Məhkəmə qərarları › İş №1(018)-88/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-88/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-88/2023 16.05.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 oğlunun katibliyi və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 xüsusi ittiham qaydasında Astara Rayon Məhkəməsinə vermiş olduğu şikayətə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında məhkəməyə şikayət edərək şikayətini onunla əsaslandırmışdır ki, Astara şəhər sakinləri X1 və onun qızı X6 şəxsi maraqlarına görə, onunla qərəzli münasibətdə olduğuna görə ondan qisas almaq, onu nüfuzdan salmaq, ona qarşı qanunla qadağan edilmiş bir çox qeyri-qanuni hərəkətlər edərək, onun şərəf və ləyaqətini alçaltmış, eyni zamanda ona maddi və mənəvi ziyan vurmuşdur. Bunu şikayət ərizəsində qeyd etdiyi şahidlər də təsdiq edə bilərlər. Ona görə də X1 və X2 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsini müdafiə edərək göstərdi ki, X1 və onun qızı X6 onun uzaq qohumudurlar. Hər iki şəxs onu əhali arasında biabır edirlər. Ona görə də X1 və X3 təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayəiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayəiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Azərbaycan Respublikasi Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, xüsusi ittihamçı X7 tərəfindən tərtib edilən şikayət ərizəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan normalarının tələblərinə cavab vermir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi əks olunmalıdır. Bundan əlavə, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərməli olduğu təqdirdə, bununla bağlı xüsusi ittihamçı şikayət ərizəsində göstərilən halları təsdiq edən sübutları, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin onu təhqir etməsi və ya böhtan atması ilə bağlı möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.8-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Astara rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar