Məhkəmə qərarları › İş №1(018)-7/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-7/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-7/2024 09.01.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2 və Təqsirləndirilən şəxs iştirakı ilə, - xx xxxxxx 1984-cü il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuş, Rusiya Federasiyası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, yük avtomobili sürücüsü işləyən, məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Maxaçqala şəhəri, Aquşinski küçəsi, ev 90 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,93 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsini 01 (bir) ədəd sellofan bükümdə tütünlə qarışdırılmış vəziyyətdə üzərində “Number 1” yazısı olan yaş salfet qabının içərisində yerləşdirərək gömrük nəzarətindən gizlətmiş və idarə etdiyi “Volvo” markalı, A400HC05/AK425405 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinindəki ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yerə qoyaraq 22 sentyabr 2023cü il tarixdə, saat 17 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən Rəsmiləşdirmə mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Həmin qurudulmuş marixuana narkotik vasitəsi qeyd edilən tarixdə aparılmış gömrük yoxlaması nəticəsində gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdi ki, Rusiya Federasiyası vətəndaşı olmaqla sürücü işləyir. Beynəlxalq yük daşımaları ilə məşğul olaraq idarə etdiyi yük nəqliyyat vasitəsi ilə xarici ölkələrə yük daşımaqla məşğul olur. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Ailədə yeganə qazanc gətirən şəxsdir. İdarə etdiyi “Volvo” markalı, A400HC05/AK425405 qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. 09 sentyabr 2023-cü il tarixdə yük gətirmək üçün İran İslam Respublikasına gedib oradan yük götürüb qayıtmaq məqsədilə Rusiyadan Azərbaycan Respublikasına keçmiş, orada Astara gömrük postundan keçib İrana daxil olmuşdur. Bir neçə gün yük sifarişi gözlədikdən sonra, 21 sentyabr 2023-cü il tarixdə Rusiyanın Moskva şəhərinə daşımaq üçün nektarin-şaftalı yükü qəbul etmişdir. Həmin yükü idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusuna yükləmiş və yola çıxmışdır. İran İslam Respublikasının Astara şəhərində olduğu müddət ərzində orada tanımadığı taksi sürücülərinin birindən 150 İran rialı pula qurudulmuş marixuana narkotik vasitəsi almışdır. Uzun müddətdir marixuana çəkdiyi üçün və bu maddə İranda ucuz və rahat tapılan maddə olduğu üçün həmin marixuananı öz istifadəsi üçün almışdır. Adətən marixuanını tütünlə qarışdıraraq istifadə etmişdir. Bu dəfə də aldığı qurudulmuş marixuananı tütünlə qarışdırmış və bir qədərini istifadə etmişdir. Yerdə qalan hissəsi isə sellofan bükümdə, maşınında olmuşdur. Yükü qəbul etdikdən sonra, yola çıxdığı üçün həmin marixuananı da sonra istifadə etmək üçün özü ilə götürməli olmuş və gömrükdən keçirmək üçün də maşınında gizlətmək məcburiyyətində olmuşdur. Buna görə də tütünlə qarışdırılmış vəziyyətdə bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı maşınında olan yaş salfet paketinin içərisində salfetin arasında qoyub gizlətmişdir və həmin salfet paketini də kabinada, ön panelin əşyalar qoyulması üçün olan yerinə qoymuş və sonra yola çıxmışdır. 22 sentyabr 2023-cü il tarixdə İranın Astara gömrüyünü keçib Azərbaycan Respublikası Astara gömrük idarəsinin gömrük postuna daxil olmuşdur. Növbədə bir qədər gözləmiş və saat 17 radələrində idarə etdiyi yük avtomobilini yoxlama xəttinə sürmüşdür. Orada əvvəlcə ona rus və azərbaycan dillərində hüquq və vəzifələri yazılan sənədlər verilmiş, daha sonra, ondan üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan ediləsi hər hansı əşyanın olub-olmaması soruşulmuşdur. Gömrük əməkdaşına idarə etdiyi nəqliyyat vasitəsində qadağan edilən, gizlədilmiş və bəyan ediləsi heç bir əşyanın olmadığını dediyini qeyd etmişdir. Daha sonra, gömrükçü idarə etdiyi yük nəqliyyat vasitəsində yoxlama keçirməli olduğunu deyib bir qədər sonra, iki nəfər şəxsi çağıraraq onların gömrük yoxlamasında şahid qismində iştirak edəcəklərini bildirmiş və sonra yoxlamaya başlamışdır. Gömrük yoxlaması nəticəsində idarə etdiyi “Volvo” markalı, A400HC05/AK425405 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinindəki ön peneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan yerdən, üzərində “Number 1” yazısı olan yaş salfet qabının içərisində yerləşdirib gizlətdiyi bir ədəd sellofan bağlama aşkar edilmişdir. Həmin bağlamaya baxış keçirdikdə içərisində tütünlə qarışdırılmış vəziyyətdə qurudulmuş marixuana narkotik vasitəsi aşkar olunmuşdur. Yekunda yoxlama keçirilməsi haqqında protokol tərtib edilmiş və həmin protokolla tərcüməçinin iştirakı ilə tanış olduqdan sonra, imzalayıb təsdiq etmişdir. Həmin maddəni özü üçün aldığından bir qədərini istifadə etmiş, aşkar edilən maddə qalıq qalmışdır. Həmin maddəni də Rusiyaya gedərkən yolboyu özü istifadə etmək istədiyi üçün maşınında aşkar edildiyi yerdə gizlədib saxlamışdır. Belə maddələri gömrükdən keçirməyin cinayət olduğunu, narkotik vasitələri gömrükdən açıq aşkar keçirməyə icazə verilmədiyini, tutulduğu halda insanların həbs edildiyini bildiyini, buna görə də, həmin qurudulmuş marixuana narkotik vasitəsini salfet paketinin içərisində yerləşdirib gizlətdiyini, həmin salfet paketinin içərisinə baxmağın heç kəsin ağlına gəlməyəcəyini düşündüyünü bildirmişdir. Hazırda etdiyi əmələ görə peşmanlıq hissi keçirir, ailədə yeganə gəlir gətirən şəxsdir, himayəsində azyaşlı övladları var və məhkəmədən bunları nəzərə almağı xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsində xidmət edir. 22 sentyabr 2023-cü il tarixdə iş bölgüsünə əsasən yük maşınları üçün nəzərdə tutulmuş idxal gömrük nəzarəti xəttində xidmətdə olmuşdur. Həmin gün, saat 17-də İrandan Azərbaycan Respublikasına “Volvo” markalı, A400HC05/AK425405 dövlət qeydiyyat nişanlı yük avtomobili daxil olmuşdur. Bu nəqliyyat vasitəsini əvvəllər tanımadığı Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etmişdir. Onunla sorğu-sual apararaq üzərində və idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddəsi, dərman preparatları və sair hər hansı maddənin olubolmamasını soruşmuş, həmin şəxs isə, cavabında üzərində və eləcə də, idarə etdiyi nəqliyyat vasitəsində qanunla qadağan olunmuş heç bir predmet olmadığını bildirmişdir. Bundan sonra, kinoloq Şahid4 çağırmış və Grey ləqəbli xidməti iti nəqliyyat vasitəsinə tətbiq etmişlər. Xidməti it nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyi üçün nəqliyyat vasitəsinə əsaslı yoxlama keçirmək üçün iki nəfər şəxsi dəvət edib hal şahidi qismində iştiraklarını təmin etmişdir. Hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra, bir daha Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gizlətdiyi və ya bəyan etmədiyi mallar, o cümlədən narkotik, psixotrop kimi maddələr olub-olmadığını soruşduqda bir daha üzərində və maşında belə maddələrin olmadığını bildirmişdir. Daha sonra, hal şahidlərinin iştirakı ilə həmin yük nəqliyyat vasitəsində yoxlama keçirməyə başlamış və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının ön panelində yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən üzərində “Number 1” yazılan yaş salfet paketinin içərisindən naməlum sellofan bağlama olduğunu görmüş, həmin sellofan bağlamanı çıxarıb açıb baxanda isə, bağlamanın içərisində yaşıl rəngli qurudulmuş marixuana narkotik vasitəsinə oxşar maddə aşkar etmişdir. Bundan sonra nəqliyyat vasitəsini rentgen vasitəsilə də yoxlamış, həmin şəxsin üzərində də şəxsi yoxlama keçirmiş, lakin yoxlama nəticəsində əlavə olaraq heç bir qanunsuz predmet aşkar edilməmişdir. Yoxlama bitdikdən sonra, aşkar olunmuş bir ədəd bükümü götürmüş, təhqiqat şöbəsinin “Astara” gömrük postunun inzibati binasında yerləşən xidməti otağına gətirib, elektron tərəzidə çəkmiş, 1 ədəd xırda bükümdə açıq yaşıl rəngli maddənin qablaşdırması ilə birlikdə ümumi təqribi çəkisinin 2,5 qram olduğunu müəyyən etmişdir. Sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmişdir. Yoxlama keçirilməsi barədə protokol tərtib olunduqdan sonra, protokol ucadan oxunmuş və bütün iştirakçılar protokolla tanış olaraq imzalayıb təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 Şahid1 ifadəsində göstərdiy xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 22 sentyabr 2023-cü il tarixdə Astara Gömrük İdarəsinin qarşısında olan zaman, saat 17 radələrində Astara gömrük postunun inspektoru Tural adlı şəxs ona və onunla birlikdə olan Şahid2 adlı şəxsə yaxınlaşmış, İrandan Azərbaycana bir nəqliyyat vasitəsinin gəldiyini deyib, həmin maşında yoxlama keçirilməli olduğunu izah etmiş və onlara hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Onlar da gömrük əməkdaşı ilə razılaşaraq idxal xəttinə getmişlər. Orada gömrük əməkdaşı yoxlanılası maşını onlara göstərmiş və sürücüsü Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin şəxsi əvvəllər tanımamışlar. Yoxlama keçiriləcək “Volvo” markalı, A400HC05/AK425405 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi də həmin yerdə olmuşdur. Astara gömrük idarəsinin kinoloqu Şahid4 da yoxlamada iştirak etmişdir. Gömrükçü onlara hüquq və vəzifələrini izah etdikdən sonra, yoxlamaya başlamamışdan qabaq Sultan adlı şəxsdən nəqliyyat vasitəsində və üzərində bəyan edilməli olan, gizlədilmiş narkotik, psixotrop kimi malların olub-olmadığını soruşmuş, Sultan isə, maşınında belə malların olmadığını demişdir. Daha sonra, gömrükçü nəqliyyat vasitəsini yoxlamağa başlamış və nəqliyyat vasitəsinin kabinasında yoxlama keçirən zaman ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdən üzərində “Number 1” yazılan yaş salfet paketinin içərisində naməlum sellofan bağlama olduğunu müəyyən etmiş, həmin bağlamanın içərisinə baxanda içərisində yaşıl rəngli qurudulmuş marixuana narkotik vasitəsinə oxşar maddə aşkar etmişdir. Gömrükçü sellofan bağlamanı açanda onlar da həmin maddəni görmüşlər. Daha sonra, yoxlama davam etdirilmiş, lakin nəqliyyat vasitəsindən başqa bir qanunsuz predmet aşkar edilməmişdir. Sonra, yoxlama keçirilməsi haqqında protokol tərtib edilmiş, həmin protokolla tanış olduqdan sonra, imzalayıb təsdiq etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. “Astara” Gömrük İdarəsində tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli «malların və nəqliyyat vasitələrinin yoxlanılması» barədə protokoldan görünür ki, yoxlama başlamazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O isə, idarə etdiyi “Volvo” markalı “A400HC05/AK425405” nömrə nişanlı nəqliyyat vasitəsində bəyan edilməmiş, yaxud gizlədilmiş heç bir hüquqpozma predmetinin olmadığını bildirmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinində - ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş yerdəki üzərində “Number 1” yazısı olan salfet paketinin içərisində 1 (bir) ədəd sellofan paket aşkar edilmiş, həmin sellofan paketə baxış zamanı paketin içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə aşkar edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə qablaşdırması ilə birlikdə ümumi çəkisinin 2,5 qram olduğu məlum olmuş, sonda, həmin maddə protokol əsasında qablaşdırılaraq götürülmüşdür.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1347 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “… Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi №103692 …” sözləri olan şəffaf polietilen paketdə bir ədəd şəffaf sellofan paketdə tütün və təmiz çəkisi 0,93 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan - qurudulmuş marixuanadır. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”-na daxildir. Qeyd: Marixuananın təmiz çəkisi – 0,93 qram, tədqiqata sərf edildi – 0,03 qram, qalıq – 0,90 qram qaldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 6234 saylı ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,93 qram olan qurudulmuş marixuana narkotik vasitəsi olmuşdur. Təqsirləndirilən şəxs onu gizlin şakildə gömrük nəzarətindən keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs qeyd edilən maddənin narkotik vasitə olmasından məlumatlı olması və birbaşa qəsdlə həmin maddəni daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsi təsdiq olunur. «Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicə məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr aparması Qaydası və onlardan istifadə miqdarı həddi»nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 saylı qərarına əsasən Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstə Azərbaycan Respublikasının ərazisinə daxil olarkən müalicə məqsədi ilə keçirdiyi hər bir narkotik vasitə və ya psixotrop maddəni yazılı qaydada bəyan etməli, bununla yanaşı, özündə olan narkotik vasitə və ya psixotrop maddə ilə birlikdə narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və istifadə müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi, narkotik vasitələrin və psixotrop maddələrin qanuni yolla əldə edildiyini təsdiq edən sənədi (reseptin surətini) gömrük orqanlarına təqdim etməlidir. Təqdim edilən dərman preparatlarının adının, miqdarının, dərman formasının təqdim edilmiş sənədlərə uyğunluğu gömrük orqanları tərəfindən yoxlanılır və bəyannamədə daxil olma haqqında müvafiq qeyd aparılır. Tranzit keçən xəstə tərəfindən müalicə məqsədilə keçirilən narkotik vasitələrin və psixotrop maddələrin bəyan edilməməsi və ya digər yollarla qanunsuz keçirilməsi cəhdi aşkar edilərsə, həmin şəxsə qarşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyət tədbiri tətbiq olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da, təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, CM-nin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. 2005-ci il 28 iyun tarixli, 961- İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı”na əsasən qurudulmuş marixuana narkotik vasitəsi 5 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş qurudulmuş marixuana narkotik vasitəsinin ümumi təmiz çəkisi 0,93 qram təşkil etməklə, qanunvericiliyin tələblərinə əsasən şəxsi istehlak miqdarından artıq olmadığından əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsinə (Malları, nəqliyyat vasitələrini bəyanetmə və onun formaları) əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri və ya aid olduğu gömrük rejimi dəyişdirilən mallar və nəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən olunan digər hallarda mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikası gömrük orqanlarına bəyan edilir. Bəyanetmə müəyyən olunmuş formada (yazılı, şifahi, elektron cihazlar vasitəsi ilə və digər formalarda) mallar və nəqliyyat vasitələri, onların gömrük rejimi haqqında və gömrük məqsədləri üçün lazım olan digər dəqiq məlumatların verilməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 167-ci maddəsinə görə mallar, onların gömrük rəsmiləşdirilməsini həyata keçirən Azərbaycan Respublikası gömrük orqanına bəyan edilir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağı var. İş materiallaına əlavə olunmuş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-719/2023 saylı, 23 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 22 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 22 sentyabr 2023-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 0,90 qram qurudulmuş marixuana narkotik vasitəsi və “Number 1” yazısı olan yaş salfet təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə və yaş salfet məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» 25 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ona məxsus bir ədəd “Samsung A8+” markalı, bir ədəd “İphone 11” markalı mobil telefonlar, 100 ABŞ dolları və 70 Azərbaycan manatı saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hər hansı şəxsə təqdim olunması üçün cinayət işinin materiallarına əlavə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, həmin telefonlar və pul vəsaitləri Təqsirləndirilən şəxs təhvil verilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 22 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,90 qram qurudulmuş marixuana narkotik vasitəsi və “Number 1” yazısı olan yaş salfet məhv edilsin. İş üzrə ekspertiza xərci olan 89 (səksən doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd “Samsung A8+” markalı, bir ədəd “İphone 11” markalı mobil telefonlar, 100 ABŞ dolları və 70 Azərbaycan manatı Təqsirləndirilən şəxs təhvil verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar