Məhkəmə qərarları › İş №1(018)-72/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-72/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-72/2023 14.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X9 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəx: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi qurudulmuş marixuana narkotik vasitəsinin 0,047 qramlıq hissəsini tütünlə qarışdıraraq siqaret bükümündə qablaşdırıb əyninə geyindiyi yaşıl rəngli gödəkçənin sağ cibində, 0,025 qramlıq hissəsini isə, idarə etdiyi “Daf” markalı, 10TU477/10ZE177 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında, sürətlər panelinin üst hissədən sağ tərəfində olmuş qənd qabının altında saxlayaraq, 28 fevral 2023-cü il tarixdə saat 07 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə daxil olub Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və eyni tarixdə şəxsi əşyalarına, həmçinin nəqliyyat vasitəsinə tətbiq edilmiş gömrük yoxlaması nəticəsində ümumilikdə 0,067 qram çəkidə həmin qurudulmuş marixuana narkotik vasitəsi saxladığı yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 ildən çoxdur sürücülük edib ailəsinin dolanışığını təmin edir. Saxlanıldığı vaxta kimi idarə etdiyi “Daf” markalı, 10TU477/10ZE177 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi-TİR ona məxsusdur. Həmin nəqliyyat vasitəsini 17 ildir ki alıb və bu müddət ərzində həmişə özü istifadə edir. Həmin nəqliyyat vasitəsi ilə müxtəlif ölkələrə yük daşımışdır. Əsasən, Rusiya Federasiyası, Gürcüstan və İran İslam Respublikasına yük daşımaqla məşğul olur. Artıq 5 ilə yaxındır qurudulmuş marixuana narkotik vasitəsindən istifadə edir. Uzun illər sürücülük etdiyinə görə daima yollarda olur və günün böyük hissəsini maşın sürür. Buna görə də həm ayıq qalmaq üçün, həm əhvalının yaxşı olması üçün və bir qədər də bədən ağrıları ilə yorğunluğu olanda yaxşı təsir etsin deyə marixuana çəkir. Sonuncu dəfə Rusiya Federasiyasında nəqliyyat vasitəsinə yüklənilmiş “un” yükünü İrana aparmaq üçün Azərbaycandan tranzit qaydada keçərək İrana getmişdir. İranın Astara şəhərində həmin un yükünü boşaltdıqdan sonra, geri qayıtmaq üçün yük götürməli olmuşdur. Yük daşınması sifarişi olmadığına görə 2 həftəyə yaxın gözləməli olmuşdur. Bu müddət ərzində İranda marixuana alıb istifadə etmişdir. Orada Azərbaycanla müqayisədə marixuana tapıb almaq daha asan və çox ucuz olduğunu, Azərbaycan pulu ilə 4-5 manata bir qram marixuana almağın mümkündür. Marixuana istifadə etməyə başladığı vaxtdan tütünlə qarışdırıb siqaretin içərisində çəkməklə qəbul edir. Elə olur ki, sürücü yoldaşlardan da istifadə etmək üçün ona marixuana pay verirlər. Hər dəfə olduğu kimi bu dəfə də İranda olduğu vaxt istifadə etmək üçün tanımadığı iranlı bir şəxsdən marixuana almışdır. Həmin maddəni siqaretə doldurub çəkmişdir. Fevral ayının son günləri Rusiyanın Sankt-Peterburq şəhərinə aparılası “krevetka” yükü sifarişi olmuşdur. Həmin yükün ona məxsus yük maşınına yüklənməsi prosesi bir neçə gün çəkmişdir. Həmçinin, İran tərəfdə də gömrüyün qarşısında bir qədər sırada gözləməli olmuşdur. Sıra ona çatdıqdan sonra, 28 fevral 2023-cü il tarixdə İran gömrüyünü keçdikdən sonra, səhər saat 7 radələrində Astara gömrük postuna daxil olmuşdur və idarə etdiyi nəqliyyat vasitəsini yoxlama xəttinə sürmüşdür.Orada gömrükçü onunla şifahi şəkildə sorğu-sual edib idarə etdiyi maşında və üzərində qanunla qadağan edilən, bəyan edilməli olan və gizlədilmiş narkotik vasitə, psixotrop madə, dərman preparatı, pul, qızıl, silah və sair mallar olub-olmadığı ilə bağlı sual vermişdir. O da, üzərində heç bir qadağan olunmuş və bəyan etməli olduğu, eləcə də, gizlətdiyi predmetin olmadığını demişdir. Gömrükçü isə, üzərində və nəqliyyat vasitəsində gömrük yoxlaması aparacağını demişdir. Bir qədər keçdikdən sonra, iki nəfər şəxs çağırıb həmin şəxslərin hal şahidi kimi yoxlamada iştirak edəcəklərini demiş, ona və hal şahidlərinə hüquq və vəzifələri izah etmişdir. Ona həmçinin əvvəlcədən hüquq vəzifələrə dair sənəd də vermişdir. Nəqliyyat vasitəsini yoxlamağa başlayan vaxtdan sonra, o, cibindəki şeyləri çıxarıb maşına qoymuşdur ki, birazdan sonra üzərində də yoxlama aparılacaq. Elə cibindən çıxardığı şeylərə gömrükçü baxanda içərisində marixuana qarışdırıb çəkdiyi və qalıq hissəsi qalan siqaret qalığını görmüşdür. Diqqətlə baxanda içərisində yaşıl rəngli maddəni görüb nə olduğunu soruşmuşdur. Bunu soruşduğu üçün gömrükçüyə həmin maddənin marixuana olduğunu, siqaretə qarışdırıb çəkdiyini demişdir. Daha sonra, yoxlama davam etmiş və nəticədə maşının kabinasındakı sürətlər panelinin üst-sağ tərəfində olan qənd qabının alt hissəsindən də bir qədər marixuana aşkar edilmişdir. Həmin maddənin də nə olduğunu ondan soruşanda gömrükçüyə həmin maddənin də marixuana olduğunu demişdir. Maşında daha başqa yerdə marixuana olmamışdır və maşını yoxlayıb bitirdikdən sonra, əlavə heç nə aşkar edilməmişdir. Üzərində də yoxlama aparıldığı halda başqa heç nə aşkar olunmamışdır. Daha sonra, onları postun ərazisindəki xidmət otağına aparmışlar. Həmin otaqda narkotik maddə olan marixuana çəkilmiş və cibindəki siqaret hissəsinin içərisində olan tütünlə qarışdırdığı marixuananın təmiz halda 0,3 qram, maşının kabinasından qənd qabının altından aşkar edilən maddənin isə, 0,2 qram, ümumi çəkisinin 0,5 qram olduğu məlum olmuşdur. Yekunda yoxlama haqqında protokol yazılmışdır. Həmin protokolu ucadan oxuduqdan sonra, o da tanış olmuş və imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirdi ki, əvvəllər heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Yalnız öz istifadəsi üçün alıb istifadə etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs tutduğu əməldən səmimi peşman olmasını bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Astara gömrük postunda yükləmə-boşaltma işlərində fəhləlik edib pul qazanır. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində Astara gömrük postunun işçisi Laçın adlı gömrükçü ona və onunla birlikdə fəhləlik edən Vüqara yük xəttində İrandan gələn bir nəfər şəxsin nəqliyyat vasitəsində və üzərində gömrük yoxlaması keçiriləcəyini demişdir, bunu deyərək onları şəxsi yoxlama zamanı hal şahidi qismində iştirak etmək üçün dəvət etmişdir. Onlar da, gömrükçü ilə razılaşıb onunla birlikdə idxal xəttinə getmişlər. Oraya gedəndə “Daf” markalı, 10TU477/10ZE177 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini görmüşlər. Gömrükçü Laçın sürücü Təqsirləndirilən şəxs onları təqdim etmişdir. Onlar bir-birilərini əvvəlcədən tanımamışlar. Gömrükçü onlara hüquqlarını və vəzifələrini izah etdikdən sonra, onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərində və idarə etmiş olduğu nəqliyyat vasitəsində gizlətdiyi və bəyan etmədiyi narkotik, psixotrop və ya dərmanların və hər hansı predmetin olub-olmadığını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində də, nəqliyyat vasitəsində də qanunsuz heç nəyinin olmadığını demişdir. Bundan sonra, gömrükçü nəqliyyat vasitəsinin kabinasını yoxlamağa başlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs də kabinada olmuşdur. Təqsirləndirilən şəxs həmin ərəfədə əynindəki yaşıl rəngli gödəkçənin sağ cibindən bir sıra əşyaları çıxarıb maşının oturacağına qoymuşdur. Gömrükçü həmin əşyalara baxandan sonra, əşyaların arasında olmuş siqaret qalığının içərisində tütünə qarışdırılmış şəkildə yaşıl rəngli, marixuana narkotik vasitəsinə bənzər maddə olduğunu demişdir. Həmin maddəyə baxanda tütünlə qarışdırılmış yaşıl rəngli maddəni görmək olurdu. Bunu Təqsirləndirilən şəxs soruşduqda, sonuncu həmin maddənin içərisində tütünə qarışdırılmış marixuana olduğunu deyib həmin maddəni çəkmək üçün cibində saxladığını bildirmişdir. Gömrükçü nəqliyyat vasitəsini yoxlamağa davam etdikdə isə, nəqliyyat vasitəsinin kabinasında, surətlər panelinin üst tərəfdən sağ hissəsində olan qənd qabının altında açıq yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər maddə olduğunu da aşkar etmişdir. Həmin yük maşınından başqa heç bir qanunsuz predmet aşkar edilməmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi yoxlama zamanı da iştirak etmişdilər, amma, şəxsi yoxlama nəticəsində əlavə heç bir qanunsuz predmet aşkar olunmamışdı. Aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar maddə gömrükçü tərəfindən götürüldükdən sonra, hər kəs Təhqiqat şöbəsinin “Astara” gömrük postunda yerləşən xidməti otağına getmişdir və həmin maddə orada elektron tərəzidə çəkilmişdir. Həmin maddələrin tam çəkisi 1 qramdan az idi. Yekunda yoxlama barədə protokol tərtib edilmiş və protokol yazıldıqdan sonra, ucadan oxunmuş, bütün iştirakçılar protokolla tanış olmuşdurlar. O da, həmin protokolla tanış olduqdan sonra, imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 şahid X2 göstərdiyi xususatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X3 Bölməsinin 28 fevral 2023-cü il tarixli, 19/243 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd polietilen paketdəki, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri: -0,042 qram, -0,025 qram, ümumi təmiz çəkisi: -0,067 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Qeyd: marixuananın təmiz çəkisi:-0,067 qram, cəmi tədqiqata sərf edildi-0,02 qram, qalıq-0,047 qram. Tütünün təmiz çəkisi:-0,030 qram, tədqiqata sərf edildi-0,01 qram.). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin ekspertlərinin verdiyi 16 mart 2023-cü il tarixli, 1553 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir, şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” 28 iyun 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər dedikdə, keçmişdə törətdikləri cinayətlərə görə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarını müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaçəkmə müəssisələrində, həbsxanalarda, azadlıqdan məhrum edilmiş şəxslər üçün müalicə müəssisələrində, təsərrüfat və məişət xidməti işlərinə görə istintaq təcridxanalarında saxlanılmış və yeni cinayət hadisəsi törədilənədək qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş şəxslər başa düşülməlidir.” Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o,ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat, ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 02 ədəd bükümlərdə ümumi təmiz çəkisi, 0,047 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 02 ədəd bükümlərdə ümumi təmiz çəkisi, 0,047 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar