Azərbaycan Respublikası adından HÖKM Astara rayonu İş № 1(018)-99/2023 18.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X17 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, Dövlət İttihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon və (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Mülki iddiaçı Lənkəran Dövlət Universitetinin nümayəndəsi X3, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və Astara rayon Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, 23 may 1990-cı il tarixdə Astara rayonu Şümrüd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç övlad atası, orta təhsilli, fərdi əməklə məşğul olan, Astara rayonu Şümrüd kəndində qeydiyyatda olan həmin ünvanda yaşayan, 11 may 2023-cü il tarixdə tərəfimdən qəbul edilmiş qərarla barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə, təxminən saat 11 radələrində idarə etdiyi, “VAZ 2121” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu Maşxan kəndi ərazisində Lənkəran rayonu istiqamətindən Astara şəhəri istiqamətində, təxminən 40 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan həmin avtomobili idarə etməməli, həmin Qanunun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə əməl etməyib yolayrıcından kənarda sola dönərkən qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunu etməyərək sola dönmə əməliyyatına başlayıb qarşı hərəkət zolağına çıxdıqda qarşıdan gələn “Qazel” markalı, **- AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs baş beyinin əzilməsi, alın sümüyünün basılmış sınığı, burunsümüyünün sınığı, alın nahiyəsində əzilmiş yara kimi xəsarətlərlə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Mənkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, nəqliyyat vasitəsini idarə etmə hüququ yoxdur. 27 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində baş etibarnamə əsasında əldə etdiyi “VAZ 2121” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu istiqamətindən Astara rayonu istiqamətində hərəkətdə olmuşdur. Avtomobildə onunla birlikdə həyat yoldaşı və qonşusu olmuş, arvadı Vasilə Bünyadova sağ arxa oturacaqda, qonşusu Zərərçəkmiş şəxs isə qabaq sağ tərəfdə əyləşmişdir. Astara rayonu Maşxan kəndində hərəkətdə olduğu istiqamətdə yolun sol tərəfində olan sexə dönmək məqsədilə həmin sexə 100-150 metr qalmış sola dönmə siqnalını yandırmış və sola dönmüş, bu zaman “Qazel” markalı maşının qabaq sol tərəfi onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuş, nəticədə qabaq sağ tərəfdə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs başından xəsarət alaraq Lənkəran xəstəxanasına aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuş və nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmamışdır. Hadisə baş verməzdən öncə, dönmə əməliyyatına başlayana qədər idarə etdiyi avtomobilin sürəti təxminən 40 km/saat olmuşdur. Qazel markalı maşının uzaqda olduğu üçün dönmə əməliyyatını rahat yerinə yetirə biləcəyini düşündüyü üçün həmin Qazel markalı avtomobili gözləmədən ötmə əməliyyatına başlamış və Qazel markalı maşının sürücüsü də onun ötüb gedəcəyini gözləyəcəyini düşünüb sürəti azaltmamış, lakin onun döndüyünü gördükdə sürəti azaltsa da hadisənin qarşısını almaq mümkün olmamışdır. Dönməyə başladığı andan toqquşma anına kimi təxminən 2 saniyə müddət keçmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini nəzərə alıb, məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 27 dekabr 2022ci il tarixdə Qulamhüseyn oğlunun idarə etdiyi “VAZ 2121” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində Lənkəran rayonu istiqamətindən Astara rayonu istiqamətində hərəkətdə olmuşlar. Həmin vaxt avtomobildə onlarla birlikdə Təqsirləndirilən şəxs arvadı Valisə Bünyadova da olmuşdur. O. avtomobildə sağ ön oturacaqda, Valisə Bünyadova isə sağ arxa oturacaqda oturmuşdur. Onlar Astara rayonu Maşxan kəndində hərəkətdə olduqları istiqamətdə yolun sol tərəfində olan sexə dönmək məqsədilə həmin sexə 100-150 metr qalmış sürəti azaltmış, sükanı sola döndərmiş, bu zaman Nəbinin arvadı Valisə qışqıraraq “neynədin, öldürdün bizi” ifadələrini işlətmiş, daha sonra qarşı tərəfdə hərəkətdə olan “Qazel” markalı maşının qabaq sol tərəfi sərnişin olduğu avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuşdur. Hadisə nəticəsində başından xəsarət almış və Lənkəran xəstəxanasına aparılaraq orada tibbi yardım göstərilmiş və daha sonradan Bakı şəhərində xəstəxanalann birində əməliyyat olunmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürəti elə də çox olmamışdır. Həmin Qazel markalı avtomobil 6-7 metr onlarda aralıda olan zaman Təqsirləndirilən şəxs avtomobili qarşı hərəkət zolağına çıxarmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə Mülki iddiaçı Lənkəran Dövlət Universitetinin nümayəndəsi X8 göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə törətdiyi yol nəqliyyat qəzası zamanı Ləkəran Dövlət Universitetinin balansında olan sürücü X1 idarə etdiyi **-AD-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı nəqliyyat vasitəsi ilə toqquşmuş və qəza nəticəsində universitetə maddi ziyan vurulmuşdur. Qeyd olunan nəqliyyat vasitəsi “Kamran“ MMC-yə məxsus avto servisdə təmir olunmuşdur.Təmir xərcləri verilən arayışdan göründüyü kimi 1685 (bir min altı yüz səksən beş) manat təşkil edir.Təqsirləndirilən şəxs əməli nəticəsində Lənkəran Dövlət Universitetinin əmlakına ziyan vurulmuşdur və həmin ziyan təqsirləndirilən şəxs tərəfindən Lənkəran Dövlət Universitetinə ödənilməlidir. Odur ki, hazırkı cinayət işi üzrə mülki iddialarının qəbul edilməsini qanuna uyğun olduğunu hesab edirlər. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs vurduğu ziyana görə 1685 (bir min altı yüz səksən beş) manat pulun tutularaq Lənkəran Dövlət Universitetinə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X5 göstərdi ki, rəsmi olaraq Lənkəran Dövlət Universitetində sürücü işləyir, nəqliyyat vasitəsini idarə etmək üçün ABCD kateqoriyalı sürücülük vəsiqəsi vardır. Lənkəran Dövlət Universitetinin balansında olan **-AD-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı maşını idarə etmək üçün etibarnaməsi vardır. 27 dekabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran Dövlət Universiteti üçün Astara rayonu Kijəbə qəsəbəsindən bir neçə növdə ağacları daşıyırmış, köhnə Astara-Ələt yolunda təxminən 40-60 km/saat sürətlə, Astara şəhəri istiqamətindən Lənkəran şəhəri istiqamətində hərəkətdə olmuşdur. Hərəkətdə olduğu zaman qarşıdan, onunla əks istiqamətdə VAZ 2121 markalı avtomobilin gəldiyini görmüş, həmin avtomobil dönmə siqnalını işə salmamış, o da bu Niva markalı avtomobilin dönməyəcəyini yəqin etdiyi üçün sürətini cüzi azaltmış, lakin döngə yerinə çatmağına 5-7 metr qalmış həmin VAZ 2121 markalı avtomobil anidən sola dönmə siqnalını yandırıb sola dönmə əməliyyatına başladıqda bunu görən kimi dərhal tormoza basmış və sükanı sağa döndərib avtomobili sağa meyilləndirmiş, lakin maşında yük olduğundan, həmçinin asfalt da bir qədər yaş vəziyyətdə olduğu üçün idarə etdiyi maşın dərhal dayanmamış və tormoz verdikdən sonra təxminən 5 metr irəli gedib, hərəkətdə olduğu zolaqda həmin “VAZ 2121” markalı avtomobillə toqquşmuşdur. Belə ki, həmin avtomobilin qabaq sağ tini onun idarə etdiyi maşının qabaq sol tini ilə toqquşmuşdur. Bundan sonra hadisə yerinə təcili tibbi yardım çağırmış və bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gəlmişdir. Hadisə baş verməzdən öncə idarə etdiyi avtomobilin sürəti təxminən 40-60 km/saat olmuşdur. Hərəkətdə olarkən həmin “VAZ 2121” markalı avtomobil daha öncədən sola dönmə siqnalını yandırdığı halda həmin avtomobilə yol verər və yaxud da sürətini azaldardı. Niva markalı avtomobil gəldiyi sürətlə elə döndüyü anda sola dönmə siqnalını yandırmış və onu gözləmədən dönməyə başladığı anda onun üçün təhlükə yaranmışdır. İdarə etdiyi nəqliyyat vasitəsi hadisədən sonra “Kamran“ MMC-nin avto servisində təmir olunmuş, təmir xərcləri 1685 manat təşkil edir. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, Astara RPŞ-nin YPX-nin inspektoru vəzifəsində çalışır. 27 dekabr 2022-ci il tarixdə, saat təxminən 11 radələrində Astara RPŞ-nin növbətçi hissəsindən Astara rayonu Maşxan kəndi ərazisində iki avtomobilin toqquşması barədə məlumat verilmiş, bu məlumat əsasında iş yoldaşı Seymur Murtuzayevlə birlikdə yol-patrul xidməti avtomobili ilə hadisə yerinə yollanmışlar. Hadisə yerinə gəldikdə YAZ 2121 (Niva) markalı bir avtomobilin Qazel markalı nəqliyyat vasitəsilə toqquşduğunu görmüş, buna görə də vəzifələrə uyğun olaraq hadisə yerinin mühafizəsini təmin etmişlər. “YAZ 2121” markalı avtomobil **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtomobilin dövlət qeydiyyat nişanı isə **-AD-*** olmuşdur. Hər iki nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində olmuş, sürücülərin şəxsiyyətini müəyyən etmək məqsədilə onlardan ad, soyad və ata adlarını soruşduqda, həmin şəxslər özünü təqdim edib Təqsirləndirilən şəxs, digəri də X5 olduqlarını bildirmişlər. Hadisə yerində apardıqları ilkin şifahi sorğu zamanı “VAZ 2121” markalı avtomobil **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs hadisə nəticəsində xəsarət almışdır. Bir qədər sonra istintaq-əməliyyat qrupunun üzvləri gəlib hadisə yerini müayinə edib baxış keçirmiş və buna dair müvafiq protokol tərtib olunmuş, bu protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 şahid X6 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materialında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 aprel 2023-cü il tarixli 8660 nömrəli yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-2121” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA X16 Şəxsinin Lənkəran rayonlararası şöbəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli, 21 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - baş beyinin əzilməsi, alın sümüyünün basılmış sınığı, burun sümüyünün sınığı, alın nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə sərnişin olduğu minik avtomaşını digər avtomaşınla toqquşması zamanı avtomaşın salonunun qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materialında olan .Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş 12 may 2023- cü il tarixli. 3-13-65 2-8738/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. İş materialında olan 24 fevral 2023-cü il tarixli, 796 saylı tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 15:31-də müayinə olunan zaman ayıq olmuş və heç bir sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarına olan Astara RİHB-nın Pəlikəş kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əzizov X4 rayonu, Şümrüd kəndində yaşayır, himayəsində xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X12, xx.xx.2022-ci il təvəllüdlü X13 adlı uşaqları var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materialında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən ittiham özünün, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri ilə tam sübuta yetir. Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam subuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli qərarının 2-ci maddəsinin 4cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. məhkumun islah edilməsi onun qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə hesab edir ki, bu zəmində şəxsin ictimai təhlükəliliyini müəyyən etmək üçün birinci növbədə onun törətdiyi cinayətin başqa cinayətlərin arasında yeri, şəxsin antisosial yönümünün davamlı olub-olmaması, onun cinayətin törədilməsinə gətirib çıxaran vərdişləri diqqətlə aydınlaşdırılmalıdır. Şəxsin antisosial yönümü onun törətdiyi cinayətdə özünü büruzə verir. Ancaq bu, təkcə şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyi ilə deyil, eyni zamanda onun əvvəlki dövrlərdəki hərəkətlərində ifadə olunan antisosial davranışı və keyfiyyəti ilə də ölçülür. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı onun xarakteri, sosial-psixoloji vəziyyətinin bütün çalarları, şəxsiyyətinin xarakterik cəhətləri də nəzərə alınmalıdır. Yalnız bu halda cəzanın ədalətliliyinə və fərdiliyinə, həmçinin onun məqsədlərinə nail olmaq mümkün olar. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və şəxsiyyətə xas olan digər cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıb- qalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. çünki insan sosiumun tərkib hissəsidir və onun fəaliyyətinin hansı yönümə istiqamətlənməsi cəmiyyət üçün əhəmiyyətlidir. Ancaq hər bir halda bu keyfiyyətlər şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi ilə vəhdətdə nəzərə alınmalıdır. xüsusi ilə nəzərə alınmalıdır ki, cəzanın məqsədlərinə çatmaq üçün hansı yol seçilməlidir: təqsirləndirilən şəxsi azadlıqdan məhrum etməklə onu cəmiyyətdən təcrid etmək, fiziki cəhətdən imkanlarını məhdudlaşdırmaqla cəzanın məqsədlərinə nail olmaq, yoxsa, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza seçməklə şəxsə etimad göstərib, bu yolla onun islah olunmasına və cəzanın digər məqsədlərinə çatmaq. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət öz xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və ehtiyatsızlıqdan törədilən cinayətdir. Yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsi cəzanın aşağıdakı məqsədlərini önə çəkir: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; məhkum tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (xüsusi prevensiya) və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (ümumi prevensiya). Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun himayəsində üç azyaşlı övladının olmasını və zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 may 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkiləcəyini nəzərə alıb hesab edir ki, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Lənkəran Dövlət Universitetinə məxsus “Qazel” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər ekspertiza rəyi əsasında müəyyən edilməli olduğu üçün, mülki iddia təmin edilməməli və mülki iddiaçı Lənkəran Dövlət Universitetinə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 346, 349. 351-353, 356- 357, 381, 383 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğdə ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34OTRE**********002088501 hesabına ödənilsin. Mülki iddia təmin edilməsin. Mülki iddiaçı Lənkəran Dövlət Universitetinə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №1(018)-99/2023
Astara Rayon Məhkəməsi Hökm — İş №1(018)-99/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver