Məhkəmə qərarları › İş №1(018)-76/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-76/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-76/2024 27.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X37 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9, Barəsində şikayət edilmiş şəxs X13, Müdafiəçi2 iştirakı ilə, 29 noyabr 1969-ci ildə Astara rayonuda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Astara şəhəri Səməd Vurğun küçəsi, ev 117-də qeydiyyatda olan və yaşayan X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbində direktor vəzifəsində işləyən X17, həmin məktəbdə kargüzar vəzifəsində işləyən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci,147.2-ci və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittihamçı X17 şikayətini onunla əsaslandırmışdır ki, o, 03 fevral 2020-ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddət ərzində məktəb rəhbərliyi olaraq nümunəvi olmuşam. Nümunəvi xidmətimə görə təşəkkür almış, fəxri fərmanla təltif olunmuş, dövlət və ictimai tədbirlərdə yaxından iştirak etmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Astara Rayon Təhsil Şöbəsinin müdiri tərəfindən “Təşəkkürnamə” ilə təltif edilmiş, AZDİ Astara rayon şöbəsinin sədri tərəfindən fəxri fərmanla təltif edilmişdir. Xidmət göstərdiyim müddət ərzində həmişə dövlətimizə və dövlətçiliyimizə sadiq olmuş, layiqli və nümunəvi rəhbər olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş, ona göstərilən etimadı doğrultmağa çalışmışdır. İşlədiyim dövr ərzində heç bir nöqsana yol verməmişdir. Bir rəhbər kimi işçilərin rəğbətini qazanmağa çalışmış və demək olar ki, buna nail olmuşdur. İşçilər arasında böyük hörmətə sahib olduğu danılmazdır. Lakin Astara şəhər 6 saylı tam orta məktəbin kargüzarı X22 yuxarı instansiyalara, həmçinin hüquq mühafizə orqanlarına ünvanladığı müraciətlərində, sosial şəbəkələrdə, qəzetlərdə həqiqətə uyğun olmayan məlumatlar və böhtan xarakterli məlumatlar dolu ərizələr, izahatlar yazmışdır. X22 yazdığı ərizələrdə və izahatlarda məni ağır cinayətlərdə ittiham edərək məni rəhbərlik və işçilər arasında nüfuzdan salmağa çalışmışdır. X13 yazdıqlarının heç biri həqiqəti əks etdirməsə də, o yazdığı ərizə və izahatlarında, eləcə də sosial şəbəkələrdə etdiyi paylaşımlarda onu dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Şikayətlər qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. Belə ki, X22 etdiyi şikayətlərində 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar onun məktəbin laborantı Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasnı, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını göstərmişdir. Ancaq Astara rayon prokurorunun böyük köməkçisi, X18 tərəfindən Validə Məmmədovanın şikayəti əsasında araşdırma aparılmış və onun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar qəbul edilmişdir. Bundan başqa, X20.com internet informasiya ehtiyatına təqdim edilmiş 25 yanvar 2023-cü il tarixli müsahibəsində direktor Ülviyyə Bayramovanın ona məktəbin ərizələrinin qeydiyyat kitabının vərəqlərini dəyişdirməyi əmr etməsini o, etiraz etdikdə həmin kitabın vərəqləri cıraraq yenisini ora tikib, ona yenidən yazdırmasını, direktor Ülviyyə Bayramovanın “Müəllimlər günün”də, “8 mart qadınlar bayramın”da, özünün ad günlərində və hər ayın sonu əmək haqlarımız verilən zaman qarşısına siyahı qoyaraq onlardan pul yığmasını və kimlərəsə yığdırmasını, özünün direktor Ülviyyə Bayramovaya aylıq rüşvət vermədiyi üçün ona təzyiqlər göstərməsini bildirmişdir. Bundan başqa, Validə Məmmədovanın 26 yanvar 2023-cü il tarixdə facebook internet informasiya ehtiyatının 140 000 –dən artıq üzvü olan təhsil forumu qrupunda və “mektebgushesi.az” internet informasiya ehtiyatında etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, məktəbin direktorunu rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. Bundan başqa, Validə Məmmədova 22 065 üzvü olan facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda 31 yanvar 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yayılmışdır ki, 23 ildir ki, katibə işlədiyim Astara şəhər 6 saylı tam orta məktəbə son 3 ildir ki, təyin olunan direktor X2 və rüşvətxor əməlləri barədə 2022 –ci il aprel ayından cənab prezidentə və yüksək qurumlara şikayət ünvanlamışam və hal-hazırda da davam edirir. Çox –çox təəssüflər olsun ki, aidiyyatı qurumlar nəyə görəsə bu direktoru dəstəkləyir və onun bütün nöqsanlarının üstün çox gözəl şəkildə örtürlər. Bütün bunlardan da özünə güc tapan Ülviyyə Bayramova bu sözləri səsləndirərək “get prezidentin sənə kömək etsin” deyərək şikayətçi olduğum üçün ona olmazın təzyiqlər göstərir və onu işdən çıxarmaqla təhdid edir. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 05 fevral 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kim direktorun hər dediyini edirsə, onun üçün rüşvət toplayırsa onlar yaxşı olur, kim etiraz edirsə direktor olur həmin adamla düşmən. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 08 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, heç bir məktəb rəhbəri təmənnasız şagirdi yola verməz. Hələ bizim məktəbdə uzaq kənddən olan şagirdin adı 11ci sinifdə gedir aylarla məktəbə gəlmir. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə direktorun saxtakarlıqları pik həddinə çatıb ancaq hələ ona dur deyən yoxdu. Çünki deyir adamı var. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda 17 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, bizim məktəbdə saxtakarlıq baş alıb gedir. Direktor özünə məxsus çətə yaradıb. Bütün saxtakarlıqları onlarla edir. Dəhşətdi. Bundan başqa, Validə Məmmədova facebook internet informasiya ehtiyatının 140 000 –dən artıq üzvü olan təhsil forumu qrupunda 18 mart 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, kimin kefi nə vaxt istəyir imza atır. Bir neçə gün işə gəlmir sonra gəlir direktorun razılığı ilə gəlmiyən günlərə də imza atır. Həmin yayımlardan görünür ki, Validə Məmmədova məktəbin sənədlərinin şəklini özbaşına çəkmiş və sosial şəbəkələrdə yaymışdır. Həmin paylaşımlarda daha sonra yer almışdır ki, o Elçin Cəbiyevə cavab verərək bildirmişdir ki, bizi bu həddə çatdıran direktordu. Çünki məktəbdə hegemonluq edir. Bizi aşağılayır şantaj edir. Eləcə də həmin paylaşımlardan görünür ki, X36 Bağırova adlı şəxsə bildirir ki, biz şikayətçiyik deyə bizi şantaj edir ancaq öz komandası ona hədiyyələr verənlər, ad günlərində pul yığıb verənlər öz kefləri ilə işləyir. Daha sonra həmin paylaşımlardan görünür ki, X29 adlı şəxsə bildirir ki, direktor saxtakarlıq edəndə, bizi şantaj edəndə, üstümüzə yalançı şahidlər gətirəndə, imza atdıranda utanmır bəs mən haqqı danışanda niyə utanmalıyam. Bundan başqa iş materiallarına əlavə olunmuş və video materialdan ibarət olan diskdə X13 mənə eyni məzmunlu böhtan xarakterli məlumatları məktəbin həmkarlar təşkilatının iclasında, yəni kütləvi çıxışda yalan olduğunu bilə-bilə yayması faktı öz əksini tapmışdır. Belə ki, təqribən iyirmi nəfər müəllim heyətinin iştirak etdiyi həmin iclasda da X22 məktəbin müəllimlərini dövlətin pulunu mənimsəməkdə və direktorla bölməkdə ittiham edir. Hesab edir ki, dövlətin pulunu mənimsəmək və həmin pulun direktorla bölünməsi ilə bağlı deyilən fikirlər onu ağır cinayətdə ittiham etməkdir. Eləcə də diskdə olan video-materialdan görünür ki, Validə Məmmədova qeyd edir ki, məktəbin müllim heyəti direktorun rüşvətxorluğuna göz yuman komandadir. Eləcə də X13 qeyd etdiyi “onu hansısa deputat himayə edir” və ona saxtakar, hegemon deməsi kimi fikirləri bir qadın olaraq onun şərəf və ləyaqətinə toxunmuş ki, onun ona münasibətdə həmin fikirləri kütləvi informasiya vasitələrində yaymasını özünə qarşı təhqir hesab etdiyindən cinayət hesab olunur. X13 internet informasiya ehtiyatlarında və hüquq mühafizə orqanlarına və eləcə də prezident administrasiyasına etdiyi müraciətlərində qeyd etdikləri nə qanuna, nə əxlaq normalarına, nə millimənəvi dəyərlərə və nə də ümumbəşəri norma və prinsiplərə uyğun deyil, ən əsası isə yalandır. Lakin barəsində təhqir və böhtan xarakterli məlumatlar cəmiyyətdə yayılmışdır. Bununla da hesab edir ki, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Məhkəmədə xüsusi ittihamçı X17 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsini müdafiə edib ona uyğun ifadə verərək, məhkəmədən təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmədə xüsusi ittihamçı X10 nümayəndəsi Müdafiəçi1 məhkəmədən təqsirləndirilən şəxs X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunması barədə hökm çıxarılmasını xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs X22 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1999-cu il tarixdən Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində kargüzar vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində heç bir nöqsana yol verməmiş, işinin öhdəsindən layiqincə gəlmişdir. Bayramova Ülvüyyə 2020-ci ildə Fərman Əliyarov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin olunmuş və o, direktor X7 Səid Halik oğlunun işə götürülməsi ilə bağlı müraciət etmişdir. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə onun oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra sonra onların münasibətləri pozulmuşdur. Ülvüyyə Bayramova direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar onun məktəbin laborantı Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmiş, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmış, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmış, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəmdır. O, da əvvəllər hər dəfə 20 manat olmaqla pul versə də, sonra imkanı olmadığına görə pul verməmişdir. Buna görə də Ülvüyyə Bayramova ona təzyiq etmiş, onu işdən çıxartmaqla hədələmişdir. Bütün bunlara görə də o, Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda Ülvüyyə Bayramovanın rüşvətxorluğu, saxtakarlığı, ona təzyiq etməsi barəsində yazıb, paylaşım etmiş, məktəbin həmkarlar təşkilatının iclasında çıxış etmişdir. Hesab edir ki, onun qeyd etdikləri həqiqətdir. Məhkəmədə şahid qismində dindirilən X14 göstərdi ki, o, Astara şəhər 6 saylı tam orta məktəbində fizika müəllimi vəzifəsində işləyir. 2023-cü ilin əvvəllərindən məktəbdə kargüzar vəzifəsində işləyən X22 tərəfindən Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda məktəbin drektoru X10 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsini qeyd etməklə paylaşmalar etmişdir. X4 məktəbin kollektivinin iştirak etdiyi məktəbin həmkarlar təşkilatının iclasında çıxış edərkən Ülvüyyə Bayramovanın rüşvətxorluğu, saxtakarlığı barədə bildirmişdir. Ancaq X1 nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında məktəbin drektoru X17 barəsində qeyd edilən yazışmaları və məktəbin həmkarlar təşkilatının iclasında çıxışında bildirdikləri həqiqət deyildir, böhtandır. Belə ki, Fərman Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbində məktəbin drektoru Ülvüyyə Bayramova tərəfindən hec vaxtı 8 mart X28 ilə əlaqədar pul yığdırmamış, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmamış, öz ad günü olduğuna görə müəllimlərdən pul yığdırmamış, məktəbin inventarlarını satdırmamışdır. Məhkəmədə şahid qismində dindirilən X8 şahid X15 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları təsdiq etdi. İş materialında olan, Astara rayon prokurorunun böyük köməkçisi X11 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 aprel 2022-ci il tarixli Qərarından məlum olur ki, məhkəmənin gargüzarı X22 tərəfindən Astara rayon prokurorluğuna müraciət edilərək, “məktəbin drektoru X10 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” bildirilsədə X13 göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından qeyd edilən qərar qəbul edilmişdir. İş materialında olan, 01 ədəd DVD diskinə baxış keçirilərkən məlum olmuşdur ki, X22 məktəbin kollektivinin iştirak etdiyi məktəbin həmkarlar təşkilatının iclasında çıxış edərkən məktəbin drektoru X10 məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olmasını qeyd etmişdir. İş materialında olan, Musavat.com internet informasiya ehtiyatında, Tehsil Forumu.Az” internet informasiya ehtiyatında, facebook internet informasiya ehtiyatının təhsil forumu qrupunda, “mektebgushesi.az” internet informasiya ehtiyatında və facebook internet informasiya ehtiyatının təhsil şikayətləri və təkliflər qrupunda X22 tərəfindən paylaşımlara əsasən həmin sosial şəbəkələrdə yayılmış məlumatlardan olan çıxarışlardan məlum olur ki, X22 tərəfindən “məktəbin drektoru X10 direktor təyin olunandan sonra 2022-ci ilin mart ayında 8 mart X28 ilə əlaqədar Məlahət Əliyeva vasitəsi ilə özü üçün 320 (üç yüz iyirmi) manat pul yığdırmasını, prokurorluq adı ilə məktəbdə rəhbər işçilərdən və müəllimlərdən ümumilikdə 1500 (bir min beş yüz) manat məbləğində pul yığdırmasını, 29 noyabr 2021-ci il tarixdə ad günü olduğuna görə Xuraman xanım vasitəsi ilə müəllimlərdən pul yığdırmasını, məktəbin inventarlarını satdırıb, pulunu mənimsəməsi, məktəbdə rüşvətxorluq və saxtakarlıqla məşğul olması, ona təzyiq etməsi” ifadələri yayılmış və sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin X12 adına tərtib etdiyi 17 may 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, təqsirləndirilən şəxs X22 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, X6 şəhəri Səməd Vurğun küçəsi, ev 117 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin X22 barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Xüsusi ittihamçı X17 xüsusi ittiham qaydasında vermiş olduğu şikayətində X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsini göstərərək, onun həmin maddələrlə təqsirli bilinərək cəzalanmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittihamçının gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayətmühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsi. Maddə 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 148. Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən normaların tələblərindən çıxış edərək, aşağıda təsvir edilənlərə əsasən müəyyən olunur ki, xüsusi itihamçı tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmamış, hazırki işin faktiki hallarına uyğun olmayan əməlin tövsifində və eyni zamanda təqsirlilik məsələsində səhvə yol verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, X3 Ülvüyyə Aydın qızı barəsində ağır və xüsusilə ağır cinayət etməkdə ittiham etməklə, ona böhtan atmışdır ki, ba da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin təkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin «sübutların toplanılmasından, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144); Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (mad. 145.1). Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, xüsusi ittihamçı tərəfindən təqsirləndirilən şəxsə həmin Məcəllənin 147.1 və 148-ci maddələri ilə də ittiham verilmişdir. Halbu ki, bunun üçün qanunda nəzərdə tutulmuş, qeyd edilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə ittiham verilmiş əməli ittihamdan xaric edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X13 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Onun həmin əməli, yəni X17 barəsində ağır və xüsusilə ağır cinayət etməkdə ittiham etməklə ona böhtan atması iş materialları ilə tam təsdiqini tapmışdır.. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X13 törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkibi vardır. X13 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə,onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətləyanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxs X13 ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən X13 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X22 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa, məhkəmə hesab edir ki, X13 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-ci il tarixli, 3 №-li Qərarı ilə qərara alınmışdır ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Azərbaycan Respublikasl Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinintələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin müddəalarına uyğun surətdə müvafıq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət üzrə maddi sübut olan 01 ədəd DVD diskin şikayətə əlavə edilməsi nəzərə alınmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X13 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. Xüsusi ittiham qaydasında şikayət üzrə mülki iddia, və məhkəmə xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42,179, 197- 198, 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci madəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. X13 cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. X22 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Xüsusi ittiham qaydasında şikayət üzrə maddi sübut olan 01 ədəd DVD diskin şikayətə əlavə edilməsi nəzərə alın. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxs X13 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar