Məhkəmə qərarları › İş №1(018)-8/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-8/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-8/2023 02.02.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X19 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi X1, müdafiəçi X5 və təqsirləndirilən şəxs X14 iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə İran İslam Respublikasının Qəzvin şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi sürücülük fəaliyyəti ilə məşğul olan, İran İslam Respublikası Qəzvin şəhəri Heydər xiyabanı Sübhan küçəsi 7 saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X20 İran İslam Respublikasında olarkən istintaqla müəyyən edilməmiş mənbədən, tarixdə və yerdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir bükümdə olan 15,592 qram tiryək narkotik vasitəsini qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə, idarə etdiyi “Volvo” markalı, 99D997/998-10 dövlət qeydiyyat nişanlı yük avtomobilinin dartıcısında, sürücü oturacağının yuxarı hissəsindəki ləvazimatlar qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxasındakı boşluqda saxlayaraq Azərbaycan Respublikasına daşımış və 8 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən “Astara” Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bu hərəkətləri ilə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası vətəndaşıdır. 2000-ci ilin əvvəlindən sürücü köməkçisi, 2015-ci ildən isə sürücü kimi işləməklə dolanışığını təmin edir. Xəstə anası onun himayəsində olmaqla, ailədə yeganə qazanc gətirən şəxsdir. 2022-ci ilin avqust ayının əvvəllərində Tehranda yaşayan dostunun atası olan Səid Hacızadəyə məxsus, etibarnamə əsasında idarə etdiyi “Volvo” markalı, 99D997/998-10 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Rusiya Federasiyası istiqamətinə yük daşımışdır. 2022-ci ilin sentyabr ayının əvvəlində idarə etdiyi yük maşınına Rusiya Federasiyasına aparması üçün İran İslam Respublikasında dondurulmuş balıq yükü yükləyərək yola çıxmışdır. 8 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Volvo” markalı, 99D997/998-10 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İran-Azərbaycan sərhədini keçib, Azərbaycan Respublikası «Astara» Gömrük postuna daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və nəqliyyat vasitəsini yük maşınlarıüçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçiləri xidməti it tətbiq etməklə, idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmişlər. Baxış zamanı xidmət it dartıcının kabinasına reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq etmişlər. Yoxlama zamanı gömrük işçiləri idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısında – sürücü oturacağının yuxarı hissəsində, ləvazimatların qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxasında olan boşluqda bir ədəd şəffaf sellofan büküm aşkar etmişlər. Həmin bükümə baxış zamanı içərisində qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olduğu məlum olmuşdur. Daha sonra üzərində şəxsi yoxlama aparılmış, başqa heç bir hüquqpozma predmeti aşkar edilməmişdir. Sonra idarə etdiyi yük maşını Astara gömrüyünün inzibati ərazisində yerləşən rentgen qurğusundan keçirilərək qoşquda olan yükə gömrük yoxlaması tətbiq edilmiş, lakin başqa qanun pozuntusu halları aşkar olunmamışdır. Yoxlama tam başa çatdıqdan sonra idarə etdiyi “Volvo” markalı, 99D997/998-10 dövlət qeydiyyat nişanlı yük avtomobilindən aşkar olunmuş 1 bükümdə narkotik vasitə onun və hal şahidlərinin iştirakı ilə gömrük işçiləri tərəfindən götürülmüş, «Astara» Gömrük postunun inzibati binasında yerləşən bir otağa gətirilmiş, elektron tərəzidə çəkilərək bükümün qablaşması ilə birlikdə ümumi çəkisinin təxminən 16 qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə götürülərək möhürlənmiş və ona həmin predmetlərin ekspertizaya təqdim ediləcəyi izah edilmişdir. İdarə etdiyi yük avtomobilindən narkotik vasitənin aşkar edilməsini təsdiq edir. Cinayət törətdiyini dərk edir, əməlindən peşimandır. Anasının ağır xəstə omaqla onun himayəsində olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasının, həyatında ilk dəfə cinayət törətməsini nəzərə alınıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Hesab edir ki, məhkəmə tərəfindən ona mərhəmət göstərilib mümkün qədər yüngül cəza təyin ediləcəkdir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. X14 cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və işin araşdırılan digər obyektiv halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” Gömrük postunda inspektor vəzifəsində xidmət edir. 8 sentyabr 2022-ci il tarixdə iş bölgüsünə əsasən postun yük avtomobilləri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn avtomobillərə gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün, saat 12 radələrində əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşı olan şəxs idarə etdiyi “Volvo” markalı, 99D997-10 qeydiyyat nişanlı yük avtomobili ilə gömrük nəzarəti zonasına daxil olub pasportunu və avtomobilinə aid sənədləri ona təqdim etmişdir. Sənədlərə baxan zaman həmin şəxsin İran İslam Respublikası vətəndaşı X12ması və idarə etdiyi avtomobildə dondurulmuş balıq yükü daşıması, malın təyinat nöqtəsinin Rusiya Federasiyası olması məlum olmuşdur. Həmin şəxsə sənədləşmənin aparılacağı yeri göstərmiş və yük avtomobilini müəyyən olunmuş yerdə saxlamasını demişdir. Sürücü sənədləşmə işlərini başa çatdırıb gələndən sonra, avtomobilə baxış keçirmək qərarına gəlmiş, həmin vaxt təlimçi-kinoloq Zəka Fərzullayev də onunla birgə xidmət aparmışdır. İlk öncə yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilmişdir. Baxış zamanı xidməti it avtomobilin kabinasına reaksiya verdiyi üçün avtomobili, o cümlədən avtomobilin kabinasını əsaslı yoxlamaq qərarına gəlmişdir. Hal şahidləri dəvət edib onlara hüquq və vəzifələrini izah etdikdən sonra qeyd etdiyi yük avtomobilinə əsaslı baxış keçirmişdir. Baxış zamanı kabinada, sürücü oturacağının yuxarı hissəsindəki ləvazimatlar qoyulması üçün nəzərdə tutulmuş yeşiyin arxasındakı boşluqda gizlədilmiş bir ədəd büküm aşkar etmişlər. Daha sonra X20 üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq şəxsi yoxlama aparılmış, həmçinin avtomobil ümumilikdə rentgen qurğusu vasitəsilə yoxlanılmışdır. Lakin, şəxsin üzərindən və ya idarə etdiyi avtomobildən gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməli olan hər hansı bir predmet aşkar olunmamışdır. Həmin şəxsin idarə etdiyi yük avtomobilindən aşkar edilmiş içərisində tiryəkə bənzər maddə olan 01 (bir) büküm çəkilmiş, həmin büküm, mal-müşayiət sənədləri və xarici pasport götürülüb bu barədə protokol tərtib edilmişdir. Sonradan toplanmış material və götürülmüş predmetlər araşdırmanın davam etdirilməsi üçün təhqiqat şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, 8 sentyabr 2022-ci il tarixdə, saat 12 radələrində «Astara» Gömrük postunun qarşısında olan zaman bir nəfər gömrük əməkdaşı ona və onunla birlikdə orada olan Şamil Abbasova yaxınlaşıb özünü təqdim edərək, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə və üzərinə keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrini təklif etmişdir. Etiraz etməyərək yük avtomobilləri saxlanılan yerə getmiş, orada onlara hüquq və vəzifələri izah olunmuşdur. İlk əvvəl gömrük əməkdaşı şəxsiyyəti ona sonradan məlum olan bir nəfəri göstərərək X20 adlı İran İslam Respublikası vətəndaşı olduğunu bildirmişdir. Baxış zamanı kabinadan, ləvazimatlar qoyulan yeşiyin arxasından içərisində qara rəngli maddə olan 01 (bir) büküm aşkar edilmişdir. Sonradan baxış davam etdirilsə də, başqa qanunsuz əşya aşkar olunmamışdır. Yoxlamalar tam başa çatdıqdan sonra aşkar edilmiş maddə iştirakı ilə gömrük əməkdaşı tərəfindən götürülmüş, çəkilmiş və araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. Bu barədə sənədləşmə aparılmış, onlar da sənədlərlə tanış olub imza etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda tərtib edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postunda tərtib edilmiş 8 sentyabr 2022-ci il tarixli malların və nəqliyyat vasitələrinin yoxlanılması haqqında protokoldan görünür ki, yoxlama başlanmazdan əvvəl X17 Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.2.6 və 99.7-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə gömrük orqanlarına bəyan edilməmiş və gömrük nəzarətindən gizlədilmiş predmetlərin könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu isə üzərində və idarə etdiyi yük avtomobilində heç bir hüquqpozma predmeti olmadığını bildirmişdir. Yoxlama zamanı İran İslam Respublikası vətəndaşı X14 idarə etdiyi “Volvo” markalı, 99D997/998-10 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında, sürücü oturacağının yuxarı hissəsində, ləvazimatların qoyulmasıüçün nəzərdə tutulmuş yeşiyin arxasında olan boşluqda gömrük nəzarətindən gizlədilmiş formada şəffaf sellofana bükülmüş 1 (bir) büküm aşkar edilmişdir. Həmin bükümə baxış zamanı 1 (bir) bükümdə qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından nəqliyyat vasitəsi “Astara” Gömrük postunun inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmeti aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra İran İslam Respublikası vətəndaşı X14 idarə etdiyi “Volvo” markalı, 99D997/998-10 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinasında aşkar olunmuş həmin büküm gömrük əməkdaşları tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş və içərisində qara rəngli narkotik vasitəyə oxşar naməlum maddə olan 1 (bir) bükümün ümumi təqribi çəkisinin 16,6 (on altı tam onda altı) qram olduğu məlum olmuşdur. Sonda araşdırma ilə əlaqədar həmin maddə qablaşdırılaraq möhürlənmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsi tərəfindən verilmiş 9 sentyabr 2022-ci il tarixli, 19/949 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, X10 götürülərək tədqiqata təqdim edilmiş 01 (bir) bükümdə təmiz çəkisi 15,592 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. Tiryək «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Qeyd: Tiryəkin təmiz çəkisi – 15,592 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 15,542 qram qaldı.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X22 tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 5333 saylı məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı X15 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «tiryək» olan narkotik vasitənin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X14 törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. X14 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında X14 təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir.

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, X16 məhkum olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.

2. Xasiyyətnamədən, o cümlədən yaşayış yeri haqqında arayışlardan görünür ki, X14 himayəsində yaşlı və xəstə anası vardır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur, sürücü işləməklə ailədə yeganə qazanc gətirən şəxsdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs X16 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, xəstə anasının onun himayəsində omasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X20 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, X18 təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxs X16 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, yaşlı və xəstə anasının onun himayəsində olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və həmin halların məcmusunu müstəsna hal hesab edir. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasında fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. X14 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini, yaşlı və xəstə anasının onun himayəsində olmasını, ailəsinin ağır maddi durumda yaşamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən X20 barəsində həmin Məcəllənin 62-ci maddəsi (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilməklə ona azadlıqdan məhrum etmə növündə, bu maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən az cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs X14 törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış 15,542 qram tiryək təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş materiallarında olan “həbs” qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)-765/2022 saylı, 09 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X20 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından X14 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 08 sentyabr 2022-ci il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin dəyişdirilməməsini qanuni və əsaslı hesab edir. Məhkəmə eyni zamanda X14 narkoloji kabinetdə qeydiyyata alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Buna görə də məhkəmə X20 barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməməsini qanuni və əsaslı hesab edir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul X11 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. İş materiallarında olan «sübutların qiymətləndirilməsi haqqında» 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X17 məxsus 200 (iki yüz) Azərbaycan manatı, 2820 (iki min səkkiz yüz iyirmi) ABŞ dolları və 5750 (beş min yeddi yüz əlli) Rusiya rublu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan X17 məxsus 200 (iki yüz) Azərbaycan manatı, 2820 (iki min səkkiz yüz iyirmi) ABŞ dolları və 5750 (beş min yeddi yüz əlli) Rusiya rublu ona qaytarılmalıdır. X10 götürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş ona məxsus “Mi Poco” markalı, “M2007J20CG” modelli mobil telefonun X6rdaşına qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X18 qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X20 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. X20 barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirlməsin. X20 yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 15,542 qram tiryək məhv edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xəzinəsində saxlanılan X17 məxsus 200 (iki yüz) Azərbaycan manatı, 2820 (iki min səkkiz yüz iyirmi) ABŞ dolları və 5750 (beş min yeddi yüz əlli) Rusiya rublu ona qaytarılsın. X10 götürülmüş “Mi Poco” markalı, “M2007J20CG” modelli mobil telefonun X6rdaşına qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul X11 alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum X18 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar