Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-81/2024 16.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Astara rayonu Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şirvan Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarına əsasən 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 28 avqust 2023-cü il tarixdə cəza müddəti başa çatmış, hazırda məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs məxsus 2500 (iki min beş yüz) manat dəyərində, qara rəngli, diri çəkisi təxminən 300 kiloqram olan 01 (bir) baş inəyin Astara rayonu Vaqo kəndində yerləşən yaşadığı evin yaxınlığında olan otlaq sahəsində otladığını görüb, həmin inəyi oğurlamaq qərarına gələrək bu məqsədlə həmin tarixdə və vaxtda inəyin boynuna ip bağlayıb yaşadığı evin həyətində olan tövləyə apararaq, Zərərçəkmiş şəxs 2500 (iki min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla, hazırda ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində fərdi yaşıyış evində yaşayır. Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla onunla yaxşı münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs məxsus 01 (bir) baş dişi cinsindən olan inək mütəmadi olaraq onun yaşadığı evin yaxınlığında olan otlaq sahəsində otlayır. 19 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində yenidən həmin inəyi otlaq sahəsində görmüş və mal-qara alveri ilə məşğul olduğu üçün həmin inəyin yaxşı qiyməti olduğunu bilmişdir. Maddi durumu yaxşı olmadığından inəyi oğurlayıb satmaq qərarına gəlmiş, bundan sonra yaşadığı evə gedib tövlədən kəndir götürərək inəyin olduğu yerə, Astara rayon Vaqo kəndində yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsinə getmişdir. Əvvəlcə ətrafa baxmışdır ki, kimsə görməsin, ətrafda heç kimin olmadığını görüb kəndiri inəyin boynuna bağlayaraq inəyi yaşadığı evin həyətində yerləşən tövləyə gətirmiş və tövlədə bağlamışdır. Mal-qara alveri ilə məşğul olduğu üçün mütəmadi olaraq qəssablara mal-qara vermiş, həmin inəyi də qəssaba satmaq qərarına gəlib, qəssab tanışı, Astara rayon Miki kənd sakini Şahid2 zəng edərək, satılıq cins inək olduğunu ona bildirmişdir. İlkin inəyə baxdqıdan sonra qiymətləşib ala biləcəyini demiş, həmin günün səhəri, 20 sentyabr 2023-cü il tarixdə İlkin onun Astara rayon Vaqo kəndində yaşadığı ünvana gələrək inəyə baxmış, inək cins inək olduğundan və iri olduğundan onun qarnında balası olmasını bilməmiş, həmçinin Şahid2 da bunu hiss etməmişdir. İlkinlə qiymətdə razılaşmış və 1000 manata həmin inəyi ona satmışdır. İlkin inəyi yük maşıına yükləyərək aparmışdır. İnəyi satdıqdan sonra əldə etdiyi 1000 manat pulu ailəsinə və özünə xərcləmişdir. 01 iyun 2024-cü il tarixdə Bakı şəhərində olduğu zaman Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, Astara rayon polis şöbəsinə gətirilmiş, bundan sonra Zərərçəkmiş şəxs bir baş inəyini oğurladığını etiraf etmişdir. Həmin inəyin təxmini qiyməti Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi 2500 manat qiymətinə uyğun gəlir. Hazırda Zərərçəkmiş şəxs vurmuş olduğu 2500 (iki min beş yüz) manat dəyərində maddi ziyanı tam həcmdə ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əmələ görə peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir. Ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla ailəsi ilə həmin ünvanda yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisi olmaqla onunla yaxşı münasibətləri olmuşdur. Şəxsi təsərrüfatına məxsus bir baş inəyin oğurlanması barədə Astara rayon polis şöbəsinə müraciət etmişdir. Belə ki, şəxsi təsərrüfatında cəmi bir baş inəyi var imiş, həmin inəyi yaşadığı evdə təxminən 500 metr məsafədə yerləşən otlaq sahəsində otarmışdır. Belə ki, hər gün səhər saat 08 radələrində həmin inəyi otlaq sahəsinə aparmış, axşam saat 08 radələrində isə gedib geri gətirərək, Astara rayon Vaqo kəndində yaşadığı evin həyətyanı sahəsində olan tövlədə bağlayaraq orada saxlamışdır. Sonuncu dəfə 19 sentyabr 2023-cü il tarixdə, səhər saat 08 radələrində inəyi həmin otlaq sahəsinə apararaq otlamaq üçün oraya buraxmış, axşam saat 07 radələrində inəyi gətirmək üçün otlaq sahəsinə yollanmışdır. Lakin, inəyin orada olmadığını aşkar etmiş, həmin inəyi yaxın ərazilərdə axtarmağa başlamış, lakin inəyi tapa bilməmişdir. Həmin otlaq sahəsinin ətrafı bağlı olmuş, inəyi otlaq sahəsindən özbaşına çıxa bilməzdi və ona görə də bu səbəbdən həmin inəyin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını yəqin etmişdir. Polis şöbəsinə vermiş olduğu ərizədən sonra aparlmış əməliyyat nəticəsində oğurluğu həmkəndlisi Təqsirləndirilən şəxs etdiyi məlum olmuşdur. Şəxsi təsərrüfatına məxsus oğurlanmış bir baş inəyin dəyəri 2500 manat olmuşdur. Belə ki, həmin inək qara rəngli, ayaq və sinə nahiyələri ağ rəngli, qarnında 8 aylıq balası və diri çəkisi təxminən 300 kq olan cins bir inək olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam həcmdə, yəni 2500 manat zərəri ona ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəha verilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, təxminən 21 sentyabr 2023-cü il tarixdə Astara rayon Siyakü kəndində işlətdiyi ət mağazasında olan zaman Astara rayon Vaqo kənd sakini Təqsirləndirilən şəxs Səxavət oğlu mağazaya yaxınlaşaraq, inəyi olduğunu və satmaq istədiyini bildirmişdir. Səadətdən inəyin kimə məxsus olduğunu soruşanda, Səadət inəyin özünün olduğunu demiş, sonra onunla qiymətdə razılaşmış və 1000 manata həmin inəyi ondan almaq qərarına gəlmiş, lakin inəyi satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. Razılaşdıqdan sonra tanışı, Astara rayon Vaqo kənd sakini Şahid3 zəng edərək Təqsirləndirilən şəxs həyətində olan inəyi onun yaşadığı ünvana aparmasını xahiş etmiş, həmin gün günorta saatlarında Şahid3 həmin inəyi onun yaşadığı ünvana apararaq həyətindəki tövlədə bağlamış, daha sonra onun Siyəkü kəndində işlədiyi mağazaya gələrək 20 manat zəhmət haqqını almış, adətən aldğı inəklərin şəklini çəkdiyi üçün bu inəyin də şəklini çəkərək özündə saxlamış, həmin inəyi sabahısı gün kəsərək Astara şəhərində fəaliyyət göstərən qəssablardan birinə satmışdır. İki gün sonra Səadətə inəyin pulu olan 1000 manat pulu Astara rayon Siyakü kəndində yerləşən ət mağzasında vermişdir. Astara rayon polis şöbəsinə dəvət edildikdən sonra ona məlum olmuşdur ki, Səadət Məhərrəmin inəyini otlaq sahəsindən oğurlayaraq ona satmışdır. Təqsirləndirilən şəxs ona satmış olduğu bir baş inəyin oğurlanmış heyvan olması barədə onun heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs inək alarkən onun həyətində inəklə birlikdə foto şəklini də çəkmişdir ki, gələcəkdə bununla bağlı hər hansı problem yaranarsa həmin şəkilləri polisə təqdim etsin. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə verdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İcraatına daxil olmuş əməliyyat tapşırığına əsasən keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon Vaqo kəndində yaşayan Zərərçəkmiş şəxs şəxsi təsərrüfatına məxsus bir baş inəyin Astara rayon Vaqo kənd sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Astara rayon Siyakü kəndində qəssab kimi fəaliyyət göstərən Şahid2 satması barədə məlumat əldə etmişdir. Bu səbəbdən Şahid2 ifadəsinin alınmasından ötrü Astara rayon polis şöbəsinə dəvət edilmiş, fakt təsdiqini tapdığı üçün X2 yeri müəyyən edilərək saxlanılmış və Astara rayon polis şöbəsinin İstintaq bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı və dindirlən zaman Zərərçəkmiş şəxs məxsus inəyi oğurlayaraq Şahid2 satdığını etiraf etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayon Vaqo kəndində yerləşən otlaq sahəsidir. Həmin otlaq sahəsi açıq otlaq sahəsidir, ətrafda çəpərə alınmış otlaq sahələri də vardır, yaxınlıqdan axar çay keçir. Ətrafda yaşayış evləri vardır. Ərazi dağətəyi ərazidir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 19 sentyabr 2023-cü il tarixdə şxəsi təsərrüfatına məxsus bir baş inəyi yaşadığı evin həyətində saxladığı tövlədən təqdim etdiyi, Astara rayon Vaqo kəndində yerləşən açıq otlaq sahəsinə buraxmış və həmin inək həmin ərazidən naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır.
2. Mütəxəssis tərəfindən verlmiş 25 aprel 2024-cü il tarixli rəydən görünür ki, diri çəkisi təxminən 300 kiloqram olan 01 (bir) baş inəyin orta bazar qiyməti 2500 (iki min beş yüz) manat təşkil edir.
3. 10 iyun 2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş 2500 manat maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini bildirərək, ona qarşı hazırda heç bir şikayət və tələbinin olmamasını bildirmişdir.
4. Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Vaqo kəndində qeydiyyatdadır.
5. Astara rayon İcra hakimiyyəti başçısının Siyəkü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(018)-151/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.1, 66.2, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 17 fevral 2022-ci il tarixli qərarına əsasən Astara Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(018)-151/2021 saylı hökmü dəyişdirilərək, 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Azərbaycan Respublikasının Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarına əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Təqsirləndirilən şəxs cəza müddəti 28 avqust 2023-cü il tarixdə başa çatmışdır. Hazırki cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmuş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman ona resediv müəyyən edilmədən cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs vurmuş olduğu 2500 manat maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda əməlindən səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. 02 iyun 2024-cü il tarixli «Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında» qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 03 iyun 2024-cü il tarixli «Qətimkan tədbiri seçmək və MSY-dən azad edilmə haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 iyun 2024-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş və o dərhal Astara rayon polis şöbəsinin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu (02 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək) 02 (iki) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından həmin müddətin çıxılmaqla, üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Astara rayonu Vaqo kəndində qeydiyyatda olmaqla, hazırda Sumqayıt şəhəri 210 saylı Novxanı bağ evində yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Sumqayıt şəhəri Novxanı bağları sahəsində yerləşən 210 nömrəli bağ evini günün müəyyən vaxtı, yəni gecə saat 24:00-dan saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Sumqayıt şəhəri Novxanı bağları sahəsində yerləşən 210 nömrəli bağ evini axşam saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu (02 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək) 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Sumqayıt şəhəri Novxanı bağları sahəsində yerləşən 210 nömrəli bağ evini gecə saat 24:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt Probasiya idarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Zamin İbrahimov