Məhkəmə qərarları › İş №1(018)-67/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-67/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-67/2024 12.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-ci ildə Astara rayonu Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində 02 (iki) azyaşlı uşağı olan, məhkumluğu olmayan, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda - 0,651 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 01 may 2024-cü il tarixdə, saat 12:15 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara rayonu Kakalos kəndi ərazisində saxlanılaraq, Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi - 0,651 qram olan psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Himayəsində iki azyaşlı uşağı var. Heç bir yerdə işləmir. Təxminən 3-4 aydır mütəmadi olaraq psixotrop maddə olan metamfetamindən çəkmə yolu ilə istifadə edir. Tutulmamışdan, yəni 01 may 2024-cü il tarixdən təxminən 2-3 gün əvvəl psixotrop maddə olan metamfetamini səhər saatlarında Lənkəran şəhəri “Kiçik Bazar” adlanan yerdə adını bilmədiyi bir nəfərdən 10 manat verərək almışdır. Yaşadığı Astara rayonu Kakalos kəndində işləri olduğundan kəndə qayıtmış, işlərinin çox olduğuna görə metamfetamindən istifadə edə bilməmişdir. 01 may 2024-cü il tarixdə, saat 12:15 radələrində Kakalos kəndi ərazisində yol kənarı ilə piyada hərəkətdə olan zaman anidən yanında avtomobil dayanmış, avtomobilin içərisindən düşən mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini ona təqdim edərək Astraa rayon polis şöbəsinin əməkdaşları olduğunu, onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və ona üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Yaşadığı kənd olduğunu, burada onu əksər adamların tanıdığına görə olduqları yerdə şəxsi axtarış keçirilməməyini xahiş etmiş, polis əməkdaşları da avtomobilləri ilə onu Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün dövlət hesabına müdafiəçi çağırılmış, daha sonra isə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış başlanarkən təhqiqatçı ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmetin olduğu təqdirdə təqdim etməyini təklif etmiş, həmin təklifdən sonra o, əynində olan göy rəngli şalvarın arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonunu və sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq təqdim etmişdir. Sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparsa da, üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisinin 0.7 qram olması müəyyən edildikdən sonra 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş, özü, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və şəxsi axtarışda iştirak edən digər şəxslər protokolu imzalamışlar. Daha sonra ondan izahat alınmış və iştirakı ilə müvafiq sənədlər tərtib edilmiş və o, həmin sənədləri müdafiəçisinin iştirakı ilə oxuyub imzalamışdır. Törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün və şahidlərin ifadələri, işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 may 2024-cü il tarixdə Astara rayonu Kakalos kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuşdur. Məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. 01 may 2024-cü il tarixdə, saat 12:15-də yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu Kakalos kəndində getmişlər. Onlar Kakalos kəndində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənddə piyada getdiyini görmüş və dərhal onun yanında avtomobili saxlamışlar. Avtomobildən düşərək ona yaxınlaşmış, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra onun üzərində qanunsuz psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Elnur da həmin kənddə yaşadığından ətrafdakı insanların onu tanıdığından küçədə yox, Astara rayon polis şöbəsinin inzibati binasında axtarış keçirilməsini xahiş etmiş, onlar da Elnuru Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Astara rayon polis şöbəsinə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonra Özcan Quluzadə tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkilin, onun və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı X4 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və sağ yan cibindəki 01 ədəd şəffaf sellofon bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təhqiqatçıya təqdim etmişdir. Daha sonra təhqiqatçı Elnurun üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa bir əşya aşkar etməmişdir. X4 Təqsirləndirilən şəxs ilə apardığı şifahi sorğu zamanı 01 ədəd şəffaf sellofon bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütləni saxlanılmamışdam 2-3 gün əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra aşkar edilmiş psixortop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,7 qram olması müəyyən edilmiş, psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, o və digər iştirakçılar tərəfindən zərfin üzərinə imzalar edilmişdir. Bundan sonra X4 tərəfindən tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş daxil edilməmiş, o və digər iştirakçılar həmin protokolu imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 şahid X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 01 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə saat 13:40-dan saat 13:55-dək Astara rayon polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümdə metamfetaminə bənzər kütləni və şalvarın arxa cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop metamfetaminə bənzər kütlələrin çəkisi elektron 0,7 qram olması müəyyən edilmiş və ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq DİN-nin 84 saylı möhürü ilə möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, metamfetamini 2-3 gün əvvəl Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını, həmin kütlədən istifadə etmədiyini, heç kimə vermədiyini, satmadığını, 3-4 aydır ki, metamfetamindən çəkmə üsulu ilə istifadə etdiyini, narkotik vasitələrin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir.

2. Məhkəmə-kimyəvi ekspertizasının 02 may 2024-cü il tarixli, 19/382 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə ...» sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi - 0,651 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotorop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetamin ümumi təmiz çəkisi - 0,651 qram, cəmi tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,601 qram heroin qaldı.

3. Məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 409 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorlarin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metamfetamin» olan maddələr psixotrop maddələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 may 2024-cü il tarixli tələbnamədən və 27 aprel 2009-cu il tarixli «Amnistiya aktının tətbiq edilməsi barədə» qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış xalis çəkisi 0,601 qram qalmış metamfetamin psixtrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. İş materiallarında olan 01 may 2024-cü il tarixli «cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan, qətimkan tədbirinin seçilməsi haqqında 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2024-cü il tarixdə tutulmuş, 03 may 2024-cü il tarixdə isə azad edilərək, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilməlidir. Təqsirləndirilən şəxs haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət (01 may 2024-cü il tarixdən 03 may 2024-cü il tarixədək olan müddət), yəni 02 (iki) gün ona təyin olunan cəzadan çıxılmaqla üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində «həbs» qətimkan tədbiri seçilsin və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə Astara şəhər poliklinikasının narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34CTRE **********000 208851, X1, Kod 210005, VÖEN **********, Müxbir Hesab AZ 41 NABZ 013601**********3944 SVİFT Bik:STREAR 22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi sübut kimi Astara rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,601 qram metamfetamin psixtrop maddəsi məhv edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar