Məhkəmə qərarları › İş №1(018)-66/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-66/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-66/2024 31.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 06 ay 09 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 76.6.3, 67.1 və 93.1.2-ci maddələrinə əsasən 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilmiş, hər iki hökm üzrə məhkumluqlar ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxsistintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda - 0,926 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 24 aprel 2024-cü il tarixdə. saat 18:50-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri, Heydər Əliyev prospektində saxlanılaraq Astara RPŞ- nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümündə təmiz çəkisi 0,926 qram psixotrop maddə metamfetamin əynində olan boz rəngli gödəkçənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 24 aprel 2024-cü il tarixdə, saat 10 radələrində Astara şəhərində yerləşən yaşadığı evdən çıxaraq avtobus vasitəsi ilə Lənkəran şəhərinə “Kiçik bazar” adlanan əraziyə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin əldə etmək üçün yola düşmüş, Lənkəran şəhəri “Kiçik bazar” adlanan əraziyə çatdıqdan sonra əvvəllər psixotrop maddə olan metamfetamini aldığı, yalnız üzdən tanıdığı adını bilmədiyi şəxsə psixotrop maddə olan metamfetamin almaq istədiyini bildirmiş, həmin şəxs ondan bir neçə dəqiqə gözləməyini istəyərək geri qayıdacağını bildirib oradan uzaqlaşmışdır. Təxminən 25-30 dəqiqə keçdikdən sonra həmin şəxs geri qayıdaraq ona 01 ədəd sellofan bükümündə psixotrop maddə olan metamfetamini verdikdən sonra həmin şəxsə 20 manat pul ödəyib əldə etdiyi bükümü əynində olan boz rəngli gödəkçənin sol yan cibinə qoymuş və daha sonra Astara şəhərinə avtobus vasitəsi ilə geri qayıtmışdır. Həmin gün saat 18 radələrində Astara şəhəri, mərkəzi bazar adlanan ərazidə piyada hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, polislər üzərində olan psixotrop maddəyə görə ona yaxınlaşmasını dərhal başa düşmüş, polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməli olduğunu demiş və həmin səbəbdən də onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçi Allahverən Əbilovun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışın başlanğıcında təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya vardırsa təqdim etməsini təklif etmiş, ilk öncə əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, masanın üzərinə qoyduğu 01 ədəd sellofan bükümünün içərisinə baxış keçirilən zaman həmin bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra masanın üzərinə qoyduğu büküm kağız zərfdə qablaşdırılmış və möhürlənmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 24 aprel 2024-cü il tarixdə S. Vurğun küçəsi, ev 15A, mənzil 27 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və həmin tarixdə, saat 18 radələrində yaşadığı Astara şəhəri, H. Əliyev prospektində olacağı barədə şöbənin əməkdaşı Şahid1 icraatına məlumat daxil olmuşdur. Bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 24 aprel 2024-cü il tarixdə, təxminən saat 18 radələrində şöbənin digər əməkdaşı Şahid1lə birlikdə avtomobillə Elşadın olacağı Astara şəhəri, H. Əliyev prospektinə doğru getmiş, həmin ərazidə gözləmə mövqeyində dayanıb ətrafı nəzərdən keçirməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs həmin küçədə olduğunu görmüş və dərhal yaxınlaşaraq özünü təqdim etmiş, sonra isə Elşadı polis şöbəsinə dəvət etmişlər. Elşad da etiraz etməmiş və Elşadı Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonra isə Özcan Quluzadə tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Elşadın üzərində axtarış aparılmağa başlanmış və şəxsi axtarış zamanı təhqiqatçı X5 üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında taqdim etməsini təklif etmiş, Elşad da əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuş, daha sonra təhqiqatçı Elşadın üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, Elşadın üzərindən aşkar olunan həmin 01 ədəd şəffaf sellofan bükümündə psixotrop maddə metamfetaminə bənzər kütlə iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. İş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 aprel 2024-cü il tarixli, 19/357 nömrəli rəyının nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,926 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.Tədqiqata sərf edildi 0.05 qram, Qalıq 0.876 qramdır. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən "ambulator məhkəmə-narkoloji ekspertizası" üzrə verilmiş 01 may 2024-cü il tarixli, 395 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcə də məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxsna cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir.Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olanAzərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə 06 ay 09 gün vaxtından əvvəl şərti azad olunub, xx.xx.2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1, 76.6.3, 67.1 və 93.1.2-ci maddələri ilə 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 613 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və himayəsində 3 az yaşlı uşağı vardır. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən himayəsində 3 nəfər azyaşlı üşağının olmasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarizdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Astara Rayon Məhkəməsinin 26.04 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş. Ev dustaqlığında saxlama müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyi təqdirdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd bükümdə çəkisi 0,876 metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1 ədəd bükümdə çəkisi 0,876 metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 01 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar