Məhkəmə qərarları › İş №1(018)-95/2023

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-95/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-95/2023 08.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, iki övlad anası, əvvəllər Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, Astara şəhəri Səməd Vurğun küçəsi, ev 15A, mənzil 19-da qeydiyyatda olan, barəsində bu cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, Astara Rayon Məhkəməsinin inzibati binasında olan məhkəmə iclas zalında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda – 1,035 qram çəkidə narkotik vasitə hesab edilən heroin əldə edib daşımaqla üzərində saxlamış, 05 mart 2023cü il tarixdə, saat 13 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Astara şəhəri ərazisində saxlanılaraq Astara RPŞ-nin inzibati binasına gətirilmiş və həmin tarixdə üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 1,035 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Astara şəhəri, Səməd Vurğun küçəsi, ev 15A, mənzil 19-da ailəsi ilə birlikdə yaşayır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. 10 ildir narkotik vasitə olan heroindən istifadə edir. 04 mart 2023-cü il tarixdə Lənkəran şəhərində “Kiçik Bazar” adlanan yerdə tanımadığı şəxsdən bir bükümdə 10 manat müqabilində narkotik vasitə olan heroin almışdır. 05 mart 2023-cü il tarixdə günorta saatlarında Astara şəhər mərkəzi bazarın yaxınlığında piyada hərəkətdə olduğu zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat verərək, onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlara etiraz etməyib, Astara Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə dəvət edilmiş qadın tərəfindən şəxsi axtarış keçirilmişdir. İlk əvvəl təhqiqatçı ona üzərində qanunla qadağan edilən hər hansı bir əşya, maddə, dərman, preparat varsa təqdim etməsini təklif etdikdən sonra əynimdə olan göy rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini çıxarıb təqdim edərək otaqda olan masanın üzərinə qoymuşdur. Aparılan şifahi sorğu zamanı həmin narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra bir bükümdə narkotik vasitə olan heroin qablaşdırılaraq möhürlənmiş və polis işçiləri tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda cinayət törətdiyini dərk edir, əməlindən peşmandır. Himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona mümkün qədər yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməlini özünün etirafı, məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, şahid ifadələri və ekspertiza rəyləri ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, o, Astara Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 05 mart 2023-cü il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Astara Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat ilə əlaqədar tərkibinə onunda daxil olduğu əməliyyat-axtarış qrupu yaradılmışdır. Onlar Astara şəhərində “Mərkəzi Bazar”ın yaxınlığında Təqsirləndirilən şəxs küçə ilə hərəkət etmələrini görmüşlər, ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona deyərək onlarla birlikdə polis şöbəsinə gəlməsini söyləmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş, onlarla Astara RPŞ-nə gəlmiş, orada hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin, şəxsi axtarış keçirilməsi üçün Nazlı Əhmədovanın iştirakı ilə Cəfərovanın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub olmaması barədə sual verilmiş və olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Onunla aparılan şifahi sorğu zamanı bu bükümdə olan kütlənin narktoik vasitə heroin olmasını, tutulduğu gündən öncəki gün Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin bir ədəd zərfdə qablaşdırılmış, polis işçiləri tərəfindən müvafiq protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş X2 da şahid X6 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri də, sübut növü kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Astara rayon polis şöbəsinin rəis müavini Orxan Novruzovun “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 05 mart 2023-cü il tarixli qərarından məlum olur ki, kifayət qədər əsaslar olduğuna görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 mart 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması barədə»protokoldan görünür ki, 05 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 13 radələrində Astara şəhəri ərazisində saxlanılıb Astara RPŞ-nin inzibati binasına gətirilmiş və Astara RPŞ-də xidməti iş otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmiş, aşkar olunan kütlə elektron tərəzidə çəkildikdən sonra 1,1 qram olması müəyyən edilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq «DİN Zərflər üçün № 84» möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin cinayət işi iş üzrə təyin edilmiş narkotik vasitələrin məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 mart 2023-cü il tarixli, 19/257 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) bükümdə heroinə bənzər kütlə ekspertizaya təqdim olunması üçün...’’ sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: - 1,035 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Tədqiqat zamanı təqdim edilmiş 1,035 qram narkotik vasitə olan heroin 0,05 qram hissəsi tədqiqata sərf edilmiş, 0,985 qram hissəsi qalıq qalmışdır. Qeyd: narkotik vasitə olan heroinin təmiz çəkisi – 1,035 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,985 qram təşkil edir. Adı çəkilən Mərkəzin 06 mart 2023-cü il tarixli ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 60 (altmış) manat təşkil edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran rayonlararası narkoloji ambulator məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-ci il tarixli, 255 nömrəli rəyindən götünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan protokollardan götünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,035 qram olmuş və tədqiqatdan sonra 0,985 qram qalan narkotik vasitə olan heroinin, şəxsi axtarış baxış aparılan zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, 0,985 qram narkotik vasitə olan heroin məhkəməyədək saxlanılmasından ötrü Astara RPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diski isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Təqsirləndirilən şəxs adına tərtib etdiyi 22 aprel 2023-cü il tarixli tələbnamə-arayışdan və Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(018)-13/2023 nömrəli hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Astara rayon İcra və Probasiya şöbəsinin məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixli, 1(018)- 13/2023 nömrəli hökmü ilə təytin edilmiş, 02 (iki) il, 06 (altı) ay müddətə müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətin residivi nəzərə alınmadan cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 05 mart 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs haqqında üç ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və doğum haqqında olan şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Onun himayəsində 2 nəfər azyaşlı uşaq vardır. Cinayət işinin materiallarında olan Astara RİH başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barədə verdiyi xasiyyətnamədə o, müsbət xarakterizə olunmuşdur. Məhkəmə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının dövriyyəsi haqqında” xx.xx.2006-cı il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələbinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asilı olmayaraq qanunvericliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavılələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olayaraq həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Göstərlənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edlməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Ona elan edilmiş ittiham məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapır. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır (CM-in 58.3-cü maddəsi). Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməsini, peşman olmasını, himayəsində 2 nəfər azyaşlı uşaq olmasını və müsbət xasiyyətnamə ilə səciyələnməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı və Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinəəsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(018)-13/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il, 06 (altı) ay müddətə müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 günü 1 gün hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in tələbləri baxımından Təqsirləndirilən şəxs cəza çəkdiyi vaxtda narkomaniyadan müalicə olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin iş üzrə maddi sübut olub Astara RPŞ-da saxlanılan tədqiqata sərf olunandan sonra qalıq qalan təmiz çəkisi tədqiqatdan sonra 0,985 qram qalan narkotik vasitə olan heroinin məhv edilməsini, Təqsirləndirilən şəxs cəzanın əvvəlinin 05 mart 2023-cü il tarixdən hesablanmasını, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilməməsini, ekspertiza xərclərini təşkil edən 60 (altmış) manat pul Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə ödənilməsini əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 1(018)- 13/2023 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 (iki) il 06 (altı) ay müddətində azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 günü 1 gün hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzanın əvvəli 05 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs haqqında seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Astara RPŞ-da saxlanılan tədqiqatlara sərf olunandan sonra qalan təmiz çəkisi 0,985 qram qalan heroin narkotik vasitəsi məhv edilsin. Videoçəkilişin aparıldığı 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məhkəmə (ekspertiza) xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdəŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar