Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-78/2025 16.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X23 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, X11, Təqsirləndirilən şəx: X8 və müdafiəçi X18 iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə İran İslam Respublikasının Salman şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı evli, orta təhsilli, məhkumluğu olmayan, "Azar Logistic 2017 LLC"də sürücü vəzifəsində işləyən, İran İslam Respublikası Salmas şəhəri Zindəşt kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 ittiham olunur ondan ötrü ki, o, güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Belə ki, o, İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən və vaxtda, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan əldə etdiyi güclü təsir edən maddə ümumi təsir maddəsinin miqdarı 4,388 qram tramadolu şalvarının sağ yan kiçik cibində gizlətməklə daşıyaraq 27 dekabr 2024-cü il tarixdə təxminən saat 01 radələrində Dövlət Sərhəd Xidmətinin X19 rayonu ərazisində yerləşən «Astara» X15 İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gəlib, həmin güclü təsir edən maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış və üzərinə keçirilmiş baxış zamanı qeyd olunan güclü təsir edən maddənin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ildən etibarən yük avtomobili sürücüsü qismində fəaliyyət göstərmiş, sürücü qismində 2023-cü ilin oktyabr ayınadək İİR daxilində, xx.xx.2023-cü il tarixdən etibarən isə İİR-AR və İİR-Gürcüstan arası müxtəlif yük¬lərin daşınması ilə məşğul olmuş və İİR-də “Azar Logistic 2017 LLC” adlı beynəlxalq nəqliyyat şirkətinin sürücüsü qismində fəaliyyətini davam etdirmişdir. AR ərazisində yaxın dostluq yaxud qohumluq əlaqələri olmamışdır. AR-ə gəlişində məqsədi “Azar Logistic 2017 LLC” şirkətinə məxsus Renault markalı LP 249 LP dövlət nömrə nişanlı yük avtomobili ilə AR ərazisindən tranzit keçərək İİR-nın Astara şəhərindən Gürcüstanın Tbilisi şəhərinə yük (duz) aparmaqdan ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 00:45 radələrində AR Astara gömrük postunda pasportunu Azərbaycan Respublikasına girişinə dair rəsmiləşdirilməsi üçün kabinada olan sərhəd naryadına təqdim etmiş, sərhədçi də öz növbəsində AR-ə girişini rəsmiləşdirdikdən sonra pasportunu özünə geri qaytarmışdır. Bundan sonra tərəzidən keçərək talvarın altında avtomobilinin yoxlanılması üçün bir qədər gözləməli olmuşdur. Buna səbəb isə ondan öncəki avtomobilin yoxlanılması prosesi bir qədər uzun çəkməsi olmuşdur. İİR-dən AR-ə giriş talvarının altında avtomobilinə sərhəd və gömrük əməkdaşları tərəfindən birlikdə baxış keçirilmiş, həmçinin, onların tələbi ilə üzərində nə varsa çıxarıb avtomobilin kabinasında göstərərkən üzərində qanunazidd hər hansı bir əşya və ya maddə olmadığından təkrar üzərində olanları cibinə qoymuşdur. Avtomobilinin yoxlanışı zamanı onda avtomobilin sağ və sol kənarla¬rındakı yanacaq çənlərinin qapağını açmağı tələb olunmuş, o, da həmin qapaqları açarla açaraq sərhəd və gömrük əməkdaşına göstərmişdir. Yanacaq çənlərinin içərisi və avtomobilin digər yerləri ciddi şəkildə yoxlanıldıqdan sonra ona avtomobilini baxış talvarının altından çıxarıb bir qədər öndə saxlamağını, daha sonra geri qayıdaraq vahid pəncərədə avtomobilinə və yükünə dair sənədlərini gömrükdən götürməyi tələb olunmuşdur. Bu zaman o, avto¬mobili yoxlanış yerindən təqribən 50-60 metr irəliyə sürərək saxlamış və sənədlərini götürmək üçün təkrar yoxlanış yerinin yanındakı vahid pəncərəyə yaxınlaşmışdır. Orada gömrük əməkda¬şından sənədlərini götürüb avtomobilinin yanına qayıqdıqda isə avtomobilinin yanacaq çəninin qapağını yoxlanışdan sonra bağlamadığını görmüşdür. İlk olaraq sağ çəni bağladıqdan sonra, sol çənin də qapağını bağlayarkən çənin altında yerdə 2 ədəd içərisi görünməyən kiçik sellofan bağlamanın olmasını görüb yerdən götürmüş, lakin bağlamanın içərisinə baxmamışdır. Bağlamanı yerdən götürməkdə məqsədi isə onların içərisində qiymətli nəyinsə olmasını düşünməyi olmuşdur. Bundan sonra avtomobilini rentgen yoxlanışından da keçirtdikdən sonra saat 04:20 radələrində avtomobillə terminala giriş qapısındakı şlaqbauma yaxınlaşmışdır. Şlaqbaumda paspotuna sərhəd naryadı tərəfindən təkrar baxış keçirilərkən sərhəd naryadı ondan qadağan olunmuş nəyinsə olubolmaması ilə maraqlanmışdır. O, da müşahidə kameralarından həmin bağlamaları ərazidən götürdüyünün müşahidə olunduğunu zənn edərək şalvarının cibindən bağlamaları çıxarıb sərhədçiyə təqdim etmişdir. Sərhədçi həmin bağlamalardan birinin içərisinə baxdıqdan sonra hər ikisini özünə geri qaytarıb cibinə qoymağını istəmiş, o, da cibinə qoymuşdur. Bu zaman artıq o, avtomobildən enərək sərhədçinin yanında dayanmışdır. Sərhədçi kiməsə zəng edərək qapıya tərəf gəlməsini istəmişdir. Qısa zaman sonra başqa bir sərhədçi onların yanına çatdıqdan sonra həmin bağlamalar ondan alınmış və yanlarına gələn digər sərhədçi avtomobilinə əyləşərək öz nəzarəti altında onu təkrar olaraq avtomobillərin yoxlanış yerinə sürdürüb üzərinə və avtomobilinə təkrar baxış keçirilmişdir. Lakin avtomobilin¬dən və üzərindən əlavə olaraq qanunazidd heç bir əşya aşkar edilməmişdir. O, həmin bağlamaları yerdən tapdığını, içərisində hər hansı bir güclü təsir edən maddə olmağını bilmədəyini və yerdən götürməkdən məqsədinin bağlamaların içərisində hər hansı bir qiymətli əşyanın olması olmuşdur. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sərhəd Nəzarətinin mühafizəçisi Şahid2 ifadəsində göstərmişdir ki, o, 05 avqust 2018-ci il tarixdən DSX-nin Sərhəd Nəzarətində, çavuş qismində xidmətə başlamış, 27 dekabr 2021-ci il tarixdən Astara rayonu ərazisində yerləşən "Astara" sərhəd nəzarəti şöbəsində mühafizəçi vəzifəsində, gizir hərbi rütbəsində xidmət etmişdir. 27 dekabr 2024cü il tarixdə “Astara" sərhəd nəzarəti şöbəsində saxlanılan İran İslam Respublikasının vətəndaşı X1 ilə bağlı onu demişdir ki, 26 dekabr 2024-cü il tarixdə saat 20:00-dan 27 dekabr 2024-cü il tarixdə saat 09:00-dək "Astara" sərhəd nəzarəti şöbəsində "Şlaqbaum gözətçisi" sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 27 dekabr 2024-cü il tarixdə saat 04:25 radələrində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn, İran İslam Respublikasına məxsus “Renault" markalı LP249LP dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü xx xxxxx 1977-ci il təvəllüdlü X9 gömrük yoxlanışından keçdikdən sonra Azərbaycan Respublikasına giriş qapısında sənədlərinə baxış keçirdiyi zaman özünü şübhəli apardığı üçün üzərində və yük nəqliyyat vasitəsində qanunsuz əşyaların olub-olmamasını soruşmuşdur. X10 əyninə geyindiyi qara rəngli şalvarın sağ yan kiçik cibindən, 02 (iki) ədəd şəffaf rəngli sellofon bükümdə dərman vasitələrini çıxararaq ona təqdim etmişdir. Cibindən çıxartdığı dərman vasitəsinin zavod bağlaması və üzərində adının olmaması onda şübhə yaratdığı üçün aidiyyatı üzrə “Növbə rəisi" baş leytenant Şahid1 məruzə etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş DSX-nin Sərhəd Nəzarətinin «Astara» SNM nəzarətçisi Şahid1, Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 27 dekabr 2024-cü il tarixdə «Astara» sərhəd buraxılış məntəqəsində olarkən saat 04 radələrində "Astara" SNŞ-nin rəis müavini Ruslan İsmayılov onu şöbənin yoxlama otağına dəvət edərək bildirmişdir ki, bir nəfər şəxsin üzərini yoxlayacaq o, da yoxlamada iştirak etsin. O, da Ruslan ilə razılaşmışdır. Bundan sonra Ruslan otaqda adını orada bildiyi X21 vətəndaşı Najmaddın adlı şəxsi yoxlamağa başlamışdır. Yoxlama da ondan başqa digər hal şahidi Şahid3 və "Astara" SNŞ-nin nəzarətçisi Şahid1 da iştirak etmişdir. Yoxlama başlayarkən, İran İslam Respublikası vətəndaşı Najmaddın Eısazadehbazhergehin üzərində və ya əşyalarında narkotik maddə və ya hər hansı bir şübhəli əşya və ya predmet olub-olmadığı, hər-hansı bir yerdə gizlədib-gizlətmədiyi, vardırsa könüllü təqdim etməsini təklif edilmişdir. Sorğu-sual edilərkən Najmaddın Eısazadehbazhergeh qara rəngli şalvarının sağ yan kiçik cibindən iki ədəd şəffaf rəngli sellofan bükümləri çıxardaraq təqdim etmişdir. Bükümlər açıldıqda içərisində qırmızı rəngli iki xətli üzərində "225" yazısı həkk olunmuş 19 ədəd həb və 02 ədəd həmin həbin parçaları olması müəyyən edilmişdir. Həmin vasitələr qablaşdırılmış və götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü və 144-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq protokollarını, ekspertiza rəylərini və digər sənədləri aşağıdakı ardıcıllıqla yoxlayb təhlil etmişdir. İşdə olan dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev məktubundan görünür ki, 27 dekabr 2024-cü il tarixdə saat 04 radələrində «Astara» sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşı X5 üzərlərinə keçirilmiş baxış zamanı qara rəngli şalvarının sağ yan kiçik cibindən iki ədəd şəffaf rəngli sellofan bükümlər aşkar olunaraq götürülmüşdür. Həmin bükümlərin içərisində 19 ədəd həb və 02 ədəd həmin həbin parçaları olması müəyyən edilmişdir. İşdə oaln 27 dekabr 2024-cü il tarixli aşkar edilmiş bükümlərin götürülməsi protokolundan görünür ki, İran İslam Respublikası vətəndaşı X5 qara rəngli şalvarının sağ yan kiçik cibindən iki ədəd şəffaf rəngli sellofan bükümlər aşkar olunaraq götürülmüşdür. İşdə olan 27 dekabr 2024-cü il tarixli baxış protokolundan görünür ki, İran İslam Respublikası vətəndaşı X5 qara rəngli şalvarının sağ yan kiçik cibindən aşkar olunaraq götürülmüş iki ədəd şəffaf rəngli sellofan bükümlərin içərisində qırmızı rəngli iki xətli üzərində "225" yazısı olan, ümumilikdə 19 ədəd həb və 02 ədəd həmin həbin parçaları olması müəyyən edilmişdir. İşdə olan 05 fevral 2025-ci il tarixli DGK-dən daxil olmuş diskə keçirilmiş baxış protokolundan görünür ki, video görüntülərdə ağ rəngli "Renault" markalı LP249LP nömrə nişanlı yük nəqliyyat vasitəsinin 27 dekabr 2025-ci il tarixdə saat 00:30-da Astara SNŞ-yə daxil olmuş, 00:37-də girişdən rejim zonasına hərəkət etmiş, rejim zonasında gözləyərkən sürücü X9 4 halda nəqliyyat vasitəsindən düşmüş və yenidən minmiş, 03:11-də gömrük yoxlanışına daxil olmuş, 03:28-də gömrük yoxlanışı yekunlaşdırıldıqdan sonra çıxış istiqamətində hərəkət etmiş, 03:29-da çıxışa çatmamış nəqliyyat vasitəsini saxlayaraq düşmüş və gömrük yoxlanışı istiqamətində qayıtmış, 03:37-də qayıdaraq nəqliyyat vasitəsinin sağ və sol hissələrinə baxış keçirmiş və daha sonra nəqliyyat vasitəsinə minmiş, 03:43-də çıxış istiqamətində gəlmiş, 03:51-də sərhədçi tərəfindən kabinaya baxış keçirilmiş, 03:58-də digər sərhədçilər də çıxış istiqamətində gəlmiş, 04:04-də nəqliyyat vasitəsi rejim zonasına qaytarılmış, 05:00-dən rejim zonasında sürücü ilə filtirasiya aparılmış, 05:05-dən 06:10-dək yenidən nəqliyyat vasitəsinə baxış keçirilmişdir. İş üzrə təyin edilib keçirilmiş Məhkəmə-kimyəvi ekspertizasının 29 dekabr 2024-cü il tarixli 3- 16-16/2-6/5603 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfi açdıqda üzərində "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün N16 dairəvi möhür əksləri olan bir ədəd zərfdəki 19 ədəd bütöv və 02 ədəd 4-də 1 hissə qırmızı rəngli dairəvi formalı dərman əsas təsiredici maddəsi tramadoldur və həmin dərman tabletlərinin tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarının 4,388 qramdır. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına" (1 nömrəli əlavə) daxildir. Ekspertizaların keçirilməsində sərf edilmiş güclü təsir edən maddələr nəzərə alınmaqla, tramadolun qalığı 18 ədəd tablet təşkil edir. İşdə olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli 442 nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs X6 narkomaniya xəstəliyi aşkar olunmamışdır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarəsindən alınmış sorğunun cavabından görünür ki, X9 tramadolu şəxsi istifadəsi üçün İran İslam Respublikasında əldə etmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş, materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsivasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə əsasən cinayət əməli hesab edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 yanvar 2020-ci il tarixli qərarında göstərilmişdir: «Satış məqsədi olmadan şəxsi istehlak miqdarından asılı olmayaraq narkotik vasitələrin və ya psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır». Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, güclü təsir edən maddə olan tramadolu yerdən tapması, ona aid olmaması, sərhədçilərə özünün təqdim etməsi barədə göstərdiyi xüsusatlara məhkəmə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs X5 ifadəsində göstərdiyi bu cür hallar cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər sübutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir.. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X9 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respubılikası CM-nin 206.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X7 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, X9 27 dekabr 2024-cü il tarixdə inzibati qaydada saxlanılmışdır. İşdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X9 28 dekabr 2024-cü il tarixdə o, şübhəli şəxs qismində tutulmuş, 29 dekabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə "həbs" qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddələriinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 81 (səksən bir)manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X9 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. İş üzrə maddi sübut olan 12 mart 2025-ci il tarixli qərarla ekspertiza təqqiqatından qaytarılmış tramadolun qalığı olan 18 ədəd tablet maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİnin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza təhqiqatından sonra qalıq qalan, tramadolun qalığı olan 18 ədəd tablet hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X22 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X8 Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X8 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X8 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 27 dekabr mart 2024-cü il tarixdən hesablansın. X3 81 (səksən bir) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 18 ədəd həb tramadol hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X8 əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X22 tərəfindən təqsirləndirilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-78/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-78/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver