Məhkəmə qərarları › İş №1(018)-65/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-65/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-65/2023 20.04.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 iclas katibliyi və dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun vəkili X4, tərcüməçi X3 iştirakları ilə xx xxxxxxxx 1979-cu ildə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, evli, üç övlad atası, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Ərdəbil şəhəri, Qasımiyyə küçəsi, ev 169 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən İran İslam Respublikasında kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan bir ədəd beşbarmağı qanunsuz olaraq əldə edib, idarə etdiyi “Mercedes” markalı, “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsində saxlayaraq gəzdirmiş, 19 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda keçirilmiş yoxlama zamanı həmin bir ədəd soyuq silah hesab olunan beşbarmaq onun idarə etdiyi “Mercedes” markalı, “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsində olan dolabın içərisindəki əl çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4-cü hissəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1979-cu ildə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, hazırda Ərdəbil şəhəri, Qasımiyyə məhəlləsi ev 169 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda 2 övladı ilə birlikdə yaşayır. Arvadı 14 il əvvəl rəhmətə getmişdir. O, 17 ildir ki, sürücü işləyir, adətən beynəlxalq yük daşımaları ilə məşğul olur. Vahid Torkaşvanda məxsus olan “Mercedes” markalı “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobili idarə edir. 2023-cü ilin yanvar ayının 19-da İİR-nin Astara şəhərində “duz” yükü yükləyib, Gürcüstan Respublikasına getmək üçün idarə etdiyi avtomobillə İran-Azərbaycan dövlət sərhədini keçib Azərbaycan Respublikası ərazisinə - “Astara” gömrük postuna daxil olmuşdur. “Astara” gömrük postunun yük idxal xəttində xeyli gözlədikdən sonra növbə ona çatmış və o, idarə etdiyi yük avtomobilini idxal yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq üzərində, ona məxsus əşyalarda və yük avtomobilində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, o, üzərində və avtomobilində mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi onun idarə etdiyi yük avtomobilini yoxlayarkən avtomobilin kabinəsində, sürücü oturacağı tərəfdə tavanla ön şüşənin birləşən hissəsində yerləşən, əşya qoyulması üçün nəzərdə tutulmuş şkafda olan ona məxsus qara rəngli əl çantasının içərisindən ona məxsus olan 1 ədəd “beş barmaq” aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra həmin beşbarmaq onun və hal şahidlərinin iştirakı ilə gömrük inspektoru tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Həmin beşbarmağı uzaq yol, yəni Gürcüstan Respublikasına gedəcəyi üçün, lazım ola biləcəyi üçün avtomobilində saxlamışdır. Hazırda əməlindən çox peşman olmuşdur. Himayəsində olan 2 nəfər uşağı təkbaşına böyüdür. Bütün bunları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışında şahid qismində dindirilən Şahid2 Höccətulla oğlu ifadəsində göstərdi ki, o, Astara şəhərində ailəsi ilə birlikdə yaşayır, müvəqqəti olaraq Astara gömrüyündə yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. 19 yanvar 2023-cü il tarixdə saat təqribən 19 radələrində Astara gömrük postunun yük idxal xəttində xidmət aparan gömrük inspektoru X1 onu və onunla birlikdə fəhləlik edən Şahid3 “Astara” gömrük postunun yük idxal xəttinə çağıraraq, İran İslam Respublikasından gələn bir yük avtomobilini yoxlanmasında hal şahidi kimi iştirak etməyi təklif etmişdir. Onlar gömrük əməkdaşı ilə razılaşmışlar. Onlara hüquq və vəzifələri izah edilmiş, sonra adını orada bildiyi İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobilinə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında sürücü oturacağı tərəfdə tavanla ön şüşənin birləşən hissəsində yerləşən, əşya qoyulması üçün nəzərdə tutulmuş şkafda yerləşən əl çantasının içərisindən 1 ədəd “beş barmaq"-a oxşar predmed aşkar etmişdir. X9 Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilmiş “beşbarmaq’’-a oxşar predmetin onun olmasını bildirmiş və həmin əşya gömrük inspektoru tərəfindən götürülərək araşdırma ilə əlaqədar qablaşdırılmışdır. Sonda bu barədə sənədlər tərtib edilmiş, o da həmin sənədlərlə tanış olub imza etmişdir. Cinayət işinin məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində Şahid2 Höccətulla oğlunun ifadəsinə uyğun ifadə verməklə onun göstərdiyi xususatlaı bir daha da təsdiq etdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 19 yanvar 2023-cü il tarixli “malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə” protokoldan məlum olur ki, 19 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı “UR164RU/SS032P” dövlət nömrə nişanlı yük avtomobilinə qanunvericiliyə uyğun olaraq gömrük yoxlaması tətbiq edilmiş, yoxlama zamanı avtomobilin kabinasında, sürücü oturacağı tərəfdə tavanla ön şüşənin birləşən hissəsində yerləşən, əşya qoyulması üçün nəzərdə tutulmuş şkafda olan əl çantasının içərisindən 1 ədəd “beş barmaq” əşyasına oxşar predmed aşkar edilmiş, Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “Mercedes” markalı “UR164RU/SS032P” dövlət nömrə nişanlı yük avtomobilindən aşkar edilmiş “beşbarmaq”-a oxşar predmet müvafiq qaydada sənədləşdirmə aparılmaqla araşdırma ilə əlaqədar götürülmüş və qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 25 yanvar 2023-cü il tarixli, 3/133 saylı rəyində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş bir ədəd predmet - kustar üsulla, beşbarmaq tipində hazırlanmış, vurucuəzici xassəyə malik soyuq silahdır.” Adı çəkilən Mərkəzin 25 yanvar 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 64 (altmış dörd) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən protokoldan götünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobildən götürülmüş bir ədəd predmet - kustar üsulla, beşbarmaq tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılmasıüçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası CPM-in 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə ittiham verilmişdir. Bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən İran İslam Respublikasında kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab olunan bir ədəd beşbarmağı qanunsuz olaraq əldə edib, idarə etdiyi “Mercedes” markalı, “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsində saxlayaraq gəzdirmiş, 19 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində idarə etdiyi yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçərkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük Postunda keçirilmiş yoxlama zamanı həmin bir ədəd soyuq silah hesab olunan beşbarmaq onun idarə etdiyi “Mercedes” markalı, “UR164RU/SS032P” dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinəsində olan dolabın içərisindəki əl çantasının içərisindən aşkar edilərək götürülməsi tam sübuta yetirilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 338.1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad etməlidir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük itimai təhlükə törötməyən cinayət əməli törətməsini, cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində oolan 2 nəfər uşağı təkbaşına böyütməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Təqsirləndirilən şəxs ilk dəfə böyük itimai təhlükə törötməyən cinayət əməli törətməsini, cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində oolan 2 nəfər uşağı təkbaşına böyütməsini həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, həmçinin təyin edilmiş cəzanın məqsədinə nail olması baxımdan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62.1-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona cərimə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının göstərilmişdir ki, 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işi üzrə maddi sübut olan, Astara RPŞ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan bir ədəd predmet - kustar üsulla, beşbarmaq tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T Dİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü madəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 400 (dörd yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan olan, Astara RPŞ-nin maddi sübutların saxlanması kamerasında saxlanılan bir ədəd predmet - kustar üsulla, beşbarmaq tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah məhv edilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddət ərzində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə həmin müddət başa çatdıqdan sonrakı gün hökm qanuni qüvvəsini alır. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar