Məhkəmə qərarları › İş №1(018)-74/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-74/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-74/2024 24.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Astara rayonu, Kijəbə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Astara rayonu Məçitməhəllə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə, tanışı, Astara rayonu, Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs məxsus həmin kənddə yerləşən fərdi yaşayış evinə təmizlik işləri görməkdən ötrü getdikdən sonra evin yataq otağında olan dolabda pul olduğunu görüb, özgənin əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə həmin tarixdə, günorta vaxtı dolabın içərisindəki sellofanın üstündə olan 200 manat, sellofanın altında olan 638 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 838 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu, Məçitməhəllə kəndində yerləşən fərdi yaşayış evində qaynatasıgildə övladları ilə birlikdə yaşayır. 20 fevral 2024-cü il tarixdə, günorta saatlarında Rüdəkənar kənd sakini Zərərçəkmiş şəxs zəng edib, bayramla əlaqədar təmizlik işlərində köməklik etməyini xahiş etmiş, ona, bu barədə qaynanası Şahid1 deməsini bildirmiş, sonra telefonu qaynanasına vermiş və İstifa evi təmizləməsi ilə bağlı qaynanasi ilə razılaşmışdır. Həmin gün, günorta saatlarında İstifanın evinə getmiş, İstifanın evi 2 mərtəbəli olsa da birinci mərtəbəsində yaşayış yoxdur, elə ilk gün evin 2-ci mərtəbəsində təmizlik işlərinə başlamış, həmin gün İstifanın əri Namiqin otağını təmizləmiş, sonra isə İstifa ondan otağında olan dolabı silməyini istəmiş, həmin dolab iki hissədən ibarətdir, ümumilikdə 4 qapısı vardır, dolabın sağ tərəfində olan qapıları açdıqda dolabın alt tərəfində sellofan torba olduğunu, torbanın içərisində pul qoyulduğunu görmüşdür. Otaqda kimsənin olmadığını görüb, həmin pulu oğurlamaq qərarına gəlmiş, sellofan torbanın içərisindən 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq pul əskinası götürmüş, pulun hamısını götürməmişdir. Əgər İstifa və ailə üzvləri onun oğurluq etməyisindən şübhələnməsələr növbəti gün sellofandan daha çox pul oğurlayacağını düşünmüş, həmin gün, saat 18 radələrinədək İstifanın evində işləyərək, sonra İstifanın evini tərk edib, evinə getmişdir. 21 fevral 2024-cü il tarixdə, təxminən saat 09 radələrində yenidən İstifanın evinə getmiş, ilk öncə İstifanın otağında işləməyə başlamış, günortaya yaxın artıq həmin otaqda işlərini bitirmiş, otaqda işlərini bitirsə daha həmin otağa daxil ola bilməyəcəyini, ona görə də, işlərini tam yekunlaşdırmamış heç kimin onu görmədiyindən əmin olduqdan sonra yenə də şkafın qapısını açmış və dolabın sağ tərəfinin aşağı hissəsindən sellofanın içərisindən 1 ədəd 100 manatlıq, bir neçə 20 manatlıq və başqa pul əskinaslarını götürüb, şalvarının cibinə qoymuş, bundan sonra evin digər otaqlarında da təmizlik işləri aparmışdır. İstifa onun övladları üçün bir qədər ərzaq məhsulu evinə aparması üçün vermiş, İstifanın evini tərk edib öz evinə getmişdir. Zərərçəkmiş şəxs evindən ümumilikdə 200 manat pul oğurlamış, ilk gün 6 manat pul oğurlamış, növbəti gün isə 194 manat pul oğurlamış, pulu oğurlayan zaman saymış və pul ümumilikdə 200 manat olmuş, ev sahibləri otaqda olmayan zaman evdən pulu oğurlamış, onu kimsə görməmişdir. İstifanın evindən 838 manat deyil 200 manat pul oğurlamışdır.Oğurladığı puldan 100 manat qaytarmışdır. Hazırda tutduğu əməldən peşmandır. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 19 fevral 2024-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs övladlarını bağçaya gətirmiş, bu zaman onunla rastlaşmış və maddi vəziyyətinin aşağı olduğundan pula ehtiyacı olduğu üçün evində təmizlik işləri etmək istədiyini ona demişdir. 20 fevral 2024-cü il tarixda Təqsirləndirilən şəxs zəng edərək evinə çağırmışdır. Həmin gün, günorta saatlarında Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və təmizlik işləri ilə məşğul olmuşdur. Həmin gün Gülanənin yanında olmuş, evdə ancaq təmizlik işləri etmiş, növbəti gün, yəni 21 fevral 2024-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs yenidən onlara gəlmiş və təmizlik işlərinə davam etmişdir. Həmin gün Təqsirləndirilən şəxs tez-tez yataq otağındakı paltar şkafının qapısına əli ilə toxunmuş, bir neçə dəfə Gülanəyə paltar şkafına toxunmamasını demiş, çünki həmin paltar şkafının içindəki sellofanda özünə məxsus 838 manat pulu gizlətmiş və Gülanənin həmin pulu ehtiyacı olduğu üçün oğurlamasından ehtiyat etmişdir. Həmin pulun 200 manatı isə sellofanın üstündə olmuş, 638 manatını isə sellofanın aşağı hissəsinə qoymuşdur. Təqsirləndirilən şəxs onun otağını təmizləyən zaman çay istədiyini demiş, onun üçün çay gətirməyə getmiş, çayı gətirən zaman Gülanənin əlinin yenə paltar şkafında olduğunu görmüş, yenidən bu barədə irad bildirmiş, həmin gün Təqsirləndirilən şəxs işləri tam bitirmiş və evinə getmişdir. 22 fevral 2024-cü il tarixdə, səhər saatlarında paltar şkafında olan sellofanın içinə pul qoymaq istəyərkən sellofanın üstündə qoyduğu 200 manat pulun orada olmadığını görmüş, dərhal sellofanın aşağısında qoyduğu 638 manatın olub-olmadığını yoxlamış, həmin 638 manatın da orada olmadığını və oğurlanmış olduğunu aşkar etmişdir. 638 manat pulun 300 manatını əri ona vermişdir. Heç kimə bu barədə məlumat vermədən bağçaya getmiş və Təqsirləndirilən şəxs uşaqları gətirən zaman Gülanəni otağına çağırmış, nə üçün pulunu götürdüyünü bildirmişdir. Gülanə özünü yalandan xəstəliyə qoymuş, güya ki, halı pisləşmiş, danışığa qızı Ellada gəlmiş və məsələdən xəbərdar olmuşdur.Ellada ilə birlikdə Təqsirləndirilən şəxs əgər pulu götürübsə gətirib verməsini xahiş etmişlər. Gülanə isə ağlayaraq pulu götürmədiyini demiş, lakin qardaşından 50 manat pul alıb verəcəyini bildirmişdir. Qızı Ellada təkrar-təkrar oğurladığı pulları gətirib verməyini tələb etmiş, Təqsirləndirilən şəxs halı pisləşdiyi üçün evə getmişdir. Sonra qızı Ellada Gülanənin böyük oğlu Muraddan anasının evə pul gətitib gətirmədiyini soruşmuş, Murad cavabında anasının evə çoxlu pul gətirdiyini demişdir. Qızı Ellada da Muradın bu dediklərini videoçəkiliş ilə yazmış, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs qaynanası Nisa və uşaqları ilə birlikdə yaşadığı evə gəlmiş, Nisa Gülanənin oğurladığı puldan 200 manatını gətirəcəyini və polisə bu barədə müraciət etməməyini xahiş etmişdir. Gülanə ilə razılaşmış, lakin həmin pulu gətirmədiyi üçün bu barədə polisə məlumat vermişdir. Dəymiş zərərdən ona 100 manat pul qaytarılmışdır. Mülki iddia verib. Mülki iddiasının təmin edilməsini, Təqsirləndirilən şəxs həbs ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2024-cü ilin fevral ayının sonlarında Rüdəkənar kənd sakini İstifa Mirzayeva ona zəng edib gəlini Gülanənin İstifanın evində təmizlik işləri aparan zaman evdən pul oğurladığını bildirmişdir.İstifaya belə bir şeyin mümkün olmadığını, gəlini Gülənənın halal insan olduğunu demişdir. Gülanədən evdən oğurluq edibetmədiyinı soruşmuş, Gülanə də ona oğurluq etmədiyini demiş, sonra Gülanəni götürüb onunla birlikdə İstifanın evinə getmişdir.İstifa yenə də Gülanənin oğurluq etdiyini demiş, o da gəlinin oğurluq etmədiyini bildirmişdir. İstifa ona Gülanədən polisə şikayət edəcəyini demiş və buna etiraz etməmiş, çünki, Gülanənin oğurluq etmədiyindən əmin olmuşdur. Təxminən 2024-cü ilin mart ayının ortalarında gəlini Təqsirləndirilən şəxs evdə ona 1 ədəd 100 manatlıq pul əskinası verib həmin pulu qardaşının verdiyini deyərək pulu onun üçün saxlamağını xahiş etmiş, həmin pulu xərcləyəcəyindən ehtiyyat edib pul qabının içərisinə qoyub qonşuluqda yaşayan X3 vermişdir. Bu ərəfələrdə Gülanəni polisə çağırmışlar və Gülanə izahat verərək oğurluq etmədiyini bildirmişdir. Sonra yenə də Gülanəni çağırmışlar və Gülanənin həqiqətən də İstifanın evindən oğurluq etməsi və saxlamağından ötrü verdiyi 100 manat pulun da İstifaya məxsus pul olması məlum olmuşdur. Gülanə ona 100 manat pul vermiş, lakin Gülanənin nə qədər pul oğurladığını bilməmiş, əgər Gülanənin pul oğurladığını bilsə Gülanədən pul almaz və həmin pulu İstifaya qaytararmış. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Namiq qızı ifadəsində göstərdi ki, 22 fevral 2024-cü il tarixdə, saat 11 radələrində bağçada işdə olarkən anası Zərərçəkmiş şəxs olduğu otağa getmiş, anasının telefonda danışaraq ağladığını görmüşdür. Nə üçün ağladığını soruşduqda ona evə təmizləyə gətirdiyi Gülanə adlı qadının evdən 200 manat və 638 manat olmaqla cəmi 838 manat pul oğurladığını demişdir. Anasına bu hadisəni ondan gizlətdiyi üçün irad bildirmiş və özü Gülanəyə zəng edib danışdırmağa başlamış, telefon danışığı zamanı oğurladığı 838 manat pul vəsaitini gətirib verməsini demişdir. Gülanə isə ağlamağa başlayaraq qələt etdiyini, bir də etməyəcəyini deyərək qardaşından 50 manat pul alıb verəcəyini bildirmişdir. Gülanəyə qardaşının pulunun lazım olmadığını deyərək sadəcə etiraf etməsini və bir də belə hadisə törətməyəcəyinə söz verməsini istəmişdir. Gülanə də bir də belə əməl etməyəcəyinə söz vermişdir. Gülanənin 5 yaşlı oğlu anasının işlədiyi Astara rayonu Suparibağ kənd bağçasında tərbiyə alan Murad anası İstifaya Gülanənin gecə evə gələndə çoxlu pul gətirdiyini demiş, Muradın bu dediklərini telefonda videoçəkilişlə qeyd etmişdir. Anası İstifanın səhhətində ciddi problemlər olduğundan müalicə alır, Bakı şəhərində müalicə almaq üçün pul yığmışdır. İşdə olan 09 iyun 2024-cü il tarixli "diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, baxış zamanı diskə, Zərərçəkmiş şəxs səs yazısında ona məxsus evdən Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 838 manat pulun oğurlanması hadisəsinin təfərrüatları barədə danışması, bundan əlavə baxış zamanı diskdə olan səs yazısında zərərçəkmiş şəxs X1 Ellada Namiq qızının Təqsirləndirilən şəxs ilə olan telefon danışığında X7 Mirzəyevanın evindən pul oğurlaması faktını etiraf etməsi və həmın əməli bir daha törətməyəcəyini, peşman olduğunu bildirməsi barədə danışıqların olması, bundan əlavə diskə olan videoçəkilişlərdə təqsirləndirilən şəxs Gülana Yusifovanın övladı X6 anası Gülanənin gecə evə qayıdarkən özü ilə çoxlu pul gətirdiyini və həmin pulu evdə gizlətdikdən sonra bu barədə heç kimin, yəni nənəsi və babasının bilməməsini ona təkidlə tapşırdığını deməsi barədə danışıqların olması müəyyən edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittham üzrə özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxsin evindən 838 manat deyil, 200 manat oğurlaması barədə dediklərini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı göstərdiyi xüsusatlar cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 05 iyun 2024-cü il tarixli tələbnaməsindən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda X2 himayəsində xx.xx.2020-ci il təvəllüdlü Murad və xx.xx.2021-ci il təvəllüdlü Tofiq adlı övladlarının olması qeyd olunur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Suparibağ kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə X4 müsbət xarakterizə olunur. İş materialında olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs vurduğu zərərdən qismən ödəniş etməsini və himayəsində iki nəfər azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara cinayət-prosessual, mülki və mülki-prosessual qanunvericiliyinin müvafiq normaları əsasında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cinayət işi üzrə mülki iddiaçı qismində tanınmış Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 838 manat məbləğdə pul vəsaiti tutulub ona verilməsini tələb etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən vurduğu zərərdən 100 manat ödəniş etməsini nəzərə alaraq, iş üzrə mülki iddianın qismən təmin edilməsini və Təqsirləndirilən şəxs 738 manat məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi) göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq o cümlədən iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MM-nin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-nin 1091.1 və 1091.2-ci maddələrinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası MM-nin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu andan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 738 (yeddi yüz otuz səkkiz) manat məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs verilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar