Məhkəmə qərarları › İş №1(018)-85/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-85/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-85/2023 31.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1966-cı il tarixdə Astara rayonu Sərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə saat 12 radələrində sürücülük hüququ əsasında etibarnamə ilə idarə etdiyi “Ford Transit” markalı, “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, Heydər Əliyev prospekti ilə Astara rayonu Ərçivan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyərək idarə etdiyi avtomobilin ön hissəsi ilə yolun hərəkət hissəsinin sağ tərəfində dayandığı yerdən onun idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkətə başlayan və sol tərəfə dönmə manevri edən X2 idarə etdiyi “Toyota” markalı, “**- VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Valeh Məlikovun sol tərəfli hemotoraks, soldan İV,V,Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınığı, ağciyərlərin əzilməsi ilə müşayiət olunan və ağciyərlərin iriocaqlı pnevmoniyası ilə fəsadlaşan döş qəfəsinin küt travması, bel nahiyəsinin qançırı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və Valeh Məlikovun 14 fevral 2023-cü il tarixdə saat 19:30-da sol tərəfli hemotoraks, soldan qabırğaların çoxsaylı sınıqları və ağciyərlərin əzilməsi ilə əlaqədar posttravmatik dövrdə inkişaf edən ağciyərlərin iriocaqlı pnevmoniyası, kəskin tənəffüs çatışmazlığından xəstəxanada ölməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Astara rayonu Sərək kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, dörd uşağı var. “Ford Transit” markalı, “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ ilə, etibarnamə əsasında idarə edir. 20 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində idarə etdiyi avtomobilə təxminən saatda 40-50 kilometr sürətlə Astara şəhərindən Astara rayonu Ərçivan qəsəbəsi istiqamətində hərəkət edərkən Astara şəhəri Kaverin küçəsi yaxınlığında qarşındakı “TİR” markalı yük avtomobili keçdikdən sonra yolun sağ tərəfində dayanmış, adını sonradan öyrəndiyi X2 idarə etdiyi “Toyota” markalı “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobil qəflətən hərəkətə başlayaraq sol tərəfə dönmə manevri etməyə başlamışdır. Bu vaxt onun idarə etdiyi avtomobillə Valeh Məlikovun idarə etdiyi avtomobilin arasında təxminən beş metr məsafə olmuşdur. Həmin avtomobil dönmə manevri etdikdən sonra ona tərəf deyil, digər Astara rayonu Ərçivan qəsəbəsi istiqamətində baxaraq həmin istiqamətdən gələn digər avtomobillərə yol vermək üçün onun idarə etdiyi avtomobilin qarşısında idarə etdiyi avtomobili aşağı sürətdə idarə olunmuşdur. Bu vaxt həmin avtomobillə toqquşmamaq üçün cəld əyləci sıxmış və idarə etdiyi avtomobili bir qədər sağa doğru istiqamətləndirmiş, həmin vaxt yolun sağ çiynində insanlar olduğundan onları vurmamaq üçün avtomobili sağ tərəfə çox döndərməmişdir. Əyləc pedalını sıxmağına baxmayaraq, Valeh Məlikovun idarə etdiyi avtomobilin arxa qapısı ilə onun idarə etdiyi avtomobilin sol ön tərəfi toqquşmuş, daha sonra ayağını əyləc pedalından çəkmiş və avtomobil yolun sağ çiynində yerləşən maneəyə daha sonra yolun sağ çiynində yerləşən bardyora dəyərək dayanmışdır. Dərhal digər avtomobilin içində olan şəxsin səhhətinin necə olmasını yoxlamaq üçün enmiş, digər avtomobilin sürücüsü Valeh Məlikov idarə etdiyi avtomobildə tək olmuş, onun yanında heç bir sərnişin olmamışdır. Həmin vaxt polis əməkdaşları əraziyə yaxınlaşıb sənədləşmələr apararaq, onun və Valeh Məlikovu sərxoşluq müayinəsindən keçirmişlər. Valeh Məlikovun gözlə görünən hər hansı xəsarəti olmamış, polis əməkdaşları Valeh Məlikovun xəsarət alıb-almadığı barədə sual verdikləri zaman Valeh təkidlə hər hansı bir xəsarətinin olmamasını bildirmişdir. 15 fevral 2023-cü il tarixdə Astara rayon polis şöbəsinə yol polisi əməkdaşları tərəfindən dəvət edildiyi zaman X2 Bakı şəhərində vəfat etməsi barədə məlumat almışdır. X2 idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobillə toqquşması zamanı onun avtomobilində başqa şəxs olmamış, baş vermiş hadisə zamanı hər hansı bir xəsarət almamış, hadisə baş verərkən avtomobili təxminən saatda 40-50 kilometr sürətlə idarə etmişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ var və həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Nəqliyyat vasitəsini idarə etməzdən öncə spirtli içki qəbul etməmiş, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı nöqtədən toqquşma nöqtəsinə qədər təxminən saatda 10 kilometr sürətlə qəflətən sol tərəfə dönməsini xatırlayır, həmin avtomobil dönmə manevri edərkən qövsvari hərəkət xətti ilə deyil, yolun sol hərəkət zolağına keçmək məqsədilə sükanı ən böyük bucaq altında sola döndərərək düz xətt altında təxminən yeddi metr məsafə qət edərək idarə etdiyi avtomobilin qarşısına çıxmış və hər iki avtomobil həmin nöqtədə toqquşmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınaraq dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mərhum Valeh Məlikov onun atasıdır. 20 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Astara rayonu Rüdəkənar kəndində olduğu vaxt atasının yol nəqliyyat hadisəsi törətməsi haqda dostları ona zəng edərək məlumat vermişlər. Sonra Təqsirləndirilən şəxs 20 yanvar 2023-cü il tarixdə saat 12 radələrində idarə etdiyi “Ford Transit” markalı avtomobillə Astara şəhərində hərəkətdə olan zaman atası X2 idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşması ona məlum olmuşdur. Bu yol nəqliyyat hadisəsi nəticəsində sonradan atasının bədənində ağrılar yarandığı üçün atası ilə birgə Bakı şəhər 1 saylı kliniki xəstəxanasına atasının müalicə alması məqsədilə getmiş, həmin xəstəxanada müalicə olunmasına baxmayaraq 14 fevral 2023-cü tarixdə atası həmin xəstəxanada ölmüşdür. İş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə ehtiyatsızlıqdan baş vermişdir. Təqsirləndirilən şəxs onlara dəyən ziyanı tam olaraq ödəmişdir. Qeyd olunanların nəzərə alınmasını və Təqsirləndirilən şəxs mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Astara rayon polis şöbəsinin, DYPB-nin müfəttişi vəzifəsində işləyir. 20 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Astara rayon polis şöbəsinin növbətçi hissəsindən Astara şəhəri Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verməsi haqda məlumat almış, həmin vaxt şöbənin əməliyyat-istintaq qrupunun digər əməkdaşları ilə birgə Astara şəhəri Heydər Əliyev prospektinə yola düşmüşdür. Yol nəqliyyat hadisəsinin baş verdiyi yerə çatdıqda polis əməkdaşları və toqquşmuş “Toyota” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 və “Ford Transit” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da hadisə yerində olmuşlar. Hadisə yerinə çatdıqdan sonra hər iki sürücünün idarə etdiyi avtomobildə digər şəxslərin olubolmamasını yoxlamış və sürücülərdən hər-hansı bədən xəsarəti alıb-almadıqlarını soruşmuş, sürücülərin hər ikisi qətiyyətlə hər hansı bədən xəsarətlərinin olmadığını bildirmişlər. Daha sonra onun tərəfindən hadisə yerinin sxemi çəkilməklə akt tərtib edilmiş və zəruri sənədləşmələr aparılmış, toqquşmuş hər iki avtomobil Astara rayon polis şöbəsinin duracağında saxlanılması təmin olunmuşdur. Sürücülərin izahatının alınması məqsədilə sürücülər Astara rayon polis şöbəsinin DYPB-yə dəvət olunmuşlar, Valeh Məlikov və Təqsirləndirilən şəxs izahatları alınarkən hər hansı bir xəsarətlərinin olmadığını və bir-birilərindən şikayət və tələblərinin olmadığını bildirmişlər. Bundan əlavə Valeh Məlikov şifahi dindirilən zaman videoçəkilişdən istifadə edilmiş, həmin videogörüntü istintaqa təqdim edilmiş, zəruri sənədləşmələr aparıldıqdan və hər iki avtomobilə dəymiş maddi ziyan barədə akt, eləcə də inzibati qaydada protokol tərtib edildikdən sonra avtomobillərin sürücüləri Valeh Məlikov və Təqsirləndirilən şəxs sərbəst buraxılmışdır. 14 fevral 2023-cü tarixdə X2 20 yanvar 2023-cü il tarixdə Astara şəhəri ərazisində yolnəqliyyat hadisəsi zamanı aldığı xəsarət nəticəsində Bakı şəhərində xəstəxanada ölməsi barədə məlumat almışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir:

1. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış Astara şəhəri Heydər Əliyev prospektindən Astara rayonu Ərçivan kəndi istiqamətində, Astara şəhəri İlya Kaverin küçəsi ilə kəsişən yolayrıcına yaxın ərazidə keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə Astara şəhəri Heydər Əliyev prospektində baş vermiş, “Ford Transit” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobil Astara şəhəri Heydər Əliyev prospektindən Astara rayonu Ərçivan kəndi istiqamətində, Astara şəhəri İlya Kaverin küçəsi ilə kəsişən yolayrıcına yaxın ərazidə “Toyota” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sola dönmə manevri etməsi nəticəsində ön hissəsi ilə “Toyota” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Daha sonra isə yolun hərəkət hissəsinin sağ tərəfində yerləşən səkiyə çıxmış və maneəyə dəyərək dayanmışdır. Həmin ərazi yaşayış məntəqəsi hesab olunur, düzənlik ərazidir, hadisə yerində yol asfalt örtüklüdür, asfalt örtüyü qurudur, düz istiqamətli yoldur, yolun sağ və sol tərəfində fərdi yaşayış evləri mövcuddur. Asfalt yolun hərəkət hissəsinin eni 19 metr, yolun sağ tərəfində səki 3 metrdir, yolun sol tərəfində səki 2,30 metrdir. Baxış keçirilərkən “Ford Transit” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs göstərdiyi “Toyota” markalı, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nöqtəsindən yolun hərəkət hissəsinin sağ sərhəddinə qədər məsafə 5,8 metr, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı nöqtədən “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nöqtəsinə qədər qət etdiyi məsafə 8 metr, “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nöqtəsindən toqquşduqdan sonra yolun sağ tərəfində yerləşən səkidə olan maneəyə qədər qət etdiyi məsafə 13,6 metr, toqquşma nöqtəsində yolun sağ zolağının eni 8,70 metrdir, “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobil dayandığı nöqtədən “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nöqtəsinə qədər hərəkət edərkən təxmini sürəti saatda 10 kilometr olmuşdur. Hadisənin baş verdiyi ərazidə İlya Kaverin küçəsi ilə kəsişən yolayrıcından sonra təkrarlanan “ötmək qadağandır” və “sürət həddi 60 km/s” yol nişanları quraşdırılmışdır.

2. 20 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Astara şəhəri Heydər Əliyev küçəsinin Kaverin küçəsi ilə birləşdiyi yolayrıcı yaxınlığında yolun hərəkət hissəsinin sağ tərəfində mağazanın qarşısında X2 idarə etdiyi “Toyota” markalı “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət başlamazdan öncəki dayanmış olduğu yeri göstərmişdir. Daha sonra idarə etdiyi “Ford Transit” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Valeh Məlikovun idarə etdiyi “Toyota” markalı “**-VL-***” dövlət qeydiyyat nişanlı avtomobilin qəflətən hərəkətə başlayaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxdıqdan sonra həmin avtomobillə toqquşma nöqtəsini daha sonra isə toqquşma hadisəsindən sonra idarə etdiyi “Ford Transit” markalı “**-BH-***” dövlət qeydiyyat nişanlı avtomobilin öz sürəti ilə hərəkət edərək dəyib dayandığı divarı göstərmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin Nəsimi rayon şöbəsinin 15 fevral 2023-cü il tarixli, 30 saylı meyitin ekspertizası rəyindən görünür ki, 1959-cu il təvəllüdlü X2 meyitinin məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdə yazılanlara və laborator tədqiqatların cavabına əsasən, hadisə haqqında qərarda göstərilənləri nəzərə alaraq və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1.3.4. V.İ.Məlikovun bədənində aşkar edilmiş xəsarətlər sol tərəfli hemotoraks, soldan İV,V,Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınığı, ağciyərlərin əzilməsi ilə müşayiət olunan və ağciyərlərin iriocaqlı pnevmoniyası ilə fəsadlaşan döş qəfəsinin küt travması, bel nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə bilavasitə səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. 2. V.İ.Məlikovun ölümünün bilavasitə səbəbi sol tərəfli hemotoraks, soldan qabırğaların çoxsaylı sınıqları və ağciyərlərin əzilməsi ilə əlaqədar posttravmatik dövrdə inkişaf edən ağciyərlərin iriocaqlı pnevmoniyası, kəskin tənəffüs çatışmazlığı olmuşdur. V.İ.Məlikovun ölümü 14 fevral 2023cü il tarixdə, saat 19:30-da X8 baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 28 mart 2023-cü il tarixli, 8/661 saylı ekspert rəyindən görünür ki, 1,2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Ford Transit” markalı, “99BH598” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin pozulmuş və həmin qayda pozuntuları ilə baş vermiş qəzanın nəticəsi arasında səbəbli əlaqə mövcud olmuş, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

5. 20 yanvar 2023-cü il tarixli, 02022 saylı protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur.

6. AF serialı, 134511 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «B, C» kateqoriyalı avtomobil sürücüsüdür və 10 dekabr 2029-cu ilədək qüvvədədir.

7. Astara rayon İcra Hakimiyyəti başçısının Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Kənd sakinlərinin dərin hörmət və rəğbətini qazanmışdır.

8. Astara rayon İcra Hakimiyyəti başçısının Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs nümayəndəliyin Sərək kəndində yaşayır. Ailəlidir, dörd övladı var.

9. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən yazılan ərizənin məzmunundan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Füzuli Fətəliev onlara dəyən ziyanı tam olaraq ödəmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində az ağır cinayət törətməsini, zərərçkimiş şəxsin hüquqi varisi ilə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan hadisələrin təsadüfi axarı zəmnində az ağır cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə X4 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Tövsiyyə xarakterli «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından, habelə təyin ediləcək cəzanın onun həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edərkən onun hadisələrin təsadüfi axarı zəmnində az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərərçkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını müstəsna hallar kimi nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən isə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Azərbaycan Respüublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsini qoymağı məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ ********************, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilsin. Üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin olunan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ ********************, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar