Məhkəmə qərarları › İş №1(018)-93/2024

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-93/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-93/2024 07.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Xaliq oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Astara rayonu Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, rəsmi iş yeri olmayan, əvvəllər məhkum olunmamış, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində "BD 424228" nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi "VAZ 21063" markalı, "**-EZ-***" dövlət qeydiyyat nişanlı avtomobillə Qanmışoba-Astara avtomobil yolunun Qamışoba kəndindən keçən hissəsində Astara şəhəri istiqamətində hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmçinin idarə etdiyi avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat sürətdən çox olmayan sürətlə idarə etməli olduğu halda buna riayət etməyərək, idarə etdiyi avtomobili 90 km/saat sürətlə idarə edərək hərəkətdə olduğu istiqamətdə yolun sağ kənarından sol kənarına doğru hərəkətdə olan piyada X2 vurmuş, nəticədə ehtiyatsızlıqdan Filiz Nəzərovanın baş beynin ağır dərəcəli əzilməsi, alın-təpə nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol bud, sol diz qapağı sümüklərinin sınıqları,alın, sağ gözaltı nahiyələrində qançırlar, sol qaşüstü, sol gözaltı, alt çənə, burun nahiyələrində sıyrıqlar ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq başın küt travması ilə əlaqədar baş beynin ağır dərəcəli əzilməsi nəticəsində ölümünə səbəb olmuşdur. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixda, saat 10:50-də idarə etdiyi "VAZ 21063" markah, "**- EZ-***" dövlət qeydiyyat nişanı avtomobillə Astara rayonu, Şahağacı kəndində yerləşən yaşayış evinin həyatını tərk edib, Astara rayonu, Qamişoba kəndində yerləşən yanacaq doldurma məntəqəsinə yola düşmüşdür. Avtomobilinə yanacaq vurduqdan sonra Qamışoba kəndindən Şahağacı kəndinə yola düşmüş, Astara rayonu, Qamışoba kəndində, Şahağacı kəndi istiqamətində avtomobillə hərəkətdə olmuş, sağa meyilli döngəni keçdikdan sonra yolun sol kənarında adını sonradan bildiyi İlahə İbrahimovanı görmüş, bir neçə metr irəlilədikdən sonra yolun sağ kənarından sol kənarına doğru 2 azyaşlı uşağın İlahəyə tərəf qaçdığını görmüş, uşaqlardan biri onun yolunda, yani yolun sağ zolağında dayanmış, digəri isə qaçmağa davam etmiş, bir neçə saniyə avtomobili hansı istiqamətdə hərəkət etdirməyi fikirləşmiş, sonra isə dərhal avtomobilin əyləcini sıxmış və sükanı adını sonradan bildiyi X2 vurmaması üçün sola tərəf döndərmiş, lakin Filiz də hərəkətini dayandırmamış və avtomobilin qabaq sağ tərəfi ilə Filizi vurmuş, avtomobili Filizin sol tərəfinə dəymiş, Filizin başı da qismən avtomobilin mühərrik yuvasının qapağına, yəni kapota dəymişdir. Filiz təxminən 4 metr irəliləyib, sağ çiyni üstə yerə yıxılmışdır. Bir neçə metr irəlidə avtomobili dayandırmış və Filizi yoldan götürüb, avtomobilinin arxa oturacağında uzatmış, bundan sonra Filizin anası İlahə və digər azyaşlı qızı ilə avtomobilin arxa oturacağında oturmuş, dərhal Lənkəran rayon Mərkəzi Xəstəxanasına yola düşmüşdür. Təxminən 15 dəqiqəyə xəstəxanaya çatmış və İlahə Filizi xəstəxanaya salmış, özü də xəstəxanaya daxil olmuşdur. Həkimlər Filiza baxan kimi onun vəfat etdiyini bildirmiş, həmin vaxt Filizi xəstəxanaya gətirən zaman Filizin avtomobildə ölməsini bilmişdir. Bundan sonra ona zəng gəlmiş və polislərin onu hadisə yerində gözlədiklərini bildirmişlər. İdarə etdiyi avtomobillə hadisə yerinə gəlmiş, hadisə yerinə onun, 2 nəfər hal şahidinin və polislərin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı hadisə yerinin foto şəkilləri çəkilmiş, hadisə yeri metrə ilə ölçülmüş və tam olaraq müayinə edilmiş, avtomobili yüksək sürətlə hərəkət etdirmiş, Filizlə bacısı yolun sağ kənarından sol kənarına tərəf qaçmağa başlamış, bacısı onun hərəkətdə olduğu zolaqda dayanmış, lakin Filiz dayanmamış, Filizin bacısını vurmamaq üçün düz getməmiş, əyləci sıxıb, sükanı sola tərəf Filizdən avtomobili qaçırıb onu vurmamaq üçün döndərmiş, lakin avtomobil dayanmamış və avtomobilinin qabaq sağ tərəfi Filizə dəymiş, yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində Filizin anası İlahə və azyaşlı bacısı olmuşdur. Filizi vurduğu yerə təxminən 30 metr qalmış görmüş və dərhal əyləci sıxmış, hadisədən sonra Filiz danışmamış və hərəkət etməmiş, lakin Filizin öldüyünü xəstəxanada öyrənmişdir. Hadisədən öncə avtomobili təxminən 90 km/saat sürəti ilə idarə etmiş, ilk öncə əyləci sıxmış, lakin avtomobili sürətlə idarə etdiyindən avtomobil dayanmamış, ona görə də avtomobilin dayanması üçün əyləci buraxıb yenidən sıxmış, hadisə baş verməzdən öncə onun idarə etdiyi avtomobildə heç kim olmamış, nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi var və həmin avtomobili etibarnamə ilə idarə edir, nəqliyyat vasitəsini idarə etməzdən öncə spirtli içki qəbul etməmişdir. Əməlindən peşiman olduğunu və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ondan şikayət və tələblərinin olmadığını bildirib məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs Xaliq oğlu ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cu il tarixda, səhər saatlarında fermada olan zaman arvadı İlahə evə çörək almaq istədiyini demiş, həmin vaxt azyaşlı uşaqları Fidan və Filiz də anaları ilə mağazaya getmək istədiyini demiş, uşaqlara havanın soyuq olduğunu deyib evdə qalmalarını istəsə də uşaqlar anaları ilə mağazaya getmək istədiyini deyib ağlamış, uşaqlara etiraz etməmişdir. Fidanla Filiz arvadı İlahə ilə mağazaya getmək üçün fermanı tərk etmiş, bir neçə dəqiqə keçdikdən sonra tanımadığı bir azyaşlı uşaq fermaya gəlib avtomobilin yolda qızını vurduğunu demiş, dərhal fermanı tərk edib yola çıxmış və təxminən 150 metr məsafədə PPX avtomobilinin dayandığını görmüş, polislərdən hadisənin necə baş verdiyini uşağın harada olduğunu soruşduqda ona sürücünün uşağı Lənkəran rayon xəstəxanasına apardığını demişlər. Bundan sonra taksi çağırıb Lənkəran xəstəxanasına getmiş, orada Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə, saat 11:15-də idarə etdiyi VAZ 21063 markalı, "**-EZ-***" dövlət qeydiyyat nişanlı avtomobillə Qamışoba kəndində Astara şəhəri istiqamətində hərəkətdə olan zaman qızı Filizin yolun sağ kənarından sola doğru qaçdığını və Hilalın avtomobili ilə Filizi vurmasını və nəticədə qızı Filizin hadisə yerində ölməsini bilmiş, hadisə baş verən zaman hadisə yerində olmamış, arvadı İlahənin dediyinə görə Filiz yolun sağ kənarından sola doğru qaçmış, bu zaman yolda hərəkətdə olan VAZ 21063 markalı avtomobil Filizi vurmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyanın ödənildiyini və ondan heç bir şikayət və tələbinin olmadığını bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 29 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində fermada olmuş və çörək almaq lazım olmuş, hava soyuq olduğundan tək evi tərk etmişdir. Bu zaman azyaşlı uşaqları Fidan və Filiz də onunla birlikdə mağazaya gəlmək istəmişlər, hava soyuq olduğundan ilk öncə razılaşmamış, lakin uşaqlar ağlayaraq mağazaya gəlmək istəmişlər və uşaqlara etiraz etməmişdir. Bir neçə dəqiqə keçdikdən sonra övladları Filiz və Fidanla fermanı tərk edib yaşadığı kənddə yerləşən mağazaya yola düşmüşlər. Mağazadan çörək və başqa ərzaq məhsulları və həmçinin kontur alıb fermaya yola düşmüşlər. Lənkəran istiqamətində yolun sağ kənarı ilə hərəkət edərkən uşaqlar da onun yanında olmuşlar. Kiçik qızı Filiz yolun sol tərəfinə keçmiş, sonra isə ona tərəf gəlməyə başlamış. anidən qarşıdakı döngədən sürətlə qara rəngli "Vaz 21063" markalı avtomobilin ona tərəf gəldiyini görmüş, qışqıraraq qızı Filizdən dayanmasını istəmiş, lakin Filiz dayanmamışdır. Avtomobilin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobili onun hərəkət etdiyi istiqamətdə, yolun sağ tərəfinə hərəkət etdirmiş və qızı vurmaması üçün əyləci sıxmış, lakin avtomobil yüksək sürətlə hərəkət etdiyindən dayanmamış və avtomobilin qabaq sağ tərəfi ilə qızı Filizə dəymiş, avtomobil Filizi vurduqdan sonra Filiz təxminən 3-4 metr qarşıda yerə yıxılmışdır. Hilal dərhal avtomobildən yerə düşüb Filizi yerdən götürüb avtomobilin arxa oturacağında uzatmış, özü də digər azyaşlı qızı Fidanla avtomobilin arxa oturacağında oturmuşdur. Hilal birbaşa avtomobili Lənkəran rayon Mərkəzi Xəstəxanasına sürmüş, avtomobildə olan zaman Filiz ümumiyyətlə hərəkət etməmiş və Filizin nəfəs aldığını da hiss etməmiş, təxminən 15 dəqiqəyə xəstəxanaya çatmış və xəstəxanada Filizə baxan kimi hadisə yerində öldüyünü demişlər. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X5" PHŞ-nin Nəsimi rayon şöbəsinin 29 yanvar 2024-cü il tarixli, 03 saylı meyitin ekspertizası rəyindən ki, mərhum X1 bədəni üzərində - baş beynin ağır dərəcəli əzilməsi, alın-təpə nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol bud, sol diz qapağı sümüklərinin sınıqları, alın, sağ gözaltı nahiyələrində qançırlar, sol qaşüstü, sol gözaltı, alt çənə, burun nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətlərini və həmçinin qərrarda göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travması ilə əlaqədar baş beynin ağır dərəcəli əzilməsi səbəb olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə ekspertizasının 15 may 2024-cü il tarixli, 8/1120 saylı ekspert rəyindən ki, hadisə yerində “VAZ-21063” markalı avtomobilə məxsus qalmış 28,3 metr uzunluğunda tormoz izinə uyğun onun hərəkət sürəti mövcud şəraitdə 75 km/saatdır. Lakin avtomobilin tormoz izinin sonunda dayanmaması faktları onu izah edir ki, VAZ-21063 markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürəti hesabatla müəyyən edilmiş 75 km/saatdan artıq olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21063 markalı, **-EZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materialında olan 29 yanvar 2024-cü il tarixli 00071 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol və narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materialında olan Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün 28 avqust 2023-cü il tarixdə 10 il müddətinə verilmiş "B1, B, C1, C" kateqoriyalı "BD 424228" seriya nömrəli sürücülük vəsiqəsi vardır və "VAZ 21063" markalı, "**-EZ-***" dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir İş materialında olan Astara RİHB-nın Şahağacı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 411 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonunun Şahağacı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Xaliq oğlunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçi olmadığını bildirib, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir.. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş üzrə təyin edilib keçirilmiş məhkəmə-tibb və məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının müvafiq rəyləri və məhkəmə istintaq zamanı tədqiq olunmuş digər subutlarala tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. islah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb-qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində vurmuş olduğu ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, əməlini etiraf etməklə səmimi peşmanlıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən digər hallar kimi qiymətləndirir Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub, dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaqla Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli biliinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÜEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Astara rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar