Məhkəmə qərarları › İş №1(018)-98/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №1(018)-98/2023

22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 1(018)-98/2023 22.06.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiiəçi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, 19 may 2023-cü il tarixdə tərəfimdən qəbul edilmiş qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Astara Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə "turbo.az" avtomobil alqı-satqı saytında, şəkillərini internetdən əldə etdiyi istintaqa məlum olmayan şəxsə məxsus "Niva" (VAZ- 2121) markalı avtomobili öz avtomobili kimi təqdim edib real bazar qiymətindən ucuz qiymətə satılması ilə bağlı elanı həmin səhifəyə yerləşdirərək nəqliyyat vasitəsini almaq məqsədilə müraciət edən Astara rayonu Motloyataq kənd sakini Zərərçəkmiş şəxs avtomobili almaq istəyən şəxslərin sayının çox olduğunu yalandan bildirərək əvvəlcədən beh adı ilə istifadəsində olan +99***-***-**-** saylı mobil telefon nömrəsinin "mpay" elektron ödəniş sistemindəki hesabına Astara rayonu, Pensər kəndində yerləşən "Oba" marketdə quraşdırılmış "e-manat" ödəniş terminalından xx.xx.2022-ci il tarixdə saat 10:51də 500 manat, xx.xx.2022-ci il tarixdə saat 10:58-də 100 manat olmaqla, ümumilikdə, 600 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs 600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə irəli sürülmüş ittihamlarda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, uzun müddətdir maddi sıxıntıları olduğu üçün dələduzluq edərək vətəndaşların pul vəsaitlərini ələ keçirmək qərarına gəlmiş. Buna görə "Turbo.az elan saytından özünə məxsus olmayan avtomobil elanı yerləşdirib bazar qiymətindən daha aşağı qiymət qoyaraq satdığını bildirmiş, həmin avtomobillərin şəkillərini müxtəlif internet səhifələrindən tapmışdır. "Turbo.az" elan saytında bir mobil nömrə ilə yalnız bir elan yerləşdirmək olmuşdur. Buna görə də o, ələ keçməmək üçün nömrə və sair elektronika satışı ilə məşğul olan "Azər" adlı şəxsin köməkliyi ilə başqa şəxslərin adlarına mobil nömrələr almışdır. Sonra həmin gsm nömrələrin balansını dolduraraq "Turbo.az" saytından yeni avtomobil elanı yerləşdirmiş, avtomobilin qiymətinin bazar qiymətindən daha ucuz olmasını görən müştərilər dərhal onunla əlaqə saxlamışlar. Həmin adamlara avtomobilin heç bir qüsuru olmadığını, maddi sıxıntısı olduğu üçün təcili satdığını bildirmişdir. 24 dekabr 2022-ci il tarixdə "turbo.az elan saytında özünə məxsus olmayan "Lada Niva" markalı avtomobilin satışı ilə bağlı elan yerləşdirmiş, elanda əlaqə nömrəsi kimi başqa şəxsin adına aldığı 055 *** ** ** nömrəsini qeyd etmişdir. Həmin elanda avtomobilin qiymətini müştəri cəlb etmək məqsədilə dəyərindən aşağı, 7.700 manat yazmışdır. Sonra onunla bir nəfər tanımadığı şəxs əlaqə saxlamış və Zərərçəkmiş şəxs olmasını, avtomobili almaq istədiyini bildirmiş, ona avtomobil satdığına və həmin avtomobilin ona məxsus olmasına inandırmışdır. Zərərçəkmiş şəxs inandıqdan sonra avtomobilin rayonda olduğunu və razılıq əlaməti olaraq beh göndərməsini istəmişdir. O, Zərərçəkmiş şəxs yalandan güya xəstə övladının olmasını və həmin beh kimi göndəriləcək pul ilə onun xəstəxana xərclərini qarşılayacağını bildirmiş, Zərərçəkmiş şəxs onunla razılaşdıqdan sonra beh kimi göndərəcəyi pul vəsaitini "m-pay" ödəniş sistemi vasitəsilə əlaqə saxladığı 055 *** ** ** gsm nömrənin elektron pul kisəsinə göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs iki dəfəyə, 100 manat və 500 manat olmaqla ümumilikdə 600 manat pul vəsaitini həmin nömrənin "m-pay" pul kisəsinə göndərmiş, pul vəsaitini qardaşı Şahid1 xəbərsiz onun 4169-7385-2230-7218 saylı Kapital Bank kartı ilə nağdlaşdırmışdır. Pul vəsaitini ələ keçirdikdən sonra müştəri qismində əlaqə saxlayan Zərərçəkmiş şəxslə əlaqəni kəsmiş və həmin gsm nömrəni sındıraraq tullamışdır. Faktla bağlı araşdırma zamanı cinayət törətdiyini başa düşmüş, əməlindən peşiman olmuş və Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Hazırda ondan heç bir tələb və şikayəti yoxdur, onun haqqında cinayət təqibinə xitam verilməsini xahiş edir. O özü də barəsində dələduzluq faktına görə məhkəmə baxışında olan cinayət işi üzrə icraata xitam verilməsi ilə razıdır və bunu xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqında cinayət işi üzrə toplanmış materiallar, özünün, zərərçəkmiş şəxslərin, şahid ifadələri və işin digər halları ilə kifayət qədər sübuta yetmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəyini və digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Astara rayonu Hamoşam kəndində yaşayır. Astara rayonu Motloyataq kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 24 dekabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evdə avtomobil almaq məqsədilə Turbo.az veb saytına daxil olmuş və elanlara baxmış, bu vaxt ***-***-**-** saylı mobil nömrə üzərindən Eltac Məmmədov adlı şəxs tərəfindən yerləşdirilmiş elanda Niva markalı avtomobilin 7700 manata satıldığını görmüş, həmin nömrə ilə özünə məxsus ***-***-**-** əlaqə saxlamış və avtomobili almaq istədiyini bildirmişdir. Özünü ona Eltac Məmmədov kimi təqdim edən, lakin sonradan tanıdığı Yusifov X3 rayonunda yaşadığını deyərək son qiymət olaraq 7000 manata həmin Niva markalı avtomobili sata biləcəyini, lakin övladının xəstə olması səbəbindən 500 manat beh alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış, 25 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb behi əlbəəl vermək istədiyini və eyni zamanda avtomobilə baxmaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs övladının xəstə olması səbəbindən Astara rayonuna gələ bilməyəcəyini təcili pul lazım olduğundan behi ödəmə terminalları vasitəsilə göndərməli olduğunu demişdir. Həmin gün saat 10 radələrində o, Astara rayonu Pensər kəndində yerləşən “Oba” marketin içərisində olan “Emanat” ödəmə terminalı vasitəsilə “Mpay” onlayn pulqabı hesabına ***-***-**-** istifadəçi nömrəsi üzərindən ilk öncə 500 manat pulu həmin şəxsə göndərmiş, daha sonra həmin şəxs təkrar əlaqə saxlayaraq təcili pul lazım olduğu üçün 100 manat pul göndərməyini istədiyi üçün eyni üsulla 100 manat pul göndərmiş və həmin göndərişin qəbzlərini özündə saxlamışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq 600 manat behi göndərdiyini dedikdən sonra Elman həmin pulun hesabına çatdığını bildirib Astara rayonuna avtomobili gətirmək üçün yola düşdüyünü qeyd edərək onunla əlaqəni kəsmiş və verdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə bir daha zəng çatmamışdır. Hazırda Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulu tam olaraq, yəni 600 manat pulu ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs tanımır. Qardaşı Təqsirləndirilən şəxs “turbo.az” saytında özünə məxsus elanlar yerləşdirərək vətəndaşların etibarından sui istifadə etməklə onlara məxsus pulların ələ keçirilməsi barədə Elmanın polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığı zaman məlumatı olmuşdur. Məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 100 manat və 500 manat olmaqla ümumilikdə 600 manat pulunu qardaşı Təqsirləndirilən şəxs işlətdiyi 055 *** ** ** gsm nömrənin "m-pay" pul kisəsinə həmin hesabdan da ona məxsus 4169-7385-2230-7218 saylı Kapital Bank kartına göndərilərək nağdılaşırmışdır. Lakin o, uzun müddətdir ki, özünə məxsus sözügedən bank kartını itirimişdir. Qardaşı Təqsirləndirilən şəxs ona məxsus 4169-7385-2230-7218 saylı Kapital Bank kartını “turbo.az” saytına yerləşdirdiyi özünə məxsus olmayan avtomobil elanları barədə zəng edən şəxslərin etibarından sui istifadə edərək onlara məxsus pul vəsaitlərini nəqdləşdirərək ələ keçirmək üçün istifadə etməsi barədə məlumatı olmamışdır. Məhkəmə iclasında dindirilən Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verməklə onun göstərdikləri xususatları bir daha da təsdiq etdilər. İş materiallarına əlavə edilmiş iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı pulu, yəni 600 (altı yüz) manat pulu tam olaraq ona qaytarmışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin vermiş olduğu 22 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Abşeron rayonu 4 saylı MTİİTS tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, Yusifov X4 rayonu, Xırdalan şəhəri, H. Əliyev küçəsi ev 1, mənzil 42 ünvanında yaşayır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, düzgün olaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayətlə vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və onun haqqında 1(018)-98/2023 saylı cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar