Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-88/2024 17.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi - X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi - X2, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə İran İslam Respublikası Ərdəbil şəhərində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, ailəli, orta təhsilli, yük nəqliyyatı vasitəsi sürücüsü, məhkum olunmamış, İran İslam Respublikası ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, 0,557 qram psixotrop maddə metamfetamin əldə etmiş, bir ədəd şəffaf sellofan paketdə qablaşdırıb əynindəki boz rəngli cins şalvarın sağ kiçik cibində saxlamış, “Renault” markalı 77HL275/99YC146 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə edib Azərbaycan Respublikasına daşımışdır. Təqsirləndirilən şəxs həmin metamfetamini 18 may 2024-cü il tarixdə saat 2 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətinə bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin gün Astara gömrük idarəsində üzərində aparılmış şəxsi yoxlama zamanı qeyd olunan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, İran İslam Respublikası ünvan 1 ünvanda yaşayır. İyirmi beş ildir sürücü işləyir, beynəlxalq yük daşımaları ilə məşğuldur. “Renault” markalı, “77HL275/99YC146” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir. 15 may 2024-cü il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikasına “Qaymaq” yükü yükləyərək yola düşmüş, 18 may 2024-cü il tarixdə, saat 2 radələrində İran-Azərbaycan sərhəddini keçərək Azərbaycan Respublikası «Astara» Gömrük postuna daxil olmuş və idarə etdiyi yük avtomobilini idxal yoxlama xəttində sürmüşdür. Növbəsi çatdıqda gömrük əməkdaşı onunla şifahi sorğu–sual apararaq, idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, gömrük əməkdaşına idarə etdiyi yük nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet olmadığını bildirmişdir. Bundan sonra hüquq və vəzifələri izah edilməklə idarə etdiyi nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilib, nəqliyyat vasitəsinin kabinasına gömrük inspektoru tərəfindən hal şahidlərinin iştirakı ilə gömrük yoxlaması aparılmışdır. Kinoloji xidmət iti kabinaya reaksiya vermiş, amma yoxlama zamanı nəqliyyat vasitəsindən heç bir qanunsuz predmet aşkar edilməmişdir. Lakin, it reaksiya verdiyi üçün gömrük əməkdaşı üzərinə şəxsi yoxlama aparmış, yoxlama zamanı əynində olan boz rəngli cins şalvarın sağ kiçik cibində yadından çıxaraq qalan 01 (bir) ədəd şəffaf sellofan paketdə ağ rəngli psixotrop maddə metamfetamin, İranda “şüşə” dedikləri istifadə elədiyi maddə aşkar edilmişdir. Sonda cibindən aşkar edilmiş metamfetamin (şüşə) olaraq bildiyi ağ rəngli maddə hal şahidlərinin də iştirakı ilə gömrük inspektoru tərəfindən götürülmüş, Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən otağa gətirilərək elektron tərəzidə çəkilmiş və təqribi çəkisinin 0,7 (sıfır tam onda yeddi) qram olduğu məlum olmuşdur. Bu barədə sənədlər tərtib edilmiş, onun da iştirakı ilə xüsusi bir qablaşdırma vasitəsində - sellofan paketdə qablaşdırılmış, paketin başlıq hissəi kəsilib götürülmüşdür. Yekunda sənədlərlə tanış olub onları imza etmişdir.. Yoxlama zamanı əynində olan boz rəng cins şalvarın sağ kiçik cibində 01 (bir) ədəd şəffaf sellofan paketdə aşkar edilmiş ağ rəngli psixotrop maddə - metamfetamin özünə məxsusdur, onu İran İslam Respublikasının Astara şəhərindən Hadi olaraq tanıdığı şəxsdən 2 (iki) gün əvvəl 300000 (üç yüz min) tümənə almışdır. Həmin vaxt qeyd edilən maddədən yandırıb çəkmək üsulu ilə istifadə etmiş, qalanını da sellofan paketdə sonra istifadə etməsi üçün şalvarının cibinə qoymuşdur. Təxminən 15 ildən artıq müddətdir ki, həmin “şüşə” kimi bildiyi maddədən istifadə edir. Adətən ayda iki dəfə olmaqla həmin metamfetamindən istifadə edir. İstifadə etməyəndə özünü pis hiss eləyir. Çünki avtoqəza nəticəsində dalağını və öd kisəsini itirmişdir. Ona görə də İranda istifadə etdiyi üçün həmin maddə yadından çıxaraq cibində qalmışdır. Qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Astara Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi, 1-ci bölmənin inspektoru vəzifəsində xidmət edir. 18 may 2024-cü il tarixdə iş bölgüsünə əsasən İdarənin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarətini həyata keçirmişdir. Həmin gün İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, “77HL275/99YC146” dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə idxal gömrük proseduru altında qeydiyyatdan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına “qaymaq” yükü gətirərəkən, saat təqribən 2 radələrində Astara Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində gömrük nəzarəti zamanı tərəfindən saxlanılmışdır. Həmin şəxs azərbaycan dilində sərbəst şəkildə danışmışdır. İlk öncə onunla şifahi formada sorğu-sual apararaq üzərində, idarə etdiyi yük nəqliyyat vasitəsində və ona məxsus əl yükündə qanunla qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmetin olub-olmamasını soruşmuş, o isə üstündə, idarə etdiyi yük nəqliyyat vasitəsində və əl yüklərində heç bir qadağan olunmuş və ya gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirmişdir. Bundan sonra sürücünün hərəkətləri şübhə doğurduğu üçün yük nəqliyyat vasitəsinə kinoloqun iştirakı ilə kinoloji xidmət iti tətbiq etməklə yoxlama keçirmişdir. Kinoloji xidmət iti yük nəqliyyat vasitəsinin kabinasına reaksiya verdiyindən sürücüyə hüquq və vəzifələrini izah edib, iki nəfər hal şahidi dəvət edərək sürücünün idarə etdiyi nəqliyyat vasitəsinə qanunvericiliyə uyğun olaraq gömrük yoxlaması tətbiq etmişdir. Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında hər hansı hüquqpozma predmeti aşkar edilməmiş, həmçinin nəqliyyat vasitəsi Astara Gömrük İdarəsinin inzibati ərazisində yerləşən “HCVG” markalı stasionar rentgen qurğusundan keçirilmiş, hüquqpozma predmeti aşkar edilməmişdir. Sürücünün üzərində gömrük nəzarətindən gizlədilmiş, yaxud bəyan edilməmiş predmetin ola biləcəyi qənaətinə gəlmişdir. Buna görə də zərurət yarandığından Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 64-cü maddəsinə əsasən sürücü Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin iştirakı ilə şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəng cins şalvarın sağ kiçik cibində 01 (bir) ədəd şəffaf sellofan paketdə ağ rəngli psixotrop maddə - metamfetaminə oxşar maddə aşkar etmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar edilmiş maddənin “şüşə” dedikləri metamfetamin olduğunu, uzun müddətdir ki, həmin maddədən istifadə etdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama zamanı aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan paketdə psixotrop maddə metamfetaminə oxşar ağ rəngli maddə götürülmüş, Əməliyyat və Təhqiqat şöbəsinin Astara Gömrük İdarəsinin inzibati binasında yerləşən xidməti otağına gətirilərək tərəzidə çəkilmiş və təqribi çəkisinin 0,7 (sıfır tam onda yeddi) qram olduğu məlum olmuşdur. Həmin maddəni sürücü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə 203675 nömrəli xüsusi qablaşdırma vasitəsində - sellofan paketdə qablaşdırmış və paketin başlıq hissəsini kəsib götürmüşdür. Yoxlama keçirilməsinin nəticələrini əks etdirən protokol tərtib etmiş və iştirakçılar da həmin protokol ilə tanış olub imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 18 may 2024-cü il tarixdə, saat 2 radələrində Astara Gömrük İdarəsinin qarşısında olan zaman gömrük əməkdaşı Rameş onu və birlikdə orada olan Habil Şabanovu çağıraraq, Astara Gömrük İdarəsinin idxal yük xəttində İran vətəndaşının idarə etdiyi bir yük maşınına yoxlama tətbiq edəcəyini bildirib, yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmiş, onlar da hal şahidi qismində həmin prosesdə iştiraka razılaşmışlar. Gömrük əməkdaşı onları əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi “Renault” markalı, “77HL275/99YC146” dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yanına gətirərək, hüquq və vəzifələrini izah edərək kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirmişdir. Bu zaman xidməti it nəqliyyat vasitəsinin kabinasına reaksiya vermiş, yoxlama zamanı nəqliyyat vasitəsində qadağan olunmuş, gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunmamış hər hansı predmet aşkar edilməmişdir. Sonra zərurət yarandığından gömrükçü Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparacağını deyib, bunu həmin şəxsə də bildirmişdir. İran vətəndaşı da etiraz etməmişdir. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəng cins şalvarın sağ kiçik cibində 1 (bir) ədəd şəffaf sellofan paketdə ağ rəngli madddə aşkar edilmiş, gömrük əməkdaşı həmin maddəyə baxanda psixotrop maddə metamfetaminə oxşadığını demişdir. İranlı sürücü də cibindən aşkar edilmiş maddənin metamfetamin olduğunu təsdiqləyib, həmin madddədən istifadə etdiyini və cibində unutduğunu demişdir. Yoxlama tam başa çatdıqdan sonra İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama zamanı aşkar edilmiş sellofan paketdəki ağ rəngli maddə gömrük işçisi tərəfindən götürülmüş, elektron tərəziyə qoyulub çəkilmiş və çəkisi təxminən 0,7 qram olmuşdur. Həmin maddə sürücü və onların iştirakıyla üzərindəki nömrəsi yadında qalmamış xüsusi qablaşdırma vasitəsində - sellofan paketdə qablaşdırılmış və paketin başlıq hissəsi kəsilib götürülmüşdür. Gömrük işçisi yoxlama keçirilməsinin nəticələrini əks etdirən protokol tərtib etmiş, həmin protokol ilə tanış olub imza etmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir:
1. «Astara» Gömrük İdarəsində tərtib edilmiş 18 may 2024-cü il tarixli «Şəxsi yoxlama aparılması haqqında» protokoldan görünür ki, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs üzərində hal şahidlərinin iştirakı ilə aparılmış şəxsi yoxlama zamanı əynində olan boz rəngli cins şalvarın sağ kiçik cibində 1 (bir) ədəd şəffaf sellofan paketdə təqribi çəkisi 0,7 (sıfır tam onda yeddi) qram olan, psixotrop maddə metamfetaminə oxşar ağ rəngli maddə aşkar edilib götürülmüşdür.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 18 may 2024-cü il tarixli, 19/429 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 203675 №-li polietilen paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,557 qram olan ağ rəngli kristallardan ibarət olan maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 25 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş « Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,557 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,507 qram qaldı.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X6 tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 3928 saylı məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixsotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «metamfetamin» olan psixotrop maddənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. Məhkəmə, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 8.0.10. Gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq gömrük orqanının vəzifəsidir. Maddə 82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi 214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır: 214.1.1. saxta kağız və metal pullar; 214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları; 214.1.3. pornoqrafik materialları və ya əşyalar; 214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli, 10 saylı qərarının 13-cü bəndində göstərilir: «Şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə - Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-nin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilmiş narkotik vasitələrin və psixotrop maddələrin miqdarı şəxsi istehlak miqdarından az miqdarda olduqda da təqsirkarın əməli Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə tövsif edilməlidir ona görə ki, ümumiyyətlə gömrük sərhədindən qanunsuz keçirilən, Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların həcmi, miqdarı və dəyəri bu cinayət tərkibinin mütləq əlaməti deyil. Həmin Qərarın 14-cü bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış narkotik vasitə və ya psixotrop maddə mənşəli dərman vasitələri həqiqətən tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən şəxs bilə-bilə onları düzgün bəyan etmədikdə (məsələn, dövriyyəsi məhdudlaşdırılmamış başqa dərman vasitəsi kimi təqdim etdikdə və sair), müxtəlif üsullardan istifadə etməklə gizlətdikdə, onun əməli qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, buna kifayət qədər əsaslar olduqda, həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tövsif edilir. Məhkəmə Təqsirləndirilən şəxsın Azərbaycan Respublikasına gətirdiyi psixotrop maddə olan metamfetamini yadından çıxaraq cibində gətirməsini bildirməsi və bunun cinayət əməli olmaması və özünü buna görə qismən təqsirli bilməsi ilə bağlı fikirlərinə qiymət verərək hesab edir ki, psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirən Təqsirləndirilən şəxs onu bəyan etməmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə həmin kapsulları cibində yerləşdirməklə keçirmişdir. Psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasına keçirən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı bir resept olmamış, hətta tibbi resept əsasında əldə edilmiş olsa belə, həmin psixtrop maddələrin Azərbaycan Respublikasına keçirilməsinin özü qaçaqmalçılıq cinayəti kimi qiymətləndirilərək, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə, eyni zamanda tam əsaslar olduğu üçün həm də Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnin məhkum olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əməlini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs bir neçə cinayəti törətməkdə təqsirli bilindiyi üçün ona Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. İş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 may 2024-cü il tarixli, 4(004)-461/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu gündən, yəni 18 may 2024-cü il tarixdən hesablanmışdır. Ona görə də məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxsın həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, cəzanın əvvəlinin 18 may 2024-cü il tarixdən hesablanmasını, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, eyni zamanda o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsın törətdiyi cinayətin predmetini ekspertizadan sonra qalıq qalmış – 0,507 qram metamfetamin psixotrop maddəsi təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olmasını da müzakirə edərək belə nəticəyə gəlir ki, qeyd edilən psixotrop maddə məhv edilməli və məhv etmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış komissiya tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əcnəbilərə, onlar cinayət törətdiklərinə görə təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra, bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla tətbiq edilə bilər. Ona görə də məhkəmə eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmasını qanuni və əsaslı hesab edir. İş materiallarında olan 13 iyun 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ona məxsus 500 000 İran rialı məbləğində pullar saxlanılması və gələcəkdə onun özünə və ya etibar etdiyi hərhansı şəxsə təqdim olunması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri Təqsirləndirilən şəxs təhvil verilməlidir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin bir ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzanın əvvəli 18 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,507 qram metamfetamin psixotrop maddəsi məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X1, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SVİFT BİK CTREAZ 22 nömrəli hesaba keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı yer üzrə narkoloji kabinetində müvafiq qeydiyyata götürülsün. Təqsirləndirilən şəxsın üzərindən götürülmüş və saxlanılması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin xəzinəsinə təhvil verilmiş 500 000 İran rialı məbləğində pullar və cinayət işinə əlavə olunmuş bir ədəd “Xiaomi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov