Məhkəmə qərarları › İş №1(018)-92/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-92/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-92/2025 12.08.2025 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, 16 avqust 1979-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara şəhəri, H.Aslanov küçəsi, ev 22, mənzil 47 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən xeyli miqdarda -1,095 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 may 2025-ci il tarixdə, saat 18:00 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara şəhəri, R.Məmmədov küçəsindəki yarım tikilinin qarşısında saxlanılaraq üstü yoxlanılan zaman 01 ədəd şəffaf sellofonda, təmiz çəkisi -1,095 qram olan psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, psixotrop maddələrdən istifadə edir. 04 may 2025-ci il tarixdə, saat 22 radələrində Astara şəhəri ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində istifadə məqsədi ilə 01 ədəd şəffaf sellofon bükümdə metamfetamin almış, istifadə edəcəyini düşündüyündən üzərində gəzdirmiş, lakin işləri çox olduğu üçün istifadə etməmişdir. 06 may 2025ci il tarixdə, təxminən saat 18:00 radələrində Astara şəhəri, Rail Məmmədov küçəsindəki tikilinin qarşısında tək oturan zaman anidən yanında avtomobil dayanmış, avtomobildən düşən şəxslər özlərini ona təqdim edərək polis əməkdaşları olduğunu bildirib, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Ona üzərində qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet olduğunu soruşmuşlar. O da üzərində şüşə olduğunu bildirmiş, ondan sonra üstü yoxlanılmış, əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf sellofon bükümdə psixotrop maddə olan metamfetamin kütləsi, 16 manat məbləğində pul vəsaiti, sol ön cibindən “FLY” markalı mobil telefon çıxarılmışdır. Üzərindən başqa da heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 1 qramdan çox olması müəyyən edilmiş, sonra zərfdə qablaşdırılaraq möhürlənmiş, üzərində o və iştirakçılar imzalarını çəkmişlər. Mobil telefon götürülsə də, pul əskinasları ona geri qaytarılmışdır. Sonra polis əməkdaşları avtomobilləri ilə onu Astara RPŞ-nin inzibati binasına gətirmişlər. O, polis şöbəsinə gələrkən dərhal şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, bu barədə bildiriş təqdim edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü onun üçün müdafiəçi çağırılmışdır. Əvvəlcə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərindən aşkar edilmiş əşyalara, bükümə yenidən baxış və üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış zamanı hər hansısa bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, sonra təhqiqatçı tərəfindən büküm zərfdən çıxarılmış, büküm yenidən elektron tərəzidə çəkilmişdir. O, bükümün çəkisi ilə razılaşmış, büküm yenidən zərfdə qablaşdırılmış, o, müdafiəçisi və iştirak edən digər şəxslər zərfin üzərində imzalarını çəknişlər. Yuxarıda qeyd etdiyi cavablarını yenidən orada bildirmiş, yekunda protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, o, müdafiəçisi və iştirak edən digər şəxslər protokolu imzalamışlar. Üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofon bükümdə olan metafetamin kütləsini saxlanılmamışdan təxminən 2 gün əvvəl Astara şəhəri ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində almışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, indiyədək kiməsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, psixotrop maddə olan metamfetamindən 1 il yarıma yaxın müddətdir ki, istifadə etmişdir. O, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş psixotrop maddəni özü istifadə etmək üçün üzərində saxlamış, həmin kütlədən kiməsə nə satmış, nə də ki, vermişdir. Ona qarşı hansısa qeyri-qanuni hərəkətlər edilməmiş, heç kəs zor tətbiq etməmişdir. O, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Törətdiyi əmələ görə peşmandır, himayəsində az yaşlı uşaqları olduğunu, ailəni dolandıran özü olduğunu bildirib ona həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması barədə icraatına məlumat daxil olmuş, bu məlumat raportla dərhal şöbə rəisinə məruzə edilmiş, ardınca şöbə rəisinin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş, həmin qərarın icrası məqsədilə bu tədbirdə iştirak etmək üçün əməliyyat qrupu yaradılmışdır. Daha sonra 06 may 2025ci il tarixdə, saat 18:00 radələrində yaradılmış əməliyyat-axtarış qrupunun üzvləri birlikdə avtomobillə Astara şəhəri, Rail Məmmədov küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər, dərhal yanında avtomobili saxlamlşlar, avtomobildən düşərək Azada yaxınlaşmışlar. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra üzərində qanunsuz psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra üstündə qanunla qadağan edilmiş əşyanın və ya predmetin olması halında təqdim etməsini təklif etmişlər, Azad da üzərində şüşə olduğunu bildirmiş, tərəfindən üstü yoxlanılan zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd sellofon bükümdə psixotrop maddə olan metamfetamini aşkar etmiş, əlavə olaraq da 16 manat məbləğində pul vəsaitini və sol ön cibindən “FLY” markalı mobil telefonu götürmüş, başqa da heç bir qanunsuz heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra sıfırlanmış elekton tərəzidə 01 ədəd sellefon bükümdə olan psixotrop maddə olan metamfetamin çəkilmiş, çəkisinin 1,19 qram olması müəyyən edilmiş, zərf təqdim olunaraq götürülmüş predmetin qablaşdırılmasına başlanılmış, qablaşdırıldıqdan sonra zərfin üzərinə o və digər iştirakçılar tərəfindən imza edilmiş, 84 saylı möhürlə möhürlənmişdir. Sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamini 60 manat müqabilində Astara şəhərindəki tanımadığı şəxsdən 04 may 2025-ci il tarixdə aldığını, həmin kütlədən istifadə etmədiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni üzərindən saxlamaqda məqsədi istifadə etmək olduğunu və 1 il yarima yaxın müddətdir ki, narkotik vasitələrən və psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra onlar Azad ilə birlikdə Astara RPŞ-yə gəlmişlər, Astara RPŞ-yə gəldikdən sonra materialın icrası şöbənin təhqiqatçısı Özcan Quluzadəyə həvalə olunmuş, sonuncu tərəfindən Azadın üzərindən aşkar edilmiş bükümün qablaşdırıldığı zərf yenidən açılaraq bükümə baxış keçirilmişdir. Bükümə baxış keçirilən zaman çəkisinin 1 qramdan çox olması müəyyən edilmiş, boş zərfdə qablaşdırılmış, möhürlənmişdir. Təhqiqatçı tərəfindən Azad ilə şifahi sorğu aparılan zaman sonuncu yuxarıda göstərilənləri yenidən təsdiq etmişdir. Nəticədə bükümə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılar tərəfindən heç bir əlavə qeyd edilmədən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahid X8 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə təsdiq etmişdir. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə-kimyəvi ekspertizası üzrə verilmiş 07 may 2025-ci il tarixli, 19/190 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -1,095 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.Tədqiqata sərf edildi 0,05 qram, qalıq -1,045 qramdır. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 məcburi narkoloji tibbi yoxlamanın 10 may 2025-ci il tarixli, 257 saylı rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki, “Təqsirləndirilən şəxs metamfetamin qəbulundan yaranan Asılılıq sindromu (TOKSİKOMANİYA xəstəliyi) aşkar olunur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 06 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 18:00-dan saat 18:09-dək Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı onun əynində olan göy rəngli şalvarın sağ arxa cibindən sellofon bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürümüş, həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkildikdən sonra, təxmini çəkisinin 1,18 qram olması müəyyən edilmiş və qablaşdırlaraq DİN-in zərflər üçün 84 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparılarkən üzərindən aşkar edilərək götürülmüş kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını, kütləni 04 may 2025-ci il tarixdə Astara şəhərində tanımadığı şəxsdən 60 manat müqabilində aldığını, 1 il yarıma yaxın müddətdir ki, psixotrop maddələrdən istifadə etdiyini, istifadə məqsədi ilə üzərində gəzdirdiyini, heç kimə vermədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam subuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X6 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Ağarəhim Heydərov adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs oğluna təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 08 may 2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlu barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşdə olan maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan, ümumi təmiz çəkisi -1,045 qram psixotrop maddə olan metamfetamin iş üzrə saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, həmçinin üstü yoxlanılan zaman və aşkar edilmiş bükümə baxış keçirilən zaman qeydə alınmış videoçəkilişlər olan 02 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan 01 ədəd bükümdə ekspertiza təhqiqatında sonra qalıq çəkisi 1,045 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvəyə mindikdən sonra məhv edilməli və 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 may 2025-ci il tarixdən 08 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli 12 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs, 65 (altmış beş) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. İş üzrə maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, maddi sübut olan və Astara rayon PŞ-nin saxlanc anbarında saxlanılan ekspertiza təhqiqatından sonra qalıq çəkisi –1,045 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 44 (qırx dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmün icrası Astara rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət X2 həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyəminir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar