Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-69/2025 11.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx xxxx 1992-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Astara Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda -1,296 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 25 fevral 2025-ci il tarixdə, saat 21:07-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri, Qum küçəsində saxlanılaraq üstünün yoxlanılması zamanı 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi: -1,296 qram olan narkotik vasitə heroin əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 25 fevral 2025-ci il tarixdə, günorta saatlarında yaşadığı Astara şəhərindən Lənkəran şəhəri Böyük bazar adlanan əraziyə avtobus vasitəsilə öz şəxsi istifadəsi məqsədilə narkotik vasitə əldə etməyə getmiş, Lənkəran şəhəri Böyük bazar adlanan əraziyə çatdıqdan sonra əvvəllər narkotik vasitə aldığı yalnız üzdən tanıdığı, adını bilmədiyi şəxsə yaxınlaşaraq narkotik vasitə heroin almaq istədiyini bildirmiş, həmin şəxs ondan bir neçə dəqiqə gözləməyini istəmiş və təxminən 10 dəqiqə keçdikdən sonra geri qayıdaraq bir bükümdə narkotik vasitə olan heroini ona təqdim etmiş, həmin şəxsə 50 manat pul ödəyib həmin narkotik vasitəni cibinə yerləşdirərək Astara şəhərinə, yaşadığı evə qayıtmış, həmin gün 25 fevral 2025-ci il tarixdə təxminən saat 21 radələrində həmin narkotik vasitə heroin bükümünü istifadə etmək məqsədilə özü ilə götürüb Astara şəhəri Qum küçəsində piyada hərəkət etmiş, bu vaxt bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş və ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, o, dərhal polislərin onun üzərində olan narkotik vasitəyə görə yaxınlaşmasını başa düşmüş, polis əməkdaşları üzərində axtarış keçirilməli olduğunu demiş və o heç bir etiraz etməmiş, polis əməkdaşları üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməsini tələb etmiş, o da əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmiş, 01 ədəd sellofan bükümünə polislər tərəfindən baxış keçirilən zaman həmin bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmiş, daha sonra polis əməkdaşları üzərində axtarış keçirmiş və üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, şifahi sorğu zaman təqdim etdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitəni, həmin gün günorta saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidən yalnız üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manata aldığını, öz şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmiş, daha sonra üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılmış və həmin zərfin üzəri möhürlənmiş, daha sonra polis əməkdaşları onu Astara RPŞ-nin inzibati binasına gətirmiş, polis şöbəsinə gəldikdə ilk olaraq təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri mənə izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuş və müdafiəçi Allahverən Əbilovun iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar olunmuş və zərfdə qablaşdırılmış 01 ədəd sellofan bükümünə baxış keçirilmiş, baxış keçirilən zaman həmin bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmiş, daha sonra 01 ədəd sellofan bükümündə olan narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Əməlindən səmimi peşimandır, İİ qrup əlildir (sol ayağı amutasiya olunmuş), həbs olunacağı təqdirdə ona cəza çəkmə müəssəsində qulluq edən olmayacaqdır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 fevral 2025-ci il tarixdə Astara şəhəri, Qum küçəsi, ev 325 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması və daşıması və həmin tarixdə, 21 radələrində Astara şəhəri, Qum küçəsində olacağı barədə icraatına məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 25 fevral 2025-ci tarixdə, təxminən saat 21 radələrində şöbənin digər əməkdaşları – Şahid2 və Şahid3la birlikdə avtomobillə Qurbanın olacağı Astara şəhəri, Qum küçəsinə getmiş, həmin ərazidə olduqları zaman Təqsirləndirilən şəxs yolun kənarında dayandığını görmüş və dərhal videoçəkilişlə ona yaxınlaşaraq özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş və Qurbana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demiş, daha sonra Qurbana üzərində axtarış keçirməli olduğunu demiş və Qurban etiraz etməmiş, daha sonra Qurbana üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa həmin əşyanı təqdim etməsini tələb etmiş, Qurban da əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən şəffaf sellofan bükümünü təqdim etmiş, 01 ədəd sellofan bükümünün içərisinə baxış keçirilən zaman içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra Qurbanın üzərində axtarış keçirilmiş və üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, Qurbanın üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılmı və həmin zərfin üzəri möhürlənmiş, şifahi sorğu zamanı Qurban üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini olmadığını bildirmiş, daha sonra Qurbanı Astara RPŞ-nin inzibati binasına aparmış, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin baş təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, sonra isə Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra isə vəkil və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Qurbanın üzərindən aşkar olunmuş və zərfdə qablaşdırılmış 01 ədəd sellofan bükümün içərisinə baxış keçirilmiş, baxış keçirilən zaman həmin bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, daha sonra 01 ədəd sellofan bükümündə olan narkotik vasitə kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, şifahi sorğu zamanı Qurban üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini xx.xx.2025-ci il tarixdə günorta saatlarında Lənkəran şəhəri, Böyük Bazar adlanan ərazidə yalnız üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 50 manata aldığını, özünə məxsus olduğunu, öz şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, heroindən təxminən 5 il müddətdir ki, çəkmək yolu ilə istifadə etdiyini, polislər tərəfindən ona hər hansı bir psixi və ya fiziki zor tətbiq olunmadığını bildirmişdir. Məhkmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə analoji ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. İşdə olan 25 fevral 2025-ci il tarixli “əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, 25 fevral 2025-ci il tarixdə Astara şəhəri, Qum küçəsində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra sıfırlanmış elektron tərəzi gətirilərək narkotik vasitə heroinə bənzər kütlə tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 1.73 qram olması müəyyən edilmişdir. İşdə olan 25 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, 25 fevral 2025-ci il tarixdə saat 21:07-dən saat 21:18-dək olan müddət ərzində Astara RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ cibindən aşkar edilərək götürülmüş şəffaf sellofanda 01 ədəd bükümdə 1.73 qram qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, yumşaq formada narkotik vasitə heroinə bənzər kütləyə baxış keçirildi. Həmin kütlə elektron tərəzidə ölçülərək çəkisi 1.77 qram olması müəyyən edildi. Video görüntüdən ibarət 1 ədəd DVD disk “FUJİTSU” markalı kompyuterə qoşuldu və «My computer» pəncərəsində açıldı. DVD diskə baxış zamanı “Təqsirləndirilən şəxs.mp4” adlı video görüntü açıldı. 10 dəqiqə 51 saniyədən ibarət olan görüntünün 01:55 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş, 01 bükümdə qəhvəyi rəngli, kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməliyyat müvəkkili tərəfindən ona verilən şifahi suala aşkar olunan kütlənin narkotik vasitə heroin olduğunu bildirir. Əməliyyat müvəkkili həmin kütləni elektron tərəzidə çəkir və şəffaf sellofanda 01 bükümdə 1.73 qram müəyyən olunur. Daha sonra video görüntüyə sona qədər baxış keçirilsə də Təqsirləndirilən şəxs üzərindən iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir. İşdə olan Məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2025-ci il tarixli, 19/82 nömrəli rəyinin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,296 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 01 aprel 2025-ci il tarixli, 169 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin bizə təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 1 il 06 ay müddətə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 04 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyənamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xaraketizə olunmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 27 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,246 qram narkotik vasitə olan heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri, Qum küçəsi ev 325-də yerləşən evi gecə saat 24:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Əhmədəl oğlunun barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Astara rayon Polis Şöbəsində saxlanılan 02 ədəd bükümdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 1,246 qram narkotik vasitə heroin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-69/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-69/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver