Məhkəmə qərarları › İş №1(018)-79/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-79/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-79/2025 23.09.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi - X5, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Dağıstan Sovet Sosialist Muxtar Respublikasında anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, orta təhsilli, yük nəqliyyat vasitəsi sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Kayakənd rayonu, Kayakənd kəndi, Sofdagistan küçəsi, ev 57 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi 0,224 qram qurudulmuş marixuana narkotik vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 1 (bir) bükümdə idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsindəki alətlər panelinin üzərində yerləşən, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş siyirmənin altındakı boşluqda gizlədərək Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına gedərkən 15 mart 2025-ci il tarixdə, saat 11 radələrində Astara rayonunun inzibati ərazisində yerləşən Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, həmin tarixdə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı qeyd edilən narkotik vasitə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 206.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təqribən 30 ildir yük nəqliyyat vasitəsi sürücüsü kimi beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olur. İdarə etdiyi "Scania" markalı O021TK05/AM106505 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi oğlu Azamata məxsusdur və etibarnamə əsasında həmin nəqliyyat vasitəsini idarə edir. Təqribən 10 gün öncə yüksüz Astara gömrüyündən keçərək İran İslam Respublikasına daxil olmuş, daha sonra Rusiya Federasiyasına yük aparmaq növbəsinə durmuş və təqribən 1 həftə öncə ona növbə çatmış və idarə etdiyi "Scania" markalı O021TK05/AM106505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə "kivi" yükü yükləyib Rusiya Federasiyasına getmək üçün yenidən növbədə gözləmişdir. 15 mart 2025-ci il tarixdə növbə ona çatmış, İran-Azərbaycan dövlət sərhədini keçib Astara gömrüyünə - “Cənub-Astara" gömrük postuna daxil olmuş və bir qədər növbə gözlədikdən sonra saat təxminən 11 radələrində idxal yoxlama xəttinə daxil olmuşdur. Bu zaman gömrük əməkdaşı onunla şifahi sorğu-sual apararaq idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, o isə idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - ön alətlər panelində yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş siyirmə çıxarıldıqdan sonra orada yaranan boşluqdan 1 paket aşkar edilmişdir. Bundan sonra hal şahidləri dəvət edilmiş və həmin paketə baxış zamanı paketin arxa tərəfdən açılmış olduğu, içərisində isə açıq yaşıl rəngli marixuanaya bənzər maddənin olduğu məlum olmuş, daha sonra üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Sonda idarə etdiyi "Scania" markalı O021TK05/AM106505 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş içərisində açıq yaşıl rəngli maddə olan 1 ədəd paket onun və hal şahidlərinin iştirakı ilə gömrük inspektoru tərəfindən götürülərək elektron tərəzidə çəkilmiş və 1 sellofan paketin içərisində olan açıq yaşıl rəngli maddənin olduğu məlum olmuşdur. Sonda bu barədə sənədlər tərtib edilmiş, sənədlərlə tanış olub onları imzalamışdır. Bundan sonra təhqiqat orqanının əməkdaşı tərəfindən izahatı alınmış, sənədlərlə tanış edilmiş və həmin günü sərbəst şəkildə buraxılaraq özünün idarə etdiyi nəqliyyat vasitəsində gecələmiş və azadlığı hər hansı formada məhdudlaşdırılmamışdır. Aşkar edilmiş maddələrə dair ekspert rəyi əldə edilərək ona bu barədə məlumat verilmiş və həmin maddənin narkotik vasitə olduğu müəyyən edildiyindən 16 mart 2025-ci il tarixdə, saat təqribi 18 radələrində istintaq orqanı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Xəstəliyi ilə əlaqədar ara-sıra ağrılarının kəsilməsi üçün narkotik vasitə istifadə etmiş, lakin yola çıxan zaman heç vaxt narkotik vasitədən istifadə etməmişdir. Kaş ki, daha da diqqətli olub narkotik vasitənin avtomobilindən aşkarlanmasına şərait yaratmamaq üçün çalışmış olsaydı, belə olan halda onun avtomobilindən qadağan olunmuş vasitə aşkarlanmazdı. Təqsirləndirilən şəxs məhkəmədə dediyi son sözündə isə bu halın baş verməsinə görə səmimi peşman olduğunu, yaşlı olmasını, panik atak xəstəliyindən, yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkməsini, heç bir vaxt cinayət törətmədiyini və məhkumluğunun olmadığını nəzərə alaraq ailəsinin yanına getməyə şərait yaratmasını, barəsində ədadlətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2025-ci il tarixdə iş bölgüsünə müvafiq olaraq Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunda nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində gömrük nəzarətini həyata keçirməklə xidməti vəzifəsini yerinə yetirmiş və həmin gün saat təqribən 10-11 radələrində şəxsiyyəti ona sonradan məlum olan Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yükü müşayiət edən “19” nömrəli invoysa əsasən “kivi” yükü aparmaqla, Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə daxil olmuşdur. O, gömrük yoxlamasına başlamazdan əvvəl qanunvericiliyin tələblərinə riayət etməklə, 2 nəfər hal şahidi dəvət etmiş və onlara hüquq və vəzifələrini və yoxlamanın mahiyyətini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin hüquq və vəzifələri izah edilərək şifahi formada sorğu-sual aparılmış və idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə qanunvericiliyin tələblərinə uyğun olaraq hal şahidlərinin də iştirakı ilə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsindən – ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş dolab çıxarıldıqdan sonra orada yaranan boşluqdan 1 sellofan paket aşkar etmiş və həmin sellofan paketə baxış zamanı paketin içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 sellofan paket onun tərəfindən götürülərək elektron tərəzidə çəkilmiş və içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 sellofan paketin qablaşması ilə birlikdə təqribi çəkisinin 0,9 (sıfır tam onda doqquz) qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmiş və zəruri sənədlər tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ailəsinin dolanışığını Astara Gömrük İdarəsinin yaxınlığında günəmuzd fəhləlik etməklə təmin edir. xx.xx.2025-ci il tarixdə, saat 10-11 radələrində Astara Gömrük İdarəsinin yaxınlığında olarkən şəxsiyyəti sonradan ona məlum olan Nicat adlı gömrük əməkdaşı ona və onunla birlikdə fəhləlik edən Mahirə yaxınlaşaraq yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edəcəyini bildirmiş və onların də hal şahidi qismində iştirak etməyini təklif edərək Astara Gömrük İdarəsinin “Cənub-Astara” gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttinə dəvət etmişdir. O, gömrük əməkdaşı ilə razılaşmış və idxal xəttinə yaxınlaşmışdır. Orada olarkən ona gömrük yoxlamasının əvvəlcədən tanımadığı, Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı O021TK05/AM106505 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin barəsində keçiriləcəyi məlum olmuşdur. Gömrük yoxlaması başlamazdan əvvəl gömrük əməkdaşı onları sürücüyə təqdim edərək hüquq və vəzifələrini izah etmiş və məsuliyyət barədə xəbərdarlıq etmişdir. Daha sonra sürücüyə hüquq və vəzifələrini bildirərək sürücü ilə şifahi şəkildə sorğu-sual aparmış və üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və eyni zamanda gömrük nəzarətinə bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olub-olmaması barədə soruşmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Daha sonra gömrük əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsin idarə etdiyi yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilmiş və yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsindən – ön paneldə yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş dolab çıxarıldıqdan sonra orada yaranan boşluqdan 1 sellofan paket aşkar edilmişdir. Həmin sellofan paketə baxış zamanı paketin içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından Təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama aparılmış, həmçinin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlamalar tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı O021TK05/AM106505 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 sellofan paket onların iştirakı ilə gömrük inspektoru tərəfindən götürülmüş, Əməliyyat və təhqiqat şöbəsinin xidməti otağına gətirilərək elektron tərəzidə çəkilmiş və içərisində açıq yaşıl rəngli narkotik vasitə marixuanaya oxşar maddə olan 1 sellofan paketin qablaşması ilə birlikdə təqribi çəkisinin 0,9 qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmiş və bu barədə sənədlər tərtib edilmişdir. O da sənədlərlə tanış olub onları imzalamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xususatları təsdiq etsə də, narkotik vasitənin onlar hal şahidi kimi çağırılanadək aşkarlandığını, onların iştirakı iləsə baxış keçirilərək, götürüldüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 17 mart 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. “Malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti qaydasında keçirilmiş yoxlama zamanı kabinənin ön panelində yerləşən şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş dolab çıxarıldıqdan sonra altındakı boşluqdan 1 bükümdə qablaşması ilə birlikdə çəkisi 0,9 qram təşkil edən, açıq yaşıl rəngli marixuana narkotik vasitəsinə bənzər maddənin aşkar edilmiş, qeyd edilən maddə qablaşdırılıb möhürlənərək götürülmüşdür. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş 15 mart 2025-ci il tarixli, 19/115 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Naməlum maddə...” sözləri və imzalar olan 1 ədəd paketdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,224 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqat zamanı çəkisi 0,224 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsinin 0,05 qramı sərf edilmiş, qalıq çəki 0,174 qram müəyyən olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 16 mart 2025-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2025-ci il tarixdə 18:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirlən şəxs qismində cəlb etmə haqqında” 18 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittihamın elan olunması qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-245/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 mart 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Baxış keçirilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı nəqliyyat vasitəsinin dartıcısının sarı rəngli “Scania” markalı, O021TK05 nömrə nişanlı, qoşqunun isə boz rəngli tentlə əhatələnmiş AM106505 nömrə nişanlı nəqliyyat vasitəsi olduğu müəyyən edilmişdir. Baxış zamanı ilk növbədə nəqliyyat vasitəsinin kabinəsinə daxil olaraq ümumi vizual baxış aparılmış, daha sonra keçirilmiş gömrük yoxlaması zamanı qurudulmuş marixuanaya bənzər maddənin maddənin aşkar edildiyi hissəyə baxış keçirilmişdir. Baxış zamanı həmin hissənin nəqliyyat vasitəsinin kabinəsində olan ön alətlər panelində yerləşən, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş siyirmənin altındakı boşluq olduğu müəyyən edilmişdir. Həmin hissənin ətraflı müşahidəsinin aparılması üçün siyirmə öz yerindən çıxarılmış və içəridə olan boşluğa ətraflı baxış keçirilmişdir. Baxış zamanı həmin siyirmənin ətrafında hər hansı boşluğun olmadığı və hər hansı əşyanın siyirmənin altına və ya arxasına düşməsinin mümkünsüz olduğu müəyyən edilmişdir. “X1 Sistemində Sərhədkeçmə məlumatlarına baxış keçirilməsi haqqında” 16 mart 2025ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2025-ci il tarixədək dəfələrlə “Scania” markalı, O021TK05 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək getdiyi istiqamətdən asılı olaraq “Astara”, “Samur”, “Xanoba” və “Şirvanlı” sərhəd nəzarət məntəqələrindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisindən tranzit keçərək İran İslam Respublikasından Rusiya Federasiyasına və əks istiqamətdə hərəkət etmişdir. O, sonuncu dəfə 15 mart 2025-ci il tarixdə, saat 10:46-da “Astara” dövlət sərhəd nəzarət məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuş və X1 Sisteminə “Görülmüş Tədbirlər: Saxla / NV-yə birgə baxış zamanı NV-nin salonunda gizlədilmiş şəkildə qablaşma ilə birgə çəkisi 0.9 qram marixuanaya bənzər maddə aşkar edilərək “Astara” Gİ-nə təhvil verildi.” məzmununda qeyd əlavə edilmişdir. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin” 17 mart 2025-ci il tarixli, 2755 nömrəli Aktından görünür ki, Təqsirləndirilən şəxsdən götürülmüş sidik analizində THC (kannabinoidlər) aşkar edilmişdir. “Baxış keçirilməsi haqqında” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsin idarə etdiyi “Scania” markalı, O021TK05/AM106505 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən aşkar edilmiş içərisində qurudulmuş marixuana narkotik vasitəsinin olduğu bir ədəd bükümə baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş bükümün ekspertiza tədqiqatından sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kağız zərfində qablaşdırılaraq yapışqan lentlə bağlandığı və X4 2 nömrəli möhürü ilə möhürləndiyi və qablaşdırmanın tamlığının pozulmadığı müəyyən edilmişdir. Bükümə baxış keçirilməsi üçün ilk növbədə həmin qablaşdırmanın ağzı səliqəli şəkildə kəsilərək açılmış və bu zaman həmin kağız bağlamanın içərisində Dövlət Gömrük Komitəsinə məxsus, üzərində müvafiq yazılar və imzalar olan 103675 nömrəli xüsusi polietilen zərfin və həmin zərfin içərisində bir ədəd ağ rəngli polietilen tərkibli bükümün olduğu müəyyən edilmişdir. Bükümün üzərində zavod üsulu ilə mənzərə və marixuana bitkisinin şəklinin həkk olunuğu və şəkilin yuxarı sol və sol orta hissələrinə müvafiq olaraq “ART:” və “ARTİST:” sözlərinin yazıldığı, qeyd olunanlardan əlavə ön və arxa tərəfində hər hansı yazının və rəqəmlərin olmadığı, bükümün arxa hissədən səliqəsiz şəkildə açıldığı məlum olmuşdur. Bükümün içərisinə baxış keçirdikdə bükümün içəri hissəsinin qurğuşundan hazırlandığı və bir ədəd yapışqan lentə sarınmış şəkildə qurudulmuş marixuana narkotik vasitəsinin olduğu müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilmiş bükümün və maddənin hazırda baxış keçirilən büküm və maddə olduğunu təsdiq etmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, “Samsung Galaxy A14” markalı mobil telefona baxış keçirilmiş, mobil telefonun yaddaşında olan "Whatsapp" ani mesajlaşma şəbəkəsinə baxış keçirildikdə 15 mart 2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana narkotik vasitəsi aşkar edildikdən sonra "Яшим" adı ilə qeydiyyata alınmış oğlu Azamat Abdulgaparova məxsus +7- ***-***-**-** saylı mobil nömrə ilə qumuq dilində yazışmaların aparıldığı müəyyən edilmiş, yazışmaların məzmunu mütəxəssis köməyi ilə müəyyən edilmiş, “Azamat, oğlum, bir baş ilə məni tutublar bunlar Azərbaycan Gömrüyündə. Çox bildirmə. Arasına düşüb, görmədim. Tezliklə mənim telefonum özümdə olmayacaq.Mən əlaqə yarada bilməyəcəm, siz kivi və maşınla maraqlanın, məndən narahat olmayın. Sabah Bakıdan vəkil gələcək, yalan danışsan sənə əlavə iş qoşulacaq, Necə var, elə demək lazımdır, yalan desən səni müayinəyə aparacaqlar,bilsələr sənin üçün daha da pis olacaq, sənin maddən daha da artacaq.” məzmunlu yazışmalar aşkar edilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi” tərəfindən verilmiş 25 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsin məhkumluğu barədə məlumat yoxdur. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X7” tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 2097 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxsdə kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 13 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 18 mart 2025-ci il tarixdə elan edilmiş ittihamın dəyişdirilmədən öz qüvvəsində saxlanılması, 1 ədəd “Samsung Galaxy A14” markalı mobil telefonun maddi sübut kimi qərara alınmış və mobil telefon cinayət işi materiallarına əlavə edilmişdir. Rusiya Federasiyası, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi Dövlət Büdcə Müəssisəsi “Kayakent Mərkəzi Rayon Xəstəxanası” tərəfindən Dağıstan Respublikası Kayakent rayonu, Kayakent kənd sakini xx xxxx 1968-ci il təvəllüdlü X3 verilmiş 19 mart 2025-ci il tarixli arayışdan görünür ki, o, F06 üzvi beyin xəstəliyi və travmatik beyin zədəsinin nəticələri dianozu ilə psixiatr tərəfindən qəbul edilmiş, psixiatrik sindrom, panik ataklar, anksiyete-fobik sindrom dianozu qoyulmuşdur. Dağıstan Respublikasının Səhiyyə Nazirliyi Dövlət Büdcə Müəssisəsi “Kayakent Mərkəzi Rayon Xəstəxanası” tərəfindən Dağıstan Respublikası Kayakent rayonu, Kayakent kənd sakini 09 senyabr 1973-cü il təvəllüdlü X2 verilmiş arayışdan görünür ki, o, hipertonik xəstəlik,İİİ dərəcə, 3-cü mərhələ, risk 4, hipertonik ensefalopatiya, hər iki süd vəzisinin fibrokistoz fibroadenomatozu xəstəliyindən əziyyət çəkir, ambulator və stasionar müalicə alır. Dağıstan Respublikası Kayakent rayonu “Kayakent” kənd İcra Nümayəndəliyi Bələdiyyə Təşkilatı İdarəsi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli Xarakteristikadan görünür ki, Təqsirləndirilən şəxs milliyyətcə qumuq, Kayakent kəndində anadan olmuş, Kayakent kəndi, Sovet küçəsi, ev 69-da yaşayır. Evlidir, iki övladı var. Yaşadığı yeri üzrə yaxşı xarakterizə olunur. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, hal şahidlərinin iştirakı olmadan təqsirləndirilən şəxsdən narkotik vasitənin aşkar edilməsi və aşkar edildikdən sonra şəxsi yoxlamanın hal şahidlərinin iştirakı ilə aparılması hissəsində sübut hesab olunan şahid ifadələrini qiymətləndirərək qeyd edir ki, bu hallar gömrük prosedurunun gömrük əməkdaşları tərəfindən düzgün aparılmamasının göstəricisidir və şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində olan ön alətlər panelində yerləşən, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulmuş siyirmənin altındakı boşluqdan marixuana aşkarlanması faktını şübhə altına almır, sübut kimi qəbul edilənliyinə təsir etmir. Belə ki, Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş videogörüntülərlə də, müəyyən edilmişdir ki, sözügedən yerdən qadağan olunmuş narkotik vasitə aşkarlanarkən təqsirləndirilən şəxs bilavasitə özü orada olmuş, onun yanında aşkarlanmış, bundan sonra isə hal şahidləri gəlmiş və aşkar olunan marixuana qablaşdırılaraq götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, təqsirləndirilən şəxsin izahatı, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilməsinə, idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində olan narkotik vasitə marixuananın «bir gün əvvəl onun nəqliyyat vasitəsində toplaşmış digər şəxslərə məxsus olmasına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs bu ifadələri verməklə məsuliyyətdən yaxa qurtarmağa cəhd etmiş və özünümüdafiə etmişdir. Belə ki, təqsirləndirilən şəxsin verdiyi ifadəsində narkotik vasitə marixuanadan ara-sıra ağrılarına görə istifadə etdiyini qəbul etməsi, telefon yazışmalarında oğlunun ona «düzünü danış» deyə təkid etməsi, son sözündə «kaşki diqqətli olsaydım» deməsi isə, bir daha təqsirləndirilən şəxsin verdiyi ifadələrin özünümüdafiə xarakteri daşımasını təsdiq etmişdir. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların 1 saylı siyahısında marixuana dövriyyəsi qadağan edilmiş narkotik vasitə olaraq müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin özünümüdafiə hesab edilən izahatı isə onun vəziyyətini ağırlaşdıran hal kimi məhkəmə tərəfindən nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur. 62.1-ci maddəsinə əsasən Cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20ci bəndində məhkəmələrə izah edilmişdir ki Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə görə, həbsdə saxlanılan şəxsə cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Bu qaydada təyin edilmiş cərimə cəzasının miqdarı CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının miqdarının aşağı həddindən də az ola bilər. Belə hallarda Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad olunmamalı, cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin Qərarın 8-ci hissəsində məhkəmələrə izah edilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-in 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza növü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM-nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. Cinayət Məcəlləsinin 62-ci maddəsi bu normada nəzərə tutulmuş institutun tətbiqi ilə bağlı məhdudiyyətlər nəzərdə tutmadığından, xüsusilə də təqsirli bilindikləri Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrinin sanksiyalarında nəzərə tutulmuş cəza növlərinə görə şəxslərin fərqləndirilməsi üçün əsas vermədiyinə görə şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında alternativ cəzaların olması, o cümlədən cərimə cəzasının nəzərdə tutulması həmin şəxs barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə müvafiq maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəzanın təyin edilməsinə və ya həmin maddədə müəyyən ediləndən (sanksiyada cərimə cəzası alternativ cəza kimi göstərildiyi, lakin məhkəmə tərəfindən təyin olunması məqəsəduyğun sayılmadığı halda, ondan ağır olan cəza növlərindən) daha yüngül cəzanın təyin edilməsinə və ya təyin edilməsi məcburi olan əlavə cəzanın təyin edilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, özünün və həyat yoldaşının xəstəliyini, xarici ölkə vətəndaşı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində sadalanan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, özünün xəstəliyini, həmçinin həyat yoldaşının ankoloji xəstəlikdən əziyyət çəkməsini, xarici vətəndaş olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, törədilən cinayətin predmeti təmiz çəkisi 0,224 qram narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayətin obyekti isə iqtisadi fəaliyyət sahəsində təşəkkül tapmış münasibətlərdir. Cinayət Məcəlləsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar nəzərdə tutulan cinayətlərin obyekti isə ictimai qayda və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlər, predmeti isə narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsir edən və ya zəhərli maddələrdir. Həmin normalar 206-cı maddəyə münasibətdə xüsusi norma kimi çıxış etdikdə cinayətin predmetinin miqdarına münasibətdə 206-cı maddənin sanksiyasında yalnız azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun gəlmir, belə ki, şəxs xüsusi normada nəzərdə tutulan cinayəti törətmiş olsaydı, qeyd edilən miqdara görə cinayət məsuliyyəti belə yaranmayacaqdı ki, iş materiallarından da göründüyü kimi, şəxs barəsində CM-in 234-cü maddəsi ilə cinayət işi başlanılmamışdır. Cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmalı olan əsas xüsusatlardan olduğundan cinayətin predmetinin miqdarının hazırki vəziyyətdə əməlin ictimai təhlükəliliyini azaltmaqla, cinayətin obyektinə mühüm zərər vurmadığı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin gömrük əməkdaşının tələbi ilə, şəxsi yoxlama tətbiq edilməzdən əvvəl, gömrük əməkdaşının işini çətinləşdirmədən, üzərində olan əşyaları verməkdən yayınmağa cəhd etmədən təqdim etməsini cinayətin törədilməsindən sonra zamanı onun davranışı ilə bağlı müstəsna hal olaraq nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, Təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəliliyi, ilk dəfə cinayət törətməsi, törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsi, özünün və həyat yoldaşının xəstəliyi, xarici vətəndaş olması, həmçinin cəzanı ağırlaşdıran halların olmaması, barəsində azadlıqdan məhrumetmə cəzası təyin ediləcəyi təqdirdə nəinki təqsirləndirilən Təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin ediləcəyi, həmçinin onun ailəsi üçün ağır nəticələr verəcəyi, cəzanın təqsirləndirilən şəxsdən əvəz çıxmaq yox, islah olunmaq üçün tətbiq edilməsi məqsədi güddüyü nəzərə alınmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 62-ci maddəsi (həmin maddədə müəyyən edilən cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona cərimə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxsin 16 mart 2025-ci il tarixdən 23 sentyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 7 (yeddi) gün müddət nəzərə alınmaqla təqsirləndirilən Təqsirləndirilən şəxsa təyin ediləcək cərimə cəzası yüngülləşdirilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişidirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal həbsdən azad edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməli, Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına aid hissədə hökmün icrası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilməlidir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq Təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətin predmetini ekspertiza tədqiqatından sonra qalıq qalan 0,174 qram narkotik vasitə qurudulmuş marixuana təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,174 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan 1 ədəd qara rəngli “Samsung Galaxy A14” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxsa qaytarılmalıdır. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsi hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 8.000 (səkkiz min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin 16 mart 2025-ci il tarixdən 23 sentyabr 2025-ci il tarixədək həbsdə olduğu 6 (altı) ay 7 (yeddi) gün müddət nəzərə alınmaqla CM-nin 69.4-cü maddəsinə əsasən cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 5000 (beş min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişidirilərək hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,174 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd qara rəngli “Samsung Galaxy A14” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxsa qaytarılsın. İş üzrə ekspertiza xərci olan 60 (altımış) manat pul Təqsirləndirilən şəxsdan alınaraq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasına aid hissədə hökmün icrası Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar