Məhkəmə qərarları › İş №1(018)-85/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-85/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-85/2025 16.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X7 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 2003-cü il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, 27 aprel 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -9,168 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 26 aprel 2025-ci il tarixdə, saat 00:42 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Şahağacı kəndi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd kibrit qutusunda, təmiz çəkisi -9,168 qram olan narkotik vasitə olan qurudulmuş marixuana əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2003-cü ildə Astara rayonunda anadan olmuş, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, 25 aprel 2025-ci il tarixdə, saat 23:15 radələrində Astara rayonu, Şahağacı kəndi ərazisində piyada gəzən zaman yerdən 01 ədəd kibrit qutusu tapmış, içərisinə baxanda qurudulmuş marixuana olduğunu bilmiş, dərhal qutunu sonra istifadə edəcəyini düşünüb gödəkcəsinin sağ yan cibinə qoymuş, sonradan da biraz orada tək dayanmışdır. O, 26 aprel 2025-ci il tarixdə, təxminən saat 00:40 radələrində kənddə piyada evə tərəf gedən zaman anidən yanında avtomobil dayanmış, avtomobildən düşən şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet olduğunu soruşmuşlar. O da olduğunu bildirmiş, ondan sonra üstü yoxlanılmış, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kütləsi çıxarılmış, əlavə də şalvarının sağ yan cibindən mobil telefon çıxarılmış, başqa da heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 11 qramdan çox olması müəyyən edilmiş, zərfdə qablaşdırılaraq möhürlənmiş, üzərində o və iştirakçılar imzalarını çəkmişlər. Onunla şifahi sorğu aparılmış, o, marixuananı Şahağacı kəndi ərazisində yerdən tapdığını, heç kəsə satmadığını, vermədiyini və təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini demiş, sonra polis əməkdaşları avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmişlər. O, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, bu barədə bildiriş ona təqdim edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün müdafiəçi çağırılmışdır. Əvvəlcə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar edilmiş bükümə yenidən baxış və üzərinə şəxsi axtarış keçirilmiş, üzərində şəxsi axtarış zamanı hər hansısa bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, sonra təhqiqatçı tərəfindən büküm zərfdən çıxarılmış, büküm yenidən elektron tərəzidə çəkilmiş, bükümün çəkisi ilə razılaşmış, büküm yenidən zərfdə qablaşdırılmış, o, müdafiəçisi və iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəkmişlər. Yuxarıda qeyd etdiyi cavablarını yenidən orada bildirmiş, yekunda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və iştirak edən digər şəxslər protokolu imzalamışlar. Üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı saxlanılmamışdan təxminən 1 saat yarım əvvəl, yəni 25 aprel 2025-ci il tarixdə, saat 23:15 radələrində Astara rayonu, Şahağacı kəndi ərazisindəki dənizkənarı ərazidə gəzən zaman yerdən tapmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, narkotik vasitələrdən 1 ilə yaxın müddətdir ki, istifadə etmişdir. O, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamış, həmin kütlədən kiməsə nə satmış, nə də ki, vermişdir. Ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmişdir, heç kəs ona zor tətbiq etməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Törətdiyi əmələ görə peşmandır, ilk dəfə cinayət törətdiyini bildirib ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in Astara Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, Azərbaycan dilində sərbəst danışır, yazıb oxuya bilir və ifadəsinin müstəntiq tərəfindən kompüterdə latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmasını istəyir. Mahiyyəti üzrə bildirmişdir ki, 26 aprel 2025-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 26 aprel 2025-ci il tarixdə, saat 00:42-də Astara rayonu, Şahağacı kəndi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yolun kənarında hərəkət etdiyini görmüşlər, dərhal avtomobili sonuncunun yanında saxlayaraq özlərini təqdim etmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə olan marixuana kütləsi olmasını bildirmişdir. Ondan sonra tərəfindən üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüş, əlavə də şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilmiş, başqa da heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu üzərindən aşkar edilmiş marixuanaya bənzər kütləni saxlanılmamışdan təxminən 1 saat yarım əvvəl Şahağacı kəndi ərazisində yerdən tapdığını, istifadə etmədiyini, heç kəsə satmadığını bildirmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana çəkilmiş, çəkisinin 11.94 qram olması müəyyən edilmiş, tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Bundan sonra onlar İmaməli ilə birlikdə Astara RPŞ-yə gəlmişlər. Astara RPŞyə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, Mahir Tahirli tərəfindən İmaməlinin üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərf yenidən açılmış, bükümə baxış keçirilmış, bükümə baxış keçirilən zaman orada o, Təqsirləndirilən şəxs, müdafiəçi və Şahid2 iştirak etmiş, İmaməli Bağırov orada bükümün çəkisi ilə razılaşmışdır. Sonuncu ilə şifahi sorğu aparılan zaman yuxarıda göstərilənləri yenidən təsdiq etmiş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman qeydə alınmış videogörüntü olan 01 ədəd “DVD” diskə baxış keçirilmək üçün “Fujitsu” markalı kompyüterə daxil edilmiş, “My computer” pəncərəsində “Təqsirləndirilən şəxs mp4” adlı videogörüntü açılmış, 08 dəqiqə 11 saniyədən ibarət olan videogörüntünün 02:18 dəqiqəsində Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd kibrit qutusunun aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun marixuana olduğunu və özünə məxsus olduğunu deməsi qeydə alınmışdır. Sonradan videogörüntü də əhəmiyyət kəsb edən məlumat aşkar edilməmiş, nəticədə bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-in PPXB-nin polis nəfəri vəzifəsində işləyir, Azərbaycan dilində sərbəst danışır, yazıb oxuya bilir və ifadəsinin müstəntiq tərəfindən kompüterdə latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmasını istəyir. Mahiyyəti üzrə bildirmişdir ki, 26 aprel 2025-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması barədə şöbənin əməliyyat müvəkkili Şahid1 icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və həmin qərarın icrası məqsədilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə 26 aprel 2025-ci il tarixdə, saat 00:42-də Astara rayonu, Şahağacı kəndi ərazisində hərəkətdə olarkən Təqsirləndirilən şəxs yolun kənarında hərəkət etdiyini görmüşlər, dərhal avtomobili sonuncunun yanında saxlayaraq özlərini təqdim etmişlər, bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulduqda sonuncu üzərində narkotik vasitə olan marixuana kütləsi olmasını\ bildirmişdir. Ondan sonra Şahid1 tərəfindən üstü yoxlanılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilərək götürülmüş, əlavə də şalvarının sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilmiş, başqa da heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən sonuncu üzərindən aşkar edilmiş marixuanaya bənzər kütləni saxlanılmamışdan təxminən 1 saat yarım əvvəl Şahağacı kəndi ərazisində yerdən tapdığını, istifadə etmədiyini, heç kəsə satmadığını bildirmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana çəkilmiş, çəkisinin 11.94 qram olması müəyyən edilmiş, Şahid1 tərəfindən zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhür ilə möhürlənmişdir. Bundan sonra onlar İmaməli ilə birlikdə Astara RPŞ-yə gəlmişlər. Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Mahir Tahirliyə həvalə olunmuş, sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-bioloji ekspertizası üzrə verilmiş 26 aprel 2025-ci il tarixli, 19/170 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd zərfdəki təmiz çəkisi: -9,168 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata sərf edildi 0,1 qram, qalıq -9,068 qramdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 30 aprel 2025-ci il tarixli, 236 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 26 aprel 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 00:42-dən saat 00:50-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürümüş, həmin narkotik vasitə olan qurudulmuş marixuanayə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 11,94 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni saxlanılmamışdan təxminən 1 saat yarım əvvəl, yəni 26 aprel 2025-ci il tarixdə, saat 23:15 radələrində Astara rayonu, Şahağacı kəndi ərazisində gəzərkən yerdən tapdığını, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini, istifadə məqsədi ilə üzərində gəzdirdiyini, heç kimə vermədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X4 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Astara RİHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 273 №-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Astara RİHB-nın Şahağac kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət msəuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 27 aprel 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan 29 aprel 2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -9,068 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 9,068 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 aprel 2025-ci il tarixdən 27 aprel 2024-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Şahağacı kəndində yerləşən evi gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs Bünya oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 9.068 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvəyə mindikdən sonra məhv edilsin və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar