Məhkəmə qərarları › İş №1(018)-70/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-70/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-70/2025 04.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1973-ciü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 02 il 05 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmış və məhkumluğu ödənilmiş, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni -1,61 qram çəkidə psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 18 fevral 2025-ci il tarixdə, saat 20:25-də Astara rayonu, Təngərüd kəndi ərazisində dayanacağın yanında olan zaman saxlanılaraq üstünün yoxlanılması zamanı 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -1,61 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, evlidir, bir övladı vardır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən beş il əvvəl psixotrop maddə olan metamfetamindən istifadə etmiş, bir müddət istifadə etməmiş, lakin son zamanlar yenidən istifadə etməyə başlamış, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş, tutulmamışdan təxminən bir həftə əvvəl axşam saatlarında Ərçivan qəsəbəsində tanımadığı şəxsdən bir bükümdə psixotrop maddə – metamfetamin almış, həmin maddənin bir hissəsini bir dəfə istifadə etdikdən sonra qalanını istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır. 18 fevral 2025-ci il tarixdə, saat 20 radələrində Astara rayonu, Təngərüd kəndində hava almaq üçün küçəyə çıxdığı zaman, dayanacağın yanında dayandığı anda mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olunduğunu bildirmişlər, ona üzərində hər hansı qanunsuz əşya və predmet, o cümlədən narkotik vasitə varsa təqdim etməsi tələb olunmuş, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə – metametamini təqdim etmiş, bundan sonra üzərində aparılmış yoxlama zamanı başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmiş, daha sonra Astara şəhərində yerləşən polis şöbəsinə gətirilmiş, polis şöbəsində otaqlardan birində ona vəkil təqdim olunmuş, o, şübhəli şəxs qismində tutulmuş. Hüquq və vəzifələri izah edildikdən sonra, video çəkilişlə üzərindən götürülmüş maddəyə baxış keçirilmiş, baxış zamanı təqdim etdiyi, içərisində psixotrop maddə – metamfetamin olan büküm elektron tərəzidə çəkilmiş, təxmini çəkisi müəyyən edilmiş, sonra həmin kütlə zərfə qoyulmuş, zərf möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmış, ona verilmiş suallara cavab olaraq bildirmiş ki, həmin kütləni bir həftə əvvəl axşam saatlarında Ərçivan qəsəbəsində tanımadığı şəxsdən 50 manata almış, bir hissəsini bir dəfə istifadə etdikdən sonra qalanını istifadə etmək üçün üzərində saxlayaraq daşımışdır. Əməlindən peşimandır, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, 18 fevral 2025-ci il tarixdə Astara rayonu, Təngərüd kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Daxil olmuş məlumat dərhal raport şəklində şöbə rəisinə məruzə edilmiş, ardından şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmış, 18 fevral 2025-ci il tarixdə yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri Astara rayonunun Təngərüd kəndi istiqamətində hərəkət etmiş, əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs yol kənarındakı avtobus dayanacağının yaxınlığında dayandığı müşahidə olunmuş və əməliyyat qrupu dərhal avtomobildən enərək onun yanına yaxınlaşıb saat 20:25-də onu saxlayaraq sonra özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxladığına dair şübhənin olduğu bildirilmiş, üzərində qanunla qadağan edilən hər hansı əşya və ya predmetin olub-olmaması halında təqdim etməsi təklif olunmuş, bu təklifə əsasən, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə – metamfetaminə bənzər kütləni çıxararaq təqdim etmiş, təqdim edilən kütlə ilə bağlı ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, onu təxminən bir həftə əvvəl Astara rayonu, Ərçivan qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini, şəxsi istifadə məqsədilə saxladığını, həmin maddədən yalnız bir dəfə istifadə etdiyini və heç kəsə satmadığını bildirmiş, daha sonra təqdim edilən büküm əməkdaşlar tərəfindən elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və əməliyyat tədbirində iştirak edən əməkdaşlar tərəfindən zərfin üzərinə imzalar edilmiş, Təqsirləndirilən şəxs və üzərindən aşkar olunmuş maddə Astara Rayon Polis Şöbəsinə gətirilmiş və araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə təhvil verilmiş, toplanmış material üzrə icraçı, baş təhqiqatçı Mahir Tahirli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi, əməliyyat əməkdaşı və digər iştirakçıların iştirakı ilə 18 fevral 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərinə dair video çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış nəticəsində üzərindən götürülmüş şəffaf sellofan bükümdə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı zərf təkrar açılaraq baxış keçirilmiş, həmin kütlə yenidən elektron tərəzidə çəkilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha həmin kütlənin özünə məxsus olduğunu, təxminən bir həftə əvvəl Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 50 manata aldığını, metamfetamindən bir dəfə istifadə etdiyini, yalnız şəxsi istifadəsi üçün əldə etdiyini, heç kimə vermədiyini və satmadığını, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixoloji zorakılıq tətbiq olunmadığını bəyan etmiş, sonradan təqdim edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş və "Təqsirləndirilən şəxs.mp4" adlı fayl açılaraq izlənilmiş, video görüntüdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofan bükümdə maddənin çıxarılması əks olunmuş, video görüntüyə tam baxıldıqdan sonra iş üzrə əlavə əhəmiyyət kəsb edə biləcək hər hansı yeni xüsusat müşahidə olunmamış, yekunda baş təhqiqatçı Mahir Tahirli tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş irəli sürülməmiş və bütün iştirakçılar, o cümlədən əməliyyat əməkdaşı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə analoji ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişlər. İşdə olan 18 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:25-dən 20:33-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin -1.77 qram olması müəyyən edilmiş və qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. İşdə olan 18 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:55-dən 22:10-dək Astara RPŞdə xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin -1.77 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. İşdə olan 24 fevral 2025-ci il tarixli “diskə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, 18 fevral 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd kompakt diski “HP” markalı kompüterə daxil edib baxış keçirilən zaman 1 ədəd DVD diskdə mövcud olan “Təqsirləndirilən şəxs” adlı videogörüntü açılmış, 7 dəqiqə 58 saniyədən ibarət olan görüntünün 00:26-cı saniyəsində Təqsirləndirilən şəxs Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılır, videonun 00:54-cü saniyəsində onun əynində olan qara rəngli şalvarın sağ yan cibində olan bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim edir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin kütlə metamfetamindir, təxminən 1 həftə əvvəl Ərçivan qəsəbəsində tanımadığı şəxsdən 50 manata almışdır, öz istifadəsi üçün üzərində daşıyır, heç kimə verməmişdir. Bundan sonra həmin kütlə Təqsirləndirilən şəxs iştirakı ilə elektron tərəzi ilə çəkilərək çəkisinin 1.75 qram olması müəyyən edilir, daha sonra həmin kütlə 01 ədəd zərfdə qablaşdırılaraq imzalarla təsdiq edilir İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə fiziki-kimyəvi ekspertizası üzrə verilmiş 19 fevral 2025-ci il tarixli, 19/70 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -1,61 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş -1,61 qram psixotrop maddə olan metamfetaminin 0,1 qram hissəsi tədqiqata sərf edilmiş, -1,51 qram hissəsi qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 11 mart 2025-ci il tarixli, 137 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 5 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Astara rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 714 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2023-cü il tarixdə çəkib qurtarmışdır. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 336 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Təngərüd kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Astara RİHB-nın Təngərüd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarkterizə olunmasını və İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 20 fevral 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəsəssəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Soveoğlu ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatında sonra qalıq çəkisi 1,51 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdən 20 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 04 iyun 2025-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi subut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi 1,51 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X1 həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar