Məhkəmə qərarları › İş №1(018)-87/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-87/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-87/2023 14.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X15 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Tərcüməçi: X3, Təqsirləndirilən şəxs: X5 və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə İraq Respublikası Bağdad şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkum olunmamış, İraq Respublikası Bağdad şəhərində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunla müəyyən olunmuş qaydada İran İslam Respublikasından Azərbaycan Respublikasına gələ bilmədiyi ıçün qanunsuz yol ilə gəlmək məqsədi ilə 18 mart 2023-cü il tarixdə saat 15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda yəni Dövlət Sərhəd Xidməti sərhəd Qoşunları N nömrəli hərbi hissənin Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının 12-ci sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, İraq Respublikası vətəndaşıdır. təxminən dörd-beş ay əvvəl qanunsuz olaraq Azərbaycan Respublikasına keçmək istəmiş, lakin onu, İran İslam Respublikası tərəfində əsgərlər saxlamışlar. İran İslam Respublikasında üç gün həbs etdikdən sonra, onu öz ölkəsinə İraq Respublikasına geri göndərmişlər. Sərhədi qanunsuz olaraq pozduğuna görə 1 dəfə Türkiyədə 10 gün müddətinə həbsdə olmuşdur. 18 mart 2023-cü il tarixdə saat 14 radələrində o, İran İslam Respublikasının Astara şəhərindən çayı keçərək Azərbaycan Respublikasına gəlmişdir. O, sərhədi qanunsuz keçməyin cinayət olduğunu bilir, lakin İran İslam Respublikasından Astara çayını keçərək Azərbyacan Respublikasına keçmiş və keçdikdən sonra sərhədçilər onu saxlamışlar. Azərbaycan Respublikasına gəlməkdə məqsədinin evlənib yaşamaq olduğunu və ümumiyyətlə bu yaşına qədər Azərbaycan Respublikasında olmamışdır. Evliliklə vizaya icazə olduğunu bildiyi üçün Azərbaycan Respublikasında evlənib yaşamaq istəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib məhkmədən ona yüngül cəza təyin edilməsi xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 18 mart 2023-cü il tarixdə saat 08:00-dan 20:00-dək “Rejim gözətçisi- piyada xətti” sərhəd naryadının xidmətinə təyin olunmuşdur. Saat 15 radələrində 16-cı sərhəd zastavasının 12-ci sahəsi istiqamətində İran İslam Respublikası İstiqamətdən 1 nəfər naməlum şəxsin Astara çayı tərəfindən zastavaya doğru hərəkət etməsi ona məruzə edilmiş və o, müşahidə etməyə başlamışdır. O, həmin istiqamətə baxdığı zaman naməlum şəxsin Astara çayı istiqamətinə hərəkət etməsini görmüş, ona işarə ilə yanına çağırmışdır, sənədlərini təqdim etməsini bildirmiş və o, ona inglis dilində nə isə deməyə başlamışdır. Lakin o, onu başa düşmədiyindən, şübhə yarandığından dərhal bu barədə telefon vasitəsilə növbə rəisinə məlumat ötürmüş və həmin şəxsi sərhəd nəzarət şöbəsinə dəvət etmişdir. Sərhəd nəzarəti şöbəsində həmin şəxs dindirilmiş və onun İraq Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmış və sonradan komanda üzrə hadisə yerinə gəlmiş sərhədçilərə təhvil verilmişdir. İş materialında olan 18 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İraq Respublikası vətəndaşı Təqsirləndirilən şəxs keçdiyi yer Dövlət sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsi Astara rayonu ərazisində yerləşən 16-cı sərhəd zastavasının 11-ci sahəsi ərazisində İran Respublikası istiqamətdən Astara çayı Azərbaycan Respublikasının, dövlət sərhədini pozduğu ərazidir. Qeyd olunan hadisə yeri X11 150 metr aralı, 144 №-li sərhəd nişanından 350 metr sağa, mühəndis çəpərindən 5 metr içəridə yerləşən ərazidir. Ərazi meşəlik relyefə malikdir, hadisə yeri olan 11-12-ci sahələrdə aparılmış baxış zamanı əlavə maneə çəpərlərin ətrafında yerləşən kolluqların əzilməsi aşkar edilmişdir. İş materialında olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat Axtarış Baş İdarəsindən daxil olmuş 29 mart 23-cü il tarixli məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə İraq Respublikası vətəndaşı X4 dövlət sərhədindən hərəkəti müəyyən olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs X7 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə X5 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin 19 mart 2023-cü il tarixli tələbnaməsindən ki, X10 məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20.03 2023-cü il tarixli qərarından görünür ki, X5 barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə X5 törətmiş olduğu əməldən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə X5 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxs bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X10 xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X7 cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri X7 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X10 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: İraq Respublikası vətəndaşı X10 Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 18 mart 2023-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Astara rayon Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs X5 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə X10 cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar