, gəlib Qafurun maşınında arxa tərəfdə oturmuşdur. Həmin vaxt birbaşa həmin kafeyə getmişlər. Onlar oturub yeyib içdikdən sonra saat təxminən 23 radələri oradan çıxıb evlərinə getmişlər. X9 avtomobil ilə Ruslanı onun maşınının yanında düşürmüşlər. Pula ehtiyacı olduğundan Ruslana məxsus iş yerində dəftərin arasında saxladığı pulu oğurlayıb götürmək qərarına gəlmiş, bu məqsədlə Elgün Həsənovdan onu özünə lazım olan əşyanı götürməsi üçün işlədiyi mağazaya aparmağı xahiş etmişdir. Elgün Həsənov maşını ilə onu dükanın yanına aparmış, maşından düşüb 20 fevral 2023-cü ilə tarixdə gecə saat 01 radələrində mağazanın qapısını açıb oradakı siyirmənin içərisindəki dəftərin arasından orada olan 237 (iki yüz otuz yeddi) manat pulu götürmüşdür. O, pulu oradan götürdükdən sonra mağazanın açarını aparıb Ruslanın yaşadığı evin hasarına asmışdır. Daha sonra oradan çıxıb Bakı şəhərinə getmiş, oğurladığı pulu şəxsi ehtiyaclarına sərf etmişdir. Ruslan ona zəng edib pul haqqında soruşanda etdiyi əməli olduğu kimi etiraf etmiş, Ruslandan üzr istəmiş, ona vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda əməlindən çox peşman olmuşdur. Zərərçəkmiş şəxs ilə barışmaqla, ona vurduğu ziyanı tamamilə könüllü ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun cinayət əməli məhkəmə istintaqında özünün etirafı, şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış materiallar və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Lənkəran rayonu Parakənd kəndində yaşayır. Astara rayonu Lələkəpeştəş kəndində icarə əsasında diri qoyun və qoyun əti satılan mağaza işlədir. Mağazada işçisi olan Təqsirləndirilən şəxs gündəlik 15 manat pul müqabilində ona qoyunların kəsimində köməklik edir. 19 fevral 2023-cü il tarixdə saat 20 radələrində işdən Təqsirləndirilən şəxslə birlikdə çıxmışlar. O, idarə etdiyi “Vaz-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə evinə getmiş, Təqsirləndirilən şəxs isə dostu Qafurun idarə etdiyi “Vaz-2106” avtomobili ilə onun arxasınca gəlmişlər. O, avtomobilin açarını Firuza verib avtomobili sürüb bir qədər qarşıda yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlamasını demiş və gedib Qafurun maşınında əyləşmişdir. Firuz da avtomobiliə minib onu sürərək bir qədər qabaqda saxlamışdır. Daha sonra gəlib Qafurun maşınında arxa tərəfdə oturmuş, onlar oradan birbaşa Astara rayonu Pensər kəndindəki kafeyə getmişlər. Oturub yeyib içdikdən sonra oradan çıxıb evlərinə getmişlər. Saat təxminən 23 radələrində Qafur öz maşınına minib getmiş, onu isə Firuz tanışının idarə etdiyi, “Vaz-2107” markalı maşını ilə aparıb maşınının yanında düşürmüşlər. O da oradan çıxıb evinə getmişdir. 20 fevral 2023-cü il tarixdə səhər saat 07:30 radələrində Təqsirləndirilən şəxs evdən götürmək üçün onun evinə getmişdir. Onun anası Təqsirləndirilən şəxs gecə evə gəlmədiyini bildirmişdir. Həmin vaxt Firuzun atası Sabir də maşınına minmiş və onlar birlikdə Lələkəpeştəş kəndində olan mağazaya getmişlər. 19 fevral 2023-cü il tarixdə satdığı qoyunun və ətin pulu olan 237 (iki yüz otuz yeddi) manat pulu mağazada saxlamışdır. O, Sabirlə birlikdə mağazaya çatdıqdan sonra açarı götürüb açmaq istəyəndə açarı yerində tapa bilməmişdir. Açarın orada olmadığını bildikdən sonra daha da əmin olmuşdur ki, Təqsirləndirilən şəxs mağazadan 237 manat pulunu oğurlamışdır. Bundan sonra o, mağazanın kiçik ölçülü qapısını möhkəm dartıb açmış, mağazadakı dolabın içərisində 237 (iki yüz otuz yeddi) manat pulun orada olmadığını görmüşdür. Bundan sonra o, mobil telefonu ilə Təqsirləndirilən şəxs zəng edib harada olduğunu və mağazadakı pulu götürüb-götürmədiyini soruşmuşdur. Firuz da Bakı şəhərində oduğunu və maşından mağazanın açarını götürərək mağazadakı 237 manat pulu ehtiyacı olduğu üçün götürdüyünü etiraf etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyinə və üzr istəyib onunla barışdığına görə ondan heç bir şikayəti və tələbi də yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ərizəsinin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ona vurduğu 237 (iki yüz otuz yeddi) manat ziyanı tamamilə ödəməsinə və ondan üzr istəyib, barışmasına görə ondan heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş X6 məhkəmə baxış iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cinayət işinə şahid X3 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin - Rusiyaya qarşı” işi üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin, “Saidinin-Fransaya qarşı” işi üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Bunlar Konvensiyanın 6-cı bəndinin 1-ci bəndinə və 3-cü bəndinin “d” yarımbəndindəki müddəaların tələbələrinə uyğunsuzluq kimi qəbul edilə bilməz. Məhkəmə, Avropa İnsan Hüquqları Məhkəməsinin bu və digər presedentlərinin şərhləri baxımından ibtidai istintaqda dindirilmiş şahid X3 ifadələrini iş üzrə sübut növü kimi qəbul edir. Cinayət işinin ibtidai istintaqında şahid qismində tanınaraq dindirilmiş X3 məhkəmə iclasında elan edilən ifadəsindən məlum olur ki, Təqsirləndirilən şəxs onun qonşusudur. O, özünə məxsus “Vaz-2107” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi kimi işləyir. 19 fevral 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs ona zəng edib Astara rayonu Pensər kəndindəki kafeyə çağırmışdır. O, ora çatdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs və digər bir nəfər şəxslə avtomobilə əyləşmişdir. Zərərçəkmiş şəxs digər şəxsi Lənkəran rayonunda yerləşən “Ceyranbulaq” adlanan yerin yaxınlığında düşürmüşdür. Sonra 20 fevral 2023-cü ilə keçən gecə saat 01 radələrində Təqsirləndirilən şəxs ondan xahiş etmişdir ki, Astara rayonunda Pensər kəndi yaxınlığındakı bir yer var ora getsinlər. O da Təqsirləndirilən şəxs dediyi yerə avtomobili sürmüş, Təqsirləndirilən şəxs avtomobildən düşüb oradakl mağazanın qapısını açıb, içəri girmiş və təxminən 2-3 dəqiqə sonra geri qayıtmışdır. O, Firuzdan hara getdiyini soruşduqda, ona mağazadan telefonunu götürdüyünü demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona yolu göstərərək Ruslanın yaşadığı evi istiqamətdə getmişlər. Həmin ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs həyətin hasarına açar asıb avtomobilə oturmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ondan, Bakı şəhərinə getməsi üçün onu “Ləvəngi dairəsi” adlanan yerə aparmsını istəmişdir. O da Firuzu oradan “Ləvəngi dairəsi” adlanan yerə aparmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs həmin gün gecə saat 01 radələrində onu apardığı mağazadan pul oğurlamışdır. Cinayət işinin ibtidai istintaqında şahid qismində dindirilmiş X4 elan edilmiş ifadəsindən məlum olur ki, o, da əsasən şahid X6 ilə eyni məzmunlu ifadə verməklə onuun göstərdiyi xüsusatları bir daha da təsdiq etmişdir. Cinayət işinə əlavə edilən və məhkəmə iclasında elan edilərək araşdırılan 20 fevral 2023-cü il tarixli “hadisə yerinə baxışın aparılması haqqında” protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer Astara rayonu Lələkəpeştəş kəndində yerləşən ət satışı mağazasıdır, həmin mağazanın giriş qapısı olmaqla saxlanc yeri hesab olunur. Cinayət işinin materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran rayonu Xanbulan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran rayonu Xanbulan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verlmiş arayışdan məlum olur ki, Əliyev X5 rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi 17 mart 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan 09 mart 2023-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğurladığı 237 (iki yüz otuz yeddi) manat pulu istintaq orqanına təqdim etmiş və istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 20 radələrində tanışı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Astara rayonu Lələkəpeştəş kəndində yerləşən ət satışı mağazasının giriş qapısını açarını sonuncunun idarə etdiyi “Vaz-2106” markalı, **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qoltuqaltı hissəsindən gizli olaraq götürdükdən sonra xx.xx.2023-cü il tarixdə saat 01 radələrində saxlanc yeri hesab olunan həmin ət satışı mağazasına giriş qapısını götürdüyü həmin açarla açaraq içəriyə qanunsuz daxil olub orada olan dolabın siyirməsindəki dəftərin arasından 237 (iki yüz otuz yeddi) manat nəğd pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs 237 (iki yüz otuz yeddi) manat pulunu başqa saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etməklə, peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları – onun cinayət əməlini etiraf etməklə peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətnamə ilə səciyyələndirilməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tamamilə ödəməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Əliyev X7 və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə dolanışığını təmin edir, Lənkəran rayonu Xanbulan kəndində qeydiyyatda olmaqla, orada yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Lənkəran rayonu Xanbulan kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 01 saylı qərarının 7-ci bəndində göstərilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə vurulan ziyana görə 237 (iki yüz otuz yeddi) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lənkəran rayonu Xanbulan kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran rayon-şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən, hökm qanuni qüvvəsini alana kimi öz qüvvəsində saxlanılsın. Hökmün icrası Lənkəran rayon-şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Cinayət işi üzrə vurulan ziyana görə 237 (iki yüz otuz yeddi) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-62/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-62/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver