Məhkəmə qərarları › İş №1(018)-64/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-64/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-64/2023 18.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Astara şəhər sakini X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 10,221 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı almış və həmin narkotik vasitəni daşımaqla üzərində saxlamışdır. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhərində yerləşən X3 yaxınlığında saxlanılaraq, Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd üzərində “Sobranie” sözü yazılan siqaret qutusunun içərisinə doldurulmuş, təmiz çəkisi 10,221 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ünvan 2 ünvanda yaşayır. Subaydır, heç bir yerdə işləmir. Təxminən bir ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 17 fevral 2023-cü il tarixdə Kələdəhnə adlanan ərazidə dəmir yolu ilə evinə getdiyi zaman orada əvvəllər də tanıdığı İlyası görmüş və onda “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olub- olmadığını soruşmuşdur. İlyas onda marixuana olduğunu bildirmiş, o da İlyasa 5 manat pul verərək İlyasdan bir ədəd siqaret qutusunda qurudumuş marixuana alaraq evə getmişdir. Bundan bir neçə saat sonra mağazaya gedərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış və özlərinin Astara rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib, maşına əyləşdirərək polis şöbəsinə aparmışlar. Astara rayon polis şöbəsində xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşmuş, cavabında əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən özünə məxsus olan içərisinə qurudulmuş marixuana kütləsi doldurulmuş bir ədəd siqaret qutusunu çıxarıb təqdim edərək, qutunu otaqda olan masanın üzərinə qoymuşdur. Həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş və bükümdə olan kütlənin nəşə, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Onunla aprılan şifahi sorğu zamanı həmin bükümdə olan kütləni İlhamın oğlu İlyasdan 5 manata aldığını bildirmişdir. Üzərində axtarış aparıldıqdan sonra müvafiq sənədləşdirilmə aparılaraq ona ucadan oxunmuş, o da həmin sənədlərin düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Üzərindən aşkar edilib götürülmüş narkotik vasitə qurudulmuş marixuananı satmaq niyyəti olmamış, üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. Əməlindən səmimi peşimanlıq hissi keçirir. Məhkəmədən ona yüngül cəza təyin etməyi xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 fevral 2023-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Bu məqsədlə daxil olmuş məlumat raportla polis şöbəsinin rəisinə məruzə edilmiş, raport əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və onunla birlikdə Pərviz Şükürov və polis nəfəri Mircavad İbrahimov əməliyyat qrupunun tərkibinə daxil edilmişdir. Bundan sonra 17 fevral 2023-cü il tarixdə saat 15 radələrində Astara şəhəri Səməd Vurğun küçəsinə - Təqsirləndirilən şəxs evinin yerləşdiyi əraziyə yollanmışlar. Həmin ərazidə gözləmə mövqeyində durduqdan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs küçə ilə hərəkət etdiyini görüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib, onu maşına əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinin gətirildikdən sonra şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmasını soruşmuş və olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxarıb, təqdim edərək həmin qutunu otaqda olan masanın üzərinə qoymuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusuna baxış keçirilmiş, baxış zamanı həmin qutuda narkotik vasitə qurudulmuş marixuana kütləsinin olması aşkar edilərək həmin kültə siqaret qutusu ilə birlikdə tərəzidə çəkilmiş və təxminən 12 qrama yaxın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla aparlan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı tanışı İlyas adlı şəxsdən 5 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılmış, qablaşmanın üzəri möhürlənmiş və imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 şahid X6 göstərdiyi xüsusatları ifadələri ilə bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 17 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 15 radələrində Astara şəhəri Səməd Vurğun küçəsində saxlanılıb Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Astara RPŞ-də xidməti iş otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütləni çıxarıb təqdim etmişdir. Aşkar olunan kütlə elektron tərəzidə çəkildikdən sonra 14,17 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq «DİN Zərflər üçün № 84» möhürü ilə möhürlənmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 18 fevral 2023-cü il tarixli, 19/209 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Astara şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd siqaret qutusunda, təmiz çəkisi 10,221 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Qurudulmuş marixuananıntəmiz çəkisi – 10,221 qram, tədqiqata sərf edilmişdir – 0,05 qram, qalıq - 10,171 qram qalmışdır.

3. Məhkəmə-narkoloji ekspertizasının 23 fevral 2023-cü il tarixli, 212 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «qurudulmuş marixuana» olan vasitələr narkotik vasitədir, onun 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət xarakterli ərizələr daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış xalis çəkisi 10,171 qram qalmış qurudulmuş marixuana narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarında olan 17 fevral 2023-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan və Astara Rayon Məhkəməsinin «Təqsirləndirilən şəxsin barəsində ev dustaqlığı seçilməsi» haqqında 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2023-cü il tarixdə isə barəsində «ev dustaqlığı» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxil edilməli, cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs haqqında seçilmiş «ev dustaqlağı» qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X2, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut kimi Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 10,171 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar