Məhkəmə qərarları › İş №1(018)-86/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-86/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-86/2023 25.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X2 oğlunun iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Astara rayonu Şiyəkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, məhkumluğu olmayan, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə, Astara rayonu Ərçivan qəsəbə sakini X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 0,666 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edib daşımaqla üzərində saxlamış, 21 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,356 qram və 0,310 qram olmaqla ümumi təmiz çəkisi 0,666 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Astara rayonu Şiyəkəran kəndində yaşayır. Evlidir, rəsmi olaraq hər hansı bir yerdə işləmir, 06 övladı vardır. Astara və Lənkəran rayonları ərazisində fəhlə kimi işləyib ailəsinin dolanışığını təmin edir. Təxminən 2008-ci ildən bəri narkotik vasitə heroin qəbul edir, 20 fevral 2023-cü il tarixdə, günorta saatlarında Ərçivan qəsəbə sakini X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib ona narkotik vasitə heroin lazım olduğunu bildirmiş, daha sonra axşam saatlarında Ərçivan qəsəbəsinə gedib 10 manata Qədirdən 02 ədəd bükümdə narkotik vasitə heroin almışdır. 21 fevral 2023-cü il tarixdə, saat 14 radələrində Astara şəhərində olduğu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşmış və özlərinin polis əməkdaşları olduqlarını bildirib ardınca ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu maşına əyləşdirərək polis şöbəsinə aparmışlar. Polis Şöbəsində polislər tərəfindən xidməti otaqlardan birində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı Elnur Məmmədov ona üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub olmadığını soruşmuş, o da əynindəki qara rəngli gödəkçənin sol yan cibindən ona məxsus olan iki ədəd bükümdə narkotik vasitə heroin bükümlərini çıxarıb təqdim etmişdir. Sorğu zamanı o, həmin bükümlərdə heroin olduğunu bildirmiş, həmin 2 ədəd bükümünə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və ekspertizaya təqdim edilməsindən ötrü 1 ədəd zərfdə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçi və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır, himayəsində 6 uşaq vardır kı, onlardan 5 nəfəri azyaşlı uşaqdır. Bütün bunları nəzərə alıb məhkəmədən ona mümkün qədər yüngül, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Çünki ailədə yeganə qazanc gətirən şəxsdir, ondan başqa heç kəs ailəyə qazanc gətirmir. Tutulduqdan sonra nə qədər alçaq iş tutduğunu başa düşmüş, birdəfəlik narkotik qəbul etməkdən uzaqlaşmışdır, bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, o, Astara RPŞ-nin CAB-nin, əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 fevral 2023-cü il tarixdə Astara rayonu Şiyəkəran kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar 21 fevral 2023-cü il tarixdə saat 14 radələrində Astara şəhəri ərazisində Təqsirləndirilən şəxs saxlayıb ona yaxınlaşaraq özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək, onu Astara Rayon Polis Şöbəsinə dəvət etrmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs qismində tutulub hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı və videoçəkilş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olub-olmasını soruşmuş və olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kültləni təqdim etmişdir. Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş, iki ədəd bükümdə narkotik vasitə heroin olduğunu Ərçivan qəsəbə sakini Əliyev Qədir adlı şəxsdən 10 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə qablaşdırılmışdır. Daha sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X3 da şahid X9 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəisi müavininin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 21 fevral 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 21 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, 21 fevral 2023-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 19 radələrində Astara şəhəri ərazisində saxlanılıb Astara RPŞ-nin inzibati binasına gətirilmiş və Astara RPŞ-də xidməti iş otaqlarının birində videoçəkiliş vasitəsilə üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə narkotik vasitə hesab edilən heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, aşkar olunan kütlə elektron tərəzidə çəkildikdən sonra 0,82 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq «DİN Zərflər üçün № 84» möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxslə aparılan şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş iki bükümdə narkotik vasitə olan heroini Ərçivan qəsəbəsində Qədir adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertiza” üzrə verilmiş 22 fevral 2023-cü il tarixli, 19/220 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 bükümdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,326 qram və 0,310 qram, ümumi təmiz çəkisi 0,666 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş 0,666 qram narkotik vasitə hesab edilən heroinin 0,1 qram hissəsi (hər obyekt – büküm üzrə 0,05 qram) tədqiqata sərf edilmiş, 0,566 qram hissəsi qalıq qalmışdır. Adı çəkilən Mərkəzin 22 fevral 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış beş) manat təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən ********* saylı cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən “məhkəmə-kimyəvi ekspertiza” üzrə verilmiş 16 mart 2023-cü il tarixli, 19/306 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, “tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs məxsus 2 büküm heroinlər Rəy № 19/220....” və “X8 üzərindən aşkar edilmiş 04 büküm heroin Rəy № 19/269....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə sayı 6 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertizası” üzrə verilmiş 16 mart 2023-cü il tarixli, 303 nömrəli rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2018-ci ildən qeydiyyatdadır. Cinayət işinin materiallarında olan protokoldan götünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş ilkin təmiz çəkisi 0,666 qram olan, tədqiqatdan sonra qalan 0,566 qram narkotik vasitə heroin və şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,566 qram narkotik vasitə heroin saxlanılması üçün Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diski cinayər işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 22 aprel 2023-cü il tarixli tələbnamə-arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, əvvəli şübhəli şəxs qismində tutulduğu 21 fevral 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir.. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Himayəsində 5 nəfəri azyaşlı olmaqla, 6 nəfər uşaqları vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara rayonu Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan RespublikasıCM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaaşdırılması növündə ədalətli cəza təyin edilməlidir. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” 25 iyun 2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinəəsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 5 nəfər azyaşlı uşağın olmasını, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşiman olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsində nəzərə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini,o cümlədən cəzanı yüngülləşdirən halları – cinayət əməlini etiraf etməklə, peşman olmasını, himayəsində 5 nəfəri azyaşlı olmaqla, 6 nəfər uşaq olmasını, habelə ona təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Astara və Lənkəran rayonlarının kəndlərində fəhləlik etməklə ailəsini dolandırır və Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı Astara rayonu Şiyəkəran kəndində yerləşən fərdi yaşayış evini günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, onun barəsində 23 fevral 2023-cü il tarixdə “ev dustaqlığı” qətimkan qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir. AzərbaycanRespublikasıCM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni nüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1 və 158.2.2-ci maddəsinə əsasən tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 21 fevral 2023-cü il tarixdən hal-hazıradək olan “ev dustaqlığı” qətimkan tədbirində saxlandığı 03 (üç) ay 04 (dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü iki gün hesabı ilə nəzərə alınmaqla, ona təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasından həmin müddət- 06 (altı) ay 08 (səkkiz) gün çıxılmasını, cəzaçəkmə müddətinin əvvəlinin məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılmasıüçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətin predmetini ekspertizadan sonra istintaqa qaytarılmış təmiz çəkisi 0,566 qram narkotik vasitə heroin təşkil edir. Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasınıda müzakirə edərək belə nəticəyə gəlirki, qeyd edilən narkotik vasitə məhv edilməli və məhvetmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini, ekspertiza xərclərini təşkil edən 65 (altmış beş) manat pulun Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəm HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 fevral 2023-cü il tarixdən hal-hazıra kimi şübhəli şəxs kimi tutulduğu və “ev dustaqlığında” olduğu 03 (üç) ay 04 (dörd) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlığın mədudlaşdırılması cəzasından 06 (altı) ay 08 (səkkiz) gün çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın mədudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Astara rayonu Şiyəkəran kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2018-ci ildən ərazi narkoloji kabinetində qeydiyyatda durması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək,“başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,566 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkilişin qeydə alındığı 01 ədəd DVD diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Astara rayonu İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar