Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-69/2024 07.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, Zərərçəlmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Natik oğlunun iştirakları ilə, xx.xx.2006-cı ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olan və yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən gecə saat 03 radələrində ünvan 1ində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə daş hasardan tullanmaq yolu ilə qanunsuz daxil olaraq həyətyanı sahədə naringi ağaclarının altına qoyulmuş orta bazar qiyməti 280 manat olan 3 metr uzunluğunda 01 ədəd dəmir relsi gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 280 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki. xx.xx.2024-cü il tarixdə 13 radələrində yaşadığı Təngərüd kəndində evə gedərkən, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs evinin yanından keçəndə onun bağında mandarin ağacların arasında təxminən 2-3 metr uzunluğunda olan dəmir rels olduğunu görüb onu oğurlayaraq satmaq qərarına gəlmişdir. Onu gecə aparmaq barədə düşünərək evə getmişdir. Yaşadığı evlə Təbiyətin evi arasında təxminən 100 metr məsafə var. xx.xx.2024-cü il tarixə keçən gecə saat 03 radələrində oğurluq etmək məqsədi ilə həmin yerə getmişdir. Ətrafa baxdıqda həyətyanı sahədə olan kimsə olmadığını görüb, daş hasarı keçib həyətə tullanmışdır. Cibində olan yandıranın işığı ilə həmin relsin olduğu yerə getmişdir. Həmin vaxt ev sahibi yatmışdır. Bundan sonra o, naringi ağaclarının arasındakı həmin dəmir relsin bir tərəfindən tutub sürüyərək hasara tərəf gətirmişdir. Həyətin daş hasarı küçə tərəfdən bir qədər hündür olsa da, həyət tərəfdən alçaqdır və asanlıqla oradan küçəyə tullanmaq olurmuş. O, relsi sürüyərək hasara tərəf gətirdikdən sonra onu qaldırıb hasara söykəmişdir. Daha sonra onu hasarın üzərindən aşırıb küçəyə tullamışdır. Həyətdən tulladığı rels hasarın yanında olan kanalın içərisinə düşmüşdür. Bundan sonra o da hasardan tullanıb həyətdən çıxmışdır. Həyətə çıxdıqda relsin kanalın içərisinə düşdüyünü görüb oradan evə getmişdir. Onu səhər aparıb metal qəbulu yerində satmağı düşünmüşdür. Səhər açılan kimi saat 11 radələrində kənddə həmkəndliləri Elşadla Ülvini bir yerdə görüb onlara yaxınlaşmışdır. Dəmir tapdığını deyərək onu satmaqda köməklik etmələrini xahiş edərək, hərəsinə 5 manat pul verəcəyini bildirmişdir. Həmin vaxt onlar dəmiri haradan tapdığını soruşanda onu meşədən tapıb sürüyərək gətirdiyini məktəbin yaxınlığındakı kanala tulladığını demiş, lakin onlara həmin dəmiri oğurladığını deməmişdir. Bundan sonra Elşad və Ülviylə birlikdə həmin dəmirin olduğu yerə getmişlər. Relsi Lənkəran rayonu Parakənd kəndində yerləşən metal qəbulu yarinə aparıb həyətyanı sahədə satmaq istəmişlər. Bundan sonra onlar yük maşını tapmaq üçün Təngərüd kəndində yerləşən tikinti materialları mağazasına tərəf getmişlər. Bundan əvvəl isə Elşadla Ülviyə diəmiri sürüyüb kənara çəkmək lazım olduğunu demişdir. Onlar da köməkləşib dəmiri sürüyüb yaxınlıqdakı xəstəxananın həyətinə armışlar. Bundan sonra tikinti materiallarının satışı mağazasına getmişlər. Həyətyanı sahədə olan həmkəndliləri Yusifə yaxınlaşmışlar. Ülvinin Yusiflə münasibəti olduğuna görə o, maşını 15 manata danışmışdır. Həmin şəxsin əsl adı Yusif olsa da hamı ona Emin deyə müraciət edirmiş. Bundan sonra X9 "Qaz markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı maşınına minib dəmirin olduğu yerə getmişdir. O da piyada onların arxasınca getmişdir. O qaçaraq getdiyi üçün onlardan qabaq çatmışdır. Ora çatdıqdan sonra maşından düşüb həmin relsi maşının yük yerinə yükləmişlər. Həmin vaxt yağış yağdığı üçün sürücü maşından yerə düşməmişdir. Onlar dəmiri maşına yüklədikdən sonra Elşadla Ülvi sürücünün yanında yük yerində oturmuş, o isə maşının yük yerinə qalxmışdır. Bu zaman sürücü maşından düşüb ona etirazını bildirərək maşının yük yerinə sərnişinin getməsinin qadağan olduğunu bildirmişdir. Həmin vaxt Elşadla Ülvinin yanında oturmaq istəyəndə onun şalvarı palçığa bulaşdığından onlar onu yanlarında oturmağa qoymamışlar. Daha sonra Ülvi maşından düşərək onun Elşadla getməyini demişdir. Lakin o, etiraz edərək hesab-kitab bilmədiyini deyib dəmiri satmaq üçün Elşadla Ülvini göndərmişdir. Bundan sonra Elşadla Ülvi birlikdə onu satmaq üçün getmişlər. O da oradan Elşadın evinin yaxınlığına getmişdir. Təxminən 1 saat sonra onlar geri qayıtmışlar. Elşad ona həmin dəmiri 36 manata satdığını, 20 manatını sürücüyə verdiyini deyib 16 manatı ona vermişdir. O da 16 manatdan 5 manatı Ülviyə vermişdir. Ülvi sürücüdən də 5 manat pul almışdır. O da 16 manata Elşadla özünə siqaret almışdır. Həmin vaxt dəmirin oğurluq olduğunu Ülviylə Elşada deməsə də, bir neçə gün sonra bunu Ülviyə demişdir. Daha sonra Ülviylə Elşad buna görə onunla mübahisə etmişlər ki, niyə onlara həmin dəmirin oğurluq olduğunu vaxtında deməmişdir. Zərərçəkmiş şəxs həyətindəki relsin oğurlanması barədə şikayət etdikdən sonra onları Astara rayon polis şöbəsinə çağırıb bu barədə izahatlarını alarkən həmin oğurluğu etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirib ona məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1ində anası Qızxanım Rzayeva ilə birlikdə yaşayır. Evinin qarşısında mandarin ağacları olan bağında ağacların arasında təxminən üç metr uzunluğunda olan dəmir rels olmuşdur. Həmin dəmir relsi mərhum atası haradansa alıb gətirmiş və təxminən 50 ildən çoxdur ki rels həyətdə olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 17-18 radələrində bağa girdikdə, həmin dəmir relsin yerində olmadığını görmüşdür. Həyətdə relsin sürtünmə izinin olduğunu görüb o izlə getmişdir. İz onu həyətindəki daş hasara tərəf aparmışdır. Həmin daş hasara baxdıqda daşların üzərində sürtünmə izlərinin olduğunu görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, həyətindəki relsi kimsə hasardan aşırıb aparmışdır. O da buna görə dərhal DİN-in 102 zəng xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Hazırda ona dəymiş zərərin tamamilə ödənilməsini bildirib, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid X3 ifadəsində göstərdi ki, özünə məxsus “Qazel " markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımaqla məşgul olurmuş. Kənd arasında onu Emin kimi tanıyırlarmış. xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində kənd məktəbin yanındakı tikinti materialları satışı yerində dayanıb müştəri gözləmişdir. Bu vaxt həmkəndliləri Elşad, Ülvi və Ceyhun ona yaxınlaşmışlar. Elşad demişdir ki, onlara məxsus dəmiri Lənkəran rayonu Parakənd kəndində yerləşən dəmir toplama məntəqəsinə aparmaq lazımdır. Onlar onunla qiymət barədə danışdıqda əvvəlcə 20 manata, daha sonra Elşadı tanıdığı üçün dəmiri Lənkərana 15 manata aparacağını demişdir. Bundan sonra onlarla kənd xəstəxanasının arxasına getmişdir. Həmin vaxt güclü yağış yağdığından maşından düşməmişdir. Yolun kənarında qoyulmuş təxminən üç metr uzunluğunda olan dəmir relsi onlar maşınin yük yerinə yüklədikdən sonra Elşadla Ülvi yanında sərnişin yerində əyləşmişlər. Bundan sonra güzgüdən baxanda görmüşdür ki, Ceyhun maşının yük yerinə qalxmışdır. O, maşından düşüb həmin şəxsə yaxınlaşaraq yük yerində getməyin qadağan olduğunu demişdir. Onun üst-başı palçıq olduğu üçün Elşadla Ülvi onu yanlarında oturmağa qoymamışlar. Maşını idarə edib dəmir relsi Lənkaran rayonu Parakənd kəndinə getmişlər. Həyətyanı sahədə olan Ülvi ilə Elşad relsi dəmir toplama məntəqəsinə təhvi vermişlər. Yolda Elşad ona 15 manat pul vermişdir. O, dayandığı tikinti materialları satışı yerinə qayıtmış, Ülvi ilə Elşad maşından düşüb getmişlər, o da oradan çıxıb getmişdir. Sonradan bilmişdir ki, həmin dəmir relsi Ceyhun kənddə yaşayan Təbiyət adlı qadının bağından oğurlamışdır. Lakin o, həmin dəmir relsin oğurluq olduğunu bilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yer ünvan 1ində yerləşən fərdi tikilinin həyətyanı sahəsidir. Həyətyanı sahə ətrafdan mışar daşı ilə təcrid olunmuş, oğurlanmış əşya da həmin həyətyanı sahənin içərisində ağacların arasında saxlanılmışdır. İşə əlavə edilmiş fərdi qayadada fəaliyyət göstərən qiymətləndirmə mütəxəssisi X2 04 mart 2024cü il tarixli mütəxəssis rəyindən görünür ki, 3 metr uzunluqda polad materiallı relsin nəzəri olaraq 29-30 mart 2024-cü il tarixə olan orta bazar qiymətinin 280 manat olması müəyyən edilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2024-ci il tarixli 443 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1ində yaşayır . İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır Məhkəmə həmçinin Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Natik oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1i ünvanında yerləşən evi gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Natik oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-69/2024
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-69/2024
07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver