Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-87/2025 15.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Astara rayonu Şiyəkəran kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Astara rayonu, Şiyəkəran kəndində birlikdə yaşadığları evdə Təqsirləndirilən şəxs ilə anası Zərərçəkmiş şəxs arasında ailə daxili münasibətlər zəmində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyəsinə yumruq və şillə zərbəsi vuraraq sonuncuya sağ said nahiyəsində əzilmiş yara və qançır kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 az yaşlı uşağı var, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs anasıdır, bir evdə yaşayırlar. xx.xx.2025-ci il tarixdə içkili vəziyyətdə evə gəlmiş, saat 17 radələrində anası Zərərçəkmiş şəxs onun içkili olduğunu görüb onunla mübahisə etmiş və spirtli içki içməyinə irad tutub ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı içkili vəziyyətdə anasının bədəninin müxtəlif nahiyəsinə yumruq və şillə zərbəsi vuraraq döymüşdür. Hazırda əməlindən peşimandır, himayəsində az yaşlı uşaqları vardır, spirtli içkinin təsiri altına bu əməli törətmiş və anası ilə barışmışdır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs Masallı rayonunda işləmiş, həmin rayonda ailəsi ilə birlikdə yaşamış, hadisədən təxminən 2 həftə əvvəl arvadı ilə ayrılıb onunla yaşadığı evə qayıtmışdır. Oğlu Təqsirləndirilən şəxs spirli içki aludəçisidir və buna görə bir neçə dəfə ona irad bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Astara rayonu, Şiyəkəran kəndində birlikdə yaşadığı evdə oğlu Təqsirləndirilən şəxs içkili vəziyətdə gəlib ondan pul istəmiş, ona pulunun olmadığını “get ailənin yanına mənimlə yaşama” dedikdən sonra oğlu Təqsirləndirilən şəxs içkili vəziyətdə ünvanına nalayiq ifadələr işlədərək, bədəninin müxtəlif nahiyəsinə yumruq və şillə zərbəsi vuraraq onu döymüşdür. Bu səbəbdən əsəbləşərək xx.xx.2025-ci il tarixdə Astara RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda oğlu Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alıb oğlu barəsindən yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzindən Zərərçəkmiş şəxs adına verilmiş, xx.xx.2025-ci il tarixli 127 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində-sağ said nahiyəsində əzilmiş yara və qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmcinin iş üzrə toplanmış sübutların və onların məçmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nətiçəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında özünün və zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə təyin edilib keçirilmiş məhkəm-tibb ekspertizasının rəyi və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ücün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli Qərarı 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının secilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükəlilik törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: Sosial ədalətin bərpası; Məhkumun islah edilməsi; Məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. İş materiallarında olan tələbnamə və Astara rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işinə CPM-nin 40.3cü maddəsinin tələblərinə əsasən xitam verilmişdir. CM-nin 72-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, “Şəxs bu Məcəllənin 72 – 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir”. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara rayonu, Şiyəkəran kənd ərazi dairəsi üzrə nümayəndəliyindən Astara RPŞ-nə təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. İş materialında olan Astara rayon Mərkəzi xəstəxanasından Astara RPŞ-nə təqdim olunmuş arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə, barışması, dəymiş ziyanı ödəməsinə baxmayaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas deyildir. Belə ki, CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsindən göründüyü kimi şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir”. Belə ki, Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işinə qədər bir dəfə barəsində CM-nin 128-ci maddəsi ilə iş üzrə icraata qeyd edilən əsaslarla xitam verilmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 49-cu maddəsinə görə islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. İslah işlərinə məhkum olunmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutlmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bil) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından 20 (iyirmi) faiz məbləğində pulun dövlət nəfinə tutulduğu andan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Astara rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti vermək olar. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-87/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-87/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver