Məhkəmə qərarları › İş №1(018)-73/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-73/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-73/2025 04.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X3 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2001-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəraitdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni -9,599 qram çəkidə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 01 mart 2025-ci il tarixdə saat 18:21-də Astara şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin ərazisində saxlanılaraq üstünün yoxlanılması zamanı 01 ədəd kibrit qutusunda təmiz çəkisi -9,599 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tutulmamışdan təxminən 2 ay əvvəl narkotik vasitə qurudulmuş marixuandan istifadə etmişdir. 01 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmazdan 2 gün əvvəl, yəni 27 fevral 2024-cü il tarixdə Astara şəhərində yerləşən köhnə hərbi şəhərciyin həyətində piyada hərəkətdə olan zaman yerdə 1 ədəd kibrit qutusu görmüş və həmin qutu diqqətini cəlb etdiyindən yerdən götürmüş və içərisinə baxandan içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görüb istifadə etmək məqsədilə cibinə qoymaqla üzərində daşımış, həmin marixuanadan bir dəfə istifadə etmiş və qalanını da istifadə etmək məqsədilə üzərində daşımışdır. 01 mart 2025-ci il tarixdə saat 18 radələrində Astara şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin həyətinə orada olan köhnə tikililərdən birində narkotik vasitə marixuana çəkməyə getmiş, həmin hərbi şəhərciyin həyətində hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmiş, ona üzərində qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etmiş, bu təklifdən sonra əynində olan qırmızı rəngli gödəkçənin sağ ön üst cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana kütləsini çıxarıb təqdim etmiş, bundan sonra başqa üstünün yoxlanılması zamanı üzərindən 01 ədəd ekranı sökülmüş vəziyyətdə olan İphone markalı mobil telefon aşkar olunmuş, bundan başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilməmiş, sonra onu Astara şəhərində yerləşən polis şöbəsinə gətirmişlər, polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra video çəkilişlə üzərindən aşkar olunaraq götürülmüşdür. Kütləyə baxış keçirilməyə başlanılmış, baxış zamanı təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusu elektron tərəzidə çəkilərək təxmini çəkisi müəyyən edilmiş, sonra həmin kütlələr zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalamışlar, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Əməlindən səmimi peşimandır, ilk dəfədir ki cinayət məsuliyyətinə cəlb edilir. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 01 mart 2025-ci il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmış, daha sonra 01 mart 2025-ci il tarixdə, saat 18:21-də yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə Astara şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyinə istiqamətlənmişlər, qrup üzvləri Astara şəhəri, S.Vurğun küçəsində olduqları zaman Təqsirləndirilən şəxs həmin küçədə piyada hərəkətdə olduğunu görmüş və dərhal ona yaxınlaşmışlar, özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli bilindiyi bildirilmiş, Təqsirləndirilən şəxs, üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında onu təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçəsinin sağ ön cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütləni çıxarıb təqdim etmiş, ona verilmiş suallara cavab olaraq bildirib ki, həmin kütlə narkotik vasitə marixuanadır, onu Astara şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin həyətində yerdən tapmış və istifadə məqsədilə üzərində saxlamış, həmin maddəni heç kəsə satmamış və yalnız bir dəfə istifadə etmişdir, daha sonra içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd kibrit qutusu elektron tərəzidə çəkilmiş, təxmini çəkisi müəyyən edilmiş, ardınca kibrit qutusu özü və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzərinə özü və digər iştirakçılar tərəfindən imzalar atılmış, bundan sonra Təqsirləndirilən şəxs və üzərindən aşkar olunmuş kütlələr Astara Rayon Polis Şöbəsinə gətirilmiş və araşdırmanın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə təhvil verilmiş, toplanmış materialın icrası Astara RPŞ-nin baş təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, Mahir Tahirli tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra vəkilin, özü və digər iştirakçıların iştirakı ilə videoçəkiliş aparılmış, 01 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sağ ön cibindən götürülmüş bir ədəd kibrit qutusunda, yaşıl rəngli narkotik vasitə – qurudulmuş marixuanaya bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərf təkrar açılmış və kibrit qutusundakı maddəyə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 12.94 qram olduğu müəyyən edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, 27 fevral 2025-ci il tarixindən əvvəl Astara şəhəri, S.Vurğun küçəsində yerləşən köhnə hərbi şəhərciyin həyətində yerdən tapdığını, ondan bir dəfə istifadə etdiyini, bütün kütləni şəxsi istifadəsi üçün götürdüyünü, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız ara-sıra marixuanadan istifadə etdiyini, həmin maddədən heç kimə vermədiyini, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixoloji zor tətbiq edilmədiyini bildirmiş, daha sonra video görüntüdən ibarət 1 ədəd DVD diskə baxış keçirilmiş, diskdə “Təqsirləndirilən şəxs.mp4” adlı video görüntü açılmış və izləmə zamanı Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli gödəkçənin sağ ön cibindən bir ədəd kibrit qutusunda maddə aşkar olunduğu müşahidə edilmiş, video görüntü sona qədər izlənilmiş, lakin iş üzrə əlavə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır, bundan sonra baş təhqiqatçı Mahir Tahirli tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və düzəliş edilməmiş və onunla digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə analoji ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. İşdə olan 01 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 18:21-dən 18:28-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ üst cibindən 01 ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin -12.97 qram olması müəyyən edilmiş və qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. İşdə olan 01 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” haqqında protokoldan görünür ki, həmin tarixdə saat 19:15-dən 19:26-dək Astara RPŞdə xidməti otaqların birində videoçəkiliş vasitəsilə və müdafiəçinin iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan qırmızı rəngli idman gödəkçəsinin sağ ön cibindən aşkar edilərək götürülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan 01 ədəd kibrit qutusuna baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin -12.94 qram olması müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq DİN-in zərflər üçün olan 84 nömrəli möhür ilə möhürlənmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə bioloji ekspertizası üzrə verilmiş 02 mart 2025-ci il tarixli, 19/94 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Astara şəhər sakini Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə…» sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi: -9,599 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 04 mart 2025-ci il tarixli, 116 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “kannabinoidlərin” qəbulundan yaranan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə təqsirləndirilən şəxs dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 417 №-li xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə ounur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 03 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzaından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 9,499 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdən 03 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara şəhəri, N.Nərimanov küçəsi, 6 nömrəli evi gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti alına vermə” qətimkan tədbiri qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut kimi tanınmış Astara Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,499 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar