Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-95/2024 13.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Astara Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, X2 usta vəzifəsində işləyən, məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X2 usta vəzifəsində işləyib, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq, kəsici tərəfi olan elektrik dirəyində sintetik parça materialdan ibarət qoruyucu kəmərdən istifadə edilməsi ilə bağlı təhlükəsizlik tədbirlərini təmin etməyərək, «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 6.2.1, 6.3.1 və 6.3.2-ci bəndlərinin tələblərini, yəni hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin iş yerlərində mövcud şəraitə, yerinə yetirilən işin xarakterinə və növünə uyğun olması, həmin sistemlərin işçini hündürlükdən düşməsinin qarşısı alınacaq vəziyyətdə tutub saxlamaq (tutub saxlama və ya mövqedə saxlama), yıxılmanın təhlükəsiz dayandırılması (sığorta sistemi) və onun nəticələrinin ağırlığının azaldılması üçün nəzərdə tutulması tələblərini təmin etməli olduğu halda və daşıdığı ustanın vəzifə təlimatının 6 və 21-ci bəndlərinin tələblərinə əsasən “elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etməli, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasını, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etməli” olmasına baxmayaraq, bu normativ sənədlərin tələblərini pozması nəticəsində 14 fevral 2024-cü il tarixdə, saat 14 radələrində X3 elektrik montyoru Zərərçəkmiş şəxs Astara rayonu Artupa kəndində elektrik dirəyinə qalxaraq elektrik xətləri çəkən zaman qoruyucu kəmərin qırılması nəticəsində dirəkdən yıxılaraq ehtiyatsızlıqdan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aid «qabırğaların sağ tərəfli (İİİ-Xİ) sınıqları ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks, sağ körpücük sümüyünün sınığı, Vİ-Vİİİ döş fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, döş qəfəsin arxa hissəsində dərialtı emfizema» xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ali təhsillidir. X2 usta işləyir. Astara rayonu Artupa kəndində elektrik dirəklərində naqillərin kabellərlə əvəzlənməsi işi onlar tərəfindən aparılmışdır. Bu zaman bir usta kimi normativlərə əməl etmiş, ona təhkim olunmuş montyor və fəhlələri işə başlamazdan əvvəl texniki təhlükəsizliklə bağlı məlumatlandırmışdır. Montyor Zərərçəkmiş şəxs istifadə etdiyi təhlükəsizlik kəməri Elektrik şəbəkəsinin deyil, özü tərəfindən alınmışdır. Onlara digər avadanlıqlar, yəni kaska, dirəkləri çıxmaq üçün laz və başqa avadanlıqlar verilməmişdir. Bunu bilmiş, lakin işdən çıxmaq qorxusu olduğu üçün tələb etməmişdir. Düzdü, vəzifə təlimatlarına əsasən bunları görüb işçilərin işə başlamasına icazə verməməli olduğu halda, bunları etmişdir. 14 fevral 2024-cü il tarixdə fəhlələr Şahid5 və Şahid4, montyor Zərərçəkmiş şəxslə birlikdə Artupa kəndində elektrik dirəklərində naqillərlə bağlı işlər görmüşlər. Fərid bir neçə dirəyə qalxıb düşdükdən sonra, başqa dirəyə qalxan zaman belindəki kəmər qırılmış və Fərid beli üstə yerə yıxılmışdır. Fərid dərhal Lənkəran rayon mərkəzi xəstəxanasına aparılmış, xəstəxanada təxminən 10 gün qalaraq stasionar qaydada müalicə edilmişdir. 14 fevral 2024-cü il tarixdə səhər işə başlamazdan əvvəl Fəridin kəmərini vizual yoxlamışdır. Qeyd olunanların nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X2 elektrik montyoru işləyir. Əsas vəzifəsi gün ərzində rəhbərlik tərəfindən təhkim olunan ərazidə elektrik dirəklərinə çıxaraq təmir işləri aparmaq, elektrik xətləri çəkməkdən ibarət olmuşdur. 14 fevral 2024-cü il tarixdə X3 rəhbərliyinin göstərişi ilə Astara rayonu Artupa kəndində fərdi yaşayış evlərinə kabellərin çəkilməsi işini görmüşdür. Həmin gün üzərində nəzarətçi usta Təqsirləndirilən şəxs olmuş, iki nəfər fəhlə Şahid5 və Şahid4, eləcə də özü Elşana işçi qrupu olaraq təhkim edilmişdir. Qarşıda qoyulan vəzifə isə Artupa kəndində fərdi yaşayış evlərinə xətlərin çəkilməsi olmuşdur. Elektrik montyoru olduğuna görə xətlərin çəkilməsi üçün dirəklərə qalxmışdır. Elşan isə nəyi nə cür etmək lazım olması barədə göstəriş vermişdir. Texniki təhlükəsizlik və iş avadanlıqları ilə hadisədən uzun müddət əvvəl təmin edildiyi üçün hadisə baş verən gün onda lazım olan qoruyucu kəmər özü tərəfindən alınmışdır. Bunu hamı bilir, eyni zamanda həmin vaxt başında kaska da olmamışdır. İşə başlamamışdan əvvəl bunun hamı şahidi olmuşdur. 14 fevral 2024-cü il tarixdə bir neçə elektrik dirəklərinə çıxıb kabelləri çəkmişdir. Həmin gün dirəklərə çıxan zaman X6 tərəfindən verilən kəmərdən deyil, öz aldığı şəxsi qoruyucu kəmərdən istifadə etmişdir. Günorta saatlarında, saat 14 radələrində daha bir dirəyə çıxan zaman ayaqlarına laz geyinmiş, kəməri belinə bağlamışdır. Elektrik dirəyinə qalxdıqca kəməri də özü ilə qaldırmış, təxminən 5-6 metr qalxdıqdan sonra elektrik dirəyinin iti ucu kəməri kəsdiyinə görə həmin hündürlükdən sağ böyrü üstə yerə yıxılıb xəsarət almışdır. Yanında olan şəxslər dərhal təcili tibbi yardıma zəng edib həkim çağırmış, qabırğa sümükləri sındığına görə təcili yardımın gəlməsini gözləmədən işçilər onu Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. 26 fevral 2024-cü il tarixə qədər Lənkəran rayon mərkəzi xəstəxanasında qalaraq stasionar qaydada müalicə almışdır. Hazırda səhhətində heç bir problem yoxdur, sağalmışdır. 14 mart 2024-cü il tarixdən isə işinə davam etmişdir. Hadisə ilə bağlı Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona ən yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 və Şahid5 Zərərçəkmiş şəxs ilə oxşar ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, X2 mühəndis vəzifəsində işləyir. Astara rayonu Artupa kəndi ərazisində elektrik dirəklərində naqillərin kabellərlə əvəzlənməsi zərurəti yarandığına görə X6 rəhbərliyinin göstərişi ilə kabellərin çəkilməsi işinə başlanmışdır. 14 fevral 2024-cü il tarixdə usta Təqsirləndirilən şəxs fəhlələr Şahid5 və Şahid4, montyor Zərərçəkmiş şəxs işçi qrupu olaraq təhkim edilmiş, onların qarşısında qoyulan vəzifə Artupa kəndində elektrik dirəklərindən fərdi yaşayış evlərinə elektrik kabelləri çəkmək olmuşdur. Kabellərin çəkilməsi üçün elektrik dirəyinə montyor Zərərçəkmiş şəxs çıxmışdır. 14 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs elektrik dirəyindən yıxılaraq xəsarət alması barədə məlumat gəlmişdir. Fərid elektrik dirəyinə qalxan zaman qoruyucu kəmərin qırılması nəticəsində yıxılmış və xəsarət almışdır. Astara EŞ-nin balansında olan qoruyucu kəmərlər ildə bir dəfə sınaq yoxlamalarından keçirilmişdir. Montyorlar tərəfindən istifadə olunan qoruyucu kəmərin gündəlik istifadəsinə, yararlı olmasına, saz vəziyyətdə qalmasına usta cavabdehlik daşımışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, X3 rəisi vəzifəsində işləyir. Astara rayonu Artupa kənd ərazisində naqillərlərdə enerji itkiyə getdiyi üçün, eyni zamanda təhlükəsizlik zərurəti ilə əlaqədar naqillərin kabellərlə dəyişdirilməsi zərurəti yaranmışdır. Kabellərin çəkilməsi üçün 14 fevral 2024-cü il tarixdən 3-4 gün əvvəl işlərə başlanmışdır. 14 fevral 2024-cü il tarixdə usta Təqsirləndirilən şəxs fəhlələr Şahid5 və Şahid4, montyor Zərərçəkmiş şəxs işçi qrupu olaraq təhkim edilmiş, onların qarşısında qoyulan vəzifə Artupa kəndində elektrik dirəklərindən fərdi yaşayış evlərinə elektrik kabelləri çəkmək olmuşdur. Kabellərin çəkilməsi üçün elektrik dirəyinə montyor Zərərçəkmiş şəxs çıxmışdır. Zərərçəkmiş şəxs elektrik dirəyinə çıxan zaman qoruyucu kəmər və lazdan istifadə etmişdir. Həmin gün saat 15 radələrində baş mühəndis Şahid3 zəng edərək, Zərərçəkmiş şəxs elektrik dirəyindən yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra Fəridi Lənkəran rayon mərkəzi xəstəxanasına aparmış, Fərid xəstəxanada təxminən 10 gün qalaraq stasionar qaydada müalicə edilmiş, sonra sağalmışdır. Texniki təhlükəsizlik ləvazimatlarının sazlığına usta nəzarət etməli olmuşdur. Ümumilikdə, qoruyucu kəmərlər il ərzində bir dəfə sınaq yoxlamalarından keçirilmiş, gün ərzində kəmərlərin istismara yararlı olmasına usta və elektrik montyoru özü nəzarət etməli olmuş, montyor hər dəfə elektrik dirəyinə qalxan zaman qoruyucu kəmərin saz vəziyyətdə olmasına baxmalı, həmçinin usta da buna baxmalı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, X3 baş mühəndisi vəzifəsində işləyir. Astara rayonu Artupa kəndi ərazisində elektrik dirəklərində naqillərin kabellərlə əvəzlənməsi işi aparılmışdır. Kabellərin çəkilməsi üçün şəbəkə rəhbərliyinin göstərişi ilə 14 fevral 2024-cü il tarixdən 3-4 gün əvvəl işlərə başlanmışdır. 14 fevral 2024-cü il tarixdə usta Təqsirləndirilən şəxs fəhlələr Şahid5 və Şahid4, montyor Zərərçəkmiş şəxs işçi qrupu olaraq ayrılmış, onların qarşısında qoyulan vəzifə Artupa kəndində elektrik dirəklərindən fərdi yaşayış evlərinə elektrik kabelləri çəkmək olmuşdur. Kabellərin çəkilməsi üçün elektrik dirəyinə montyor Zərərçəkmiş şəxs çıxmış, Fərid hadisə baş verən gün elektrik dirəyinə çıxan zaman qoruyucu kəmər və lazdan istifadə etmişdir. 14 fevral 2024-cü il tarixdə saat təxminən 14:30 radələrində usta Təqsirləndirilən şəxs zəng edərək, Zərərçəkmiş şəxs elektrik dirəyindən yıxılaraq xəsarət aldığını bildirmişdir. Fərid Lənkəran rayon mərkəzi xəstəxanasına aparılmış, təxminən 10 gün qalaraq stasionar qaydada müalicə edilmiş, sonra isə evə buraxılmışdır. Texniki təhlükəsizlik ləvazimatlarının sazlığına usta nəzarət etməlidir. Gün ərzində kəmərlərin istismara yararlı olmasına usta və elektrik montyoru özü nəzarət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir:
1. Hadisə yerinə baxış keçirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Astara rayonu Artupa kəndində elektrik dirəyindən kabel çəkən zaman qoruyucu kəmərin qırılması nəticəsində yıxılaraq xəsarət almışdır.
2. Əşyaya baxış keçirilməsi haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı istifadə etdiyi qoruyucu kəmər qırılmış vəziyyətdə olmuşdur.
3. Məhkəmə-tibb ekspertizasının 29 fevral 2024-cü il tarixli, 84 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qabırğaların sağ tərəfli (İİİ-Xİ) sınıqları ilə müşayiət olunan sağ tərəfli hemopnevmotoraks, sağ körpücük sümüyünün sınığı, Vİ-Vİİİ döş fəqərələrinin sağ köndələn çıxıntılarının sınıqları, döş qəfəsin arxa hissəsində dərialtı emfizema xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, hündürlükdən yıxılmağa xarakterik olmuşdur. Xəsarətlər 14 fevral 2024-cü il tarixə uyğun gəlməklə, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aiddirlər.
4. Məhkəmə texniki-təhlükəsizlik ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16- 16/2-10/1976 saylı rəyindən görünür ki, hündürlükdə görülən işlərlə əlaqədar təhlükəsizlik tədbirləri təmin olunmadığına görə baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 6.2.1, 6.3.1 və 6.3.2-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. Astara rayonu Artupa kəndi ərazisində elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin olunmadığına (kəsici tərəfi olan elektrik dirəyində sintetik parça materialdan ibarət qoruyucu kəmərdən istifadə edilmişdir) görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 6.2.1, 6.3.1 və 6.3.2-ci bəndlərinin tələbləri işlərə rəhbərlik edən usta tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxsin özü tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının pozulması halı müəyyən edilməmişdir.
5. "xxxx" ASC-nin Regional enerji təchizatı və satışı idarələrinin rayon elektrik şəbəkələrində çalışan əməkdaşların vəzifə təlimatı”nın EŞ-nin paylayıcı şəbəkə sahəsinin ustasının vəzifə təlimatının 6-cı bəndinə əsasən, elektrik avadanlıqlarının saz vəziyyətdə istifadə olunmasını təmin etmək və 21-ci bəndinə əsasən, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istismar qaydalarına riayət olunmasını, əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində saxlanılmasını təmin etmək usta Təqsirləndirilən şəxs həvalə edilmişdir.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 02 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat yoxdur.
7. Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.
8. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizənin məzmunundan görünür ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxs onun xəstəxana xərclərini tam olaraq ödəmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi, işçilərin tam olaraq texniki təhlükəsizlik ləvazimatları ilə təmin olunmadığını bildiyini, lakin işdən çıxarılma təhlükəsinə görə, bu tədbirləri görmədən məcbur olub işləmələri ilə əlaqələndirməsini və sair barəsindəki ifadələrini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə ittiham verilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13cü maddələrinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları onun ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə onun müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tütülmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə iclası zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, ali təhsilli olmaqla həmin sahədə qüsursuz fəaliyyət göstərir və hal-hazırda yeganə dolanışıq yeridir. Məhkəmə bütün bunları nəzərə alıb Təqsirləndirilən şəxs müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növünü əlavə cəzasının təyin olunmamasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs 102 (yüz iki) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ ********************, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə verilməlidir. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli aylıq qazancından dövlət nəfinə tutulmalar başlandığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 15 (on beş) faiz məbləğində pulun dövlət nəfinə tutulmağa başlandığı andan hesablansın. Təqsirləndirilən şəxs 102 (yüz iki) manat ekspertiza xərci alınıb Az.MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41 NABZ ********************, SWİFT BİK CTREAZ 22 saylı hesaba - dövlət büdcəsinə ödənsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zamin İbrahimov