Məhkəmə qərarları › İş №1(018)-68/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-68/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-68/2024 02.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X2, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə İran İslam Respublikasının Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücüsü işləyən, məhkum olunmamış, İran İslam Respublikası Ərdəbil şəhəri Namin qəsəbəsi Bəsic prospekti fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən bir sellofan bükümdə, xeyli miqdarda 0,851 qram həşiş qatranı narkotik vasitəsini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə göy rəngli şalvarının sağ balaca cibində gizlədib özünə məxsus çantada yerləşdirərək etibarnamə əsasında idarə etdiyi “Scania” markalı, RS031X/RS031NX dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında yerləşən arxa yataq yerinin altındakı saxlanc yerində saxlamış və Azərbaycan Respublikasına daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına gedərkən 22 aprel 2024-cü iltarixdə, saat 15 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə həmin həşiş qatranı narkotik vasitəsini qəsdən keçirmiş və həmin tarixdə nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası Ərdəbil şəhəri Namin qəsəbəsi Bəsic prospektində yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Subaydır, 14 ildir ki, yük nəqliyyat vasitəsi sürücü işləməklə dolanışığını təmin edir. “Scania” markalı, RS031X/RS031NX dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi özünə məxsus deyildir, onu etibarnamə əsasında idarə edir. İşi adətən hazır vəziyyətdə olan yüklü nəqliyyat vasitələrini xarici ölkələrə aparmaqdan ibarətdir. Təxminən iki ildir narkotik vasitə istifadəçisidir. Ayda iki-üç dəfə olmaqla həşiş qatranı, bəzən isə tiryək narkotik vasitəsindən istifadə edir. Azərbaycan Respublikasına gəlməzdən təxminən 20 gün əvvəl İran İslam Respublikasının Ərdəbil şəhərinin Şəriyyəti qəsəbəsində Əli adlı şəxsdən öz istifadəsi üçün bir ədəd bükümdə həşiş qatranı narkotik vasitəsi almış, həmin narkotik vasitənin bir qismini İran İslam Respublikasında olarkən istifadə etdikdən sonra qalan hissəsini gələcəkdə istifadə etməyi məqsədilə sellofan bükümdə ona məxsus göy rəngli şalvarın sağ balaca cibinə yerləşdirmiş, həmin şalvarı da özünə məxsus qara rəngli çantanın içərisinə qoymuş və həmin çantanı idarə etdiyi “Scania” markalı, RS031X/RS031NX dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasındakı saxlanc yerində yerləşdirmişdir. Bundan sonra həmin narkotik vasitənin şalvarının cibində olmasını unudaraq tutulmazdan yeddi gün öncə Gürcüstan Respublikasına aparmaq məqsədilə İran İslam Respublikasının Tehran şəhərindən “modul tipli evlər” yükü ilə yüklənmiş “Scania” markalı, “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini götürüb yola düşmüşdür. İran İslam Respublikasının Astara şəhərinə çatmış, orada xeyli növbədə gözlədikdən sonra 22 aprel 2024-cü il tarixdə İran-Azərbaycan dövlət sərhədini keçib, Azərbaycan Respublikasının Astara Gömrük İdarəsinin yük idxal xəttinə daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra həmin gün saat 15:30 radələrində növbə ona çatmış, buna görə də gömrük yoxlama xəttində dayanmışdır. Gömrük əməkdaşı onunla şifahi şəkildə sorğu-sual apararaq, üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, gömrükçüyə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərinin olmadığını bildirmişdir. Daha sonra gömrük işçisi onun idarə etdiyi yük nəqliyyat vasitəsini xidməti it tətbiq etməklə yoxlamağa başlamışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında yerləşən arxa yataq yerinin altındakı saxlanc yerində olan ona məxsus qara rəngli çantadakı göy rəngli şalvarın sağ balaca cibindən şəffaf rəngli sellofana bükülmüş 1 (bir) ədəd büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qeyd olunan narkotik vasitə həşiş qatranı aşkar olunmuşdur. Daha sonra üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra idarə etdiyi “Scania” markalı “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında aşkar olunmuş, içərisində qara rəngli həşiş olan həmin şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd büküm onun və hal şahidlərinin iştirakı ilə gömrük inspektoru tərəfindən götürülmüş, Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağa gətirilərək elektron tərəzidə çəkilmiş və içərisində həşiş qatranına bənzər maddə olan 1 (bir) ədəd bükümün sellofanı ilə birlikdə ümumi təqribi çəkisinin 1,3 (bir tam onda üç) qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılmış və aparılan hərəkətlərə dair protokollar tərtib edilmiş, o da həmin sənədlərlə tanış olaraq imzalamışdır. 22 aprel 2024-cü il tarixdə sənədlərlə tanış edilmiş və həmin günü sərbəst şəkildə buraxılaraq özünün idarə etdiyi nəqliyyat vasitəsində gecələmiş və azadlığı hər hansı formada məhdudlaşdırılmamışdır. Aşkar edilmiş maddəyə dair ekspert rəyi əldə edilərək ona bu barədə məlumat verilmiş və həmin maddənin narkotik vasitə həşiş qatranı olduğu müəyyən edildiyindən 23 aprel 2024-cü il tarixdə, saat 14-də şübhəli şəxs qismində tutulmuşdur. Ona məxsus olan qara rəngli çantanın içərisində olan göy rəngli şalvarın sağ balaca cibindən aşkar edilmiş həşiş qatranı narkotik vasitəsi ona məxsusdur. Hazırda törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirir. Qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölmənin inspektoru vəzifəsində xidmət edir. 22 aprel 2024-cü il tarixdə iş bölgüsünə əsasən İdarənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Gürcüstan Respublikasına yükü müşayiət edən “78” saylı CMR və “030129-1” tarixli invoys sənədinə əsasən “modul tipli evlər” yükü apararkən 22 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Astara Gömrük İdarəsinin yük maşınlarıüçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı tərəfindən saxlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs ilə şifahi formada sorğu-sual apararaq üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və ona məxsus əl yükündə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansıpredmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs üstündə, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yüklərində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurduğundan, onun idarə etdiyi yük nəqliyyat vasitəsinə “Jimmi” ləqəbli kinoloji xidmət iti tətbiq edilmiş, daha sonra kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyindən nəqliyyat vasitəsinə qanunvericiliyə uyğun olaraq gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında arxa yataq yerinin altındakı saxlanc yerində olan çantadakı göy rəngli şalvarın sağ balaca cibindən şəffaf rəngli sellofana bükülmüş 01 (bir) ədəd büküm aşkar etmişdir. Həmin bükümə baxış zamanı bükümün içərisində qara rəngli narkotik vasitə həşişə oxşar maddə olduğu məlum olmuşdur. Sonra zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxsmangholinin üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında - arxa yataq yerinin altındakı saxlanc yerində olan çantadakı göy rəngli şalvarın sağ balaca cibindən aşkar olunmuş, içərisində qara rəngli narkotik vasitə həşişə oxşar maddə olan 1 (bir) ədəd büküm Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə tərəfindən götürülmüş, Əməliyyat və təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək elektron tərəzidə çəkilərək, içərisində qara rəngli narkotik vasitə həşişə oxşar maddə olan 1 (bir) ədəd bükümün qablaşması ilə birlikdə təqribi çəkisinin 1,3 (bir tam onda üç) qram olduğu məlum olmuş, sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmiş və bu aparılmış yoxlamalara dair tərəfindən protokollar tərtib edilmiş, iştirakçılar da tanış olub imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 22 aprel 2024-cü il tarixdə, saat təqribən 15 radələrində Astara Gömrük İdarəsinin qarşısında olan zaman Şahid1 adlı gömrük əməkdaşı onu və onunla birlikdə orada olan Şahid3 Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə çağıraraq, bir nəfərin idarə etdiyi nəqliyyat vasitəsini yoxlayacağını, onların da yoxlamada şahid kimi iştirak etməsini bildirmişdir. Gömrük əməkdaşı ilə razılaşaraq yoxlama yerinə gəlmiş, yoxlama başlamazdan əvvəl onlara hal şahidi olaraq Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Yoxlama yerində gömrük əməkdaşı şəxsiyyəti orada onlara məlum olan İran İslam Respublikası vətəndaşı Omid İmangholinin idarə etdiyi “Scania” markalı, “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı gömrük əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında - arxa yataq yerinin altındakı saxlanc yerində olan çantadakı göy rəngli şalvarın sağ balaca cibindən şəffaf rəngli sellofana bükülmüş 1 (bir) ədəd büküm aşkar etmişdir. Həmin bükümə baxış zamanı 01 (bir) ədəd bükümün içərisində qara rəngli narkotik vasitə həşişə oxşar maddə olduğu məlum olmuş, daha sonra zərurət yarandığından onun və digər hal şahidi Habilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı “RS031X/RS031NX” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında - arxa yataq yerinin altındakı saxlanc yerində olan çantadakı göy rəngli şalvarın sağ balaca cibindən aşkar edilmişşəffaf rəngli sellofana bükülmüş 1 (bir) ədəd büküm gömrük əməkdaşları tərəfindən götürülmüş, həmin qablaşma Əməliyyat və təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək elektron tərəzidə çəkilmiş və içərisində qara rəngli narkotik vasitə həşişə oxşar maddə olan 1 (bir) ədəd bükümün qablaşması ilə birlikdə təqribi çəkisinin 1,3 (bir tam onda üç) qram olduğu məlum olmuş, bu barədə sənədləşmə aparılmış, onlar da sənədlərlə tanış olub imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:

1. Astara Gömrük İdarəsində tərtib edilmiş 22 aprel 2024-cü il tarixli “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, RS031X/RS031NX dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı kabinada yerləşən arxa yataq yerinin altındakı saxlanc yerində olan çantadakı göy rəngli şalvarın sağ balaca cibindən 1 sellofan büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı içərisində narkotik vasitə həşişə oxşar maddə olduğu məlum omuşdur. Daha sonra həmin maddə qablaşdırması ilə birgə elektron tərəzidə çəkilmiş, bu zaman onun çəkisinin təxminən 1,3 qram olduğu müəyyən edilmiş, qeyd edilən maddə ardınca qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli, 19/346 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… Azərbaycan Respublikası DGK 103672 …» yazıları olan 01 (bir) ədəd polietilen paketdəki sellofan bükümdə maddə təmiz çəkisi 0,851 qram olan narkotik tərkibli çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - həşiş qatranıdır. Həşiş qatranı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: həşiş qətranının təmiz çəkisi - 0,851 qram, tədqiqata sərf olundu - 0,05 qram, qalıq - 0,801 qram həşiş qətranı qaldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X5 tərəfindən verilmiş 11 may 2024-cü il tarixli, 3175 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «həşiş qətranı» olan narkotik maddənin 0,4 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 40 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gətirdiyi həşiş qətranı narkotik vasitəsini unudaraq cibində saxlaması ilə bağlı fikirlərinə qiymət verərək hesab edir ki, narkotik vasitəni Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən Təqsirləndirilən şəxs onu bəyan etməmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin narkotik vasitəni şalvarının cibinə qoyaraq, sonra da həmin şalvarı özünə məxsus çantada yerləşdirərək gizlətməklə keçirmişdir. Həşiş qətranını Azərbaycan Respublikasına keçirən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir resept olmamış, hətta tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsinin özü qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, eyni zamanda tam əsaslar olduğu üçün həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməklə peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 4(004)-368/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 23 aprel 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 23 aprel 2024-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış – 0,801 qram həşiş qətranı narkotik vasitəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan 24 may 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 200 (iki yüz) ABŞ dolları və ******* (dörd milyon yüz min) İran rialından ibarət pullar saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər-hansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri Təqsirləndirilən şəxs təhvil verilməlidir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Xiaomi Poco” markalı, “M2103K19PG” modelli mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 01 (bir) ədəd göy rəngli cins şalvar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, həmin bir ədəd “Xiaomi Poco” markalı, “M2103K19PG” modelli mobil telefon və 01 (bir) ədəd göy rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxsa qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 23 aprel 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,801 qram həşiş qətranı narkotik vasitəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 200 (iki yüz) ABŞ dolları və ******* (dörd milyon yüz min) İran rialından ibarət pullar, bir ədəd “Xiaomi Poco” markalı, “M2103K19PG” modelli mobil telefon və 01 (bir) ədəd göy rəngli cins şalvar Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar