Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-91/2025 23.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X10 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Tərcüməçi:X1 , Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Abdulrazzaq, müdafiəçi X4 iştirakları ilə, xx.xx.1986-cı ildə Yəmən Respublikasının Albaidha şəhərində anadan olmuş, subay, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Yəmən Respublikasının Albaidha şəhərində qeydiyyatda olan və Oman Respublikasının Maskat şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda AR ƏN PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Abdulrazzaqın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Abdulrazzaqa verilmiş ittihama əsasən o, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Belə ki, o, qanunsuz olaraq Azərbaycan Respublikasına keçib, oradan Rusiya Federasiyasına, daha sonra isə işləmək məqsədi ilə X3 Alyaska ştatına getmək üçün 06 may N-ci il tarixdə, saat 23 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Astara rayonu, Sım kəndində yerləşən 9-cu sərhəd zastavasının 1-ci sahəsindən piyada hərəkət etməklə, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən N may N-ci il tarixdə Astara rayonu, Diqo kəndində yerləşən 9-cu sərhəd zastavasının arxa hüdudunda aşkar edilib, “Dayan!” çağırış komandası verilərək, həmin gün, saat 02:15-də saxlanılmışdır. Bununla da, Təqsirləndirilən şəxs Abdulrazzaq Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, şahidin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Abdulrazzaq Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 29 aprel N-ci il tarixdə İran İslam Respublikasının Tehran şəhərinə turist kimi gəlmişdir. İran İslam Respublikasında bir müddət qaldıqdan sonra qərara gəlmişdir ki, Azərbaycan Respublikasına gedib, oradan Rusiya Federasiyasına, daha sonra isə işləmək üçün X3 Alyaska ştatına getsin. Azərbaycan Respublikasına qanuni yolla gəlməyə maddi cəhətdən imkanı olmadığından, həmçinin quru sərhədlərin bağlı olması səbəbindən qərara gəlmişdir ki, Azərbaycan Respublikasına qeyri qanuni yolla, yəni sərhədi qanunsuz yolla keçməklə gəlsin. Buna görə də o, 06 may N-ci il tarixdə telefonunda olan “Google Maps” tətbiqi vasitəsi ilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının dövlət sərhədinə gəlmiş və həmin gün, saat 23 radələrində dövlət sərhədindən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində keçmişdir. Təxminən bir neçə saat piyada hərəkət etdikdən sonra N may N-ci il tarixdə, saat 02:15-də sərhədçilər tərəfindən saxlanılmışdır. Hazırda əməlindən səmimi peşmanlıq hissi keçirir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 06 may N-ci il tarixdə baş çavuş Şahid2 dron uçuş aparatı vasitəsilə ərazini müşahidə edərkən 1-ci sahədə 1 nəfər şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə hərəkət etməsini rəhbərliyə məruzə etmişdir. Dərhal sərhəd zastavası “Silaha” komandasına qaldırılmış və ərazidə axtarış tədbirləri keçirilərkən Astara rayonunun Diqo kəndi ərazisində Yəmən Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Abdulrazzaq saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin əməliyyat-axtarış şöbəsinin baş əməliyyat müvəkkilləri, Şahid6 və həmin hərbi hissənin rabitə bölməsinin baş texniki, baş gizir Şahid7 Şahid4lə ilə eyni məzmunlu ifadə verərək sonuncunun qeyd etdiyi xüsusatları təsdiq etmişdir İş materialında olan, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli məktubundan görünür ki, 06 may N-ci il tarixdə dövlət sərhədini qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qanunsuz yolla keçmiş Yəmən Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Abdulrazzaq saxlanılmışdır. İş materialında olan, N may N-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin törədildiyi yer N nömrəli hərbi hissənin Astara rayonunun, Sım kəndi ərazisində yerləşən 9-cu sərhəd zastavasının 1-ci sahəsidir. Qeyd olunan yer 127 nömrəli sərhəd nişanından təxminən 300 metr sağa, dövlət sərhəd xəttindən 250 metr aralı, mühəndis texniki çəpər yerləşən ərazidir. Ərazi sıx meşəlik və kolluq relyefə malikdir. 1-ci sahədə baxış zamanı dövlət sərhədindən mühəndis texniki çəpərinə gedən yoldakı kolluqlarda müəyyən əzilmələr aşkar edilmişdir. Yəmən Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Abdulrazzaq dövlət sərhədini qeyd olunan istiqamətdən qanunsuz olaraq keçdiyini əli ilə göstərmişdir. İş materialında olan, DSX-nin ƏABİ-nin daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abdulrazzaqın dövlət sərhədindən rəsmi qaydada hərəkəti qeydə alınmamışdır. İş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abdulrazzaqın məhkumluğu yoxdur. İş materiallarından görünür ki, N may N-ci il tarixdə Təqsirləndirilən şəxs Abdulrazzaq inzibati qaydada saxlanılmış, 08 may N-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, həmin tarixdə ona Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın qərarı ilə 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs Abdulrazzaqın törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, istintaq protokolları, onun özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə təsdiqini taparaq onun Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 318.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs Abdulrazzaqın əməlindən səmimi peşmanlıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Abdulrazzaqın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Abdulrazzaqın törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Abdulrazzaqın əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Abdulrazzaqın təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Odur ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Abdulrazzaqa cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Abdulrazzaq N may N-ci il tarixdən tutulmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdulrazzaqın tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil olunmaqla cəzasının əvvəli N may N-cü il tarixdən hesablanmalı, həmçinin onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abdulrazzaqa təyin ediləcək cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Abdulrazzaq xarici ölkə vətəndaşı olduğundan və iş üzrə onun Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmasını istisna edən hallar olmadığından CM-in 58.3-cü maddəsi nəzərə alınmaqla Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə uyğun olaraq ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma növündə əlavə cəza təyin edilməlidir. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs Abdulrazzaq hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Abdulrazzaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abdulrazzaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Abdulrazzaqın cəzasının əvvəli N may N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Abdulrazzaqın barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 52-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Abdulrazzaq əsas cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdüdlarından kənara məcburi çıxarılsın. Astara rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs Abdulrazzaq hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (məhkum X2) hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-91/2025
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-91/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver