Məhkəmə qərarları › İş №1(018)-87/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-87/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-87/2024 16.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satiş məqsədi olmadan qanunsuz olaraq tərkibindəki metadon narkotik maddəsinin təsiredici maddəsinin miqdarı xeyli miqdarda, 0,28 qram təşkil edən 1 konvalyutda 7 ədəd “methadone” yazılı həbləri, habelə tərkibindəki preqabalin güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 8,55 qram təşkil edən 6 konvalyutda 57 ədəd “pregabalin 150 mg” yazılı həbləri əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə ona məxsus qara rəngli bel çantasının içərisində şəxsi geyim əşyalarının arasında gizlədərək saxlamış, idarə etdiyi “mercedes benz” markalı, 47ac376/47za052 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabinəsində İran İslam Respublikasında Azərbaycan Respublikasına daşımış və 09 aprel 2024-cü il tarixdə saat 06 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində qeyd olunan xeyli miqdarda, 0,28 qram təşkil edən 1 konvalyutda 7 ədəd “methadone” yazılı həbləri və güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 8,55 qram təşkil edən 6 konvalyutda 57 ədəd “pregabalin 150 mg” yazılı həbləri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, təxminən 11 ildir sürücü işləyir, 3 il isə olar ki, beynəlxalq yük daşımalar ilə məşğul olur. İdarə etdiyi “Mercedes Benz” markalı “47AC376/47ZA052” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi isə Bakı şəhərində yerləşən “Mİ logistics” şirkətinə məxsusdur. Həmin şirkətin rəhbəri Mürvət adlı şəxsdir. Mürvət həmçinin onun həmyerlisidir. O, müqavilə əsasında həmin şirkətə məxsus yük avtonəqliyyat vasitələrini idarə edərək İran İslam Respublikasından meyvə-tərəvəz yüklərini götürüb Azərbaycana gətirir, daha sonra isə həmin yüklər Azərbaycan ərazisindən tranzit qaydada Rusiya Federasiyasına aparılır. 2024-cü ilin aprel ayının əvvəllərində Mürvət onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq Bakı şəhərinə gəlməsini, şirkətə məxsus “Mercedes Benz” markalı “47AC376/47ZA052” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini qarajdan götürüb İran İslam Respublikasının Astara şəhərinə getməsini və orada “Payanə” terminalında “kələm” yükünü yükləyərək Rusiya Federasiyasına aparılması məqsədilə Azərbaycan ərazisinə gətirməsini tapşırmışdır. Onun işi sözügedən yükü götürüb nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirməkdən ibarət olmuşdur. Daha sonra şirkətin digər bir sürücüsü, Əziz adlı şəxs isə həmin nəqliyyat vasitəsini idarə edərək yükü Rusiya Fedrasiyası ərazisinə aparmalı imiş. Buna uyğun olaraq, o, 2024-cü ilin aprel ayının əvvəllərində Bakı şəhərinə gəlmiş və “Mercedes Benz” markalı 47AC376/47ZA052 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edərək Astara rayonu ərazisində gömrük sərhəd buraxılış məntəqəsindən keçməklə İİR-in Astara şəhərinə getmiş və maşını “Payanə” terminalına sürmüşdür. Orada idarə etdiyi yük nəqliyyat vasitəsinə “kələm” yükü yükləndikdən sonra Azərbaycan Respublikası ərazisinə geri qayıtmaq üçün İranın Astara gömrüyünə gəlmişdir. Lakin, uzun növbə olduğundan nəqliyyat vasitəsini növbədə saxlamış və bir neçə gün gömrükdə gözləməli olmuşdur. O, 2014-cü il tarixdə ağır avtoqəza törətmiş və həmin hadisədə baş nahiyəsindən travma almışdır. Ona görə də bir neçə ildir ki, əsəb xəstəliyindən və ağrılardan əziyyət çəkir və ona görə də bir neçə dəfə metadon həblərindən istifadə etmişdir. O, İİRin Astara gömrüyündə maşını növbədə saxladıqdan sonra ona məxsus “Samand” markalı nəqliyyat vasitəsi üçün ehtiyyat hissəsi almaq məqsədilə gömrüyün qarşısında dayanmış, taksi sürücüsü kimi tanıdığı İİR vətəndaşı “Rahim” adlı şəxslə İİR-in Astara şəhərində mağazaya getmişdir. Yolda sonuncuyla söhbət zamanı yaranmış ağrıları ilə əlaqədar o, ağrıkəsici almaq istədiyini, lakin yuxu verməyən ağrıkəsici qəbul etmək istədiyini bildirmişdir. Rahim isə ona apteklərdə “Preqabalin” adlı dərman preparatının satıldığını və ağrıların kəsilməsinə və əsəblərin sakitləşdirilməsinə kömək etdiyini bildirmişdir. Bundan sonra o, Rahimə onun üçün həmin dərmandan almasını xahiş etmişdir. Həmçinin əlavə etmişdir ki, əgər aptekdə metadon həbləri olsa ondan da alarsan. Rahim isə özündə metadon həblərindən olduğunu və almağa ehtiyac olmadığını, “pregabalin” dərmanını isə onun üçün alacağını bildirmişdir. Bundan sonra o, sonuncuyla razılaşmış və yolüstü Rahim Astara şəhərində hansısa aptekin qarşısında dayanıb aptekə getmiş, bir neçə dəqiqə sonra geri qayıtmış və əlində hər birində 10 ədəd olmaqla 6 konvalyutda ümumilikdə 60 həb üzərində “pregabalin 150 mg” yazılan dərmanlarla birgə gəlmişdir. Daha sonra sonuncu həmin dərmanları və həmçinin maşınında olan üzərində “Methadone 40” yazılı 1 ədəd konvalyut kəsiyində olan ümumilikdə 8 ədəd həbi ona vermişdir. O, bu dərmanların müqabilində Rahimə nə qədər pul verəcəyini soruşmuş, sonuncu da Azərbaycan puluyla təxminən 5 manat pul verəcəyini ona bildirmiş, o da, bu pulu elə maşındaca çıxarıb Rahimə vermişdir. Həmçinin, onun üçün aldığı üzərində “pregabalin 150 mg” yazılan dərmanlardan 2 ədədini Rahim özü üçün götürmüşdür. Yolda gedərkən o, 1 ədəd pregabalin dərmanından qəbul etmişdir. Daha sonra Rahimlə birgə maşını üçün ehtiyyat hissəsi almaq üçün getmiş, oradan isə Rahim onu gömrüyün qarşısına gətirib orada düşürmüşdür. Maşından endikdən sonra da 1 ədəd metadon həbindən qəbul etmişdir. Qalan hissəsini isə, yəni üzərində “Pregabalin 150 mg” yazılı 6 ədəd konvalyutda olan ümumilikdə 57 ədəd və üzərində “Methadone 40” yazılı 1 ədəd konvalyut kəsiyində olan ümumilikdə 7 ədəd həbi o, özünə məxsus bel çantasında olan şəxsi geyim əşyalarının arasında yerləşdirmişdir. Həmin çantanı isə idarə etdiyi nəqliyyat vasitəsində kabinəyə qoymuşdur. 09 aprel 2024-cü il tarixdə saat 06 radələrində idarə etdiyi “Mercedes Benz” markalı 47AC376/47ZA052 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə İran-Azərbaycan sərhədini keçmiş və Astara gömrüyünə daxil olmuşdur. Bir qədər növbədə gözlədikdən sonra növbə ona çatmış və o, nəqliyyat vasitəsini yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə sürmüşdür. Yoxlama xəttində gömrük işçisi onunla şifahi şəkildə sorğu-sual apararaq, onun üzərində, ona məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olubolmamasını soruşmuş, o, isə öz növbəsində onda qadağan olunmuş, gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Daha sonra gömrük işçiləri tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan ona məxsus yüklərə ətraflı yoxlama keçiriləcəyi bildirilmişdir. Daha sonra isə oradan iki nəfər şəxs dəvət edib həmin şəxslərin də iştirakları ilə gömrük əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Yoxlama zamanı gömrük işçisi nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul aşkar etmişdir. Həmin məhlulun nə olmasını ondan soruşduqda o, qeyd olunan məhlulun idarə etdiyi nəqliyyat vasitəsinin digər sürücüsü Əziz adlı şəxsə məxsus olmasını bildirmişdir. Daha sonra kabinədə olan ona məxsus yüklərə tətbiq edilmiş gömrük yoxlaması zamanı ona məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasında əvvəlcədən ora yerləşdirdiyi 6 ədəd konvalyutda ümumilikə 57 ədəd ağ rəngli “Pregabalin 150 mg” həbləri və 1 konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli “Methadone 40” həbləri aşkar edilmişdir. İlkin sorğu-sual zamanı həmin həblərin ona məxsus olduğunu və ağrıkəsici və sakitləşdirici kimi qəbul etdiyini bildirmişdir. Bundan sonra hal şahidlərinin iştirakı ilə onun üzərində də şəxsi yoxlama aparılmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmetləri aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra onun idarə etdiyi nəqliyyat vasitəsinin kabinəsində aşkar olunmuş üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda olan spesifik iyli naməlum məhlul və bel çantasından aşkar olunmuş 6 konvalyutda ümumilikə 57 ədəd ağ rəngli “Pregabalin 150 mg” həbləri və 1 konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli “Methadone 40” həbləri, ona məxsus passport, yükə və nəqliyyat vasitəsinə aid sənədlərin surətləri gömrük işçiləri tərəfindən onun və hal şahidlərin iştirakı ilə götürülmüş, xidməti otağa gətirilərək araşdırma ilə əlaqədar qablaşdırılaraq möhürlənmişdir. O, bununla bağlı tərtib edilmiş protokollarla tanış olub imza etmişdir. Həmçinin təhqiqat orqanında ona məxsus 1 ədəd qara rəngli, “Redmi 12” markalı mobil telefonu da araşdırmaya təqdim etmiş və bununla bağlı tərtib edilmiş protokolu imzalamışdır. Sözügedən həbləri onda olan ağrıları aradan qaldırmaq və əsəblərini sakitləşdirmək məqsədilə şəxsi istifadəsi üçün İran İslam Respublikasının Astara şəhərində Rahim adlı iranlıdan almışdır. Sonuncu preqabalin həblərini aptekdən, metadonu isə özündə olduğundan ona vermiş, bunların müqabilində o, Rahimə təxminən 5 azn pul vermişdir. Sözügedən həbləri o, özü üçün istifadə edəcəyini Rahimə bildirmişdir. O, Azərbaycan Respublikasının ərazisində metadon həblərinin dövriyyəsi qadağan olduğunu və gömrükdən buraxmayacaqlarını bilirmiş, preqabalin dərmanlarının isə qadağan olduğundan məlumatsız imiş. Lakin, metadon həbləri preqabalin kapsulaları ilə bir yerdə olduğundan, hamısını birlikdə görünməmələri üçün gömrük orqanına qabaqcadan bəyan etməmiş və şəxsi geyim əşyalarının arasında yerləşdirmişdir. Daha əvvəllər metadon həblərindən istifadə etmişdir. Həmin həbləri də İranda elə gömrüyün qarşısında tanımadığı şəxslərdən 1-2 manat pul verib əldə etmiş və istifadə etmişdir. Çünki, İranda metadon həblərinin 1 ədədi təxminən 30 qəpikdir. Daha əvvəllər ölkə ərazisinə bu kimi həblərdən gətirməmiş, İrandan əvvəllər 1-2 ədəd metadon alıb elə İranda da olarkən istifadə etmişdir. Preqabalini isə ilk dəfədir alıb istifadə etmiş və onları ölkəyə gətirmişdir. Əsəb xəstəliyi ilə əlaqədar hər hansı dispanserdə qeydiyyatı yoxdur. Həkim tövsiyəsi ilə təxminən 2014-2017-ci illər ərzində hazırda adını xatırlamadığı dərman vasitələri atmışdır. Lakin, hər hansı bir xeyri olmadığından daha istifadə etmir. Aşkar edilərək götürülmüş narkotik vasitə və güclü təsir edən tərkibli həblərin Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə İran İslam Respublikası yaxud Azərbaycan Respublikası ərazisində hər hansı şəxs yaxud şəxslərlə qabaqcadan razılaşma və ya sövdələşməsi olmamışdır.Həmin dərmanların ölkə ərazisinə gətirilməsindən heç kimin məlumatı olmamışdır. Hətta belə dərmanları istifadə etməyi barədə heç kimə deməmişdir, sadəcə iranlı Rahimə bu barədə bildirmiş və orada istifadə edəcəyini sonuncuya demişdir. Nəqliyyat vasitəsinin kabinəsindən aşkar olunmuş üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda olan spesifik iyli naməlum məhlul Əzizə məxsusdur. Çünki, həmin maşını Əziz və o idarə edir. Lakin o, həmin məhlulun nə olduğunu bilmirmiş, ehtimal edir ki, qanunsuz yaxud qadağan olunmuş bir məhlul deyildir. İran gömrüyündə çox ləngimələr olur deyə, həmçinin Əziz başqa bir yükdən gəldiyinə görə çox yorulmasın deyə yükü İİR-dən Azərbaycana gətirmək ona, buradan RF-ə aparılması isə Əzizə həvalə olunmuşdur. Bundan başqa, Əziz Rusiyada malın hara aparılmasını, necə və kimlərə paylanmasını daha yaxşı bildiyindən və təcrübəli sürücü olduğundan malın təyinat nöqtəsinə çatdırılması sonuncuya həvalə olunmuşdur. Lakin, o arada özü də Rusiya Federasiyası ərasizinə yük aparmışdır. Əziz 50-52 yaşlarındadır, əslən Neftçala rayonundandır. Sonuncu da onun kimi, “Mİ logistics” şirkətinə məxsus yüklərin daşınmasını həyata keçirir. Lakin, Əziz ondan da qabaq bu fəaliyyətlə məşğul olur. Sonuncunun telefon nömrəsi ***-***-**-**-dir. Mürvət “Mİ logistics” şirkətinin sahibidir. Sonuncu da əslən Neftçala rayonundandır və 45-50 yaşlarındadır. Həmyerli kimi Mürvət onu da həmin şirkətdə işə düzəltmişdir, müqavilə əsasında o, həmin şirkətin sürücüsü kimi işləyir. Mürvətin mobil telefon nömrəsi ona məxsus mobil telefonun yaddaşında mövcuddur. Ölkə ərazisinə gətirdiyi narkotik və güclü təsir edən tərkibli həblər barədə Əziz yaxud Mürvətə qabaqcadan məlumat verməmişdir, hətta belə dərmanları istifadə etməyindən belə Əziz və Mürvətin məlumatı olmamışdır, əks halda ona idarə etməyi üçün nəqliyyat vasitəsi verməzmişlər. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə əvvəllər məhkumluğu olmamışdır. Saxlanan zaman ona qarşı hər hansı bir zorakılıq, fiziki təzyiq halları yaxud təhqir olmamışdır.. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını, anasının xərcəng xəstəliyindən əziyyət çəkdiyini bildirib bunları nəzərə alıb məhkmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci ildən gömrük orqanlarında xidmət edir, hazırda xidmətini Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci Bölmənin inspektoru vəzifəsində davam etdirir. Təhqiqat orqanında verdiyi izahatını təsdiq edərək bir daha göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə iş bölgüsünə əsasən Astara Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmənin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirirmiş. Həmin gün, saat təxminən 06 radələrində şəxsiyyəti ona sonradan məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı 47AC376/47ZA052 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə idxal yoxlama xəttinə daxil olmuşdur. Təqdim edilmiş mal-müşayiət sənədlərindən, 000117 saylı CMR və 14 nömrəli İnvoysa əsasən sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasının Astara şəhərindən Rusiya Federasiyasının Moskva şəhərində yerləşən şirkətin ünvanına “kələm” yükü aparıldığı məlum olmuşdur. Mal-müşayiət sənədləri ilə ilkin tanışlıqdan sonra o, sürücü Təqsirləndirilən şəxs ilə sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi şəkildə sorğu-sual aparmışdır. Sorğu-sual zamanı Seyfullanın üzərində, sonuncuya məxsus əşyalarda və yük nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olub-olmamasını soruşmuş, Seyfulla isə mütləq bəyan olunası və gömrük nəzarətindən gizlədilmiş predmetlərin olmadığını bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs hərəkətləri onda şübhə doğurduğu üçün o, sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə müvafiq şöbənin instruktor-kinoloqu X3 iştiraki ilə və sonuncu tərəfindən kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirmişdir. Baxış zamanı kinoloji xidmət iti nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verdiyi üçün o, həmin nəqliyyat vasitəsinə və nəqliyyat vasitəsində olan Təqsirləndirilən şəxs məxsus əl yüklərinə hal şahidləri də dəvət edilməklə gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul aşkar etmişdir. Daha sonra yoxlama davam etdirilmiş və Təqsirləndirilən şəxs məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasında üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyut və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyini aşkar etmişdir. Həmin konvalyutlara və konvalyut kəsiyinə baxış zamanı 6 ədəd konvalyutda ümumilikə 57 ədəd ağ rəngli həblər və 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli həblərin olduğu məlum olmuşdur. Daha sonra zərurət yarandığından hal şahidlərinin iştirakı ilə Seyfullanın üzərində də şəxsi yoxlama aparmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa hüquqpozma predmetləri aşkar edilməmişdir. Yoxlama tam başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində- ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul, həmçinin ona məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasından aşkar edilmiş üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyutda ümumilikə 57 ədəd və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd həblər onun tərəfindən Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Yekunda müvafiq sənədləşmə aparılaraq protokollar tərtib edilmiş və o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid X8 bildirdi ki, müvəqqəti olaraq Astara gömrüyündə yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləyir. Təhqiqat orqanında verdiyi izahatını təsdiq edərək bir daha göstərmişdir ki, 09 aprel 2024-cü il tarixdə təxminən saat 06 radələrində Astara gömrük idarəsinin Nüsrət adlı əməkdaşı onun və onunla birlikdə fəhləlik edən Famili Astara gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş yoxlama xəttinə dəvət edərək şəxsiyyəti ona sonradan məlum olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı 47AC376/47ZA052 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi və ona məxsus əl yüklərinin yoxlanılacağını, onlarında həmin yoxlamada hal şahidi kimi iştirak etməklərini bildirmişdir. O və Famil gömrük əmək daşırazılaşmış və yoxlamada iştirak etmişdirlər. Yoxlamadan öncə gömrük əməkdaşı yoxlama prosesində orada olmaqlarını, gedən prosesi və hərəkətləri izləməklərini, yekunda bununla bağlı protokol tərtib ediləcəyini və onlarında tanış olaraq imza edəcəklərini bildirmiş və ona və digər hal şahidinə hüquq və vəzifələrimizi izah etmişdir. Yoxlama zamanı gömrük əməkdaşı nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə üzərində “водный раствор хлоргексидина 100 мл” yazılmış plastik qabda spesifik iyli naməlum məhlul aşkar etmişdir. Daha sonra yoxlama davam etdirilmiş və Təqsirləndirilən şəxs məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasında üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyut və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyi aşkar edilmişdir. Həmin konvalyutlara və konvalyut kəsiyinə baxış zamanı 6 ədəd konvalyutda ümumilikə 57 ədəd ağ rəngli həblər və 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd qəhvəyi rəngli, bir xətli həblərin olduğu məlum olmuşdur. Daha sonra sonuncunun üzərində də şəxsi yoxlama aparılmış, həmçinin idarə etdiyi nəqliyyat vasitəsi ərazidəki stasionar rentgen qurğusundan keçirilmiş, lakin başqa predmetlər aşkar edilməmişdir. Yoxlamalar başa çatdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin kabinəsində - ötürücü qutunun önündə olan xırda əşyaların qoyulması üçün nəzərdə tutulmuş yeşikdə olan plastik qabda spesifik iyli naməlum məhlul, həmçinin sonuncuya məxsus qara rəngli bel çantasının içərisində, şəxsi geyim əşyalarının arasından aşkar edilmiş üzərində “Pregabalin 150 mg” yazısı olan 6 ədəd konvalyutda ümumilikə 57 ədəd və üzərində “Methadone 40” yazısı olan 1 ədəd konvalyut kəsiyində ümumilikə 7 ədəd həblər Təqsirləndirilən şəxs və digər iştirakçıların, eləcə də onun iştirakı ilə götürülmüş, qablaşdırılaraq möhürlənmişdir. Daha sonra bu barədə sənədləşmə aparrılmışdır, o da sənədlərlə tanış olub imza etmişdir. İş üzrə təyin edilib keçirilmiş Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1961 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində “..A.R. vətəndaşı S. Həsənov..” yazıları olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə məxsus 203677 №li bir ədəd sellofan paketin içərisində üzərində “..Pregabalin 150 mg..” göstəriciləri olan 6 (altı) ədəd konvalyutda ümumilikdə 57 (əlli yeddi) ədəd ağ rəngli kapsulanın tərkibində ümumilikdə 8,55 qram preqabalin təsiredici maddəsi müəyyən edildi; üzərilərində “Methadone 40” göstəriciləri olan bir ədəd blister kəsiyində ümumilikdə 7 (yeddi) ədəd üzərilərində “F/M40” yazısı həkk olunmuş bozumtul rəngli dərman tabletlərinin tərkibində ümumilikdə 0,28 qram metadon təsiredici maddəsi müəyyən edildi; üzərində “водный раствор.. 100 мл” yazılmış 2 plastik qabda spesifik qoxulu şəffaf məhlulun tərkibində “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazsinində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü Təsir edən maddələr və onların külli miqadarının, habelə zəhərli maddələrin siyahıları”na daxil olan komponentlər müəyyən edilmədi.Qeyd: Metadon tabletlərinin sayı - 7 ədəd, tədqiqata sərf edildi - 1 ədəd, qalıq - 6 ədəd. Preqabalin kapsullarının sayı - 57 ədəd, tədqiqata sərf edildi - 2 ədəd, qalıq - 55 ədəd.Məhlul üm. - 150 ml, tədqiqata sərf edildi - 10 ml, qalıq - 140 ml. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respulika Narkoloji X11 Şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 2845 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs sintetik Opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-kimyəvi və məhkəmə narkoloji ekspertizaların müvafiq rəyləri, eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər mötəbər subutlarla tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlər öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətlərdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. həm də burada söhbət təkcə maddi zərərdən getmir. əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Neftçala şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarekterizə olunur. İş materiallarında olan Neftçala şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 946 №-li arayışından görünür ki, Həsənov X4 şəhəri, 20 Yanvar küçəsi 1/35 ünvanında yaşayır. Ailə üzvləri həyat yoldaşı və xx.xx.2017-cı il təvəllüdlü X5, 2020-ci il təvəllüdlü X1r. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı övladının olmasını, törətmiş olduğu əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respubılikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında üç ilədək, 206.2-ci maddəsinin sanksiyasında isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 206.2-ci maddələrinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş materialında olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10 aprel 2024-cü il tarixdə“polisin nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materialında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(018)-87/2024 nömrəli qərarından görünür ki. xx xxxxxxxx 1991-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarət altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində olan 1(018)-87/2024 saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tapılanadək dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Astara Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2024-cü il tarixdə tutularaq ƏN-nin PXnin 1 saylı İstintaq təcridxanasına yerləşdirilmişdir. Azərbaycan Respublikası CPM-158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 06 ədəd tablet metadon və 55 ədəd preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməsini əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.2 –ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 16 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 80 (səksən) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza təhqiqatından sonra, 06 ədəd tablet metadon və 55 ədəd preqabalin kapsulları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 30 (otuz) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Ədliyyə Nazirliyi Penitesiar Xidmətinin 1 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar