Məhkəmə qərarları › İş №1(018)-83/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-83/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-83/2024 16.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1973-cü ildə Astara rayonu Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(018)-51/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda - 0,734 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 18 may 2024cü il tarixdə, saat 14:00 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Pensər kəndi ərazisində saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,734 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla ailəsi ilə həmin kənddə yaşamışdır. Ailəlidir, himayəsində iki azyaşlı uşağı var. Fərdi qaydada fəhləlik etməklə ailəsinin dolanışığını təmin edir. Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda cəza çəkir. 18 may 2024-cü il tarixdə Pensər kəndində yaşadığı evdə olarkən Astar rayon polis şöbəsinin əməkdaşları onun evinə gələrək, polis şöbəsinə getməsini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə Astara rayon polis şöbəsinə getmişdir. Orada üzərindən aşkar edilmiş metamfetamin ona məxsus deyil. Özünü təqsirli bilmir. Həmin metamfitamini polis əməkdaşları ona vermişlər. Ona görə də təqsirsizdir və barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-in Astara rayon polis şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 may 2024-cü il tarixdə Astara rayonu Pensər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuşdur. Məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. 18 may 2024-cü il tarixdə, saat 14 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara rayonu Pensər kəndinə getmişlər. Onlar Pensər kəndində avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs həmin kənddə piyada getdiyini görmüş, dərhal yanında avtomobili saxlamış və avtomobildən düşərək Rahimə yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlr, Rahim də həmin kənddə yaşadığından, ətrafdakı insanların tanıdığından küçədə yox, Astara RPŞ-nin inzibati binasında axtarış keçirilməsini xahiş etmişdir. Onlar da Rahimi Astara rayon polis şöbəsinin inzibati binasına gətirmişlər. Astara rayon polis şöbəsinə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısına həvalə olunmuşdur. Sonra müdafiəçinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişlə Rahimin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı təhqiqatçı Rahimə üzərində qanunla qadağan edilən hər hansı bir əşya və predmetin olması halında təqdim etməsini təklif etmiş, təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindəki 01 ədəd bükümdə şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Daha sonra aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,8 qram olması müəyyən edilmiş, psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra həmin bükümlər onun və digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bütün iştirakçılar tərəfindən zərfin üzərinə və protokola imzalar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 və Şahid2 şahid X2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. 18 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, həmin tarixdə saat 15:10-dan saat 15:25-dək Astara rayon polis şöbəsində xidməti otaqlarının birində videoçəkiliş vasitəsi, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın başlanğıcında Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,8 qram olması müəyyən edilmiş, ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq DİN-in 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, psixotrop maddəni Lənkəran şəhərində bazarda tanımadığı şəxsdən 15 gün əvvəl 25 manata aldığını, narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 19 may 2024-cü il tarixli, 19/431 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «… Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə, təmiz çəkisi 0,734 qram olan ağ rəngli kristallardan ibarət olan maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetamin təmiz çəkisi – 0,734 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq - 0,684 qram qaldı.

3. Məhkəmə-narkoloji ekspertizasının 21 may 2024-cü il tarixli, 463 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və Stimulyatorların qəbulundan yaranan Asılılıq sindromu (Polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur.” Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metafetamin» olan maddələr dövriyyəsi qadağan edilən psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qram və ondan artıq miqdarı isə külli miqdar hesab edilir. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı nümayiş etdirilən vedeoçəkilişdən də göründüyü kimi Təqsirləndirilən şəxs heç bir təzyiq və basqılar olmadan üzərində olan metamfetamini sərbəst şəkildə çıxararaq təqdim edir. Həmin vaxt orada iştirak edən müdaifiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmadığını, metamfetaminin ona məxsus olduğunu və Lənkəran şəhərindən aldığını bildirir. Bundan əlavə Təqsirləndirilən şəxs nə ibtidai istintaq dövründə, nə də məhkəmənin hazırlıq iclası zamanı hər-hansı bir təzyiqə məruz qalması barədə şikayət etməmişdir. Qeyd olununlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr məsuliyyətdən yayınmaq üçün olan ifadələrdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(018)-51/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin 1(018)-164/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 12 (on iki) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 1 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 06 mart 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə törətdiyi cinayət əməlini Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(018)-51/2024 saylı hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də ona resedivə görə cəza təyin edilməməli, Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(018)-51/2024 saylı hökmü ilə təyin edilən cəza, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə cinayətlərin məcmusu üzrə toplamaqla qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Astara rayonu Pensər kəndində yaşayır. Himayəsində 02 (iki) azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş Astara Rayon İcra Hakimiyyəti Başçısının Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra xalis çəkisi – 0,684 qram qalmış metamfetamin psixotrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(018)-51/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzaçəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmışdır. Bundan əlavə Astara Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli, 4(018)- 32/2024 saylı qərarından görünür ki, hazırki iş üzrə də Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 mart 2024-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmasınını qanuni və əsaslı hesab edir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyata götürülməsini nəzərə alır. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Astara Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 1(018)-51/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Astara rayon polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan psixotrop maddə - 0,684 qram metamfetamin məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar