Məhkəmə qərarları › İş №1(018)-70/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-70/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-70/2024 25.06.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs – (xx xxxxxxx 1986-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə, saat 11 radələrində Astara şəhəri Qum küçəsi 12 saylı fərdi yaşayış evinin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs döş qəfəsi nahiyyəsindən qəsdən bir dəfə yumruqla vuraraq, ona döş qəfəsi nahiyyəsindəki yumşaq toxumaların əzilməsi - hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Astara şəhəri Qum küçəsi 12 saylı evdə yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Astara rayonun Şüvi kənd tam orta məktəbində müəllim işləyən Zərərçəkmiş şəxs ilə tanışdır, yaxşı münasibətləri vardır. Hadisədən bir ay əvvəl Astara şəhərində Mübarizlə görüşmüş, ehtiyacı olduğu üçün ondan 50 manat pul borc istəmiş, Mübariz də ona 50 manat pul borc vermişdir. Mübarizə bir aydan sonra borcunu qaytaracağını vəd etmişdir. Bir aydan sonra, yəni 31 may 2024-cü il tarixdə, saat 11 radələrində evdə olduğu vaxt Mübariz onu həyət darvazasının qarşısına çağırmış, oraya çıxıb səmimi söhbət etmişlər. Mübariz pulunun qaytarılmasını demiş, ona pulu olmadığını, yaxın müddətdə borcunu qaytaracağını bildirmişdir. Mübariz ona “bir ay müddətində borcumu qaytaracağına söz vermişdin, niyə yalan danışırsan” demiş, bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Həmin vaxt əsəbləşərək bir dəfə yumruqla Mübarizin döş qəfəsi nahiyyəsindən zərbə vurmuş və Mübariz çıxıb getmişdir. Həmin vaxt orada heç kim olmamış, hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Ona görə də cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə razıdır, o da cinayət məsuliyyətindən azad olunması və barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Münasibətləri həmişə yaxşı olmuş, aralarında heç bir qərəzli münasibət olmamışdır. Hadisədən bir ay əvvəl Astara şəhərində İlkinlə görüşmüş, İlkin maddi vəziyyətinin çətin olduğunu bildirərək ondan 50 manat pul borc istəmiş, o da tanıdığı şəxs olduğuna görə İlkinə 50 manat pul borc vermiş və bir aya qaytarmasını bildirmişdir. Bir aydan sonra, yəni 31 may 2024-cü il tarixdə, saat 11 radələrində borcunu almaqdan ötrü İlkinin yaşadığı ünvan 2 ünvana gəlmiş, həyət darvazasından onu çağırmışdır. İlkin də düşərək ora gəlmiş, onunla səmimi söhbət edərək borcunu qaytarılmasını istəmişdir. İlkin də pulunun olmadığını bildirərək, qaytara bilməyəcəyini demişdir. Bu zaman aralarında narazılıq yaranmış, həmin vaxt İlkin bir dəfə yumruqla onun döş qəfəsi nahiyyəsindən zərbə vurmuşdur. Dava-dalaş zamanı orada kənar şəxslər olmamış, hadisə ani baş vermiş və 2-3 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edib, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəyən zərəri tamamilə ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından sonuncu onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. O, barəsində olan sadələşmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsinə razıdır və bunu məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında sadələşdirilmiş icraat materialı üzrə toplanmış materiallar, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 01 iyun 2024-cü il tarixli, 176 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində – döş qəfəsi nahiyyəsindəki yumşaq toxumaların əzilməsi - hemotoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən 10 iyun 2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Astara rayon İHB-nın Astara şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs validyenləri ilə birlikdə Astara şəhər Qum küçəsi 12 saylı evdə yaşayır. Dövlət ittihamçısı çıxışında tərəflərin barışdıqlarının, şikayət vermiş şəxsə cinayətlə vurulan ziyanın ödənilməsinin nəzərə alınıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, Zərərçəkmiş şəxs ilə barışmalarını, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini qanuni və əsaslı hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar