Məhkəmə qərarları › İş №1(018)-95/2025

Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-95/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-95/2025 30.07.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X9 oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Qanuni nümayəndə və müdafiəçisi X5 iştirakları ilə xx.xx.2009-cu ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Z.Bünyadov adına Astara şəhəri 2 saylı tam orta məktəbin X sinfini bitirmiş, subay, məhkumluğu olmayan, Astara şəhəri, N.Nərimanov küçəsi ev 250-də qeydiyyatda olmaqla, N.Nərimanov küçəsi dalan 5, ev 3-də yaşayan, barəsində xx.xx.2025-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 14 aprel 2025-ci il tarixdə, saat təxminən 19-20 radələrində Astara rayonu, Seləkəran kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tanışı ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs ilə görüşüb, sonuncunun bir neçə gün əvvəl tanışı X3 yanında ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qarşı uca səslə nalayiq ifadələr işlədib, ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, üstünlüyünü göstərmək məqsədilə bir dəfə yumruqla və bir dəfə təpiklə sonuncunun üz nahiyəsindən zərbələr vuraraq sol göz almasına yayılmış qansızma, alt dodaq və üst dodaq nahiyələrində əzilmiş yara, sol göz qapaqları-gözaltı nahiyəsində qançır ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli hərəkətlərini təxminən 15 dəqiqə davam etdirib, ətrafda olan şəxslərin narahatlığına səbəb olan qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusudur, heç bir qohumluq əlaqələri, ədavət və ya düşmənçilik münasibətləri olmamış, münasibətləri normal olmuşdur. 2025-ci ilin aprel ayında, hal-hazırda dəqiq xatırlamadığı tarixdə Rəvanın gələcəkdə qohum olmaq istədiyi Allahverdi adlı şəxs “Tik-tok” sosial şəbəkəsində canlı yayımda ad çəkməsə belə zənn etdiyinə görə onun barəsində nalayiq ifadələr işlətdiyi üçün Allahverdiyə zəng etmiş və görüşüb söhbət etmək istədiyini bildirmişdir. Həmin gün Allahverdi ilə Giləkəranda məscidin yanında görüşüb “Tik-tok”da barəsində nalayiq ifadələr işlədib-işlətməməsini soruşmuş, Allahverdi isə heç bir cavab vermədiyinə görə onun barəsində xoşagəlməz sözlər danışanın ünvanına söyüş söymüşdür. Allahverdi isə elə sözlər deməməsini istəmiş və səhv edib bu cür hərəkət etməsini bildirmişdir. Bundan sonra Allahverdi ilə sağollaşıb ayrılmışlar. Təxminən iki həftə sonra, 14 aprel 2025-ci il tarixdə saat təxminən 19-20 radələrində Astara şəhəri, Giləkəran kəndində yerləşən 4 saylı tam orta məktəbin yaxınlığında dostu Fərruxla görüşüb söhbət edərkən Fərrux Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyməsini bildirmişdir. Bu səbəbdən də Fərruxun yanında Rəvanın mobil telefonuna zəng edib yaşadığı məhləyə çıxmağını istəmişdir. Rəvan da Həmdulla adlı şəxsin evinin yaxınlığına gəlmişdir. O, həmin yerə dostları Şahid4 və Salehlə birlikdə getmiş, Fərrux isə onlardan ayrılıb evə getmişdir. Zərərçəkmiş şəxsla görüşdükdən sonra qardaşı Şahid1 zəng edib yanına çağırmışdır. Bir neçə dəqiqə sonra Rəsul da oraya gəldikdən sonra məsələ barədə məlumat verib Fərruxun yanında Rəvanın onun barəsində nalayiq ifadələr işlətməsini izah etmişdir. Rəvan isə “söymüşəm əcəb etmişəm” sözlərini dediyinə görə üzbəüz dayandığı yerdə yumruqla bir dəfə Rəvanın sifətindən vurmuşdur. Zərbənin təsirindən Rəvan yerə yıxılmış, ayağa qalxarkən təpiklə bir dəfə sifətindən vurmuşdur. Qardaşı Rəsul, həmçinin dostları Əli və Saleh onu sakitləşdirmişlər. Dava-dalaş yerinə gəlmiş 5-6 şəxs Rəvanı yerdən qaldırıb üzünü yumuşlar. Bundan sonra evə getmişdir. Həmin gün Zərərçəkmiş şəxs onun tərəfindən döyülməsi ilə bağlı Astara rayon polis şöbəsinə şikayət etməsini bilmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin dava-dalaşı onunla birlikdə olan qardaşı Şahid1 dostları Əli və Saleh adlı şəxslər, həmçinin dava-dalaş yerinə gəlmiş tanımadığı 5-6 şəxs görmüş, dava-dalaş mübahisə ilə birlikdə 10-15 dəqiqəyə yaxın vaxt davam etmişdir. Həmin dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona heç bir xəsarət yetirməmişdir. Onunla birlikdə olan qardaşı Şahid1, dostları Əli və Saleh adlı şəxslər, həmçinin dava-dalaş yerinə gəlmiş tanımadığı şəxslər onu sakitləşdirib Rəvandan uzaqlaşdırmışlar. Hazırda əməlindən səmimi peşmandır, məktəbdə oxuyur, universitetə hazırlaşdığını bildirib ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, heç bir qohumluq əlaqələri, ədavət və düşmənçiliyi yoxdur, münasibətləri normal olmuşdur. 12 aprel 2025-ci il tarixdə saat 20 radələrində qohumu Allahverdi Nuriyev onun mobil telefonuna zəng edib “Tik-tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxslə mübahisəsinin yaranmasını, Süleyman tərəfindən nalayiq ifadələrlə söyüb-təhqir edildiyini, həmçinin söhbət etmək üçün çağırılmasını bildirmişdir. O isə Allahverdiyə Süleymanla söhbət etmək üçün getməməsini, özü görüşüb söhbət edəcəyini və məsələyə aydınlıq gətirəcəyini bildirmişdir. Bundan sonra həmin gün Giləkəran məscidinin yanında Süleymanın tanışı Fərruxla qarşılaşan zaman Süleymanın Allahverdini söyməyini soruşmuş, Fərrux da həqiqətən Süleymanın Allahverdi ilə “Tik-tok” da aralarında mübahisə yaranmasına görə söydüyünü təsdiq etmişdir. Buna görə Fərruxun bu sözündən əsəbiləşib Süleymanın ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin hadisədən iki gün sonra, yəni 14 aprel 2025-ci il tarixdə saat 19- 20 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefona zəng edərək məhləyə çıxmasını istəmiş, o da yaşadığı məhləyə, Giləkəran kəndindən Seləkəran kəndinə gedən asfalt yolun kənarına, həmin kəndlərin birləşdiyi yerdə olan Həmdulla adlı şəxsin evinin yaxınlığına getmişdir. Süleyman Əli və Saleh adlı dostları ilə birlikdə onun olduğu yerə gəlmiş, oraya çatdıqdan sonra isə Süleyman qardaşı Rəsulu gözlədiyini bildirmişdir. Təxminən 10 dəqiqə sonra Rəsul da oraya gəlmiş və Süleyman onun barəsində söyüş söyməsini bildirmişdir. Şahid1 həqiqətən də ondan Süleymanı söyməyini soruşduqda Süleymanın Allahverdini söyməsinə görə Fərruxla görüşən zaman barəsində söyüş söydüyünü bildirmişdir. Bu zaman Süleyman gözləmədiyi bir anda onun üzərinə hücum edib yan tərəfdən yumruqla sifətindən vurmuş, zərbənin təsirindən yerə yıxılaraq huşunu itirmişdir. Təxminən 30 dəqiqə sonra yaşadığı evdə olduğunu və sifətində xəsarətlər yaranmasını görmüşdür. Buna görə də ailə üzvləri təcili tibbi yardım çağırmış, həkimlər onu Astara RMX-na aparmış və orada tibbi yardım göstərilmiş, bir gün müalicə aldıqdan sonra evə buraxılmışdır. 14 aprel 2025-ci il tarixdə Astara rayon polis şöbəsinə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, 14 aprel 2025-ci il tarixdə saat 19-20 radələrində Astara rayonu, Giləkəran kəndi ilə Seləkəran kəndinin kəsişdiyi yerdə, Həmdulla adlı şəxsin evinin yaxınlığında baş vermiş mübahisəni və davadalaşı Təqsirləndirilən şəxslə birlikdə oraya gəlmiş Əli və Saleh adlı dostları, həmçinin Süleymanın zəngi əsasında oraya gəlmiş qardaşı Şahid1 görmüş, dava-dalaş mübahisə ilə birlikdə təxminən 10-15 dəqiqəyə yaxın vaxt davam etmişdir. Həmin dava- dalaş zamanı onu yalnız Təqsirləndirilən şəxs döyüb xəsarət yetirmiş, lakin Süleymanın qardaşı Rəsul, həmçinin dostları Əli və Saleh adlı şəxslər ona hər hansı xəsarət yetirməmiş, Süleymanın onu döyməsi üçün hər hansı köməklik göstərməmişlər. Bundan başqa, dava-dalaş zamanı Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxslə barışmadığını, barəsində qanunu müvafiq qərar verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, eyni ünvanda yaşayırlar. Zərərçəkmiş şəxs qonşusudur, heç bir qohumluq əlaqələri, ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. 14 aprel 2025-ci il tarixdə, saat təxminən 19-20 radələrində Astara şəhərində yerləşən “Kaspi” restoranından çıxıb yaşadığı evə gedərkən köhnə “Mədəniyyət evi”nin yaxınlığında piyada hərəkət etdiyi vaxtı qardaşı Təqsirləndirilən şəxs ona zəng edərək Giləkəranda yerləşən Amil marketin yaxınlığına gəlməsini istəmiş və orada söhbət olmasını bildirmişdir. O da bir neçə dəqiqə sonra Süleymanın olduğu yerə getmişdir. Həmin yerə çatan zaman Süleymanla birlikdə dostları Əli və Saleh adlı şəxslərin də olmasını, həmçinin Zərərçəkmiş şəxs da orada dayanmasını görmüşdür. Süleymandan nə baş verdiyini və onu hansı səbəbdən çağırmasını sual vermiş, Süleyman da Rəvanın onun barəsində Fərruxun yanında olmadığı yerdə nalayiq ifadələr işlətməsini, söyüş söyməsini izah etmişdir. Rəvandan Süleymanı hansı səbəbdən söyməsini soruşduqda “söymüşəm əcəb etmişəm” sözlərini demişdir. Buna görə də həmin vaxt Süleyman əsəbiləşib yumruqla bir dəfə Rəvanın sifətindən vurmuş, zərbənin təsirindən Rəvan yerə yıxılmış, ayağa qalxarkən isə Süleyman təpiklə bir dəfə sifətindən vurmuşdur. O, həmçinin Əli və Saleh adlı şəxslər Süleymanı sakitləşdirməyə çalışmışlar. Həmçinin dava-dalaş yerinə gəlmiş tanımadığı bir neçə şəxs də Süleymanı sakitləşdirmiş, daha sonra Süleymanı yaşadığı evə göndərmişlər. Özü isə Rəvanın əl-üzünü yuyub ayıltmış, bundan sonra adını bilmədiyi bir şəxs Rəvanı evlərinə aparmışdır. Həmin gün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı Astara rayon polis şöbəsinə şikayət etməsini bilmişdir. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin dava-dalaşı ondan başqa Təqsirləndirilən şəxs dostları Əli və Saleh adlı şəxslər, həmçinin dava-dalaş yerinə gəlmiş tanımadığı 5-6 şəxs görmüş, dava-dalaş mübahisə ilə birlikdə 2-3 dəqiqəyə yaxın vaxt davam etmişdir. Baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Astara şəhər sakini kimi tanıyır, dostluq münasibətləri vardır, lakin heç bir qohumluq əlaqələri, ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. Zərərçəkmiş şəxs da Astara şəhər sakini kimi tanıyır, heç bir qohumluq əlaqələri, ədavət və ya düşmənçilik münasibətləri olmamışdır. 14 aprel 2025-ci il tarixdə saat 19-20 radələrində Astara şəhərində yerləşən “Nur inşaat” tikinti materialları mağazasının yanından keçib yaşadığı evə gedərkən orada təsadüfən dostları Süleyman və Əlini görmüş, həmin şəxslərlə birləşib yaşadığı evə getməyə başlamışdır. Süleyman Əliyə mobil telefonunu verməsini istəmiş və Fərruxla əlaqə saxlayacağını bildirmişdir. Əli də telefonu Süleymana verdikdən sonra xatırladığına görə Süleyman Fərruxa “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə mesaj yazmışdır. Bundan sonra Süleyman Astara şəhəri 4 saylı tam orta məktəbin yaxınlığında Süleyman Fərruxla görüş o isə Əli ilə birlikdə bir qədər kənarda qaldığı üçün nə barədə söhbət etdiklərini eşitməmişlər. Fərrux Sülaymana nəsə dedikdən sonra Süleyman əsəbiləşmiş, bundan sonra Fərruxdan ayrılmışlar və Süleymanla birlikdə yenidən yola davam etmişlər. Bir neçə dəqiqə sonra Süleyman yenidən Əlinin mobil telefonunu alıb onlardan uzaqlaşaraq kiməsə zəng etmiş, telefonla danışıb yenidən Əliyə qaytarmışdır. Bundan sonra Süleyman əsəbi şəkildə bir şəxslə söhbət etmək üçün getdiyini bildirmiş, buna görə də Süleymanın hansısa probleminin olmasını düşünüb birlikdə getmişlər. Astara rayonu Giləkəran və Seləkəran kəndlərinin kəsişməsində, yolun kənarında Süleyman Zərərçəkmiş şəxsla görüşmüş, orada Süleyman Əlinin mobil telefonu ilə qardaşı Rəsula zəng edib həmin yerə çağırmışdır. Bir neçə dəqiqə sonra Rəsul onların olduğu yerə gəlib nə baş verdiyini soruşmuş, Süleyman da X6 yanında barəsində nalayiq ifadələr işlətməsini, ünvanına söyüşlər söyməsini izah etmişdir. Rəvan da “söymüşəm əcəb etmişəm” sözünü dediyinə görə Süleyman yumruqla Rəvanın sifətindən vurmuş, Rəvan zərbənin təsirindən yerə yıxılmışdır. Rəvan yerdən qalxan zaman Süleyman təpiklə bir dəfə sifətindən vurmuşdur. Buna görə də o, Əli və Rəsul davadalaşa müdaxilə edib Süleymanı sakitləşdirməyə çalışmışlar. Həmçinin, yoldan keçən bir neçə şəxs də dava-dalaş yerinə gəlib Süleymanı sakitləşdirib kənara çəkmişlər. Həmin şəxslər Rəvanın üzünə su vurub ayıltmışlar. Bundan sonra tanımadığm bir şəxs oraya gəlib Rəvanı özü ilə aparmışdır. Təqsirləndirilən şəxs isə o, Rəsul və Əli yaşadıqları evə aparmışlar. Bundan başqa, o, ifadəsində göstərmişdir ki, həmin dava-dalaşı onunla birlikdə Süleymanın qardaşı Şahid1, dostu Şahid4, həmçinin dava-dalaş yerinə gəlmiş tanımadığı 4-5 şəxs görmüş, dava-dalaş mübahisə ilə birlikdə 5-10 dəqiqəyə yaxın vaxt davam etmişdir. Həmin dava-dalaş zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək Şahid3 ifadəsində qeyd etdiklərini tam təsdiq etdi. İşdə olan “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Astara rayonu Seləkəran və Giləkəran kəndlərinin kəsişməsində Həmdulla adlı şəxsin evinin yaxınlığını təqdim edərək 14 aprel 2025-ci il tarixdə saat təxminən 19-20 radələrində Təqsirləndirilən şəxs onu həmin yerdə döyməsi nəticəsində xəsarət aldığını bildirmişdir. Baxışdan görünür ki, həmin yer daimi gediş-gəliş olan yolun kənarıdır, mütəmadi olaraq ayrı-ayrı şəxslər piyada və avtomobillə oradan hərəkət edirlər. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İşdə olan məhkəmə-Tibbi Ekspertiza və X1 Lənkəran rayonlarası MTE və PA şöbəsi mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 85 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol göz almasına yayılmış qansızma, alt dodaq və üst dodaq nahiyələrində əzilmiş yara, sol göz qapaqları-gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi və eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, yetkinlik yaşına çatmaması, ilk dəfə cinayət törətməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. CM-nin 85.2-ci maddəsində göstərilmişdir ki, yetkinlik yaşına təyin olunan “cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir”. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qəitmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməldir. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Astara rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Astara rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsindən tutulub, Astara rayon Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən Azərbaycan Respublikası CPM-in 384-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti vermək olar. Hökmdən apellyasiya şikayəti və protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar