Məhkəmə qərarları › İş №1(018)-72/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-72/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-72/2025 18.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Astara rayonu, Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1,409 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamış və daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 21 fevral 2025-ci il tarixdə saat 17:24 radələrində Astara rayonu, Rüdəkənar kəndi ərazisində saxlanılaraq üzəri yoxlanılarkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən yaşıl rəngli sellofan bükülüdə 1,409 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertiza rəyləri və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Astara rayonu, Rüdəkənar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda subaydır, 1 uşaq atasıdır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2017- ci il tarixindən saxlanıldığı günə qədər psixotrop maddə metamfetamindən tüstü yolu ilə istifadə etmişdir. xx.xx.2025-ci il tarixində axşam saatlarında Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən qəbiristanlığın arxasında yerdən psixotrop maddə metamfetamin tapmış və tələbatına uyğun olaraq istifadə etmək məqsədilə üzərində götürmüşdür. Lakin həmin metamfetamindən istifadə etməmişdir. 21 fevral 2025-ci il tarixdə saat 17:24 radələrində Astara rayonu, Rüdəkənar kəndi ərazisində yolda piyada hərəkətdə olan zaman polis əməkdaşları yaxınlaşaraq onu saxlamış və üzərində olan əşyalara baxış keçirmişlər. Baxış zamanı əynində olan qara rəngli cins şalvarın sağ cibindən yaşıl sellofana bükülmüş, 01 bükümdə ağ rəngli, psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş kütləni Astara rayonu, Rüdəkənar kəndi ərazisində yerləşən qəbrstanlığın arxasında yerdən tapdığını, həmin psixotrop maddənin özünə məxsus olduğunu, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını və pay vermədiyini bildirmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini tapmış və şəxsi istifadəsi üçün götürmüş, tələbatıma uyğun olaraq istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı özünü təqsirli bilsə də, məhkəmə tərəfindən ona verilmiş son sözündə özünü təqsirli bilmədiyini, qorxduğu üçün belə bir ifadə verdiyini göstərmiş, barəsində cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanılması və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat marağı kəsb edən məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Bundan sonra 21 fevral 2025-ci il tarixdə, saat 17:24-da o, Astara RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Astara RPŞnin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs Astara rayonu, Rüdəkənar kəndi ərazisində yolun kənarənda saxlamışlar. O, Təqsirləndirilən şəxs özünü və digər əməkdaşları təqdim etmiş, üzərində olan əşyalara baxış keçiriləcəyini bildirmiş və Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefon və 01 ədəd açar aşkar olunaraq avtomobilin ön hissəsinin üzərinə qoyulmuş və o baxış keçirilməsini davam etdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən yaşıl rəngli büküm aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin “patı” yəni, psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümü Rüdəkənar kənd qəbiristanlığından tapdığını, istifadə etmədiyini, heç kimə satmadığını, pay vermədiyini, çəkmə üsulu ilə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahidlər Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Astara RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 məhkəmə iclasında iştirak etməmiş, məhkəməyədək istintaq zamanı vermiş olduqları ifadə məhkəmə iclasında elan edilərək tədqiq edilmişdir. Şahidlər Şahid3 və Şahid4 ibtidai istintaq zamanı Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin əlamətləri olduğundan, göstərilən maddə ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır (i.v.1). «Əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında» 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Astara rayon Polis Şöbəsinin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 21 fevral 2025-ci il tarixdə saat 17:24-də başlanmış və videoçəkilişlə qeydə alınmış əməliyyat tədbiri zamanı X2 rayon Rüdəkənar kəndində piyada hərəkətdə olduğu zaman saxlanılmış, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olması ilə bağlı üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan qara cins şalvarın sol yan cibindən bir ədəd "Nokia" markalı mobil telefon, bir ədəd sayğac açarı, qara rəngli şalvarın sağ yan cibindən yaşıl selefona bükülmuş bir bükum psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (i.v.9-10). Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd yaşıl rəngli bükümdə olan psixotrop maddə metamfetaminə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını, tapdıqdan sonra tələbatına uyğun olaraq şəxsi istifadə etməsi üçün üzərində saxlayaraq gəzdirdiyini bir daha təsdiq etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 21 fevral 2025-ci il tarixdə, saat 18:20-dən tutulmuş hesab olunmuşdur. (i.v.15). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 22 fevral 2025-ci il tarixli, 19/73 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,409 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 1,409 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq qaldı 1,359 qram (i.v.42). “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v.53). Əşyaların təhvil verilməsi haqqında 23 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd Nokia markalı mobil telefonu və 01 ədəd açarı Astara RPŞ-nin İB-nin müstəntiqi Rəhmin Zeynalovdan təhvil almışdır (i.v.74). “Təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 23 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v.75-76). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 18 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Ağayev X6 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 05 il azadlıqdan məhrum etmə cəzasına, məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 06 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir (113-115). Astara Rayon Məhkəməsinin 1(018)-26/2023 saylı, 18 aprel 2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir (i.v 118-122). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi X3 188 saylı, 08 aprel 2025-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (i.v.123). Sübutların qiymətləndirilməsi haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham, eləcə də həmin tarixdə onun barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirininin dəyişdirilmədən öz qüvvəsində saxlanılmasının iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1,409 qram psixotrop maddə olan metamfetaminin 25 fervral 2025-ci il tarixdə iş üzrə maddi sübut hesab edilməsi, metamfetaminin 0,05 qramının tədqiqata sərf edilməsi nəzərə alınmaqla, qalan 1,359 qram metamfetaminin 01 (bir) ədəd zərfə qablaşdırılıb “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 X7 №2” mətninə malik ştampla stamplanmış vəziyyətdə saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsinin iş üzrə nəzərə alınması, 21 fevral 2025-ci il tarixdə saat 17:24-dən saat 17-31-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstünün yoxlanılması prosesinin video görüntüsünün yaddadşına köçürüldüyü 01 (bir) ədəd və 21 fevral 2025-ci il tarixdə saat 18:35-dən saat 18:50-dək olan müddət ərzində Təqsirləndirilən şəxs aşkar olunmuş kütləyə baxış keçirilməsi və üzərində şəxsi axtarış keçirilməsinin görüntüsünün yaddaşına köçürüldüyü 01 (bir) ədəd diskin 26 fevral 2025-ci il tarixdə maddi sübut kimi tanınmaqla saxlanması üçün cinayət işi materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi vaxt və mənbə istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul olunması, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan məhkəmə-kimyəvi ekspertizasının 22 fevral 2025-ci il tarixli 19/73 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2025-ci il tarixli, 188 nömrəli rəyləri, şahidlərin ifadələri və digər iş materiallarının iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.125-132). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs bütün məhkəmə istintaqı zamanı özünün təqsirli bildiyini qeyd etmiş, nə tutulduğu zaman, nə məhkəməyədək istintaq zamanı, nə də məhkəmə istintaqı dövründə hər hansı psixi və fiziki təsirə məruz qalmamış, müdafiə hüququ tam təmin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ona verilən son sözdə özünün təqsirli bilmədiyini ifadə etməsini sübutları şübhə altında qoymaq, məhkəməni əsl həqiqətdən yayındırmaq, məhkəmə istintaqının uzadılmasına nail olmaq məqsədi güddüyünü hesab edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini məsuliyyətdən yayınmağa cəhd kimi və özünü müdafiə kimi qiymətləndirərək rədd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahıya əsasən metamfetamin təmiz çəkisi 0,15 qram və daha artıq olduqda xeyli miqdar, 2 qram və daha artıq olduqda külli miqdar, 400 qram və daha artıq olduqda isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Beləliklə, Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən 1,409 qram olan ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminin miqdarı xeyli miqdar kimi müəyyən edilmiş, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırki törədilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi, daşınması və saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli 18 iyun 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-X3 rəyi ilə müəyyən edilmiş Təqsirləndirilən şəxs toksikomaniya xəstəliyindən əziyyət çəkdiyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,359 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında, əməliyyat axtarış tədbirlərinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollara əlavə edilmiş 02 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 60 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli qərarına əsasən 1-ci hissəyə “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözlərinin əlavə edilməsi və həmin hissədə “6 manat” sözlərinin “11 (on bir) manat” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin, o, məhkəmə iclas zalından həbsə alınsın və hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalan və Astara RPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilən 1,359 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün 8 (səkkiz) saat hüquqi yardım göstərildiyinə görə 88 (səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsindən tutulub Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar