Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-64/2025 06.05.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 04 dekbar 1998-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda -1,198 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 21 fevral 2025-ci il tarixdə, saat 21:43-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara rayonu, Rüdəkənar kəndində saxlanılaraq üstünün yoxlanılması zamanı 01 ədəd qırmızı rəngli sellofan bükümündə təmiz çəkisi: -1,198 qram olan psixotrop maddə metamfetamin əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, az müddət olar ki, psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 19 fevral 2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhərində piyada hərəkətdə olduğu zaman yolun kənarında yerdə qırmızı sellofan bükümünü görmüş və əyilib götürmüş, Bakı şəhərinə işləmək üçün getmiş və oranı dəqiq tanımadığı üçün həmin ərazinin hansı ünvan olması barədə heç bir məlumatı yoxdur, həmin bükümü götürdükdən sonra içərisinə baxmış və içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu anlamış və şəxsi istifadəsi məqsədilə onu cibinə qoymuş, əvvəllər sadəcə bir neçə dəfə istifadə etdiyindən tapdığı psixotrop maddədən ehtiyacı olan vaxt istifadə edəcəyini düşünmüş, bir neçə gün sonra Astara şəhərində yaşadığı evə qayıtmış, 21 fevral 2025-ci il tarixdə poilis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin, onun saxlanıldığı yer Rüdəkənar kəndi olmamış, həmçinin üzərində bir büküm metamfetamin olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmasında ittiham edilməkdən qorxmuş, bu səbəbdən sonradan üzərindən aşkar olunmuş psixotrop maddənin miqdarı polis əməkdaşları tərəfindən çoxaldılarkən eyni maddənin sanksiyası həddində cəza veriləcəyini düşünərək etiraz etməmişdir. Adətən psixotrop maddə metamfetamindən istifadə etmiş, lakin narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Hazırda əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması və həmin tarixdə, 21 radələrində Astara rayonu Rüdəkənar kəndində olacağı barədə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış, daha sonra 21 fevral 2025-ci tarixdə, təxminən saat 21 radələrində şöbənin digər əməkdaşları – Şahid4, Şahid1 və Şahid2la birlikdə avtomobillə Şəhriyarın olacağı Astara rayonu Rüdəkənar kəndinə getmiş, həmin ərazidə olduğu zaman Təqsirləndirilən şəxs yolun kənarında dayandığını görmüş və dərhal videoçəkilişlə yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, daha sonra Şəhriyara üzərində axtarış keçirməli olduğunu demiş və etiraz etməmiş, daha sonra Şəhriyara üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa həmin əşyanı təqdim etməsini tələb etmiş, Şəhriyar da əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qırmızı rəngli sellofan bükümünü təqdim etmiş, 01 ədəd sellofan bükümünün içərisinə baxış keçirilən zaman içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, daha sonra Şəhriyarın üzərində axtarış keçirilmiş və üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, Şahid1 və Astara RPŞ-nin polis nəfəri, polis serjantı Şahid4 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Şahid2 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahid2 ibtidai istintaq zamanı Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır (i.v.1). «Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Astara rayon Polis Şöbəsinin Cinayət-Axtarışı Bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və İTB-nin sahə polis nəfəri, polis serjantı Şahid4 ibarət tərkibdə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndində yerləşən avtoyuma məntəqəsinin yanında dayandığı zaman saxlanılmış, faktiki azadlığı məhdudlaşdırılmış Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində "Şüşə adlandırılan psixotrop maddə metamfetamin olmasını bildirmiş, Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman əynində olan boz rəngli cins şalvarın yan cibindan qırmızı rəngli sellofanda psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən 01 ədəd "Redmi" markalı, 01 ədəd "Oppo" markalı mobil telefondan başqa digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir (i.v.11-12). “Şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 fevral 2025-ci il tarixdə, saat 21:43-dən tutulmuş hesab olunmuşdur. (i.v. 15). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 fevral 2025-ci il tarixli, 19/74 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,198 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 1,198 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq qaldı 1,148 qram (i.v.41). “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.54). Astara Rayon Məhkəməsinin 23 fevral 2025-ci il tarixli, 4(018)-15/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 fevral 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.76-79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi X7 98 saylı, 24 fevral 2025-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (i.v.86). Astara Rayon Məhkəməsinin 1(018)-56/2021 saylı, 05 may 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 avqust 2020-ci il tarixli 7(010)-366/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş (Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 1(089)-471/2017 nömrəli hökmü ilə təyin olunmuş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 ay 13 günlük hissəsindən) şərti olaraq vaxtından əvvəl azad edilməsinin ləğv edilməsi, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 noyabr 2017-ci il tarixli 1(089)-471/2017 nömrəli hökmü ilə təyin olunmuş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 ay 13 gün hissəsi qismən (bir aylıq hissəsi) birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq hökmlərin məcmusu üzrə 4 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir (i.v 100-113). 02 mart 2025-ci il tarixli Qəbzdən görünür ki, Astara RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X10 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus 02 ədəd mobil telefonu, 01 ədəd elektron qol saatını Təqsirləndirilən şəxs atası X8 təhvil vermişdir (i.v 116). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 03 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 70 ci maddə tətbiq edilməklə 6 ay şərti sınaq müddəti hesablanmaqla 03 il azadlıqdan məhrum etmə cəzasına, Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 70 ci maddə tətbiq edilməklə 6 ay şərti sınaq müddəti hesablanmaqla 03 il azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.117-119). Əşyanın maddi sübut hesab edilməsi haqqqında 06 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalan 1,148 qram psixotrop maddə metamfetamin kütləsi maddi sübut hesab edilmiş və saxlanılması üçün Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi mənbə barədə cinayət təqibinin rədd edilməsi və bu barədə materialın ayrıca icraata ayrılaraq rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs xəsarət alması faktı ilə bağlı cinayət təqibindən imtina edilməsi, 21 fevral 2025-ci il tarixdə X3 üzərindən aşkar edilərək götürülməklə ekspertiza tədqiqatından sonra qalıq qalın, ümumi təmiz çəkisi 1,148 qram psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməsi və saxlanması üçün Astara Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilməsinin nəzərə alınması, 21 fevral 2025-ci il tarixli "əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" videogörüntünün əks olunduğu 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi qərara alınmışdır (i.v.150-157). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi -1,198 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin miqdarının az olması, saxlanıldığı zaman polis əməkdaşlarə tərəfindən çoxaldılması və Rüdəkənar kəndində deyil də yaşadığı Qum küçəsində tutulması barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi sübutları şübhə altında qoymaq, vəziyyətini yüngülləşdirmək məqsədi güdür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən metamfetamin təmiz çəkisi 0.15 qram və daha artıq olduqda xeyli miqdar, 2 qram və daha artıq olduqda külli miqdar, 400 qram və daha artıq olduqda isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən 1.198 qram çəkidə psixotrop maddə metamfetaminin miqdarı xeyli miqdar kimi müəyyən edilmiş, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki törədilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, daşınması və saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal olaraq nəzərdə tutulur. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, toksikomaniya xəstəliyindən əziyyət çəkdiyini CM-in 58.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də cinayət əməli törətməsini və törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Həmin Qərarda həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdən tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-X7 rəyi ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetaminin 1,148 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollara əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilsin və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilsin. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 28 aprel 2025-ci il tarixədək Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat məbləğində pul, 28 aprel 2025-ci il tarixdən sonra göstərdiyi 1 (bir) saat hüquqi yardıma görə 11 (on bir) manat məbləğində pul, ümumilikdə 65 (altımış beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 21 fevral 2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilən 1.148 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 10 (on) saat hüquqi yardım göstərildiyinə görə 65 (altımış beş) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №1(018)-64/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-64/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver